17 Mart 2012 02:03
394
Məktublar
A- A+

Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik

 

Hörmətli həmvətənlər!

Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və uğurlar arzulayıram.

Novruz bayramı xalqımızın ən sevimli bayramlarındandır. Azərbaycan torpağında həmişə əziz tutulan bu bayramın verdiyi tükənməz mənəvi güc sayəsində biz yüzillərdən bəri keçmişimizin çətin və mürəkkəb dövrlərində nikbinliyimizi qoruyub saxlamış, gələcəyə daim ümidlə baxmışıq. Novruz ənənələrinin layiqincə yaşadılması Azərbaycan xalqının çoxəsrlik tariximiz qarşısında müstəsna xidmətidir. Ən ali bəşəri keyfiyyətləri özündə toplayan böyük mənəviyyat və hikmət xəzinəsi olaraq Yaz bayramı tarixi-mədəni irsə bağlılığımızı parlaq nümayiş etdirir.

Dövlət müstəqilliyimizin bərpasından ötən illər ərzində azad ölkəmizin öz taleyini arzularına uyğun qurmağa müvəffəq olması belə əziz günlərdə insanlarımıza əsl bayram əhval-ruhiyyəsi bəxş edir. Hal-hazırda həyatımızın bütün sahələrində baş verən müsbət dəyişikliklər hər birimizdə dövlətimizin gələcək illərdə də yüksək zirvələr fəth edərək dünyanın qabaqcıl ölkələri səviyyəsinə çatacağına böyük inam, dərin qürur hissi və ruh yüksəkliyi yaradır. Novruz bayramının qəlblərdə quruculuq əzmini artıran yeniləşdirici ab-havası bizi müasir güclü dövlət və sosial rifah cəmiyyətini tam bərqərar etmək məqsədlərimizə sürətlə yaxınlaşdırır.

Bu günlər bütün əzizlərimizin,  həmçinin Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü yolunda canlarından keçmiş Azərbaycan övladlarının xatirəsi bir daha ehtiramla yad olunur. İnanıram ki, yurdumuzun hərtərəfli inkişafı yolunda əldə etdiyimiz hər yeni zəfər şəhidlərimizin ruhunu şad edəcəkdir.

Ölkəmizin hüdudlarından kənarda, qürbətdə olub ürəyi hər an Vətən məhəbbəti ilə döyünən, milli həmrəylik duyğusu ilə azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşən soydaşlarımıza bayram salamlarımı yetirirəm.

Xalqımızın bu baharı da öz gəlişiylə qoy hər evə, hər ocağa bol ruzi-bərəkət və firavanlıq gətirsin!

Novruz bayramınız mübarək olsun!

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 mart 2012-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video