04 Iyul 2021 00:47
1279
Mədəniyyət
A- A+

Nizaminin həyatından bir məqam

 

Şairin Məhəmməddən başqa da oğlu olub

 

Dünya ədəbiyyatının nadir söz dühalarından olan Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığı XIII əsrdən başlayaraq o dövrün əsas şeir antologiyası hesab olunan təzkirə müəlliflərinin diqqətini cəlb etmiş və bugünümüzədək gəlib çatan qədim mənbələrdə yer almışdır. Təbii ki, dahi şair haqqında etibarlı mənbədə deyilmiş istənilən məlumat və ya Nizamiyə aid edilən şeir parçası həcminin böyük-kiçikliyindən asılı olmayaraq bizim üçün qiymətlidir.

Nizami Gəncəvi haqqında məlumat verən ilk mənbə XIII əsr müəllifi Məhəmməd Ovfinin “Lübabül-əlbab” təzkirəsidir. Əlbəttə, bu təzkirə, onun müəllifi və burada dahi şair haqqında yer alan fikirlər indiyədək nizamişünasların diqqətini çəkmiş, Nizamidən bəhs edən tədqiqatçılar bu və ya digər münasibətlə “Lübabül-əlbab”dan da söz açmışlar. Lakin M.Ovfinin təzkirəsindəki məlumat və şeirlərlə bağlı üzərindən ötəri keçilən məqamlar da var. Nizamidən “Fəsle-seyom dər zekre-şüaraye-Eraq və mozafate-an” (“İraq və o bölgənin şairlərindən bəhs edən üçüncü fəsil”) başlıqlı bölmədə danışan M.Ovfi şairin ünvanını “Əl-həkim əl-kamel Nezami əl-Gəncə” kimi göstərmişdir. O, Nizaminin poemalarının hər birindən, Orta əsr təzkirələrinin tərtib və quruluş xüsusiyyətlərinə uyğun olaraq, təxminən bir-iki cümlə ilə bəhs etsə də, şairin “beş inci”sini çox yüksək qiymətləndirmiş, onları “fəzilətlər, biliklər xəzinəsi” (“gənce-fəzayel”), “lətifələr, hekayələr xəzinəsi” (“xəzaneye-lətayef”) adlandırmışdır. Təzkirə müəllifi Nizaminin divanını görmədiyini söyləyir, ancaq Nişapurda bir şəxsdən eşitdiyi üç lirik şeirini əsərinə daxil edir. Bunlar “Hezar bar becan amədəst kare-məra” (Mənim işim min kərə cana gəlmişdir), “Coubecou mohnəte-mən ze an roxe-gəndom qunəst” (Mənim möhnətim (dərdü qəmim) arpa-arpa o bugdayı üzündəndir)  və “Ey şode həmsəre xubane-beheşt” (Ey cənnət gözəllərinin yoldaşı olan) misraları ilə başlayan qəzəllərdir.

Qeyd edək ki, hər üç qəzəl Mübariz Əlizadə tərəfindən filoloji tərcümə edilmişdir. Birinci və üçüncü qəzəlin Azərbaycan dilində poetik tərcüməsinə rast gəlməsək də, ikinci qəzəl Xəlil Rza tərəfindən ilk misrası “Arpa qədər də tapıb yox, a buğdayı üzlü nigar!” şəklində olmaqla bədii tərcümə edilmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, Nizami Gəncəvi qələminə məxsus olan hər bir misra nə qədər qiymətli olsa da, bu məqalədə şairin həyatından çox kiçik bir detalı aydınlaşdıran üçüncü qəzəl üzərində dayanmaq istəyirik.

