18 Sentyabr 2011 01:09
585
Mədəniyyət
A- A+

Novruz Şərq ölkələrində

 

Qaranlıq və soyuq qışdan sonra təbiətin dirçəlişinin, ilıq baharın gəlişinin rəmzi olan Novruz bayramı qədim dövrlərdən Şərq xalqlarına yadigar qalan ən nəcib, xoş əhval-ruhiyyəli, sevimli bayramlardan biridir. Bahar bayramı xeyirxah hisslərin, insani duyğuların, mərdliyin və dostluğun tərənnümü bayramıdır: ruzi bayramı, əmək bayramıdır; Novruz təmizlik, saflıq, gözəllik bayramıdır.

Məmməd Əmin Rəsulzadə yazır ki, qədim İran rəvayətlərində Novruzun gəlişi Cəmşidin taxta çıxması ilə əlaqələndirilir. Guya Cəmşid dünyanın bir tərəfini gəzmiş, Azərbaycana gəlmiş, bu diyarı hər yerdən çox bəyənərək gündoğana baxan yüksək bir təpədə taxt qurdurmuş və  tacqoyma mərasimini burada keçirmişdir. Günəşin şüaları şahın daş-qaşla bəzənmiş taxt-tacına, libasına düşüb nura qərq edib. Elə buna görə də şahın adının "Cəm" (sultan, padşah) sözünün sonuna "şid" (pəhləvi dilində "şüa" deməkdir) əlavə olunub və bu əfsanəvi şah tarixə Cəmşid, yəni "Nur saçan padşah" adı ilə daxil olub. Həmin gün böyük bayram şənlikləri keçirilmiş və bu gün Yenigün (Novruz) elan edilmişdir. Beləliklə, Novruz bayramı yeni günün, yeni ilin, yeni həyatın başlanğıcı bayramı olmuşdur.

Yaxın və Orta Şərqin bir çox ölkələrində bu bayram əziz və səbirsizliklə gözlənilən bir mərasim kimi qeyd edilir. Təbiətə sitayiş, təbiətin qış yuxusundan ayılması ilə bağlı olan Novruzun mərasimləri qədim tarixə malikdir və zaman keçdikcə bu mərasimlər şamanlıq, atəşpərəstlik, islam kimi dinlərin və etiqadların təsiri nəticəsində dəyişmiş, yeni-yeni elementlərlə zənginləşmişdir.

Yeni il - Novruz bayramı Mərkəzi Asiyadan Balkanlara qədər uzanan böyük bir ərazidə məskunlaşan bütün türk xalqları tərəfindən sevinclə qarşılanır. Keçirilmə günü müxtəlif olsa da, bunların hamısı Azərbaycanda "bayram ayı" deyilən və 20 fevraldan 21 marta qədər olan dövrü əhatə edən müddətə təsadüf edir.

Qədim türklər arasında "Ərgənəkon" kimi tanınan, ilin dəyişdiyini, baharın gəlməsini, təbiətin qış yuxusundan ayıldığını göstərən bu bayramın adı, bu gün türk xalqları arasında müxtəlif şəkildə səslənir. Məsələn, qırğızlarda "nooruz", özbəklərdə "novruz", qazaxlarda "novruz, nauruz", uyğurlarda "noruz, novruz", azərbaycanlılarda "novruz" (noruz), noyruz, Krım  tatarlarında "navrez", Kazan tatarlarında "neuruz", Balkan türklərində "mevriz", Yuqoslaviya türklərində "sultanı navrız", Kipr türklərində "mart dokuzu", Anadolu türklərində "Sultanı novruz" (novruz sultanı), "mart dokuzu, mart bozumu" və s.

Türk xalqları arasında Novruz bayramının keçirilməsi məzmun anımından eyni olsa da, şəkilcə müxtəlifdir. Bu baxımdan, mərasimlərin keçirilməsini şərti olaraq üç əsas qismə ayırmaq olar: Mərkəzi Asiya, Ön Asiya və Şərqi Avropa.

Mərkəzi Asiya qisminə Qazaxıstan, Sibir, Altay və Şimal-Qərbi Çin türkləri - uyğurlar daxildir. Bu ərazidə bayram şənlikləri əsasən aşağıdakı şəkildə keçirilir: Bayram günü əhali kənd-kənd, oba-oba göy çəmənliklərdə, çay kənarında toplaşır, çalır, oxuyur, oynayırlar. "Daş qazan" deyilən böyük çənlərdə "bayram aşı" bişirilir. Bu yeməyə bəzən "göcə" də deyilir və əsasən buğdadan hazırlanır. Qaranlıq düşdükdən sonra tonqallar qalanır və üzərindən hoppanırlar. Bayram şənliklərinin əsas tərkib hissələrindən biri də at yarışları, "keçiqapdı" oyunudur. Bu günlərdə aşıqlar xalq qarşısında çıxış edir, Novruz mahnıları, "Ərgənəkon", "Manas" və başqa dastanlardan parçalar oxuyurlar.

