20:52 17 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Möhtəşəm ittifaq

ANA SƏHİFƏ / SİYASƏT
01:04 29.07.2021

 

Azərbaycan, Türkiyə və Pakistanın yaratdığı platforma bu birliyi Avrasiyanın yeni iqtisadi,  siyasi və hərbi güc mərkəzinə çevirməyə imkan verəcək

 

Müstəqilliyimizin 30-cu ilini qeyd etməyə hazırlaşırıq, özü də bu dəfə qürurla, iftixarla və daha qüdrətli dövlət kimi. Son iyirmi illik tariximizə nəzər saldıqda ölkəmizin böyük nailiyyətlərə imza atmasının şahidi oluruq. Bu nailiyyətlər Azərbaycanın beynəlxaq aləmdə imicinin artmasının və iqtisadi qüdrətinin gündən-günə yüksəlməsinin təkzibolunmaz nümunəsidir. 44 günlük Vətən müharibəsində əldə edilən şanlı qələbə isə Azərbaycanın həm də hərbi qüdrətini dünyaya nümayiş etdirmiş oldu.

Prezident İlham Əliyevin son 18 illik siyasi-diplomatik fəaliyyəti, tam müstəqil siyasəti Azərbaycanı dünya ictimaiyyətinin diqqət mərkəzində olan və beynəlxalq aləmdə öz mövqeyini diktə etməyi bacaran ölkəyə çevirib. Dünyanın aparıcı söz sahibinə malik olan ölkələri və onların nüfuzlu tədqiqat institutları, beynəlxalq reytinq təşkilatları da bu faktları dəfələrlə etiraf ediblər.

 

Tərəfdaşlığın inkişafı üçün yeni impuls 

 

Bu günlər inkişafımız və gələcək hədəflərə çatmağımız baxımından yenə də maraqlı və önəmli hadisələrlə yadda qaldı. Son iki həftə ərzində baş verən hadisələr bir daha təsdiqlədi ki, Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra regionda yaratdığı reallıqlar yeni əməkdaşlıq formatları üçün zəmin yaradıb.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri, Prezident İlham Əliyevlə yeni əməkdaşlıq formatı ətrafında aparılan danışıqların, həmçinin dövlət başçısının Rusiyaya səfəri çərçivəsində Vladimir Putinlə aparılan danışıqlarda İlham Əliyevin bir daha ölkəmizin milli maraq və mənafeləri naminə dəmir iradəsini ortaya qoyması, Azərbaycanın dövlət təhlükəsizliyi ilə bağlı məsələlərdə bir addım olsun belə geri çəkilmədiyini və bundan sonra da çəkilməyəcəyini açıq şəkildə nümayiş etdirdi. Eyni zamanda ölkəmizin bütün beynəlxalq qurumlarla açıq, konstruktiv, bərabərhüquqlu əməkdaşlığa üstünlük verməsi və hər zaman da bu yöndə əməli, səmimi niyyətlərini ortaya qoyması öz təsdiqini tapdı.

İyulun 27-də Bakıda daha bir tarixi hadisə yaşandı. Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin üçtərəfli əməkdaşlıq platformasının yaradılması ilə bağlı Bakı Bəyannaməsi imzalandı.

Bu təklif ötən ay İslamabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının İkinci Ümumi Konfransında Azərbaycan tərəfindən irəli sürülmüşdü və iyul ayında gerçəkliyə çevrildi.

Öncə Türkiyə və Pakistanın parlament rəhbərləri Prezident İlham Əliyevlə görüşdülər və bildirildi ki, dost və qardaş ölkələr arasında münasibətlər bütün sahələrdə uğurla inkişaf etməkdədir. Görüşdə Pakistan, Türkiyə və Azərbaycan parlamentlərinin sədrlərinin üçtərəfli görüşünün əhəmiyyəti vurğulandı, bunun qardaş ölkələr arasında üçtərəfli tərəfdaşlığın inkişafı işinə xidmət etdiyi qeyd olundu, hər üç ölkənin bütün məsələlərdə bir-birini dəstəkləyən qardaş dövlətlər olduğu bildirildi.

 

Azərbaycan-Türkiyə-Pakistan dostluğu hansısa ölkələrə qarşı yönəlməyib

 

Həmin gün Bakıda üç ölkənin parlament rəhbərlərinin görüşü keçirildi və tarixi hadisə yaşandı. Qardaşlıq əlaqələrinə, qarşılıqlı hörmət və etimada söykənən Azərbaycan, Pakistan və Türkiyə münasibətlərini daha da möhkəmləndirən Bəyannamə imzalandı.

İyulun 27-də təməli qoyulan üçtərəfli parlamentlərarası əməkdaşlıq formatı, əlbəttə ki, ölkələrimiz arasında tarixi qardaşlıq və dostluq münasibətlərinin daha da inkişaf etdirilməsinə, ortaq maraqlara yüksək səviyyədə xidmət etməyə mühüm töhfə verəcək.

