28 Oktyabr 2021 02:30
572
Mədəniyyət
A- A+

Nizami Gəncəvi Azərbaycan xalqının mənəviyyat pasportudur

 

 

Şamaxı Astrofizika Rəsədxanasında dahi şairin yaradıcılığına həsr olunmuş konfrans keçirilib

 

AMEA-nın Humanitar Elmlər Bölməsi və Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin birgə təşkilatçılığı ilə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasında “Nizami Gəncəvi yaradıcılığında riyazi-astronomik baxış” mövzusunda VIII “Fizika-lirika” konfransı keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Şamaxı Astrofizika Rəsədxanasının şəhərciyində görkəmli elm xadimi, Milli Elmlər Akademiyasının qurucularından biri, akademik Yusif Məmmədəliyevin büstünü ziyarət ediblər.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq, 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi ili” elan edilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü sayəsində ölkəmizdə Nizaminin əsərlərinin latın qrafikası ilə nəşri həyata keçirilib, anadan olmasının 840 illik yubileyi geniş miqyasda qeyd edilib. Onun layiqli davamçısı, Prezident İlham Əliyevin sərəncamı ilə 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi təntənəli şəkildə keçirilib. Ölkə Prezidentinin 05 yanvar 2021-ci il tarixli sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi ili” elan edilməsi isə Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafında yeni bir mərhələnin əsasını qoyaraq, dahi ədibin yaradıcılığının azərbaycançılıq işığında tədqiqi, təbliği və nəşri ilə bağlı qarşıya mühüm öhdəliklər qoyub.

Nizami Gəncəvini Şərq intibahçılarından biri adlandıran İsa Həbibbəyli, onun əsərlərinin dünya dillərinə tərcüməsinin zəruriliyini vurğulayıb. Böyük Britaniyanın Oksford Universitetində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətə başlamasını isə ölkəmizin alimləri ilə yanaşı, tanınmış dünya şərqşünaslarının da araşdırma və təbliğat proseslərinə cəlb edilməsinə şərait yaratdığını qeyd edib.

O, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Nizamişünaslıq” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Nüşabə Araslının rus dilində yeni nəşr olunmuş “Nizami və türk ədəbiyyatı” monoqrafiyası haqqında məlumat verib.

Akademik İsa Həbibbəyli 2021-ci il oktyabr ayının 1-də Nizami Gəncəvi adına Ədəbiyyat, eləcə də Molekulyar Biologiya və Biotexnologiyalar institutlarının birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi irsi və təbiət” mövzusunda VII “Fizika-lirika” konfransının keçirildiyini, “Nizami Gəncəvi yaradıcılığında riyazi-astronomik baxış” mövzusundakı VIII “Fizika və lirika” konfransının əhəmiyyətini vurğulayıb. Alim, “Fizika və lirika” adının şərti xarakter daşıdığını, fizika adı altında dəqiq və təbiət elmlərinin, lirika dedikdə isə ədəbiyyat və mədəniyyətin bütün sahələrinin əhatə olunduğunu deyib.

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev “Nizami Gəncəvi ili” ilə bağlı AMEA-da geniş tədbirlər planının icrası barədə məlumat verərək deyib: “Nizami Gəncəvi Azərbaycan xalqının mənəviyyat pasportudur. Dünyaya onunla təqdim edilirik”.

AMEA-nın akademik katibi, Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov çıxış edərək, Nizami Gəncəvinin öz yaradıcılığında bütün elmləri üzvi şəkildə birləşdirdiyini bildirib. Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov son illərdə AMEA-nın elmi müəssisələri ilə Şamaxı Astrofizika Rəsədxanası arasında elmi əməkdaşlığın gücləndiyini və həmin silsilədən olan bu tədbirin əhəmiyyətini yüksək qiymətləndirib.

“Nizami Gəncəvi alim-şairdir. Bəşər sivilizasiyası tarixindəki nadir şəxsiyyətdir. Bədii-estetik və fəlsəfi görüşlərinə görə bütün zamanların şairidir”, - deyən AMEA-nın müxbir üzvü Namiq Cəlilov dahi şairin könüllərdə daim yaşayacağını ifadə edib.

Konfrans işini məruzələrlə davam etdirib. Tədbirdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmlər doktoru, professor İmamverdi Həmidov, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmməd, AMEA Şamaxı Astrofizika Rəsədxanasının şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Ədalət Ətayi məruzələrlə çıxış ediblər.

Tədbirin sonunda akademik İsa Həbibbəyli 2021-ci ildə Nizami Gəncəviyə həsr olunmuş akademik nəşrləri Şamaxı Astrofizika Rəsədxanasının kitabxanasına hədiyyə edib.

 

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video