Ön Asiya qisminə şərti olaraq Şərqi Anadolunu, Zaqafqaziyanı, Cənubi Azərbaycanı və Özbəkistanı daxil etmək olar. Bu ərazidə bayramın keçirilməsində İran ənənələrinin təsiri nəzərə çarpır. Lakin türk ənənələri üstünlük təşkil edir.

Bayrama hazırlıq bir ay əvvəl başlayır. Evdə, həyət-bacada səliqə-sahman yaradılır, bayram üçün yemiş tədarükü görülür, səməni buğdası isladılır, dörd çərşənbə "üskü" - tonqallar qalanır. Dördüncü "üskü" axır çərşənbəyə təsadüf edir. Bu gün də, bayram günü olduğu kimi, müxtəlif yeməklər hazırlanır, xonçalar qurulur. Səhər tezdən hər kəs əzizinin, öz qohum-əqrəbasının qəbrini ziyarət edir, Quran oxutdurur, məzarın ətrafını səliqəyə salır, ora bayram yemişi qoyur. Günortadan sonra şənliklər başlayır. Həmin axşam hər adam öz ailəsi ilə süfrə arxasına yığışır, müxtəlif yeməklər, şirnilər, yemişlər hazırlanır. Bayram xonçasının ətrafında ailə üzvlərinin sayı qədər şam yandırılır. Bayramın səhəri günü hamı təzə paltar geyir, bir-birinin evinə qonaq gedirlər. Cavanlar dəstə-dəstə toplaşır, oxuyur, yallı gedirlər. Aşıqlar, kəndirbazlar, aktyorlar öz məharətlərini göstərirlər. Bu gün küsənlər barışmalı, heç kəs bir-birini incitməməlidir.

Bu bayram dövründə çoxlu oyunlar mövcuddur - kos-kosa, qapı pusma, baca-baca, şalatma, suya üzük atma, xan oyunu və s. Bütün bu oyunlar baharın gəlməsi, təbiətin oyanması, yaz tarla işlərinin başlanması ilə əlaqədardır.

Kosa oyunu oynayan cavanlar dəstəylə evləri gəzir, oxuyur, oynayır, müxtəlif tamaşalar göstərir və bunun müqabilində ərzaq və şirniyyat toplayırlar. Sonra onlar birlikdə bu toplanan ərzağı yeyib şənlənirlər.

Ön Asiya və Şərqi Avropa ərazisinə daxil olan türklər - qaqauzlar, Krım, Bolqarıstan, Yuqoslaviya, Kipr türkləri və s. bahar bayramını müxtəlif şənliklər, oyunlar, mahnılarla qarşılayırlar. Hər bir kənd (Kiprdə isə bir neçə kənd) ya böyük bir meydanda, ya da kəndin kənarındakı çəmənlikdə bir yerə toplaşır, ümumi yemək mərasimi ilə bayramı qeyd edirlər. Bu ərazidə yaz çiçəkləri mühüm rol oynayır. Onları bolluq, sağlamlıq, xoşbəxtlik rəmzi kimi yaxın adamlarına bağışlayır, saçlarına taxırlar. Bayram münasibəti ilə yumurta boyayırlar, onların bir hissəsini ailə üzvlərinə, digər hissəsini isə bayramı təbrik etməyə gələn gənclərə, uşaqlara verirlər.

Novruz münasibəti ilə bişirilən yeməklər müxtəlifdir və əsasən məhəlli xarakter daşıyır. Məsələn, Krımda toyuq və toyuq şorbası, Yuqoslaviyada "karavay" adlı çörək, hörük şəkilli bulka, quzu budu və quru lobyadan hazırlanmış xüsusi xörək bişirilir. Süfrələri bayram xörəkləri və şirniyyat ilə bəzədilmiş evlərin qapıları bayram günləri bütün qonaqların üzünə açıq olur.

Novruz İran xalqlarının da əsas bayramıdır. Rəsmi təqvimə görə, bu bayram həm də yeni ilin başlanğıcına - fərvərdin ayının 1-nə (21 mart) təsadüf edir.

