bədxahlar və şərçilər
dərhal birləşir, xeyirxahlar və abırlılar isə tək qalır?
Sosial şəbəkədə yoxam!
Heç olmaq fikrində də deyiləm!
Sosial şəbəkənin
mövcudluğunu, oradakı söz və fikir azadlığını qəbul edirəm!
Yeni "söz meydanı”ndakı müəyyən proseslərdən də xəbərdaram.
Həm də bilirəm ki, mənim bu yazımla heç nə dəyişməyəcək!
Amma...
Deməsək, münasibət
bildirməsək də olmur: kim necə qəbul edər,
necə qiymətləndirər, hansı reaksiyanı verər - öz işidir!
Dövlətimi və millətimi həmişə yüksəkdə görmək istəyirəm!
Mənəvi dəyərlərimizin, mentalitetimizin aşınmasını, əsrlər boyu yaranan insani münasibətlərin korlanmasını
qəbul edə bilmirəm!
Axı biz belə olmalı deyilik
və belə deyildik!
***
Elə bil hamı hamıdan "kompramat”
yığır!
Hamı hamının paxırını (var, yox)
açmağa çalışır!
Kim kimin haqqında
mənfi (yalan, ya doğru) eşidirsə, dərhal sosial şəbəkədə, imkan
tapanda isə mediada yaymağa çalışır!
Niyə belə mənfiyə
köklənmişik?
Niyə pislik bizi maqnit kimi özünə cəlb edir?
Niyə dediyimiz yalan, yaydığımız böhtan, yazdığımız şər-şəbədə olmalıdır?
Axı dünyanın işığı qaranlığından çoxdur!
Axı həyatı da,
bizi də yaşadan işıqdır, yaxşılıqdır, bir-birinə
əl uzadıb dayaq durmaqdır!
Niyə dayaqlarımıza
qənim kəsilmişik?!
"Pislərdən” əvvəldən imtina etmişik, qoy olsun!
İndi də yaxşıları bəyənmirik?
Belə çıxır ki, keçmişsiz yaşayacağıq?
Heç keçmişsiz də dövlət, xalq olar?!
***
Son dövrün dəbidir:
kimsə məşhurlaşmaq istəyirsə, "böyükləri”, özündən yuxarıdakıları tənqid hədəfinə çevirir, "toxunulmazlar” barədə
elə şeylər danışır və yazır ki, hamı ondan
danışmağa başlayır!
Jurnalistdirsə, yüksək çinli dövlət məmurlarını, yaxud deputatları
hədəfə götürür!
Yazıçı və ya şairdirsə,
klassiklərə, yaxud dövrün canlı klassiklərinə girişir!
Görün dünyanın harasıdır ki, Sabirin bir beytinə dəyməyənlər Sabiri bəyənmirlər!
Mirzə Cəlilin bir felyetonunun dəyəri qədər yazı-pozusu
olmayanlar, onun yaradıcılığına rişxənd edirlər!
Nəsimi fəlsəfəsindən, poeziyasından anlayışları olmayanlar, onun şeirinə "donqli” musiqi "bəstələyib”
oxuyurlar.
Özləri kimiləri
də onlara "züy” tutur, "əhsən” deyir!
Hərdən də hamı
səs-səsə verib ittihamçıya çevrilir!
Molla Nəsrəddin ədəbi məktəbinin nə olduğunu, satira ilə yumorun
fərqini, kinayə, ironiya, sarkazmın hansı ideala xidmət etdiyini bilənlər
də, bilməyənlər də qarışırlar bir-birlərinə!
Sağlıqlarında özlərini nadanlardan, mövhumatçılardan, qoçulardan
müdafiə edən sənət fədailərimiz isə indi
nə danışa, nə tərpənə, nə də ayağa qalxa bilmədiklərindən kimsəyə
cavab vermək iqtidarında deyillər!
Ürəklərində onların tərəfində olanlar, əslində onları müdafiə edəsilər isə susurlar,
başlarını "cəngələ salmaqdan” qorxduqlarından cınqırlarını çıxarmırlar!
Bəli, haqsız meydan sulayır, haqlılar isə ağızlarına su alır!
