26 Oktyabr 2021 02:02
1141
İQTİSADİYYAT
A- A+

Nohur balıqçılığı hər cəhətdən sərfəlidir

 

Bu sahə ölkədə balığa olan tələbatı ödəməklə yanaşı, əkinə yararsız torpaqlardan istifadəyə də imkan verir

 

Salyan qədimdən balıqçılığın inkişaf etdiyi bölgələrdən olub. Hələ çar Rusiyası zamanında burada Kür çayı boyunca bir neçə balıqçılıq vətəgəsi fəaliyyət göstərib. Tutulan müxtəlif növ balıqlar konserv edildikdən, duza qoyulduqdan, qaxac edildikdən sonra müxtəlif ünvanlara göndərilib.

Sonralar - keçmiş SSRİ dövründə də Salyanda həm nərəcinsli, həm də pulcuqlu balıqlar bol idi. Yaşlı nəslin nümayəndələri deyirlər ki, İkinci Dünya müharibəsi illərində əhalini aclıqdan Kürün balığı xilas edib. Təəssüf ki, SSRİ-nin süqutundan sonra bir çox sahələr kimi, balıqçılıq da tənəzzülə uğradı. Xəzər dənizində, Kür çayında, digər sututarlarda qanunsuz balıq ovu baş alıb getdi və nəticədə bəzi balıq növləri nəsli kəsilmək təhlükəsi qarşısında qaldı.

1993-cü ildə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev başqa sahələrlə bərabər, balıqçılığın inkişafı üçün də mühüm qərarlar verdi. Neftçala rayonunun Xıllı qəsəbəsində müasir tələblərə cavab verən Nərəbalıqartırma zavodu inşa edildi. Bu sahədə işlər indi də davam edir. Neftçala rayonu ərazisində uzun illər istifadəsiz qalan və ya çox az güclə işləyən balıqyetişdirmə müəssisələri yenidən qurulur.

Uzun illər Salyanda balıqçılıqla məşğul olanlar, bu sahəni özlərinə peşə seçənlər çox olmuşdur. Amma sonralar qeyd etdiyimiz səbəb üzündən balıqçılar  məcbur olub başqa sahələrə üz tutmuşlar. Son illər isə bu işə maraq yenə artmışdır. Ayrı-ayrı adamlar nəinki əkib-becərmək, hətta otlaq kimi istifadəyə yararsız olan bələdiyyə torpaqlarını icarəyə götürüb süni göl yaradır, çəki, belamor, tolstrob cinsli balıqlar yetişdirib bazara çıxarırlar. Hazırda rayon ərazisində yüz hektarlarla balıq nohurları var ki, onun da müəyyən hissəsi Şorsulu kəndindədir. Burada balıq yetişdirilməsi ilə məşğul olan Sədyar Əhədov, Ələkbər Ələkbərov, Əfsərağa Cavadov, Xaləddin Axundov və başqaları hər il nohur balıqçılığından yaxşı qazanc götürürlər.

Hələ uşaq yaşlarından balıqçılığa böyük həvəsi olan Farid Əhədov atasından və əmilərindən balıq yetişdirməyin sirlərini öyrənmişdir. F.Əhədov bu il 6,7 hektarda 10 tona yaxın çəki və tolstrob yetişdirmişdir. O, ailənin yeganə oğlan övladıdır. Atası Nəsrəddin Faridi oxutdurmaq, ali təhsilli görmək arzusunda idi. Lakin pay torpaqlarını əkib-becərmək, mal-qara bəsləmək, nəhayət, balıq yetişdirmək kimi işlərə sonsuz maraq, böyük həvəs onu doğulub boya-başa çatdığı kəndə bağlayıb. Bunlar isə ona eldə-obada dərin hörmət qazandırıb. Ondan qat-qat yaşlılar belə bir iş görəndə Faridin fikri ilə hesablaşır, ondan faydalı məsləhətlər alırlar.

F.Əhədov özü deyir:

- Balıqçılıq maraqlı sahədir. Amma gərək balıqların zəhmətini çəkəsən, yeməyini, suyunu hər gün nəzarətdə saxlayasan. Su məsələsinə gəldikdə demək istəyirəm ki, biz göl balıqçılığında əsasən əkin sahələrinin suvarılması zamanı kollektor-drenaj şəbəkələrinə çıxar kimi toplanan və nasoslar vasitəsilə dənizə axıdılan şor sulardan istifadə edirik. Daha doğrusu, sudan təkrarən istifadə etməklə, təbiətə ziyan vurmadan, əkinçilikdəki suvarma suyuna, necə deyərlər, şərik olmadan balıq yetişdiririk. Həmin sular sonda yenə də dənizə axıdılır.

Göründüyü kimi, F.Əhədov və nohur balıqçılığı ilə məşğul olan digərləri ölkədə balığa olan tələbatın ödənilməsində yaxından iştirak edirlər. Özü də əkinəyararsız torpaqlardan və istifadə olunmuş sulardan təkrarən istifadə etməklə.

 

Seyran CAVADOV,

 “Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video