İranda Novruzla bağlı ən mühüm mərasimlərdən biri "axır çərşənbə"dir (farsca: "Çəharşənbə - suri"). Bu mərasim ilin sonuncu çərşənbə gecəsi keçirilir. Həmin axşam uşaqdan tutmuş böyüyə qədər hamı tikan kollarını və odunu bir yerə toplayıb tonqal qalayır, deyib gülə-gülə odun üstündən o yan-bu yana atlanırlar. Hər dəfə tullananda tonqala müraciətlə deyirlər: "Mənim sarılığım sənə keçsin, sənin qırmızılığın mənə!" Bu proses tonqal sönüb qurtaranadək davam edir. Adətə görə, tonqalı söndürmək olmaz, o özü yanıb qurtarmalıdır.

"Axır çərşənbə"nin maraqlı ünsürlərindən biri də "qulaq falı"dır. Belə ki, həmin axşam adamlar küçədə, adətən dörd yol ayrıcında dayanıb niyyət edirlər və yoldan ötənlərdən eşitdikləri təsadüfi sözlər arasında bu niyyətin həyata keçib-keçməyəcəyini müəyyənləşdirirlər.

"Axır çərşənbə" axşamı kimin evində xəstəsi varsa, bir qab və çömçə götürüb evdən çıxır. Hər hansı bir qapıya yaxınlaşıb üzünü örtür, heç bir söz demədən çömçə ilə qapını döyür. Ev sahibi gərək çıxıb onun əlində tutduğu qaba yemək, ya pul qoysun. Qaba qoyulmuş yeməli şeyləri yığıb xəstəyə verirlər ki, şəfa tapsın.

İranda Novruz bayramına bir neçə gün qalmış hamı evini tökür, yəni xalça-palazı çıxarıb yaxşı-yaxşı çırpır, otaqları təmizləyir, şüşələri silir, mis qabları sürtüb ağardır. Boşqablarda səməni əkir, güldanda nərgiz şitili basdırırlar.

Yeni il axşamı həyata keçirilən ən mühüm mərasim adı "s" ("sin") hərfi ilə başlayan yeddi şeyin (farsca buna "həft-sin" deyirlər) süfrəyə düzülməsidir. Bunlar aşağıdakılardır: senced (iydə), sumaq, sirkə, sünbül, səbzi (göyərti), sir (sarımsaq) və səməni. Bu adətin kökləri islamdan əvvəlki dövrlərə gedib çıxır və yeddi mələyin adı ilə bağlıdır. Yeddi "sin"in düzüldüyü süfrənin başına güzgü qoyurlar. Güzgünün hər iki tərəfinə şamdanlar düzür və onlarda ailədə olan uşaqların sayı qədər şam yandırırlar. Bundan əlavə, süfrəyə aşağıdakı şeylər də qoyulur: Quran, iri təndir çörəyi, üzərində yaşıl torpaq olan bir kasa, su, bir şüşə gülab. Bütün bu şeylərdən istifadə etməklə müəyyən edilmiş qaydada təzə il üçün fal açılır, niyyət edilir.

İl təhvil olduqdan sonra hər bir ailədə kiçiklər böyükləri təbrik etməyə gedirlər və böyüklər də onlara bayram hədiyyəsi verirlər. Novruzda küsülülər barışırlar, ədavətlər unudulur.

Novruz bayramında şirniyyatdan, meyvə və çərəzdən geniş istifadə olunur. İranlılar Novruz üçün özlərinəməxsus çərəz hazırlayırlar: püstə, badam, fındıq, balqabaq və yemiş toxumu, noxud bir yerə qarışdırılıb qovrulur, sonra üstünə duzlu su səpilir və yeyilir.

Ənənəyə görə, bayram 13 gün davam edir və bu müddət ərzində adamlar bir-birinin evinə qonaq gedir, bayram hədiyyələri aparırlar. Yeni ilin 13-cü günü xüsusi şəkildə qeyd olunur ki, buna "Sizdəh bədər" ("On üçün qovulması") deyilir. 13 rəqəmi nəhs sayıldığı üçün həmin gün hamı evdən çıxır, çəmənliklərdə, dağlarda, çay kənarlarında, meşələrdə gəzişir, yeyib-içir, şadlıq edir, müxtəlif musiqi alətlərinin müşayiəti ilə rəqs edirlər. Bu vəziyyət gecəyarısına kimi davam edir və yalnız bundan sonra camaat evlərinə dağılır. Beləliklə, 13-cü günün "uğursuzluğu" evlərdən "qovulur".

İranlılar yeni ili imkan daxilində mütləq təzə paltarda qarşılamağa çalışır, evdəki köhnə, çatlamış saxsı qabları sındırıb atır, yenilərini alırlar. Ən fəqir ailələr belə bütün imkanlarını sərf edirlər ki, bayram süfrələri səliqəli və zəngin olsun.

Orta əsr ərəb tarixçisi Əl-Məqrizinin "əl-Xitat" əsərində verdiyi məlumatlara əsasən, Novruz bayramı Abbasilər xilafəti dövründə VIII əsrdən başlamış ərəb Şərqində yaz bayramı kimi qeyd edilməyə başlamışdır. Xəlifə əl-Məmunun (813-833) göstərişinə əsasən Novruz bayramının icrası onun hakimiyyəti dövründə qanuni şəkil almışdır. Bəzi xəlifələr bu bayramın geniş şəkildə qeyd olunması üçün hər cür şərait yaradırdılar. Belə ki, Novruz bayramı günlərində camaat xəlifəni bayram münasibətilə təbrik edir, ona hədiyyələr gətirirdilər.

Novruz bayramının ilk günlərində xa

lq içindən bir nəfəri "Əmiru-novruz" elan edib bayramı idarə etməyi ona tapşırırdı. Həmin adam üzünə un və ya əhəng çəkib qırmızı və ya sarı xələt geyinir, uzunqulağa minib şəhərin küçələrini gəzib varlılardan hədiyyələr toplayırdı, Novruz bayramı günlərində hər yerdə od yandırılır, adamlar bir-birinin üstünə su çiləyirdilər.

Bayram şənliklərində xəlifələr də yaxından iştirak edirdilər. Xəlifənin sarayında qurulan bu şənliklər orta əsrlərdə Qərbi Avropa ölkələrində keçirilən karnavalları xatırladırdı. Bu günlər xalqın müxtəlif təbəqələri xonçalar düzəldib saraya gəlir və xəlifəni, onun ailəsini təbrik edirdilər. Xəlifə isə onlara hədiyyə, pul paylayarmış. Bu şənlikləri karnaval şənliklərinə yaxınlaşdıran cəhətlərdən biri burada iştirak edənlərin üzlərinin niqabla, maska ilə örtülü olması idi. 892-ci ildə hakimiyyətə gələn xəlifə əl-Mötədid bu mərasimi qadağan etmişdir. Belə bir qadağanın qəbul edilməsində ortodoksal din xadimləri də müəyyən rol oynamışlar. Onların fikrincə, bayram günləri od yandırmaq, su çiləmək zərdüştiliyin qalığı kimi qiymətləndirilirdi.

Müasir dövrdə Novruz bayramı Misir ərəbləri tərəfindən qarşılanır.

Misirdə yazın gəlişi "Şəmmu-n-nəsim" - yaz və artım, məhsuldarlıq bayramı ilə bağlı müxtəlif mərasim və ayinlərin icrası ilə qeyd edilir. Misirli alim Əhməd Ruşdi Saleh tarixi mənbələrə istinad edərək göstərir ki, bu bayram öz genezisinə görə xain qardaşı Set tərəfindən öldürülmüş su və nəbatat allahı Ozirisin yenidən həyata qayıtması, dirilməsindən bəhs edən qədim Misir mifi ilə bağlı olsa da, sonrakı əsrlərdə daha geniş məna kəsb edərək yaz, məhsuldarlıq bayramı kimi qeyd edilmişdir. Qədim Misir fironları ilin bu fəslində bağ-bağatlara, çəmənliklərə çıxıb Ozirisin gəlişini təbiətin oyanması kimi qarşılamışlar. Əhməd Ruşdi Salehin fikrincə, "Şəmmu-n-nəsim" etimoloji cəhətdən qədim Misir dilində "şəmmu" - "qoxu duyma" sözünün yaz mənasında işlənməsi ilə bağlıdır.

"Şəmmu-n-nəsim" bayramı günlərində misirlilər qayıqlara minib Nil çayında gəzintiyə çıxır, müxtəlif bayram xörəkləri bişirir, ziyafətlər düzəldirlər. Bu günlər bağ və çəmənliklər onların əsas gəzinti yerləri olur. Bu bayramı əsas etibarilə Misirin qədim yerli sakinlərindən olan qibtilər özlərinin fironlar dövründə təşəkkül tapmış Yeni il bayramı kimi qeyd edirlər. Ümumiyyətlə, bu gün milli Misir bayramı hesab olunur.

Novruz bayramı elə bir bayramdır ki, hər təzə il ona yeni bir təravət gətirir, ildən-ilə bayram mərasimləri yeniləşir, zənginləşir. Bayramın bir mərasimi isə onu qarşılayanların hamısı üçün dəyişməz qalır - bu, Novruzun "il təhvil olur" deyilən mərasimidir. Köhnə ilin yeni ilə keçdiyi, gecə ilə gündüzün tarazlaşdığı saat bütün ailə üzvləri bayram süfrəsinin ətrafında toplaşır və bayram xonçasında ailə üzvlərinin sayı qədər şam yandırılır - evə işıq, nur gəlir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video