27 Yanvar 2012 12:01
428
Mədəniyyət
A- A+

Moskvada Əsgər Məmmədovun «Bir ürəkdə iki qanad» fərdi sərgisi keçiriləcəkdir

 

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyindən AzərTAc-a verilən məlumata görə, fevralın 17-də Moskvada Xarici Ədəbiyyat Kitabxanasının Ağ zalında Rusiya Federasiyasının xalq rəssamı, Rusiya Rəssamlar İttifaqının, Beynəlxalq Rəssamlar Federasiyasının və Rusiya Kinematoqrafçılar İttifaqının üzvü Əsgər Məmmədovun fərdi sərgisi keçiriləcəkdir. Sərgini Xarici Ədəbiyyat Kitabxanası və RF-dəki Azərbaycan Mədəniyyət Mərkəzi təşkil edir.

Əsgər Məmmədov 1945-ci ildə Qarabağda anadan olmuşdur. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində oxuduğu dövrdə rəngkarlığa həvəsi bir qədər azalmış və o, insanların necə yaşadığını, necə işlədiyini, rəssamların öz əsərlərini necə yaratdığını öyrənmək üçün səyahətə çıxmağı qərara almışdır.

Rəssam o dövrü belə xatırlayır: "Mən Orta Asiyadan Vladivostoka qədər hər yeri gəzmişəm, Baltikyanı ölkələrdə də olmuşam. Müəyyən anda mənə elə gəlirdi ki, rəssamlar hər yerdə eyni qayda ilə rəsm çəkirlər, onların işində həqiqətən yeni, qeyri-adi heç nə yoxdur. Mən istəyirdim ki, çəkdiyim əsərlər canlansın, süjet inkişaf etsin... O vaxt başa düşdüm ki, multiplikasiya mənim ürəyimcə olan sənətdir".

Əsgər Məmmədov Moskvaya gələrək Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) multiplikasiya fakültəsinə daxil olur. ÜDKİ-ni bitirəndən sonra rejissor kimi 15 sənədli və animasiya filmi çəkir. Buna baxmayaraq o, Azərbaycana qayıtmağı qərara alır və yenidən rəssamlıqla məşğul olmağa başlayır.

Əsgər Məmmədov Qarabağda altıbucaqlı şəklində üçmərtəbəli qalereya tikmişdi. Qarabağın görməli obyektlərindən biri sayılan bu qalereya 1992-ci ildə bombalanaraq məhv edildi. Rəssam o günləri xatırlayaraq deyir: "Bu hadisədən sonra  mən dörd il əlimə fırça ala bilmədim. 1996-cı ildə yavaş-yavaş özümə gəlməyə başladım və az sonra Türkiyədən və Almaniyadan çoxlu sifarişlər aldım. Almaniyada, Kiprdə və Moskvada sərgilərim olmuşdur".

Rəssam taleyin bu zərbəsindən sonra özünə gəlməyə macal tapmamış taleyin bir acısını da yaşamalı oldu. 2005-ci ilin mart ayında Moskva yaxınlığındakı İzmaylovoda Əsgər Məmmədovun sərgisi uğurla keçdi. Lakin martın 26-da qalereyanın taxtadan düzəlmiş binası cəmi bir neçə dəqiqə ərzində yanıb külə döndü. O deyir: "Mənim 150 əsərim, yüzlərlə eskizim, rəsmlərim, uşaqlıq və gənclik illərində çəkilmiş fotoşəkillərim, valideynlərimin yadigarı kimi saxladığım əşyalar, gündəliklər, şeirlər, bir sözlə mənim üçün hədsiz qiymətli olan nə varsa hamısı gözümün qabağında yanıb külə döndü, bundan sonra nə edəcəyimi bilmirdim".

Buna baxmayaraq, rəssam Əsgər Məmmədov ruhdan düşmədi (təsadüfi deyil ki, onun adının rəmzi mənası "mübariz, döyüşkən" deməkdir) və hər şeyi təzədən başladı...

Qarşıdakı sərgidə rəssamın son işləri nümayiş etdiriləcəkdir.

Əsgər Məmmədovun işləri indiyə qədər Moskvada, Bakıda, Türkiyədə, İspaniyada, İsraildə, Almaniyada, Kiprdə sərgilənmişdir. Əsərlərinin bir çoxu dünyanın müxtəlif ölkələrində şəxsi kolleksiya və qalereyaların bəzəyidir. Sərgi 2012-ci il martın 11-dək davam edəcəkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video