23 Avqust 2011 12:08
521
İDMAN
A- A+

"Neftçi" debütanta aman vermədi

 

Yarımçıq qalmış "İnter"-"Bakı" oyunu ilə bağlı qərar bu gün veriləcək

 

Futbol üzrə Unibank Premyer Liqasında 3-cü turun oyunlarına yekun vurulmuşdur. İki  oyunda meydança sahibləri, birində qonaq komanda qələbə qazanmışdır. İki oyun isə heç-heçə nəticələnmişdir. Bir qarşılaşma isə "İnter" komandasının hakimin qərarına etiraz əlaməti olar aq oyunu davam etdirməməsinə görə yarımçıq qalmışdır.

İlk oyun günündə iki qarşılaşma keçirilmişdir.

Əvvəlcə "Qəbələ" doğma meydanda  AZAL-ı qəbul etmişdir. Son turda "Qəbələ" səfərdə "Sumqayıt Şəhər" klubunu 2:1 hesabı ilə məğlub etdiyi halda, AZAL doğma meydanda "Xəzər Lənkəran"a 0:3 hesabı ilə məğlub olmuşdu. Bu oyun ərəfəsində "Qəbələ"nin hesabında dörd xal vardı və komanda turnir cədvəlinin ikinci pilləsində qərarlaşmışdı. Bu üzdən də Toni Adamsın komandası "təyyarəçilər"i məğlub etməklə turnir cədvəlində liderliyə yüksəlmək şansına malik idi.

Lakin ilk turda "Bakı" ilə ev oyununda olduğu kimi, "Qəbələ" bu dəfə də qələbəyə həsrət qaldı - 1:1. Görüşün 12-ci dəqiqəsində meydan sahiblərinin kapitanı Mahir Şükürov idmançıya yaraşmayan hərəkətə görə qırmızı vərəqə almışdır. İntizamsız hərəkətləri ilə tez-tez gündəmə gələn Mahir yeni komandasına da bu baxımdan ilk zərbəsini vurmuşdur. Nəticədə fasiləyə qədər AZAL görüşdə hesabı açdı.

Lakin qeyd etmək lazımdır ki, meydan sahibləri azlıqda qaldıqları dəqiqələrdə də AZAL-dan daha yaxşı təsir bağışlayırdılar. Qonaqlar rəqibin 10 nəfərlə qalmasından yararlanıb daha inamlı oynasaydılar, səfərdə qələbə də qazana bilərdilər. Amma ehtiyatlı oyunun məntiqi nəticəsi kimi, fasilədən sonra "Qəbələ" məğlubiyyətdən qaçdı. Beləcə, Adamsın komandası yenə xal itkisi ilə üzləşdi.

Digər oyunda isə "Simurq" "Rəvan"ı qəbul edirdi. Zaqatala klubu Premyer Liqanın autsayderlərindən hesab olunsa da, ötən tur "Bakı" ilə səfər görüşündə göstərdiyi əzmkar oyunla tamam başqa təəssürat yaratdı. "Rəvan"ın baş məşqçisi Bəhmən Həsənovun ötən tur "Neftçi" ilə oyundan sonra Zaqatalada uğursuz çıxış edəcəkləri təqdirdə istefa verəcəyini söyləməsi bu görüşə marağı daha da artırmışdı.

Rəqibinə nisbətən Sergey Yuranın rəhbərlik etdiyi Zaqatala klubu qələbə üçün daha çox çalışırdı. Bunun məntiqi nəticəsi kimi matçın sonlarına yaxın "Simurq" hesabı açdı. Lakin hər kəs qarşılaşmanın bu hesabla bitəcəyini gözlədiyi vaxtda qonaqlar rusiyalı mütəxəssisin Premyer Liqada ilk qələbəyə sevinməsinə mane oldular. Nəticədə bu oyunda da tərəflər hərəyə bir dəfə fərqlənməklə sülhlə ayrıldılar.

Premyer Liqanın hazırkı lideri "Xəzər Lənkəran" isə öz meydanında Tovuzun "Turan" klubunu qəbul edirdi. Bu dəfə də maraqlı  və məzmunlu oyun nümayiş etdirən "ağ-yaşıllar" inamlı qələbəyə imza atmışlar. Belə ki,   3 xalı 3 qolla qazanmış cənub təmsilçisinin heyətində yeni transfer, serbiyalı Branimir Subaşiç debüt oyunundaca dubl etmişdir. Digər qolu isə Rikardo Qomeş vurmuşdur. Tovuzluların təsəlli qoluna isə Nadir Nəbiyev imza atmışdır.

