11 May 2021 16:47
1132
SİYASƏT
A- A+

Müdafiə naziri Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib  

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbrik edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təbrikdə deyilir:

“Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!

Dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik, bərabərlik rəmzi olan Ramazan bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, müqəddəs və şərəfli xidmətlərinizdə uğurlar arzulayıram.

Hər il ölkəmizdə dövlət səviyyəsində ümumxalq bayram kimi qeyd olunan Ramazan bayramı insanlar arasında bərabərliyi, birliyi daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə möhkəm bağlılığın, humanizmin, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsini özündə təcəssüm etdirir”.

Təbrikdə qeyd olunub ki, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə dövlət quruculuğu siyasətində azərbaycançılıq məfkurəsini, milli-mənəvi dəyərlərimizi yüksək tutaraq adət və ənənələrimizin qorunub saxlanmasını reallığa çevirdi. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı uğurlu xarici və daxili siyasət nəticəsində dövlətçiliyimizin iqtisadi dayaqları möhkəmlənərək, Azərbaycan demokratik dövlət quruculuğu prosesində böyük nailiyyətlər qazanıb. Ölkəmizin müdafiə qüdrəti gündən-günə artaraq, daha da güclənib. Bu gün müstəqil Azərbaycanımızın adı dünyanın ən inkişaf etmiş dövlətləri sırasında inamla çəkilir.

Ötən il sentyabrın 27-də Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə erməni silahlı birləşmələrinin törətdiyi təxribatlara qarşı ordumuzun başladığı uğurlu əks-həmlə əməliyyatlarında 44 günlük Vətən müharibəsində əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıqlar, fədakarlıq nümunələri sayəsində otuz ilə yaxın düşmən işğalında qalan tarixi torpaqlarımız azad edildi. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, eyni zamanda, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Rəşadətli Azərbaycan Ordusunun işğaldan azad etdiyi tarixi torpaqlarımızda indi üçrəngli bayrağımız əzəmətlə dalğalanır.

Respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla anır, onların valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları, şəxsi heyəti bayram münasibətilə təbrik edir, hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və xidmətinizdə uğurlar arzulayıram.

“Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və Nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlığınızı daha da artıraraq Ali Baş Komandanın əmr və tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirilməsinə nail olacaqsınız.

Sizi müqəddəs Ramazan bayramı münasibətilə bir daha ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə nailiyyətlər arzulayıram. Ramazan bayramı həyatınıza əmin-amanlıq, firavanlıq, süfrələrinizə bol ruzi, bərəkət, gətirsin”, - deyə təbrik məktubunda xüsusi vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video