M.Ovfi bu qəzəli “Dər mərsiye-e-pesər quyəd” (“Oğluna mərsiyəsində deyib”) qeydi ilə təqdim etmişdir. Məlumdur ki, Nizaminin heç bir əsərində Məhəmməddən başqa bir övladının nə adı çəkilmişdir, nə də onun haqqında hər hansı bir məlumat, o cümlədən də vəfatına dair işarə vardır. Bəlkə də bundan irəli gələrək istər təzkirəçilər, istərsə də Azərbaycan şairinin həyatını araşdıran tədqiqatçıların çox böyük əksəriyyəti Məhəmməddən şairin yeganə övladı kimi söz açmışlar. Lakin təbii ki, mərsiyəyə diqqət yetirənlər də olmuşdur. Bunlardan hələlik yalnız iki müəllifin adını qeyd edə bilərik: Məmməd Əmin Rəsulzadə və Xəlil Yusifli. Hər iki müəllif çox qısa şəkildə şairin bu qəzəlinə münasibət bildirmişdir. Nizaminin yalnız bir oğlu olduğunu qeyd edən təzkirə müəlliflərinin (Dövlətşah Səmərqəndi, Lütfəli bəy Azər və b.) fikirlərini təkzib edən erkən yaşlarında ölmüş oğluna yazdığı mərsiyəsi haqqında Məhəmməd Ovfiyə əsasən məlumat verən M.Ə.Rəsulzadə “Nizaminin Məhəmməddən başqa bir oğlu olduğuna hökm vermək lazım gəlir” və  ailəsinə göstərdiyi məhəbbət və qayğı ilə yanaşı, məhz bu mərsiyə də “Nizaminin nə qədər qayğıkeş, həssas və şəfqətli ailə başçısı olduğunu göz önündə canlandırır” yazsa da, bu şeirin “naməlum, yad bir gəncə yazıldığını iddia edənlər də vardır” fikri ilə az öncə söylədiyi mülahizələrini şübhə altına alır. M.Ə.Rəsulzadə qəzəlin poetik tərcüməsini də vermişdir və bu, mərsiyənin Azərbaycan dilində bizə məlum olan yeganə bədii tərcüməsidir.

Xəlil Yusiflinin isə “Məhəmməd şairin yeganə övladı olmuşdur” (Əlyar S., Xəlil Y. Azərbaycan ədəbiyyatı tarixi. Bakı, “Ozan” nəşriyyatı, 2008. S. 136) qəti hökmündən az sonra “Nizaminin əldə olan lirik şeirlərindən belə anlaşılır ki, onun Məhəmməddən başqa da övladı olmuşdur, körpə ikən ölmüşdür” deməsi alimin M.Ovfi təzkirəsindəki şeiri nəzərdə tutduğunu göstərir. Başqa bir əsərində yer alan “M.Övfinin nümunə gətirdiyi şeirlərdən biri isə uşaqkən ölən bir oğlunun ölümü münasibəti ilə yazılmışdır” fikri isə X.Yusiflinin bu faktı, yəni Nizami Gəncəvinin Məhəmməddən başqa da ovladı olması faktını qəbul etdiyinə sübutdur.

Sovet şərqşünaslıq elmində böyük xidmətləri olmuş akademik A.Krımski də çox incə şəkildə Nizaminin oğlunun ölümü məsələsinə toxunmuşdur. Şairin tədqiq tarixindən bəhs edən akademik italyan şərqşünası İ.Pitsinin fikirlərinə münasibət bildirərkən onun gəncəli ustadın həyatına dair lakonik qeydlərini sitat gətirir: “…ko dvoram kotorıx, polnım zavistnikov, sam pogt i ne stremilsə, a jil v blaqoçestivom uedinenii; tam eqo spokoystvie inoqda naruşali lişğ təjelıe udarı slepoy sudğbı, otnimavşey u neqo jenu (jenat on bıl tri raza) ili löbimoqo sına” (kursiv bizimdir). Aydındır ki, burada söhbət Məhəmməddən gedə bilməz. A.Krımski İ.Pitsinin fikirlərinə şübhə doğuracaq heç bir işarə belə etmir və dolayısı ilə Nizaminin oğlunun ölməsi faktını təsdiqləyir.