Premyer Liqanın üçüncü  turunun mərkəzi görüşü hesab edilən "İnter" - "Bakı" matçı isə xoşagəlməz hadisələrlə yadda qalmışdır. Belə ki, "Şəfa" stadionunda keçirilən matçın sonlarında "İnter"in qapıçısı Georgi Lomaya topu tutarkən ayağı ilə bilərəkdən "Bakı"nın gənc futbolçusu Nurlan Novruzovun sinəsinə  zərbə endirmişdir. Bundan sonra futbolçular arasında mübahisə yaşanmışdır.Yan xətt hakimi ilə  məsləhətləşən görüşün baş hakimi Ramil Diniyev Lomayaya qırmızı vərəqə göstərməklə yanaşı, penalti nöqtəsini göstərmişdir. Bu məqamda klub rəsmiləri arasında da vəziyyət gərginləşmişdir.

Hətta polis də bu mübahisəyə müdaxilə

etməli olmuşdur. Hakimin qərarı ilə razılaşmayan "İnter"in futbolçuları klubun prezidenti Georgi Nikolovun göstərişi ilə meydançanı tərk etmişlər. Onların qayıtmadığını görən hakimlər də paltardəyişmə otağına yollanmışlar. "Bakı" futbolçularının da meydanı tərk etməsindən sonra görüş başa çatmamışdır. Hakimin qərarı ilə razılaşmayan "İnter"in texniki heyəti oyundan sonra da mübahisəni davam etdirmişdir. Komandanın baş məşqçisi Kaxaber Sxadadze "Bakı"dakı həmkarı Aleksandr Starkovun ünvanına nalayiq sözlər işlətmişdir.

Komandanın fan klubunun dayanmadan söyüş söyməsi və qonaqlara yad əşyalarla təzyiq göstərməsi çox acınacaqlı və biabırçı hal idi.

Baş verən bu biabırçılıqla əlaqədar bu gün AFFA-nın İntizam Komitəsi qərar verəcək. Böyük ehtimalla "İnter" texniki məğlubiyyət alacaq və  cərimə ediləcək.

Çempionatın favoritlərindən hesab edilən "Qarabağ" isə Gəncədə "Kəpəz"in qonağı olmuşdur. Oyundan öncə komandada zədə almaları ucbatından bir sıra futbolçu heyətdən kənarda qalmışdı. Əfran İsmayılov, Maksim Medvedev və  Rəşad Sadiqovun yoxluğunda ağdamlıların necə təsir bağışlayacağı maraq doğururdu. Görüş başladı və "Qarabağ" Georgi Adamiyanın vurduğu erkən qol sayəsində hesabda irəli çıxdı. 4 dəqiqə sonra Rauf Əliyev hesab arasındakı fərqi ikiyə çatdırdı.  Təbii ki, "Kəpəz" belə bir başlanğıcı gözləmirdi. Oyun həyəcanından tədricən qurtulan gəncəlilər getdikcə görüşdə tempi artırmağa başladılar. Əvvəlcə Junivan Suaresin uzaq məsafədən vurduğu zərbə ilə  hesab arasındakı fərqi azaltmaq istəyi baş tutmamışdır. Daha sonra "Kəpəz"in heyətində Ceyhun Sultanovun zərbəsini qapıçı Pavloviç dəf etmişdir.

Fasilədən sonra daha çox hesabı qorumaq arzusu "Qarabağ"a çətin anlar yaşatmışdır. "Kəpəz"in heyətində Dmitri Parxaçov buraxılan qollardan birinin əvəzini çıxmışdır.

Görüş Ağdam təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatmışdır -2:1.

Turun son matçında isə ölkə  çempionu "Neftçi" Tofiq Bəhramov adına Respublika stadionunda "Sumqayıt Şəhər" klubunu qəbul etmişdir. "Ağ-qaralar" bu oyunla ardıcıl 2-ci qələbələrini qeyd etmişlər. Turnir cədvəlində axırıncı yerdə qərarlaşan Sumqayıt təmsilçisinə  aman verməyən bakılılar 4 cavabsız qolla xal hesabını 6-ya çatdırmışlar.

 

Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video