15 Iyun 2021 00:58
1261
SİYASƏT
A- A+

Müasir dövlətimizin bünövrəsinin qoyulduğu gün

 

Azərbaycan xalqı tarixinin ən şərəfli və şöhrətli günlərini yaşayır. Hər birimiz Vətən müharibəsindəki möhtəşəm qələbənin təsiri altındayıq. Çünki cənab Prezident İlham Əliyevin müdrik siyasətinin və qətiyyətinin nəticəsi olan bu Qələbə dövlətimizin həyatında tamamilə yeni mərhələnin başlanğıcı oldu. İndi bütün dünya Azərbaycanı Cənubi Qafqazın yalnız lideri deyil, həm də qalib dövləti kimi tanıyır.

Vətən müharibəsi Qələbəsinin fonunda dövlət və milli bayramlarımız da möhtəşəm görünür. Bu baxımdan 28-ci ili tamam olan Milli Qurtuluş Gününü də tamamilə fərqli ab-havada, qalib dövlətin vətəndaşları olaraq qarşılayırıq.

Müstəqilliyimizin ilk illəri tariximizdə dərin iz buraxıb. Xaotik proseslərin, dövlət idarəçiliyindəki kobud səhvlərin məntiqi nəticəsi olaraq respublikamız Xalq Cümhuriyyətinin taleyini yaşamağa çox yaxın olub. Məhz belə bir vaxtda Azərbaycan xalqı ən müdrik, ən doğru addımını ataraq özünün sınanmış oğlu Heydər Əliyevi təkidlə hakimiyyətə səsləyib. Çünki xalq bilirdi ki, yalnız Heydər Əliyev kimi böyük şəxsiyyət ölkəmizi başının üstünü almış bütün təhlükələrdən xilas etmək, dövlət müstəqilliyimizi yaşatmaq kimi çətin bir missiyanın öhdəsindən gələ bilər.

Bu inam həm də Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti ilə bağlı idi. Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü xalqımızın müstəqillik mücadiləsinin ən şərəfli səhifələrindən biridir. 1990-cı ildə Naxçıvana qayıdan, burada üçrəngli bayrağımızı ucaldan Ulu Öndər sonrakı dövrdə Naxçıvanı Ermənistanın işğalından qətiyyətlə qorumuş, blokada şəraitində olan muxtar respublikanın üzləşdiyi sosial-iqtisadi çətinliklərin aradan qaldırılmasına nail olmuşdu. Azərbaycan xalqı bütün bunları görürdü və ona görə həmin ağır günlərdə ölkəni ancaq Heydər Əliyev dühasının xilas edəcəyinə inanırdı.

1993-cü il iyunun 9-da Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi və iyun ayının 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilməsi müstəqillik tariximizin ən böyük siyasi hadisəsi oldu. Ulu Öndərin ölkənin ali qanunvericilik orqanına sədr seçilməsi sözün əsl mənasında siyasi qayıdış idi. Azərbaycanın işıqlı gələcəyinin təməlinin qoyulduğu 15 iyun tarixi haqlı olaraq əsl qurtuluş, xalqımızın fəlakətlərdən xilas olub qüdrətli bir dövlətin bünövrəsinin qoyulduğu gün kimi tariximizə həkk olundu. Milli Qurtuluş Gününü qədirbilən xalqımız hər zaman əziz tutur, hər il böyük sevinc və fərəh hissi ilə qeyd edir. 

Azərbaycanın müstəqillik dövründə bütün uğurları Milli Qurtuluş Günündən başlayır. Azərbaycan gəncliyinin də milli intibah dövrü öz başlanğıcını məhz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından götürür. Ulu Öndərin yaratdığı və Prezident İlham Əliyevin daha da möhkəmləndirdiyi milli bünövrə və hərtərəfli imkanlar sayəsində artıq gənc nəsil respublikamızda cəmiyyətimizin aparıcı qüvvəsinə çevrilib. Vətən müharibəsində də Azərbaycana qələbə sevincini yaşadanlar gənc nəslin nümayəndələri oldular. Beynəlxalq idman və elm yarışlarındakı qələbələrlə də xalqımızı sevindirən gənclərimizdir. Azərbaycan gənci həm də dövlət idarəçiliyində ona bəslənən etimadı uğurla doğruldur, seçkili orqanlarda öz seçicilərini layiqincə təmsil edir.

Bu gün Ulu Öndər Heydər Əliyev ideyalarından ilham alan respublikamız möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, güclənir, qazandığı uğurlarla regionun aparıcı dövləti kimi mövqelərini möhkəmləndirir. 1993-cü ilin 15 iyundan başlayan bu yol Azərbaycanı yalnız və yalnız qələbələrə aparır.

 

Cəbi QULİYEV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video