Görüşdə çıxış edən Milli Məclisin Sədri Sahibə Qafarova qeyd etdi ki,  ölkələrimiz artıq bir neçə sahədə üçtərəfli formatda əməkdaşlıq edir. Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirləri, habelə müdafiə nazirlikləri arasında sıx əməkdaşlıq mövcuddur. Yeni mərhələdə də hər üç dövlət müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsində, bir-birinin milli maraqlarının beynəlxalq müstəvidə qorunmasında güclü siyasi iradə nümayiş etdirəcək. Bu format çərçivəsində görüşlər keçiriləcək və bu formatın getdikcə daha səmərəli platformaya çevrilməsi ölkələrimiz arasında əlaqələri möhkəmləndirəcək.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentop dedi ki, Azərbaycan-Türkiyə-Pakistan dostluğu hansısa ölkələrə qarşı yönəlməyib. Bu dostluq mexanizmi böyük gələcək vəd edir. Bunun həmçinin böyük iqtisadi töhfələri olacaq.

Pakistan parlamentinin Sədri Əsəd Qeysər isə bildirdi ki, parlament sədrlərinin üçtərəfli görüş formatı yaxşı fürsət yaradır. Bu fürsətdən səmərəli istifadə etmək üçün bir sıra təkliflərini səsləndirən parlament Sədri ticarət, turizm, insan resurslarından istifadə sahələrində əməkdaşlığın vacibliyindən danışdı. Həmçinin Pakistanda Azərbaycan və Türkiyə mədəniyyət mərkəzlərinin yaradılmasının, birgə sənədli filmlərin çəkilməsinin, tələbə mübadiləsinin həyata keçirilməsinin çox faydalı olacağını  dedi.

Sahibə Qafarova 3 qardaş ölkənin parlament sədrlərinin yeni formatda ilk görüşünün yekununda qəbul olunan Bakı Bəyannaməsində əksini tapan məsələlərin münasibətlərin inkişafının parlament ölçüsünü möhkəmləndirməyə kömək göstərəcəyini vurğuladı.

Ümumiyyətlə, Azərbaycan, Pakistan və Türkiyə bir-biri ilə sıx bağlı olan dost, qardaş və müttəfiq ölkələrdir. Hər üç ölkənin parlamentləri arasında çox sıx dostluq münasibətləri mövcuddur. Amma ilk dəfədir ki, üç parlament rəhbəri birlikdə bəyannamə imzalayırlar və bir sıra aktual məsələlərlə bağlı ortaq mövqelərini meydana qoyublar. Bu, üç ölkənin müttəfiqlik münasibətlərinin daha yüksək səviyyəyə çatdığının və həm dövlət quruculuğunda, həm də beynəlxalq birlikdə fəaliyyətdə birgə yanaşmalar axtardıqlarının bariz təcəssümüdür.

Hər üç ölkə bu gün həm beynəlxalq aləmdə, həm də öz regionlarında aparıcı, öz sözü olan dövlətdir. Hər üç dövlət müstəqil xarici siyasət həyata keçirir. Eyni zamanda üç ölkə arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlığın beynəlxalq münasibətlər sistemində özünəməxsus yeri və rolu var.

 

Əməkdaşlığın yeni yüksəliş mərhələsi

 

44 günlük Vətən müharibəsində haqlı mübarizəmizdə qardaş ölkələr - Türkiyə və Pakistan tərəfindən açıq siyasi və mənəvi dəstək göstərilməsi müttəfiqliyin ən yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi. İndi isə üçtərəfli platformanın yaradılması bu əlaqələrə böyük töhfə vermiş olacaq. Bakı Bəyannaməsi üç ölkənin dostluğunu bundan sonra da yüksək səviyyədə saxlayacağını təsdiqləyən sənəddir.

Bu gün həmçinin Azərbaycan Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunmasının tərəfdarıdır. Hər zaman Azərbaycanın haqq işini, mövqeyini dəstəkləyən Türkiyə və Pakistan da bu prosesə öz töhfələrini verə bilərlər.

Bəyannamədə hər 3 ölkənin beynəlxalq platformalarda birlikdə hərəkət etmək məsələsi də yer alıb. Yəni 3 ölkənin parlamentariləri iştirak edəcəkləri istənilən beynəlxalq toplantıda bir-birilərinin mövqeyini müdafiə edəcəklər. Əgər tərəflərdən biri və ikisi həmin toplantıda iştirak etməsə, iştirak edən tərəf bu addımı atacaqdır. Bakı Bəyannaməsində göstərildiyi kimi üç ölkənin parlamentləri arasında əməkdaşlıq və əlaqələr daha da inkişaf etdirilib möhkəm bağlarla gücləndiriləcəkdir.

Bir sözlə, 3 dost və qardaş ölkə bərabərlik, tərəfdaşlıq, qarşılıqlı hörmət və müstəqillik prinsiplərinə söykənərək münasibətlərin, əməkdaşlığın yeni yüksəliş mərhələsinə qədəm qoydu. Qeyd edək ki, Bakı görüşündə Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrlərinin ikinci üçtərəfli görüşünün 2022-ci ildə İslamabad şəhərində keçirilməsi qərara alınıb.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM