11:12 07 May 2021
ONLINE XƏBƏR LENTİ
00:49 07.05.2021

Azərbaycanın xilaskarı


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Müstəqil siyasətin təntənəsi

ANA SƏHİFƏ / SİYASƏT
00:58 07.04.2021

 

İlham Əliyevin regionda yaratdığı yeni reallıqlar göstərir ki, Azərbaycanı öz yolundan döndərmək mümkün deyil

 

Bəşəriyyət yaranandan müharibəsiz ötüşməyib. İnsanlıq tarixi çoxlu sayda dəhşətli, ağrılı savaşlara şahidlik edib. Bu gün də planetimizin müxtəlif yerlərində xalqların taleyində dərin iz buraxan, ona ağır maddi-mənəvi zərbə vuran, məhrumiyyətlərə düçar edən qanlı münaqişələr, müharibələr hökm sürür.

 

Torpaqlarımızın işğaldan azad edilməsinə istiqamətlənmiş çoxşaxəli fəaliyyət

 

Azərbaycan da müharibə, daha dəqiq desək, Ermənistanın işğal siyasəti ilə üzləşmiş, torpaqlarımızın bir qismi işğal olunmuşdu. Lakin xalqımız heç vaxt işğalla barışmadı, günlərin birində ərazilərimizin azad olunacağı  ilə bağlı ümidini heç vaxt itirmədi. O günü isə Prezident İlham Əliyev yetişdirdi. Həyata keçirdiyi siyasətlə, atdığı addımlarla İlham Əliyev həmin tarixi yaxınlaşdırdı və ötən ilin 44 günlük Vətən müharibəsi xalqımızın milli mücadiləsinə çevrilərək işğal altındakı torpaqlarımızın azad edilməsi ilə nəticələndi.

Məlum olduğu kimi, İkinci Qarabağ müharibəsinə qədər cəmiyyətimizdə torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı müxtəlif çağırışlar edilirdi. Amma unudulurdu ki, müharibə başlayacağı təqdirdə biz yalnız Ermənistanla döyüşməyəcəkdik. Həm də torpaqlarımızın hərb yolu ilə azad olunacağı təqdirdə biz dünya erməniliyinə, erməni lobbisinə və təəssübkeşlərinə qarşı döyüşməli olacaqdıq. Ona görə Prezident İlham Əliyev Azərbaycana rəhbərliyinin ilk günündən bu məsələdə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa uyğun olaraq bütün bunları nəzərə aldı. Çünki atılan istənilən ehtiyatsız addım onsuz da ədalətsizliyin, ikili standartların baş alıb getdiyi, beynəlxalq hüququn işləmədiyi bir şəraitdə əleyhimizə işləyə bilərdi.

Bu gün dönüb geriyə baxanda görürük ki, İlham Əliyevin torpaqlarımızın azad edilməsinə istiqamətlənmiş fəaliyyəti kompleks xarakter daşıyıb. Bu illərdə ordumuzun döyüş imkanlarının artırılmasını prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayan dövlət başçısı Ermənistanın işğal siyasətinin beynəlxalq səviyyədə ifşa olunması üçün olduqca səmərəli siyasi-diplomatik fəaliyyət həyata keçirib. Bunun da nəticəsində yeni müharibənin olacağı təqdirdə dünya erməniliyinin başlada biləcəyi xarici təhdid və təzyiqlərin qarşısı alınıb, onlar tamamilə neytrallaşdırılıb. 

Prezident İlham Əliyev bu barədə deyib: “Biz Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri beynəlxalq müstəvidə dünya ictimaiyyətinə çatdırmalı idik və çatdıra bildik. Beynəlxalq təşkilatlarda fəal işləyirdik və bizə sərf edən, həqiqəti əks etdirən, beynəlxalq hüququ əks etdirən, ona əsaslanan vacib qərar-qətnamələri qəbul etdirə bildik. Bu, Qələbəmizin hüquqi əsası idi, haqq-ədalətin bərpasının hüquqi əsası idi. Biz iqtisadi güc toplamalı idik və topladıq. Son illər ərzində Azərbaycan qədər sürətlə inkişaf edən ölkə bəlkə də dünyada yoxdur. Biz hərbi güc toplamalı idik və bu istiqamət birinci dərəcəli vəzifə idi. Təsadüfi deyil ki, mənim prezidentlik dövrümdə hərbi xərclər hər zaman birinci yerdə idi və bunu mən deyirdim, bəyan edirdim ki, biz hərbi xərclərimizi bundan sonra da artırmalıyıq. Biz müharibəyə hazırlaşmalıyıq, hazırlaşırıq. Açıq deyirdim bütün dünyaya və deyirdim ki, əgər düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz düşməni qovacağıq. Belə də oldu”.

 

Azərbaycanın güclənməsinə xidmət edən siyasət

 

Azərbaycan işğal siyasətindən əl çəkməyən, beynəlxalq hüquqa məhəl qoymayan Ermənistanı  güc yolu ilə cəzalandırdı. Qeyd etdiyimiz kimi İlham Əliyev buna nail olmaq üçün hazırlıq işlərini müxtəlif istişamətlərdə həyata keçirdi və qarşıda duran taleyüklü problemi sərkərdə qətiyyəti ilə həll etdi.

Əlbəttə, bu yolda Azərbaycanın güclənməsinə xidmət edən ən mühüm məsələlərdən biri İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasət oldu. Məlumdur ki,  dünyada dövlətlərin nüfuzunu müəyyən edən bir sıra səbəblər var. Bunların arasında ən mühümü təbii ki, əhəmiyyətindən asılı olmayaraq hər bir sahədə yürüdülən siyasətin məzmunu və mahiyyətidir. Bu gün dövlətin nüfuzu ilə yanaşı, həm də ona göstərilən beynəlxalq etimadı da məhz bu səbəb meydana çıxarır. Digər tərəfdən, bütün dövlətlər milli maraqlarına cavab verən siyasət həyata keçirməyə çalışır, lakin hamısı buna nail ola bilmir.

Azərbaycan böyük dövlət deyil, amma İlham Əliyevin yürütdüyü müstəqil siyasətin əhatə dairəsi böyükdür. Müstəqil enerji və iqtisadi siyasət yürütmək, qlobal məsələlərdə öz mövqeyini ifadə etmək bugünkü reallıqlar baxımından kifayət qədər mühüm məsələlərdir. Məhz müstəqil siyasətin nəticəsidir ki, Azərbaycanın karbohidrogen ehtiyatları Avropa və dünya bazarlarına çatdırılır. Müstəqil siyasətin nəticəsidir ki, artıq 3 peykimiz fəzadadır. Azərbaycan o dövlətlərdəndir ki, xarici siyasətini tam müstəqil həyata keçirir və Ermənistan kimi kənardan təlimat almır. “Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, tam müstəqil şəkildə öz daxili, xarici siyasətini aparır, öz dostlarını özü seçir, heç kimin qabağında baş əymir, heç kimə hesabat vermir. Ancaq Azərbaycan xalqının iradəsi Prezident kimi mənim üçün əsas məsələdir. Son illərin tarixi göstərdi ki, bütün cəhdlərə baxmayaraq, heç kim Azərbaycanı öz müstəqil yolundan döndərə bilmədi” deyə Prezident İlham Əliyev bu barədə danışarkən bildirib.

Azərbaycan Ermənistanla aparılan danışıqlarda da tam müstəqil siyasət yürütdü. Bu illərdə ölkəmizə qarşı çox təzyiqlər oldu. Ermənistanın işğal siyasətinə hüquqi don geydirilməsi üçün respublikamıza bir çox siyasi basqılar oldu. Lakin Azərbaycan milli maraq və mənafelərinə zidd olan heç bir razılaşmaya getmədi.

Bu gün Azərbaycan hər bir sahədə müstəqil siyasətin təntənəsini yaşayır. Bu siyasəti inamla həyata keçirən İlham Əliyev Vətən müharibəsinin qalib sərkərdəsi kimi həm də Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Regionda həyata keçiriləcək yeni layihələrin, çəkiləcək kommunikasiyaların müəllifi də Azərbaycandır. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycanı öz müstəqil yolundan döndərmək mümkün deyil.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM