26 Fevral 2012 01:02
295
SİYASƏT
A- A+

Misirin Ayn-Şəms Universitetində Xocalı soyqırımının 20 illiyi ilə bağlı konfrans olmuşdur

 

Azərbaycanın Misirdəki səfirliyindən AzərTAc-a daxil olmuş məlumatda bildirilir ki, Xocalı soyqırımının 20 illiyi ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən həyata keçirilən silsilə tədbirlər çərçivəsində Ayn-Şəms Universitetində konfrans olmuşdur. Tədbirdə Ayn-Şəms və Əl-Əzhər universitetlərinin müəllim və tələbə kollektivləri, yerli ictimai-siyasi xadimlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Konfransda səfir Ş.Abdullayev, Ayn-Şəms Universitetinin professoru Safsafi Əhməd əl-Quturi, azərbaycanşünas alim Əhməd Sami El Aydi, ISESCO-nun rabitə və ictimaiyyətlə əlaqələr üzrə eksperti Salah Əlcəfəravi "Əl-Məsəiyyə" qəzeti redaktorunun müavini Məhəmməd Sələmə çıxış etmişlər.

Ermənilərin Azərbaycana qarşı ərazi iddialarının tarixindən danışan səfir Ş.Abdullayev Xocalı soyqırımına aparan yol və günahsız insanların öldürülməsi faktları barəsində tədbir iştirakçılarını məlumatlandırmışdır. XX əsrdə insanlıq əleyhinə törədilmiş ən qanlı cinayətlərlə bir sırada olan Xocalı soyqırımının beynəlxalq miqyasda öz hüquqi qiymətini alacağını və onu törətmiş şəxslərin beynəlxalq ədalət məhkəməsi qarşısına çıxarılacağına ümid ifadə edərək faciə qurbanlarının əziz xatirəsinin Azərbaycan xalqı tərəfindən daim hörmət və ehtiramla anıldığını bildirmişdir. Səfir əlavə etmişdir ki, Azərbaycan xalqı Xocalı faciəsini daim yadda saxlayaraq gələcəyə baxır və həyat durduqca belə faciələrin və münaqişələrin baş verməməsinə çalışır.

Safsafi Əhməd əl-Quturi Xocalı faciəsinin Bosniya-Herseqovinada, Kosovoda və Fələstində insanlıq əleyhinə törədilmiş cinayətlər silsiləsinin bir hissəsi olduğunu qeyd edərək bunun erməni faşizminin, qəddarlığının və vəhşiliyinin bariz nümunəsi olduğunu vurğulamışdır. O, təəssüfləndiyini bildirmişdir ki, bir çox hallarda beynəlxalq ictimaiyyət ikili standartlardan çıxış edir və Xocalı soyqırımı kimi faciələri görməməyə çalışır. Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəniyyət abidələrinin dağıdılması və təhqir edilməsi faktlarından danışan əl-Quturi məscidlərin donuz tövləsinə çevrilməsinin mənəviyyatsızlığın ən son həddi olduğunu bildirmişdir. O, belə əməllərin müqabilində ermənilərin, Misir də daxil olmaqla, bir sıra dünya ölkələrində məzlum imic formalaşdırmalarının heç bir mənəvi və məntiqi çərçivəyə sığmadığını diqqətə çatdırmışdır.

Azərbaycanşünas alim Əhməd Sami El Aydi Xocalıya aparan yolun Qaradağlı faciəsindən başladığını deyərək Qaradağlıda əllidən artıq dinc azərbaycanlı sakinin etnik mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirildiyini və bu əməllərin daha geniş miqyasda Xocalıda təkrarlandığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Goranboy rayonunda qoşunların təmas xəttinə səfər etdiyini xatırladan natiq Xocalı sakinləri ilə görüşdüyünü və onların dərdlərinə şərik olduğunu qeyd edərək xocalılıların ədalət və bu əməlləri törətmiş şəxslərin cəzalanmasını tələb etdiklərini vurğulamışdır.

İSESCO-nun rabitə və ictimaiyyətlə əlaqələr üzrə eksperti Salah Əlcəfəravi beynəlxalq ictimaiyyətin və ərəb dünyasının Xocalı faciəsi haqqında məlumatının artırılmasının vacibliyinə toxunaraq ermənilərin bu əməllərini vəhşilik, vandalizm və barbarlıq adlandırmış və ona biganə qalmağın mümkünsüzlüyünü qeyd etmişdir. Bu xüsusda İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüskarı olduğu "Xocalıya ədalət!" kampaniyasının beynəlxalq əhəmiyyətindən danışmışdır.

Jurnalist Məhəmməd Sələmə məqalələrində daim Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı kimi erməni vəhşiliklərindən yazdığını deyərək Fransa Senatında "erməni soyqırımı" məsələsinin müzakirəsi ilə əlaqədar qələmə aldığı tənqidi məqaləsinə görə Ermənistanın Qahirədəki səfirinin utanmadan etiraz məktubu göndərdiyini qeyd etmişdir. O bundan sonra da Misir ictimaiyyətini erməni vandalizmi barədə məlumatlandıracağını demişdir.

Konfrans zamanı Xocalı faciəsindən bəhs edən "Məhv edilmiş şəhər" bədii filmi nümayiş olunmuşdur.

Tədbirin sonunda Ayn-Şəms Universitetində Azərbaycan dilini öyrənən tələbələr Xocalı faciəsi haqqında şeir və bayatılar söyləmişlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video