Şərçilər, inkarçılar elektron resurslarını zəbt edir, onlara cavab verməli olanlar isə dinib-danışmır,
sanki kimdənsə göstəriş gözləyirlər (kimdən, bilinmir), öz-özlərinə deyinməklə vəzifələrini
bitmiş sayırlar!
Nəticədə ziyalılar
meydanı ziyasızlara güzəştə getmiş olurlar!
***
Başqa bir mərəz
də geniş yayılıb:
* Özündə nöqsan,
çatışmazlıq (hələ yumşaq deyirik) görən yoxdur!
* Hamı uğursuzluğunun
səbəbini özgədə, kənarda axtarır!
* Çoxunun özündən
xəbəri yoxdur, hansı bilik, qabiliyyət, istedad sahibidir anlamır!
Bir qrup şair və yazıçı ( cavan və qoca) Anarı hədəfə almaq, tənqid etmək, günahlandırmaq və
qınamaq üçün daim fürsət gəzir:
* Kitabları çıxmır - günahkar Anardır!
* Məşhurlaşa və sevilə bilmirlər - günahkar Anardır!
* Yazıçılar İttifaqının katibi və ya sədri ola bilmirlər
- yenə günahkar Anardır!
Hamısı Anardan təqaüd, ev, çap olunmalarına kömək istəyir
- amma acılaya-acılaya!
Biri bir söz dedi - yerdə qalanlar dərhal ona qoşulur!
Hamı dövlətin ona borclu olduğunu düşünür!
Çox az qisim adam
dövlət qarşısında borcunu dərk edir!
Hamı sözdə müstəqillik tərəfdarıdır!
Amma işə gələndə, müstəqil dövlətə sağdan-soldan, daxildən-kənardan
hücumlar olanda seyrçi mövqeyi tutur!
Ya özünü görməzliyə
və bilməzliyə vurur, ya da gözləyir ki, kimsə onu Azərbaycana hücum edənlərə cavab verməyə dəvət etsin!
***
Şəxsi uğursuzluğunun
səbəbini özündə yox, dövlətdə axtaranlar da az deyil!
Belələri qabiliyyət, bacarıq, bilik və peşəkarlıq keyfiyyətlərini
artırmaq əvəzinə, deyinməyə, şikayətlənməyə
üstünlük verirlər.
Unudurlar ki, insan ilk növbədə özünə güvənməli, öz xoşbəxtliyi uğrunda özü çarpışmalıdır!
Yalnız bu halda nəyəsə nail olmaq mümkündür və bunu həyatın çoxsaylı misalları dönə-dönə təsdiq edib!
Necə deyərlər, səndən hərəkət, məndən bərəkət!
***
Sovet dövründən
çoxdan qurtarmışıq, amma sovet psixologiyası hələ də canımızdan çıxmayıb!
Evimiz yoxdur - dövlətdən istəyirik!
Xaricdə müalicə olunmalıyıq - gözümüzü dövlətə dikirik!
Obyektimiz yanıb
- dövlətdən kompensasiya umuruq!
"Dövlət vətəndaşının
yanındadır” o demək deyil ki, dövlət vətəndaşının
bütün problemlərini onun əvəzinə həll
etməli, hətta ona dəyən ziyanı belə ödəməlidir!
Dövlət iş yerləri (həm də özəl sektor) açar, daimi elektrik
enerjisi, su, qaz təchizatını təmin edər, yol çəkər, müalicə müəssisələri, banklar,
sığorta təşkilatlarının yaranmasına şərait yaradar, sahibkarlığa dəstək verər, sabitliyi,
təhlükəsizliyi təmin edər və s.
Hamı üçün hər şey
edən dövlət kommunizmdə olmalı idi!
O da özünü döğrultmadı,
bir ideya kimi iflasa uğrayaraq sovet hökuməti
ilə birlikdə tarixin arxivinə verildi!
Bazar iqtisadiyyatı münasibətlərində dövlət kiminsə əvəzinə işləyən deyil!
Dövlət işləyə bilməyən
qocalara, əlillərə, şəhid ailələrinə, qaçqın və məcburi köçkünlərə, habelə bu qəbildən olan digər insanlara
arxa durar, kömək edər!
Dövlət təbii fəlakətlər nəticəsində ev-eşikdən məhrum olan, yaşamaq imkanını
bir anda itirən vətəndaşlara əl uzadar!