Alimin bu məsələyə dair mövqeyi Məhəmməd Ovfi təzkirəsindən və orada verilən mərsiyənin məzmunundan danışarkən də aydın olur. Belə ki, A.Krımski “oğluna yazdığı mərsiyə haqqındakı sətirlər Ovfinin Nizami haqqında verdiyi yeganə real bioqrafik detaldır”, - deyə qeyd edir və deməli, haqqında bəhs etdiyimiz faktı şairin tərcümeyi-halına aid edir: “...gleqiə (marsiye) na bezvremennuö smertğ önoqo sına, …u Aufi - edinstvennaə realğno bioqrafiçeskaə çerta o Nizami...”

Nizami Gəncəvinin oğlunun ölümünə mərsiyə kimi yazdığı “Ey şode həmsəre xubane-beheşt” misrası ilə başlayan qəzəlinin tərcümə və nəşr tarixi də maraq doğurur. Keçmiş sovet məkanında qəzəlin nəşrinə ilk dəfə Y.Bertelsin 1947-ci ildə Moskvada “Oğuz” nəşriyyatında geniş ön sözlə çap etdirdiyi “Lirika” kitabında Tarkovskinin tərcüməsində rast gəlirik. Maraqlıdır ki, hələ “Böyük Azərbaycan şairi Nizami” (1940) kitabında Nizaminin ailəsi və övladı haqqında bəhs edərkən “Türkzadə, şairin türk qadınından doğulmuş, yeganə oğlu Məhəmməddir; görünür bundan başqa onun övladı yoxmuş” (Bertels Y. Böyük Azərbaycan şairi Nizami. Bakı, EA Azfil. 1940. s. 29) fikrini irəli sürən Y.Bertels haqqında danışdığımız mərsiyənin də yer aldığı həmin “Lirika” kitabındakı ön sözdə Nizami Gəncəvinin həyatından danışarkən yazıb: “İzvestno lişğ, çto on jenilsə na kıpçakskoy rabıne Afak, podarennoy emu melikom Derbenda. Nizami strastno löbil eё i, koqda ona vskore posle rojdeniə eqo edinstvennoqo sına Muxammeda (kursiv bizimdir) umerla, vsö svoö löbovğ perenёs na gtoqo rebёnka. Jenat on bıl ehё dva raza, no tolğko pervuö jenu vspominaet v svoix pogmax s qlubokoy skorbğö” (Bertelğs. E. Predislovie. // Nizami. Lirika. Pod redaküiey E.G.Bertelğsa i K.A.Lipskerova. Moskva, “Oquz” Qosudarstvennoe İzdatelğstvo Xudojestvennoy Literaturı. 1947. s. 8). Görünür, bu qəzəl ya görkəmli sovet nizamişünasının diqqətini cəlb etməmiş, ya da mərsiyədə deyildiyi kimi, şairin oğlu çox erkən vəfat etdiyi üçün Bertels Məhəmməddən onun yeganə övladı kimi bəhs etmişdir. Elə buradaca qeyd edək ki, çox güman qəzəlin diqqətdən kənarda qalmasının əsas səbəbi məhz bu ikinci ehtimal olmuşdur.

Sonralar Rüstəm Əliyev Nizami Gəncəvinin 1960-cı ildə Moskvada, 1981-ci ildə Bakıda rus dilində nəşr olunan “Lirika” kitablarına Tarkovskinin həmin tərcüməsini daxil etsə də, 1981 və 1991-ci illərdə Bakıda çıxan eyniadlı kitablarda N.Xatuntsevin bədii, özünün isə filoloji tərcüməsini “Fraqmentı” (“Parçalar”) başlığı altında təqdim etmişdir. Maraqlı və təəccüblü burasıdır ki, Nizami Gəncəvinin Azərbaycan dilində nəşr olunan lirik şeirlər toplularında bu mərsiyəyə rast gəlmirik. Şairin həyat və yaradıcılığından bəhs edən monoqrafiya və tədqiqatlarda da, M.Ə.Rəsulzadə və X.Yusiflinin göstərilən əsərləri istisna olmaqla, onun həyatından bir məqamı açıqlayan adıçəkilən qəzəl xatırlanmır.

