01 Yanvar 2012 01:01
486
CƏMİYYƏT
A- A+

Nitqin gücü onun səmimiyyətindədir

Azərbaycan nitq mədəniyyətinin təşəkkülündə əvəzsiz xidmətləri olan  ulu öndər Heydər Əliyevin nitq və çıxışlarının elmi araşdırılmasına bu gün də ciddi ehtiyac duyulur. Nitqin auditoriyada təsir gücünü müəyyənləşdirən mühüm amillərdən biri səmimiyyətə söykənməkdir ki, ulu öndərin nitqlərinə səmimiyyət həmişə hakim olub. Bu səmimiyyət müxtəlif auditoriyalarda, müxtəlif nitq üslublarında Heydər Əliyevin "nitq üslubuna" uyğun şəkildə özünü qabarıq büruzə verir.

Azərbaycanın hamımızın vətəninə çevrilməsi həm də ana dilimizlə bağlıdır. Canından əziz sevdiyi Azərbaycan dili haqqında Heydər Əliyevin fikirləri, mülahizələri, dilimizin qorunması yolunda həyata keçirdiyi tədbirlər bu gün də zamanın nəbzi ilə eyni vurur.

Siyasi natiqliyimizin banisi kimi Heydər Əliyevin nitq mədəniyyətinin formalaşmasındakı rolunu bir məqalə ilə işıqlandırmaq fikrindən uzağıq. Məqsədimiz səmimiyyət adlı ünsiyyət vasitəsinin böyük natiqin nitqində yerini müəyyənləşdirməyə cəhd etməkdir. Ulu öndər özü demiş, "bu zəngin dil","bu böyük söz ehtiyatına malik Azərbaycan dili" ilə ölkəiçi və xarici auditoriyaların fəthi səmimiyyətsiz keçinmir. Bu səmimilik müxtəlif auditoriyalarda, fərqli nitq üslublarında, ölkə həyatının gərgin və nisbətən gərgin şəraitlərində onun çıxışlarını tərk etməmişdir.

Heydər Əliyev səmimiyyəti xalq dilindən güc alan, analitik təfəkkürə əsaslanan, dilimizin nitq vasitələri ilə cazibədar şəkildə harmoniya təşkil edən, poetik duyğulara söykənən, auditoriyaları inandırmaq gücündə olan bir səmimiyyətdir. Bu səmimiyyət hər şeydən öncə  böyük natiqin doğma dilimizə olan münasibətində özünü göstərir. 21 dekabr 1993-cü il tarixdə Fransaya rəsmi səfəri zamanı Parisdə mətbuat konfransında jurnalistin Heydər Əliyevə "Siz rusca danışırsınız?" sualına verdiyi cavab səmimyyətin  güclü məntiqlə əlaqəsinə misaldır: "Mən axırıncı sualınıza dərhal cavab verəcəyəm, nə üçün rusca danışıram. Bizim doğrudan da, gözəl dilimiz var və mən Azərbaycan dilini sevirəm. Bu, Azərbaycanın dövlət dilidir, ölkədə yalnız Azərbaycan dilində çıxış edir və danışıram. Lakin burada, Fransada əvvəla, görüşdüyüm adamlar arasında, hiss etdiyim kimi, rus dilini bilən çoxlu adam var. Deməli, onlar məndən informasiyanı artıq bilavasitə alırlar, ikincisi, cənab Mitteranın tərcüməçisi ancaq fransız dilindən rus dilinə və rus dilindən fransız dilinə tərcümə edir. Buna görə də mən burada mövcud olan qaydanı pozmaq istəmədim".

Heydər Əliyev nitqindəki səmimiyyət müxtəlif nitq üslublarında özünü qabarıq göstərir. Bu səmimiyyət ciddi, rəsmi üslublarda ilıq bahar günəşi təki parlayır, xalqı səfərbər etməyə, müstəqilliyin möhkəmlənməsi yolunda ciddi addımlar atmağa səsləyir. Bakıda ümumrespublika müşavirəsindəki çıxışı (24 avqust 1993-cü il) bunun bariz nümunəsidir: "Düzdür, şəhidlər də verdik, ancaq Azərbaycanın müstəqilliyi yolunda bir çox şəhidlər vermişik. Ola bilər bundan sonra da verək, Azərbaycan Respublikasının bütövlüyü hər bir adamın həyatından     qat-qat yüksəkdir, mənim də həyatımdan yüksəkdir. Mən də müstəqil Azərbaycanın dövlətçiliyini, suverenliyini, bütövlüyünü qorumaq üçün həyatımı qurban verməyə hazıram. Sizə söz verirəm və güman edirəm ki, hamımız birlikdə bu vəziyyətdən çıxa biləcəyik".

Böyük natiqin çıxışlarındakı fikirlərin sonda reallaşması onu auditoriyaların gözündə ucaldır, insanların öz liderinə səmimi qəlbdən bağlanmasına gətirib çıxarır. Bu səmimiyyət ulu öndərin, onu böyüdüb başa çatdıran xalqına qədirbilənliyidir. Bu qədirbilənlik Elmlər Akademiyasında ziyalılarla görüşdə necə də gözəl səslənir: "Azərbaycan xalqı məni böyüdüb, geniş ictimai-siyasi fəaliyyətlə məşğul olmağım üçün yol açmış, uzun illər mənə böyük etimad göstərmişdir. Həyatımın ağır dövründə daim Azərbaycan xalqının mənə olan müsbət münasibətini, hörmətini, uzaqda olsam da, duymuşam, hiss etmişəm. Bu tellər heç vaxt qırılmayıb, məni ağır imtahanlardan, əzab-əziyyətlərdən və hətta təqiblərə məruz qaldığım ağır dövrdən də çıxarmışdır".

Bütün çıxışlarında  "xalq hər şeyi bilməlidir, xalqdan heç nəyi gizlətmək olmaz "  prinsipinə söykənən ulu öndər problemləri xalqla birgə çözməyə üstünlük verir. Elə məhz buna görə də həmin çıxışlar təsirsiz qalmır, qəlblərdə öz izini qoyur: "Yaşayış üçün ən zəruri olan çörəyin və çörək məmulatının qiymətlərini artırmağın məqsədəuyğunluğu həmişə çox böyük şübhə yaratmış, tərəddüdlərə səbəb olmuşdur. Ancaq bizim maliyyə vəziyyətimiz getdikcə ağırlaşdığına və maliyyə-kredit prosesləri çətinləşdiyinə görə, bu məsələləri noyabrın 19-da geniş müzakirə etdik. Qiymətlərin artırılması ilə əlaqədar müəyyən kompensasiyaların verilməsi, minimum əməkhaqqının artırılması barədə qərar qəbul olunmuşdur. Bütün bunlar əhalinin güzəranının müəyyən dərəcədə yaxşılaşmasına kömək edəcəkdir".

Heydər Əliyev səmimiyyətində ciddi dövlətçilik, milli mənafelərin qorunmasına yönələn sərt çalarlı bəyanatlar birgə təsadüf edir: "Son illərdə Azərbaycanda baş verən proseslərdə, mətbuat səhifələrində, ayrı-ayrı ictimai-siyasi xadimlərin çıxışlarında belə fikirlər söylənilib ki, əsrlər boyu Azərbaycanın sərvətləri yabançı dövlətlər tərəfindən vəhşicəsinə, insafsızcasına dağıdılıb, Azərbaycan xalqına bu sərvətlərdən heç nə çatmayıb. Yəqin ki, belə hallar olub və bundan sonra biz buna yol verə bilmərik. Məhz buna görə də biz iyun ayının 24-də xarici şirkətlərlə demək olar ki, bağlanmaq ərəfəsində olan müqavilələrin müvəqqəti olaraq dayandırılması qərarını qəbul etdik. Bu heç də o demək deyil ki, biz bu şirkətlərlə müqavilə bağlamaqdan imtina edirik, yaxud bu şirkətlərin Azərbaycanda fəaliyyət göstərməsinin qarşısını alırıq.Yox. Sadəcə olaraq biz bu məsələləri daha dərindən araşdırmaq istəyirik".

Şirkət başçıları müqavilənin gecikmə səbəblərini səmimiyyətlə qəbul edirlər. Bu səmimi çıxışda "Azərbaycan sərvətlərinin sahibi Azərbaycan xalqıdır" həqiqətini dərk edirlər. Milli mənafe, müstəqilliyimiz baxımından ulu öndər ona arxa çevirənləri çox asanlıqla bağışlaya bilir. 10 avqust 1993-cü il tarixdə "Sobesednik"ə verdiyi müsahibə bu qəbildəndir: "Axı, məni istefaya göndərməklə insafsızlıq etmişdilər. Sevdiyim, inandığım adamların 95 faizi mənə arxa çevirmişdi.

-Belə şeyi bağışlamaq olarmı?

-Mən onların hamısının günahından keçmişəm.

-Bəs uşaqlıqda kim olmağı arzulayırdınız?

-Şeir yazırdım. Şəkil çəkirdim. Rəssam olmaq arzusundaydım, lakin sonra fikrimdən daşındım və memarlıq fakültəsinə daxil oldum. Müharibə başladı, dərslər kəsildi. Halbuki mən tikmək istəyirdim. Özü də gözəl binalar tikmək istəyirdim".

Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Yardımlı və Lerik rayonlarından seçilmiş xalq deputatları və həmin rayonlardan olan rəhbər işçilər və ziyalılarla görüşdəki çıxışına nəzər salaq: "Ancaq mən öz dediyim  sözlərin ağasıyam, istəyirəm mənim çıxışlarım verilsin. Əgər etiraz etmirsinizsə sizinki də verilsin. Çıxış eləyənlərin etirazı yoxdur ki?! Verilsin. Mən deyirəm, verilsin, qoy camaat bilsin".

Öz sözünün ağası olan, dediyi sözlərə, fikirlərə görə açıq efirdən, mətbuatdan çəkinməyən Heydər Əliyev cəsarəti bütün görüşlərdə özünü büruzə verirdi.

15 iyun 1993-cü il tarixində Azərbaycan Respublikasının Milli Məclisindəki çıxışında xalqı birləşdirməyə yönəlmiş nitq səmimiyyətin bariz nümunəsidir: "Mən rica edirəm, kiçik hissiyyatı kənara qoymaq lazımdır, xırda dedi-qoduları kənara qoymaq lazımdır, bunların vaxtı gələr. Kimin kiminlə nə haqq-hesabı var, sonra edər. İndi bunun vaxtı deyil".

Erməni işğalından xilas naminə, müstəqillik naminə ulu öndər "Rica edirəm" deyə xahiş etməyi də özünə sığışdırır. Xalqın azadlığı, müstəqilliyimiz naminə, rica etməyi belə bizlərə öyrədir: "Əgər kimsə, nə vaxtsa mənə qarşı düzgün münasibət bəsləməyibsə, nəsə edibsə, inanın ki, mən onların hamısını çoxdan bağışlamışam. Mən özümü o kəslərin səviyyəsinə heç vaxt salmamışam və salmayacağam. Ona görə yox ki, siz mənə indi etimad göstərdiniz, mən belə bir vəzifəyə gəldim. Yox. Mən, sadəcə, bir vətəndaş kimi də heç vaxt heç kəslə ədavət aparmaq, qisas almaq, yaxud da ki, kiməsə pislik etmək istəməmişəm və istəməyəcəyəm. Ancaq vəzifə çərçivəsində, şübhəsiz ki, biz hamımız qanuna riayət etməliyik, qanunun aliliyini təmin etməliyik və bu yolda, şübhəsiz ki, mən öz əqidəmdən dönməyəcəyəm".

Burada səmimiyyət içərisində dövlətçilik tərənnüm olunur. Azərbaycan Respublikasının Milli Məclisinin 5 noyabr 1993-cü il tarixli iclasındakı çıxışında öyrənməyin, təcrübə keçməyin heç vaxt gec olmadığını ulu öndər addımbaşı bizlərə səmimi bir öyüd kimi səsləndirir: "Qeyd etmək istəyirəm ki, bu dövrdə mənim əvvəlki həyatım boyu keçdiyim iş təcrübəsinin üzərinə böyük bir təcrübə də gəldi. Milli Məclisə bir neçə ay müddətində rəhbərlik etmək, onun iclaslarını aparmaq, mürəkkəb məsələlərin həllində Məclis üzvlərinin rəylərini toplayıb daha düzgün qərarlar qəbul olunmasını təmin etmək - bunların hamısı mənim üçün bir təcrübə məktəbi oldu və mən bu təcrübəyə görə və bu salonda bərabər  çalışdığımıza görə, Milli Məclisə minnətdarlığımı bildirmək istəyirəm".

Ulu öndər Heydər Əliyevin 8 fevral 1994-cü il  tarixində Ankarada "Çankaya" köşkündə Azərbaycan Prezidentinin şərəfinə təşkil olunmuş ziyafətdə söylədiyi nitq  dövlət başçısının sadə nitqlərindən biri kimi dəyərləndirilə bilər. Poetik çalarlarla zəngin olan bu nitq auditoriyanı səmimiyyətlə inandırır. Bugünkü Azərbaycan-Türkiyə münasibətləri nitqin öncəgörmələrlə zənginliyini bir daha sübut edir:  "1992-ci ildə hörmətli Süleyman bəylə biz Türkiyə ilə Azərbaycan arasında tikilmiş körpünün açılışında iştirak etdik. Ürəkdən-ürəyə olan körpülər daha da möhkəmləndi və ölkələrimiz arasında körpü salındı. Bu körpü həqiqətən,  ümid körpüsü, həsrət körpüsü kimi tarixə daxil oldu... Ürəklərdən  ürəklərə olan hisslər dövlətlər arasında əlaqələrə çevrildi və ötən illərdə bu sahədə çox iş görüldü. Böyük iftixar hissi ilə, qəlbimdəki böyük çırpıntılarla demək istəyirəm ki, mən də, mənimlə gəlmiş azərbaycanlılar da burada özümüzü öz məmləkətimizdə, öz evimizdə hiss edirik. Biz belə hesab etmirik ki, yabançı ölkəyə, xarici ölkəyə gəlmişik".

Heydər Əliyevin səmimiyyətlə yoğrulan nitqləri, çıxışları poetik duyğularla doludur. Zəngin dilimiz bu duyğularda özünə yer tapır. Xalq şairi Məmməd Araza ünvanlanan təbrik bir neçə cümlə olsa da, bu səmimi cümlələr zənginlik etibarilə böyük bir çıxışı xatırladır: "Sizi anadan olmağınızın 60 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Qırx ildən çoxdur ki, dərin fəlsəfi lirikanız çağdaş Azərbaycan poeziyasını zənginləşdirməkdədir. Məmməd Araz istedadının, təfəkkürünün məhsulu olan yüzlərlə şeiriniz milyonların qəlbinə yol taparaq özünə və sizə əbədi yaşamaq hüququ qazandırıb. Əmin olduğumu bildirmək istəyirəm ki, xalqımızın mənəvi təkamülündə, gənclərimizin estetik tərbiyəsi  yolunda bundan belə də yorulmadan çalışacaq, qədim və zəngin ənənələri olan milli poeziyamıza yeni töhvələr bəxş edəcəksiniz".

"Dərin fəlsəfi lirika", "çağdaş Azərbaycan poeziyası", "istedad və təfəkkürün məhsulu olan yüzlərlə şeir", "milyonların qəlbinə yol tapmaq", "əbədi yaşamaq hüququ", "mənəvi təkamül", "estetik tərbiyə"... kimi ifadələr böyük natiqin dilində səmimi duyğulara çevrilir, Azərbaycan ədəbi dilinin, nitq mədəniyyətinin inkişafına, tərəqqisinə xidmət edir.

Ümummilli lider üçün Allahın əşrəfi sayılan insandan qiymətli heç nə yoxdur. Bakı Kondisionerlər Zavodunda paytaxtın sənaye müəssisələri, əmək kollektivləri nümayəndələrinin mitinqindəki çıxışında ulu öndər  nəinki insanlarla görüşə, hətta insan əli ilə yaradılan, insanlığa xidmət edən hər bir şeyə sevinə, insanları da o sevincə qoşa bilir: "Çox sevinirəm ki, uzun fasilədən sonra bir daha buraya gəlmək mənə nəsib oldu və burada o vaxtdan çalışan,  ondan sonrakı dövrdə gəlib bu zavodda işləyən, həyatını bu müəssisə ilə  bağlayan adamlarla görüşə bildim. Bu, həyatımın ən xoşbəxt anlarından biridir, mənim üçün əlamətdar hadisədir. Bir də deyirəm, ona görə ki, burada hər bir yer mənim üçün doğmadır.  Hətta yaxınlıqdakı Moskva prospektindən zavoda dönərkən müəssisənin ərazisindəki yaşıllıqları, artıq böyümüş  ağacları da görəndə sevindim".

Xaricdə yaşayan soydaşlarımızın bir qrupu ilə görüşdəki çıxışında böyük natiqin şükranlıqla söylədiyi səmimi nitqin şahidi oluruq: "...İndi şükürlər olsun ki, Azərbaycan müstəqil bir dövlətdir. Nə Rusiyanın, nə sovetlər birliyinin, nə də başqa bir dövlətin tərkibində deyil. Hər bir azərbaycanlı da buraya ata ocağı kimi baxmalıdır... Mən demirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar köçüb buraya gəlsinlər. Buna ehtiyac da yoxdur. Kimin üçün hara rahatdır, hara onun üçün münasibdir, qoy orada da yaşasın. Amma hər kəs bilməlidir ki, onun vətəni Azərbaycandır".

Müstəqilliyə şükürləri sonsuz olan ulu öndərin bu nitqindəki səmimi və poetik duyğular nə qədər də ülvidir: "Azərbaycan ata ocağıdır. Amma hər kəs bilməlidir ki, onun vətəni Azərbaycandır".

Bunları söyləməklə, ümummilli lider  bir daha hər bir vətəndaşın, soydaşın məsuliyyətini yada salır. Heydər Əliyevin nitqlərindəki  səmimiyyət qayğıkeşliklə vəhdət təşkil edir. Səmimiyyətin qayğı ilə dolu olan nümunəsini aşağıdakı fikirlərində də görürük: " İndi bizim doğma bacı və qardaşlarımızı , müstəqil Azərbaycanın vətəndaşlarını imkanı olan adamlar - belələri isə çoxdur - öz evlərində saxlasalar, çörəklərini onlarla bölüşdürsələr,  bu problemlərin həlli çox asanlaşar. Şübhəsiz, bu mənim arzumdur. Bir də ki, axı, biz hamımız azərbaycanlıyıq, hamımız qohumuq. Qohumluq yalnız qan qohumluğu demək deyidir, Azərbaycan xalqının soykökü birdir. Ona görə də hər bir qaçqını qəbul edib sığınacaq vermək, şərait yaratmaq bizim tarixi, milli, mənəvi ənənələrimizə tam uyğun olardı".

Bu səmimiyyət ulu öndərin ağsaqqal öyüdünə, mərhəmətinə söykənir. Ulu  öndərin hərbi hissələri özbaşına tərk etmiş və ya çağırışdan yayınmış gənclərin bir qrupu, onların valideynləri və yaxın qohumları ilə görüşündəki çıxışında (2 yanvar 1994-cü il) bunun bariz nümunəsini görürük: "Buradan əsgərlərin hamısına bir daha deyirəm: günahınızı bağışlayıram, sizi cəzadan azad edirəm. Əziz balalarım, övladlarım, sizə uğurlu hərbi xidmət arzulayır, sizdən qəhrəmanlıq nümunələri gözləyirəm".

Məhz belə bir çıxışdan sonra gənclərdə "öz vətəndaşlıq borclarını anlamaq", "milli hisslərin oyanışı" başladı: "Hərə bir söz deyirdi: "fərariləri asıb-kəsək, fərari ora getdi, bura qaçdı"- "İndi müdafiə naziri, baş qərargah rəisi mənə zəng vurub deyirlər ki, qəbul məntəqələrinə, hazırlıq keçilən məntəqələrə o qədər fərarilər gəlirlər ki, onları yerləşdirməyə imkan yoxdur. Bunlar həmin adamlardır, həmin gənclərdir. Deməli, bunlar öz vətəndaşlıq  borcunu anlayıblar, onların milli hissləri oyanıbdır. Halbuki bu milli  hisslər boğulmuş, əzilmiş, tapdalanmışdır".

Səmimiyyət ən ağır dövrlərdə belə ümummilli liderin nitqini tərk etmir: "Mən, şübhəsiz, illüziyaya qapılmıram və sizi də aldatmaq niyyətində deyiləm ki, bu ağır problemlər qısa müddətdə dərhal həll oluna bilər. Ancaq bir var ki, bu problemlərdən özünü kənara çəkəsən, onları görmək istəməyəsən, o problemləri yaxına buraxmayasan, bir də var ki, bunları görəsən, biləsən, onların vacibliyini dərk edəsən və bu problemlərin həlli üçün çarə tapasan, çıxış yolları axtarasan, tədbirlər görəsən. Mən bildirmək istəyirəm ki, biz bu yolla gedəcəyik və bu problemlərin həll olunması üçün bütün imkanlardan istifadə edəcəyik".

Bu nitq gəncliyi gələcək çətinliklərə, müstəqillik yolunun hamar olmaması qənaətinə gəlməyə hazırlayır. Çətinlikləri səmimiyyətlə dilinə gətirən böyük natiq " biz bu yolla gedəcəyik",  "bütün imkanlardan istifadə edəcəyik" kimi qətiyyət bildirən fikir və ifadələrlə pessimist ovqatın gəncliyə sirayət etmək təhlükəsini öz nitqiylə uzaqlaşdırır.

Azərbaycan Respublikası Milli Məclisinin 29 sentyabr 1993-cü il  tarixli iclasında qanunların hamıya aid olduğunu dilə gətirən ulu öndər çıxışlarında səmimidir. Səmimilik qanunlara riayət olunmasından gedir: "Ona görə yox ki, İbrahim İbrahimov deyir: "Məni heç kəs Məclis üzvlüyündən çıxara bilməz! Hamını çıxara bilərlər.  Buradan məni də çıxara bilərlər, sizi də çıxara bilərlər. Məclis istəsə, deməli, çıxarılmalıdır. Bu, məclisin səlahiyyətinə daxildir. Ancaq mən belə hesab edirəm ki, bu məsələləri müzakirəyə qoymağa ehtiyac yoxdur. Çünki bunlar bizim məclisin ab-havasına, ictimai ab-havaya xeyir gətirməz. Biz bir-birimizlə fikir mübadiləsi aparmalıyıq. Əgər istəyirsinizsə, lap fikir mübadiləsi aparaq. Amma zorla, qol gücünə yox".

Heydər Əliyev nitqindəki "Buradan məni də, sizi də çıxara bilərlər" səmimi ifadələri qanunların hamıya aid, dövlətçiliyə söykənməyin hər bir vətəndaşın borcu olduğunu bizlərə öyrədir. Heydər Əliyev səmimiyyəti onu opponentlərinin, müxaliflərin də gözündə ucaldır. Milli Məclisin iclaslarının birində çoxpartiyalılığı normal hal kimi qəbul edərək deyir: "Lakin burada deyilən bir fikirdə müəyyən qədər məntiq var. O da bundan ibarətdir ki, biz çoxpartiyalılıq tərəfdarıyıq. Partiyalar çoxdur, 40 partiya var. Qoy lap 45 olsun".

Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 1993-cü il tarixdə andiçmə mərasimindəki nitqi iqtidar-müxalifət münasibətlərinə bir aydınlıq gətirir, ölkəmizin çiçəklənməsi yolunda hamımızı səfərbər edir: "Çoxpartiyalı cəmiyyətdə müxalifətin də böyük rolu var. Biz müxalifətə bundan sonra da böyük hörmətlə münasibət göstərəcəyik və əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycan cəmiyyətində müxalifət mövqeyində olan partiyalar, siyasi qüvvələr konstruktiv əməkdaşlıq mövqeyindən çıxış edəcəklər və bu da Azərbaycanda həqiqi demokratiyanın inkişafı üçün daha geniş imkanlar yaradacaq".

