21 Sentyabr 2021 17:10
487
Elm və texnika
A- A+

“Müstəqilliyinin 30 ilində Azərbaycan-Türkiyə əlaqələri və beynəlxalq münasibətlər” mövzusunda beynəlxalq simpozium başa çatıb

 

AMEA-nın Tarix İnstitutu, Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu və Atatürk Araşdırma Mərkəzi və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müstəqilliyinin 30 ilində Azərbaycan-Türkiyə əlaqələri və beynəlxalq münasibətlər” mövzusunda beynəlxalq simpozium keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, aktual mövzuda keçirilmiş beynəlxalq simpoziumda və işğaldan azad edilmiş ərazilərə təşkil olunan səfərdə AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli, AMEA Tarix İnstitutunun baş direktoru professor Kərim Şükürov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun rəhbəri professor Muhammet Hekimoğlu, Atatürk Araşdırmaları Mərkəzinin sədri Yüksel Özgen, eləcə də Türkiyədən və Azərbaycandan tarixçi alimlər iştirak ediblər.

Azərbaycanın Ermənistan üzərində tarixi zəfəri və dövlət müstəqilliyinin bərpasına həsr olunmuş tədbirin iştirakçıları əvvəlcə Quzanlı qəsəbəsində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, gül dəstələri düzüblər.

Heydər Əliyev Mərkəzində keçirilən plenar iclası Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov açaraq tarixi zəfərimizdən, müstəqilliyimizdən və beynəlxalq tədbirin əhəmiyyətindən danışıb.

AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli plenar iclasda çıxış edərək iki qardaş ölkənin tarixçi alimlərinin iştirakı ilə Qarabağın işğaldan azad edildiyi şəraitdə keçirilən beynəlxalq elmi simpoziumun böyük əhəmiyyət kəsb etdiyini bildirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfərimizin ölkəmizin tarixində xüsusi rolundan danışan akademik İsa Həbibbəyli Qarabağın tarixi, burada törədilən erməni qırğınları, eləcə də tarixi, dini, mədəni abidələrimizin talanıb məhv edilməsi barədə ətraflı məlumat verib.

Sonra Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun sədri professor Muhammet Hekimoğlu və Atatürk Araşdırmaları Mərkəzinin sədri Yüksel Özgen, AMEA Tarix İnstitutunun baş direktoru professor Kərim Şükürov, Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov çıxış ediblər. Çıxışlarda Azərbaycan-Türkiyə əlaqələri və beynəlxalq münasibətlərdən ətraflı bəhs edilib.

Tədbir bölmə iclasları ilə işini davam etdirib. Akademik Nərgiz Axundova və professor Selma Yelin həmsədrliyi ilə keçirilən birinci iclasda 10 məruzə dinlənilib. İkinci iclasda 6 (həmsədrlər - professor Mustafa Sıtkı Bilgin və professor Ədalət Qasımov), üçüncü iclasda isə (həmsədrlər – professor Alaaddin Yalçınkaya və professor Tofiq Nəcəfli) 8 məruzə tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Simpoziumda “Azərbaycanın dövlət müstəqilliyinin 30 illiyi (1991-2021): tarixi baxış” (Kərim Şükürov), “Türkiyənin ictimai rəyində Xocalı qətliamı və sonrasında Qarabağ problemi” (Ramazan Erhan Güllü), “Qarabağ Zəfərinə doğru gedən prosesdə Türkiyə-Azərbaycan strateji əlaqələri” (Mustafa Sıtkı Bilgin), “Türkiyə-Azərbaycan hərbi-strateji əməkdaşlığının zirvəsi: Şuşa Bəyannaməsi” (Tofiq Mustafazadə), “Azərbaycan-Türkiyə strateji müttəfiqliyi: tarixi ənənələr və müasirlik”, “Dünya sivilizasiyasında türk amili” (Nərgiz Axundova), “Qarabağ xanlığı 1805-ci ildən 1822-ci ilədək: yalanlar və həqiqətlər” (Hacı Həsənov) və s. mövzularda mühüm əhəmiyyət kəsb edən maraqlı elmi məruzələr dinlənilib.

Tədbir iştirakçıları Ağdamın işğaldan azad olunmuş ərazilərində olub, Ağdam rayonunda Pənahəli xanın iqamətgahını, İmarət stadionunu, Ağdam Cümə və Qiyaslı məscidlərini və Ağdam Dövlət Dram Teatrını, Çörək muzeyini ziyarət edib, Ağdam şəhərinin tarixi, mədəniyyət abidələri ilə tanış olublar.

Ağdam Rayon Musiqi Məktəbinin konsert proqramı ilə çıxışı yaddaşlarda dərin iz buraxıb.

Səfər çərçivəsində AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli Ağcabədi rayonunun Kəhrizli kəndində görkəmli Azərbaycan yazıçısı və ictimai xadimi Cəlil Məmmədquluzadənin sadiq silahdaşı və tale ortağı Həmidə xanımın ev-muzeyində olub, muzeyin kollektivi və kənd sakinləri ilə görüşüb, muzeyə kitablar hədiyyə edib.

Tədbir iştirakçıları Qarabağ Atçılıq Mərkəzi ilə də tanış olublar.

Qeyd edək ki, simpoziumda Türkiyə və Azərbaycandan 30-dan çox tarixçi-alim məruzələrlə çıxış edib.

Beynəlxalq simpozium AMEA-nın ölkəmizin dövlət müstəqilliyi qazanmasının 30 illiyinə həsr olunmuş ilk elmi hesabatıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video