31 Yanvar 2012 12:01
304
İQTİSADİYYAT
A- A+

«Möcüzələr adası»na yol haradan başlanır

 

Dünyada dəniz neftinin erası Azərbaycandan, Xəzərdən, əfsanəvi Neft Daşlarından başlanıb. 1949-cu il noyabrın 7-də sahildən 100 kilometr aralıda yerləşən bu yataqda ilk quyunun fontan vurmasından onilliklər keçsə də, dənizin ortasında polad dirəklər üstündə salınmış mədən-şəhər hələ də dünyanı heyrətə gətirir.

İndi bir çox dənizlərdə və dəryalarda ən müasir platformalardan neft və qaz hasilatı sahəsində qazanılan uğurlar da məhz Neft Daşlarının təcrübəsinə əsaslanır. Buna görə də ulu öndər Heydər Əliyev Neft Daşlarını əsrdən-əsrə atılmış körpü adlandırmışdır.

Lakin Neft Daşlarının özünə "çatana qədər" də Azərbaycan geoloqları və neftçiləri uzun bir yol keçiblər. Xəzərdə neft yataqlarının işlənilməsi perspektivi hələ XX əsrin əvvəllərində istedadlı mühəndis Pavel Pototskinin Bibiheybət buxtasının torpaqla doldurulması layihəsi həyata keçirilərkən müəyyənləşdirilib. Buxtanın doldurulması 1911-ci ildən 1922-ci ilə qədər davam edib. Bundan sonra ərazidə kəşfiyyat qazması işlərinə başlanıb.

1924-cü ildə tarixdə ilk dəfə olaraq Bibiheybət buxtasındakı taxta dirəklər üzərində qurulmuş 71 nömrəli dəniz quyusundan neft çıxarılıb. Beləlilkə, dünyada dənizdə neftçıxarmanın əsası qoyulub.

Ötən əsrin 30-cu illərində Pirallahı adasında Xəzərin dərin qatlarındakı neft ehtiyatları sahildən maili istiqamətdə quyuların qazılması və dəniz özüllərinin inşası sayəsində mənimsənilməyə başlanıb. Nəticədə məlum olub ki, dənizin dərinliyində zəngin yataqlar mövcuddur.

İkinci Dünya müharibəsindən sonra Abşeron arxipelaqının gələcək inkişafını təsdiq edən "Gürgənneft" və "Darvin bankası" yataqları kəşf olunub.

Bilavasitə Neft Daşlarından danışarkən isə demək lazımdır ki, bu akvatoriyada neftin varlığı barədə ilk mənbələr hələ XVIII əsrin sonlarına təsadüf edir. XIX yüzillikdə və XX əsrin birinci yarısında da tədqiqatlar aparılıb. Lakin rayonun mütəmadi geoloji tədqiqatları 1945-ci ildə geoloq Ağaqurban Əliyevin rəhbərliyi ilə SSRİ Elmlər Akademiyasının xüsusi ekspedisiyası tərəfindən başlanıb. Gərgin axtarışlar və tədqiqatlar üç il davam edib.

Lakin Neft Daşlarının kəşfiyyat və qazma işlərinin aparılmasının əleyhinə çıxan qüvvələr çox olub. Bunlar əsasən mənfur qonşularımız olan ermənilərin Moskvada, yüksək kürsülərdə lövbər salmış nümayəndələri idilər. Geoloq Ağaqurban Əliyevin bu müqaviməti qırmaq üçün göstərdiyi səylər və bu işdə ona dəstək olanların zəhməti danılmazdır.

1948-ci ildə 23 nəfərdən ibarət ilk dəniz neftçiləri dəstəsi birinci quyunun kəşfiyyatına başladı. Böyük neft təşkilatçısı Sabit Orucovun, geoloq Ağaqurban Əliyevin və mühəndis Yusif Səfərovun təklifi ilə əlavə xərclərə yol verməmək və işçi qüvvəsinə qənaət etmək üçün köhnə, istifadədən silinmiş yeddi gəmi "Qara Daşlar"ın yanında basdırıldı və süni buxta yaradıldı (məhz həmin "Qara Daşlar" sonralar "Neft Daşları" adlandırıldı). Beləliklə, buraya dəniz nəqliyyatının yan alması mümkün oldu. Qəhrəmanlıq mücəssəməsi - əfsanəvi "Yeddi gəmi adası" Xəzərin fatehlərini fırtınalardan qoruyan sığınacağa və dənizin dərin qatlarına nüfuz etmək üçün istinad nöqtəsinə çevrildi. Batırılmış gəmilərdən istehsal avadanlıqları, mağara, yaşayış otaqları, anbar, klub kimi istifadə olunurdu. 1949-cu ilin martında sərt qayaların üstündə dirəklər üzərində ilk evcik inşa edildi.

Usta Mixail Kaveroçkinin başçılıq etdiyi qazmaçılar briqadasının qazdığı 1 saylı quyudan götürülən süxur nümunələri debiti 100 tona yaxın ilk neft fontanının yaxınlaşmasından xəbər verirdi. 1949-cu il noyabrın 7-də quyu 1100 metr dərinlikdən fontan vurdu. Ertəsi gün səhər tezdən neft sənayesi naziri N.Baybakov, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri N.Heydərov, Xəzər Donanmasının komandanı Q.Oleynik, digər rəhbər işçilər və görkəmli mütəxəssislər sürətlə üzən "YAK-6" katerində Neft Daşlarına gəldilər.

Teleqraf agentlikləri yer üzünə dünyada dəniz nefti erasının başlandığını xəbərini yaydılar...

 

Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video