Böyük natiq öz səmimiyyəti ilə auditoriyanı çaşqınlıqdan çıxara bilir. Məntiqə söykənən nitqi ilə auditoriyanı inandıra bilir. Zaman isə ulu öndərin çıxışlarındakı öncəgörmələri təsdiq edir:  "Ancaq bir həqiqəti bilməlisiniz. Keçən ilin sentyabrında Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olmuşdur. Bəzi xarici ölkələrin, o cümlədən Türkiyənin də mətbuatında belə yazılar gedir ki, guya Azərbaycan Respublikasının MDB-yə daxil olması onun istiqlaliyyətini əlindən alır. Bu, yanlış fikirdir. Keçmiş Sovetlər İttifaqına daxil olan 15 respublikadan 12-si, o cümlədən Azərbaycan indi MDB-nin üzvüdür. Biz bu birliyə daxil olmaqla nə uduzduq? Heç nə uduzmadıq, amma qazandığımız o oldu ki, biz MDB-yə daxil olanda vaxtilə möhkəm, sıx əlaqələrimiz olan həmin respublikalarla əlaqələri saxlayaraq, həm iqtisadiyyatımızın inkişafı üçün müəyyən şərait yaradırıq, həm də Azərbaycanın müstəqilliyini təmin etmək, Ermənistanın respublikamıza qarşı təcavüzkarlığını həmin dövlətlərə sübut etmək üçün imkanımız olur".

Heydər Əliyevin səmimiyyət dolu çıxışları auditoriyada izahlarsız keçmir. Məhz bu izahedici nitq auditoriyanı böyük natiqin səmimiyyətinə inandırır. Hər şey olduğu kimi öz izahını tapır, situasiya bütün ciddiliyi, ağırlığı, çılpaqlığı ilə dinləyicilərə çatdırılır. Sonda isə ağır vəziyyətdən  qurtuluşun mümkünlüyü böyük natiqin optimist, nikbin nitqi ilə yekunlaşır: "O ki qaldı bizə, Azərbaycanda yaşayan azərbaycanlılara, bilməlisiniz ki, daxili vəziyyətimiz nə qədər çətin olsa da - Azərbaycan sosial-iqtisadi böhran içərisindədir. Son illərdə iqtisadiyyat dağılmışdır. Azərbaycanda yaranmış böyük sənaye, kənd təsərrüfatı potensialı bərbad vəziyyətə düşmüşdür, elm, təhsil ocaqlarının çoxu pis gündədir. Sosial sahə çox ağır vəziyyətdədir - lakin Azərbaycan xalqı yaşayır, gələcəyə böyük ümidlə və nikbinliklə baxır. Güman edirəm ki, xalqımız bu vəziyyətdən çıxacaq və Azərbaycan öz torpaqlarının, öz taleyinin sahibi, öz dövlətinin sahibi kimi gələcəkdə də müstəqil dövlət olaraq yaşayacaqdır" (Londonun Hilton hotelində Böyük Britaniyada yaşayan azərbaycanlılarla görüşündəki çıxışdan, 23 fevral 1994 cü il).

İqdisadiyyatla bağlı çıxışlarında böyük natiq situasiyanı olduğu kimi qiymətləndirir. Səmimiyyət burada da hakim olur: "Bu yol çətin, ağır yoldur. On illər boyu yaranmış iqtisadi-sosial sistemdən sərbəst iqdisadiyyat sisteminə keçmək böyük çətinliklərlə bağlıdır. Bu sahədə son illərdə buraxılan səhvlər vəziyyəti daha da gərginləşdirmişdir".

"Bu sahədə demokratik islahatlar keçirmək, ağıllı hərəkət etmək bizim borcumuzdur və əmin ola bilərsiniz ki, biz bu yolla gedəcəyik".    

Böyük natiqin çıxışlarında nitqin səmimiyyətinə xidmət edən nitq vasitələri işə düşür, ritorik suallar şəfəq kimi parlayır, auditoriyanı silkələyir, ayıldır: "İndi nə edək? Yenə də bənd-bərəni bağlayaq və deyək ki, həmin iqtisadiyyatı saxlamaq lazımdır?! Nə vaxtadək saxlayaq? Sizinlə fikir mübadiləsi edirəm. Bəli, bəzi mafioz qruplar qeyri-qanuni yollarla sərvət toplamışlar...".

