25 Fevral 2016 11:02
962
Turizm
A- A+

Moskvada Azərbaycanın turizm nümayəndəliyi açılıb

Moskvada Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ölkəmizin Rusiyada ilk turizm nümayəndəliyi olan “Tour a Vent” şirkətinin təntənəli təqdimatı keçirilib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbiri açaraq ölkəmizi təmsil edən ilk turizm agentliyinin açılmasını böyük hadisə adlandırıb. Səfir vurğulayıb ki, Prezident İlham Əliyev Azərbaycanda turizmin inkişafına xüsusi diqqət yetirir və bu sahənin qeyri-neft sektorunun inkişafında mühüm amil olduğunu diqqətə çatdırır. Azərbaycanın geniş turizm imkanlarından söhbət açan P.Bülbüloğlu turizm operatorlarını respublikamıza qastronomik turlar təşkil etməyə, toplaşanları isə Azərbaycana səfərə dəvət edib. “Əminəm ki, Azərbaycandan razı qayıdacaqsınız!”, - deyə səfir vurğulayıb.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov yeni turizm agentliyinin açılmasının iki ölkənin turizm sənayesi arasında əməkdaşlıqda dönüş nöqtəsi olacağını qeyd edib. Rusiyanın Azərbaycanın turizm potensialının inkişafında mühüm rol oynadığını deyən nazirliyin rəsmisi ölkəmizə gələn turistlərin 30 faizdən çoxunu rusiyalıların təşkil etdiyini diqqətə çatdırıb, Moskvada yeni açılan “Tour a vent” agentliyinin bu əlaqələrin daha da genişlənməsinə xidmət edəcəyini söyləyib. V.Şixəmmədov bildirib ki, agentliyin funksiyası Azərbaycanın turizm imkanlarını Rusiya bazarında təbliğ və təmsil etməkdir.

Tədbirdə çıxış edən “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov, Rusiya “Turizm Agentlikləri Alyansı” Assosiasiyasının icraçı direktoru Natalya Osipova, Rusiya Turizm Operatorları Assosiasiyasının vitse-prezidenti Dmitri Qorin və başqaları iki ölkə arasında turizm sahəsində əməkdaşlığın genişlənməsini yüksək qiymətləndiriblər. Qədim tarixi, füsunkar təbiəti, mülayim iqlimi və ən başlıcası mehriban insanları ilə zəngin Azərbaycanın “Eurovision” mahnı müsabiqəsi, ilk Avropa oyunları, mötəbər idman yarışlarına uğurla ev sahibliyi etməsinin turistlərin bu ölkəyə axınının daha da artmasına səbəb olduğunu vurğulayıblar.

Tədbir çərçivəsində Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, “Formula 1” yarışması barədə, Şahdağ Turizm Mərkəzi, ”Jumeirah Bilgah Beach” oteli, Qafqaz otelləri, Park İnn, Naftalan otellərinin nümayəndələri təqdimatlar keçiriblər.

Təqdimat mərasimində, həmçinin Azərbaycan Turizm Assosiasiyası, “Azərbaycan Hava Yolları” QSC ilə Rusiya “Turizm Agentlikləri Alyansı” Assosiasiyası, Rusiya Turizm Operatorları Assosiasiyası, eləcə də Ulyanovsk Turizm Sənayesi Assosiasiyası arasında əməkdaşlığa dair memorandumlar imzalanıb və ikitərəfli görüşlər keçirilib.

Təqdimat mərasimində keçirilən lotereya oyununda Azərbaycana həftə sonu turları, tematik turlar, eləcə də “Formula-1” yarışmasının Qran-pri mərhələsinə biletlər qazanılıb.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video