Dövlət qaçqına, məcburi köçkünə yiyə durar!
Müstəqil Azərbaycanda
bu tip kömək və yardımların klassik nümunələrinin dəfələrlə şahidi olmuşuq!
Zəlzələ, sel, yanğın
hadisələri zamanı dövlət başçısı İlham Əliyevi, Birinci vitse-prezident Mehriban
Əliyevanı hadisə yerində görməyə artıq adət etmişik.
Belə görüşlər təkcə səmimiliyi ilə deyil, həm də operativ, əsaslı və hərtərəfli
kömək göstərilməsi ilə yadda qalır.
İlham Əliyev təkcə
maliyyə vəsaiti ayırmaqla kifayətlənmir! Üstəlik, işlərin deyilən vaxtda, yüksək keyfiyyətlə icrasına nəzarət
edir!
İlham Əliyevi xalqa sevdirən ən mühüm məqamlardan biri dar gündə insanları darda qoymaması,
zərər çəkənlərə yüksək səviyyədə maddi və mənəvi dəstək göstərməsidir!
Amma bir məqamı da unutmayaq: dövlətin ölkə vətəndaşlarına
ucdantutma bu tip yardımlar etməsi nə borcudur, nə də belə bir imkanı var!
***
İnternet gözəl şeydir!
Amma onun sosial
şəbəkə variantı hələ kaldır, yetişmə mərhələsindədir.
Bəlkə də heç yetişməyəcək, kim bilir!
Çünki söyüş və təhqirin baş alıb getdiyi, insan şəxsiyyətinə və ləyaqətinə
hörmət qoyulmadığı, həqiqətlə yalanın sərhədlərinin bilinmədiyi, qərəzin, özünügöstərmənin obyektivlikdən yüksəkdə dayandığı məkanda "yetişmə”
olsa belə, yəqin ki, düz istiqamətdə getməz!
Heç zaman güman etməzdim ki, söz azadlığı belə bir qısa vaxtda söz özbaşınalığına, söz azğınlığına
gətirib çıxara!
Başqasına hörmətlə
yanaşmayan, əslində, özünə də hörmət qoymur!
Yəqin ki, kiməsə
söyüş söyən, təhqiramiz ifadələr işlədən şəxs əvvəlcədən cavabında nə eşidəcəyini
də bilməmiş deyil!
Lap bir-birimizlə kəskin mübahisə edək!
Lap mövqelərimizi ölənəcən dəyişməyək və barışmayaq!
Lap eyni fikirdə olmadığımıza görə bir-birimizdən zəhləmiz getsin!
Məgər normal danışmaq,
mübahisə etmək, fakt göstərmək, arqument
gətirmək olmazmı?
Axı söyəndə, təhqir
edəndə nə dəyişir!
Əslində hər şey olduğu kimi qalır: hərə öz mövqeyində, öz fikrində,
öz inandığı yerdə qərar tutur!
Dəyişən söyənə olan münasibətdir!
Söyən əvvəlcə öz
mədəniyyətini və mənəviyyatını göstərir.
İkincisi, haqsız olduğunu!
Çünki doğru olduğunu
yalnız sübutlarla, faktlarla, dəmir məntiqinlə təsdiq edə bilərsən!
Söyüş zəiflərin,
gücsüzlərin, məğlubiyyətini irəlicədən görənlərin silahıdır!
***
Maraqlı bir misal var: Allah dəvəyə qanad verməsin!
Bu gün hamının sosial şəbəkədə söz demək, "hökm vermək”,
"qərar çıxarmaq” səlahiyyəti var!
Belə "səlahiyyət
sahiblərinin” doxsan faizindən çoxu
ən sərt və qəddar hökmlər verir: "asılsın”, "kəsilsin”!
Nə "rəhm” edən var,
nə "müqəssirin” halına yanan!
Baş verən hadisənin
doğru-yalanlığını, ədalətin harada olduğunu dəqiqləşdirmədən, "günahkarların” şəxsiyyətini,
sosial vəziyyətini öyrənib dəyərləndirmədən dərhal "ölüm hökmü”
çıxarırlar!
Görəsən, belələrinin
vəzifəsi, əməlli-başlı səlahiyyəti olsa, nə edərlər?!