Böyük natiq cəmiyyətin narahatçılıq keçirdiyi rüşvətxorluqla mübarizədə öz fikirlərini açıqca çatdırır: "Gəlin açıq danışaq. Mən bütün həyatım boyu rüşvətxorluğa qarşı mübarizə aparmışam və bundan sonra da aparacağam... Mən tamamilə razıyam ki, indi yox , dünən də, on il, iyirmi il bundan qabaq da bizim mənəviyyatımızı pozan rüşvətxorluq olub və ilbəil inkişaf edibdir. Bununla hamı, həm də hərə öz sahəsində mübarizə aparmalıdır".

Heydər Əliyev səmimiyyəti qarşı tərəfin mənafelərinin həllinə yönələn inandırıcı, təkidli elementlərlə də zəngindir. 10 fevral 1994-cü il tarixində Türkiyənin iş adamlarının böyük bir qrupu ilə görüşdə Azərbaycanın ictimai-siyasi vəziyyətini səmimiyyətlə araşdırır, iş adamlarını təkidlə Azərbaycana dəvət edir: "Azərbaycanda ictimai-siyasi sabitliyə gəlincə əmin ola bilərsiniz ki, bunlar xırda məsələlərdir. Ümumiyyətlə, bütövlükdə Azərbaycanda daxili ictimai-siyasi vəziyyət sabitdir və bundan sonra daha da sabitləşəcəkdir. Sizi tamamilə əmin edə bilərəm ki, bu sabitlik getdikcə, gündən-günə daha da möhkəmlənəcəkdir. Sözün qısası, Türkiyənin iş adamları gecikməməli, fürsəti əldən verməməli, Azərbaycan kimi zəngin bir ölkədə öz işlərinin bünövrəsini qoymalıdırlar".

Heydər Əliyev nitqindəki səmimiyyət dini mövzunun tələb etdiyi formalarda da özünü göstərir. Belə ki, İstanbulda "Sülh və səbir" beynalxalq konfrans nümayəndələri qarşısında çıxışı dini mövzuda səmimiyyətin təzahürü kimi səslənir: "Yer üzündə yaşayan insanlara Allahın ən böyük tövsiyəsi ondan ibarətdir ki, onlar bir-biri ilə xoş məramda, sülh şəraitində, bir-birilə qarşılıqlı hörmət, qarşılıqlı ehtiram şəraitində yaşasınlar. Ona görə də din xadimlərinin vicdana çağırış, səbir sülhün təmin olunması ilə bağlı təşəbbüsləri Allahın göstərdiyi yolla getmək deməkdir, həm də yer üzərində insanların sülh şəraitində yaşamalarına böyük köməkdir. Sizin bu konfransınız müxtəlif dinləri təmsil edən xadimlərin toplaşaraq bir məsələni, bütün dünya xalqlarını narahat edən məsələni - vicdana çağırış, sülh, səbir məsələlərini müzakirə etməsi buna canlı sübutdur. Mən sizin bu təşəbbüsünüzü və belə fədakar fəaliyyətinizi alqışlayır, ürəkdən bəyənirəm".

Böyük natiqin dilində səslənən yüzlərlə səmimi "gəlin açıq danışaq", "xalqdan heç kəs inciyə bilməz", "mən rica edirəm", "mən öz dediyim sözlərin ağasıyam", "mən açıq danışmağı sevirəm", "heç nə vəd etmirəm", "səmimi qəlbdən təbrik edirəm", "şükürlər olsun ki, Azərbaycan müstəqil dövlətdir", "axı, biz hamımız azərbaycanlıyıq", "biz müxalifətə bundan sonrada böyük hörmətlə münasibət göstərəcəyik", " sizi tamamilə əmin edə bilərəm ki"... ifadələr milyonların ürəyinə yol tapır, qəlbləri işıqlandırır, insanları mənəvi cəhətdən kamilləşməyə çağırır. Həm də Azərbaycan nitq  mədəniyyətinin inkişafına təkan verir.

 

Nağdəli ZAMANOV,

Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video