Nizami Gəncəvi irsi ilə məşğul olmuş görkəmli alim Səid Nəfisi də hazırladığı “Nizami Gəncəvinin qəsidə və qəzəllər divanı” kitabında şairin “Ey şode...” qəzəlini “Dər mərsiyeye pesər quyəd” (“Oğluna mərsiyəsində demişdir”) başlığı altında vermişdir.

Qəzəldə günahlardan xali yeniyetmə övladını itirən atanın çəkdiyi acılar bədii ifadəsini tapmışdır. Yeri gəlmişkən onu da qeyd edək ki, biz şairin oğlunun bu haqda bəhs edən tədqiqatçıların yazdıqları kimi, körpə ikən deyil, məhz yeniyetmə yaşlarında vəfat ediyini düşünürük. Çünki müəllif bir neçə yerdə “hələ üzündən tük çıxmamış”, “sənin yenicə çıxmış tüklərin” ifadələrini işlədir. Zənnimizcə, körpə, çox kiçik yaşlı uşaq üçün bu ifadələrin işlənməsi məntiqli görünmür. Şair hələ təbiətin üzündə izlər qoymağa macal tapmadığı, yəni hələ üzündə xətti (tükü) olmayan oğlunun torpağına qanlı göz yaşları axıtdığını söyləyir. Şeirdə kədərin ifadəsi ilə yanaşı, “Kim yazdı sənə bu qədəri” deyən şairin taleyə etirazını da duymamaq olmur.

Nizami Gəncəvinin “Ey cənnət gözəllərinin həmdəmi olan” qəzəli bədii-poetik keyfiyyətləri baxımından da öyrənilməyə layiq bir əsərdir. Şair hələ çox gənc ikən torpağa tapşırılan oğlunu torpağın altına əkilmiş çəmənliyə bənzədir, özünün göz yaşı axıtması da o əkinə su vermək ehtiyacından yaranır.

“Torpağın mənim göz yaşlarımdan qanla islanması təəccüblü deyil. Sənin yaşıl xətlərin (təzəcə çıxmış tüklərin) torpağın altındadır. Su ki, (axı su) əkinə yenidən güc verir” (beytlərin sətri tərcüməsi bizə məxsusdur). Bu parçanın M.Ə.Rəsulzadənin poetik tərcüməsində maraqlı və orijinala yaxın alındığını düşünərək və mərsiyə-qəzəlin, yuxarıda da qeyd etdiyimiz kimi, Nizami Gəncəvinin indyiədək Azərbaycanda nəşr olunan lirik şeirlər toplularına daxil edilmədiyini nəzərə alaraq burada verməyi məqsədəuyğun hesab edirik.

 

Tərcüməsi:

 

Cənnət gözəllərilə bir yastığa baş qoyan,

Yavrum, gözəl üzünlə məzara oldun rəvan.

Meyvəsini həyatın, yavrucuğum, dərmədin,

Vardın cənnətlik oldun, cəhənnəmlik olmadın.

Ömür daha çəkmədi yanağına bir xətt sənin,

Kim yazmışdı başına bu qəzanı biaman?

Torpaq gözümdən axan qanlı yaşla islansa,

Kimsəyə gəlməz qərib, ey mənim canımda can.

Su verməmək tarlaya necə mümkün olur ki,

Üzündəki səbzəlik torpaqda tutmuş məkan.     

 

Şeirdə işlədilən təşbih və məcazlar şairin poetik fiqurlar çələngindən bəhs edərkən ondan da bir mənbə kimi faydalanmağa imkan verir.

Güman edirik ki, Nizami Gəncəvinin həyatından bəhs edən gələcək tədqiqatlarda bu məqamlar geniş işıqlandırılacaq və şairin əsərlərinin daha qədim və etibarlı əlyazmalarının dərindən öyrənilməsi onun həyat və yaradıcılığının hələ bizə məlum olmayan çox gərəkli məqamlarının açılmasına vəsilə olacaq.

 

Təhminə BƏDƏLOVA,

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video