Niyə bu qədər zalımıq,
qəddarıq, amansızıq?
Heç olmazsa dövlət
başçısından mərhəmətlilik, humanistlik, bağışlamaq qabiliyyətini öyrənək!
Kimləri əvf etmədi, kimləri həbsxanadan buraxmadı!
Əgər ölkənin ən böyük
səlahiyyət sahibi ədalətli və mərhəmətlidirsə, biz səlahiyyətsizlər niyə zalımıq?
Axı dinimiz də həmişə
bağışlamağı, mərhəmətli və ədalətli olmağı təşviq edir!
Onda belə daşürəkliyi kimdən öyrənmişik?!
***
"Yuxarıları” və "yuxarıdakıları” tənqid hədəfinə çevirməklə "qəhrəman” imici qazanmaq
arzusunda olanların sayı daim artır!
Sanki kiməsə mənəvi yara vuranda rahatlanırıq, zövq alırıq, necə deyərlər, ürəyimiz sakitləşir.
NƏ VAXTADƏK:
* insanların yaxşı cəhətlərini qoyub, "pisini” danışacağıq;
* başımız çıxmayan məsələlər barədə "ekspertlik” edəcəyik;
* "harada bişdiyindən” xəbərimiz olmadığı hadisələr haqqında
"rəy” söyləyərək, baş verənləri "qiymətləndirəcəyik” ;
* "təqsiri sübut olunmayanlar” (haqqında deyilənin hələ həqiqət, yaxud yalan olduğu bilinməyənlər)
barəsində "ölüm hökmü” çıxaracağıq;
* özümüzü ən "ədalətli
hakim” sayaraq başqalarının ağıllı fikirlərini və tövsiyələrini "mənasız mövqe” kimi qəbul edəcəyik!
İçimizdəki bu hikkə
haradan yaranıb?
Daxilimizdəki bu
qədər nifrət nədən yığılıb?
"Mənəm-mənəmlik”
hissi bizdə necə formalaşıb?
Niyə bu qədər inkarçıyıq?!
Niyə yaxşılıqları,
yaxşı cəhətləri görmək istəmirik?!
Niyə hər şeydə və
hər yerdə qara axtarırıq?!
Axı həyat yaxşılıqların üzərində qərar tutur və yaşayır!
Axı yaxşını görməmək, qiymətləndirməmək, əslində yamana,
pisə, kin-küdurətə dəstək vermək deməkdir!
Özümüz bir qələt qarışdıranda istəyirik ki, bizi bağışlasınlar,
cəzalandırmasınlar!
"Birinci dəfədir”, "bilməmişəm”, "xəbərim olmayıb” deyə bəraət diləyirik!
Vay o gündən ki, başqası ağzından yanlış ifadə çıxara və
ya addımını əyri ata!
Allah, sən saxla! Hamı
dönür əlibaltalı, qırmızı geyimli cəllada!
Sözlə, söyüşlə o binəvanın axırına çıxmaq istəyirlər!
Bəzən çıxırlar da!
Niyə, nə xəbərdir!
***
Sosial şəbəkə qəhrəmanları sanki (həm də görünür təsadüfən yox) qəsdən "hörmətdənsalma
kampaniyaları” aparırlar.
Özü də sistemli, ardıcıl şəkildə:
* Qanun keşikçiləri sayılan polislər (ən çox YPX) uzun müddət müxtəlif formada hallandırıldı;
* Məmurlar yeri gəldi-gəlmədi korrupsiyada ittiham edilərək damğalandı;
* Millət vəkilləri "gizli biznesmenlər”, xaricdə
və ölkə daxilində "mal-mülk sahibləri” kimi təqdim edildi və edilirlər;
* İndi keçiblər
məktəbə və müəllimlərə, bu qurumu şagirdlərin, valideynlərin və cəmiyyətin gözündən-nəzərindən salmaq üçün davamlı kampaniya aparılır!
Növbədə kimlərdir?
Hələ çoxmu sakit dayanıb kənardan baxacağıq?
Bütün hörmətliləri
hörmətsiz edilmiş cəmiyyətin özü də hörmətsiz və etibarsız vəziyyətə düşməyəcəkmi?
Artıq bu barədə düşünmək
zamanıdır!
Bəxtiyar SADIQOV