26 Avqust 2021 01:26
772
Mədəniyyət
A- A+

Misgərlik

 

Xalq sənəti növlərindən biri olan misgərlik Dəmir dövrünün yadigarlarından hesab edilir.Çünki nəsillər ondan faydalanıb. Aparılan tədqiqatlar və həmin sənətin bu gün də sevilə-sevilə yaşadılması təsdiqləyir ki, Azərbaycanda  metalişləmənin, o cümlədən misgərliyin yaradılması çox erkən dövrlərə təsadüf edir və ölkəmiz onun inkişaf edən mərkəzlərindən biri olub.

Bu ərazilərdə tapılan ilk mis metal işləmələrin tarixi Neolit dövrünə aid edilib. Miladdan əvvəl, VI minillikdə mis əldə edildikdən sonra ondan müxtəlif əşyalar hazırlanıb. Bir sənət növü kimi onun təşəkkülü isə orta əsrlərdə böyük şəhərlərin misgərlik mərkəzinə çevrilməsinə gətirib çıxarıb.

Azərbaycanda misgərliyin hələ erkən dövrlərdən inkişaf etdiyini bir sıra Avropa ölkələrində, o cümlədən Rusiya muzeylərində saxlanan eksponatlar da sübut edir. Ağqoyunlu hökmdarı Uzun Həsənin sarayında olmuş venesiyalı səyyah Kontarinin yazdığına görə, burada hər gün təxminən 400 nəfərə mis qablarda yemək verilirmiş.

XX əsrin əvvəllərində Azərbaycan misgərlərinin hazırladıqları məmulatlar müxtəlif sərgilərdə nümayiş etdirilərkən yüksək qiymətləndirilib və mükafatlandırılıb.

Misgərliklə məşğul olan sənətkarlar imzalarını onun üzərinə həkk etdikləri üçün dünya muzeylərində saxlanan Azərbaycan mədəniyyətinin bu təkrarolunmaz incilərini başqa xalqların öz adlarına çıxması mümkün deyil. Misdən hazırlanan əl işlərinin 40-dan artıq növü olub və beş qrupda ümumiləşdirilib: xörək, süfrə, su-ağartı qabları və məişət əşyaları.

Azərbaycanda misgərlik sənətinin mərkəzlərinin Təbriz, Gəncə, Naxçıvan, Şamaxı, Bakı, Ərdəbil, Lahıc (İsmayıllı) və s. olduğu söylənilir. XIX əsrdən başlayaraq Lahıc misgərliyin əsas mərkəzinə çevrilib. Ustalar misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, sərpuc, güyüm, teşt, məcməyi, sini, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və s. məişət əşyaları Orta Asiya, Dağıstan, Gürcüstan, İran, Türkiyə və digər yerlərdə tanınıb.

Bu kimi sənətkarlıq nümunələri təsdiqləyib ki, Azərbaycan xalqı özünün çoxəsrlik tarixi boyunca zəngin və özünəməxsus mədəniyyət yaradıb. Müxtəlif vaxtlarda əcnəbi tacirlər, səyyahlar və diplomatlar bu diyarda olub, sənətkarlığın inkişafı haqqında çoxlu maraqlı faktlardan söz açıblar.

Tədqiqatlar göstərir ki, görkəmli şəxsiyyətlərin doğma yurdu olan qədim Gəncənin mədəniyyət mərkəzi kimi 3 min illik tarixə malik olduğunu sübuta yetirən mənbələr sırasında, şübhəsiz ki, sənətkarlıq əsərlərinin çox böyük əhəmiyyəti var. Gəncədə sənətkarlıq o qədər zəngin ənənələrə, tarixə malik olub ki, hətta onların təsnifatını da aparanda çox böyük bir siyahı alınır.

Misgər Şəmsəddin Məmmədov bu sənətin harada meydana gəlməsindən və inkişafından söz açarkən bildirib ki, Şərqdən Şimali Azərbaycana gətirilən misgərlik sonralar cənuba - İrana keçib, oradan isə Orta Asiya respublikalarına: “Misgərliyin kökü Azərbaycanda çox qədimlərə - 500 il bundan öncələrə qədər gedib çıxır. Bu sənət nümunələrinin hər biri tədqiq olunmalı əsərdir. Bir qabın üstündə ki, sənətkar iki il işləyib, ona, sadəcə, qab demək olmaz”.

Ustaların misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri məmulatlar Türkiyə, Orta Asiya, Dağıstan, Gürcüstan, İran və digər yerlərdə uzun illər ərzində tanınıb. Bu qədim sənət növü mis dövründən cilalana-cilalana bu günədək yol gəlib. Onu davam etdirənlərdən biri də Kamal Mustafayev olub. Atasından öyrəndiyi sənətlə məşhurlaşan usta Kamal deyib ki, misgərliyin itməməsi üçün atası onu məcbur edib ki, oyrənsin: “Atam istədi ki, bu sənət gələcək nəsillərə də çatsın. Düzdür, ağır, çətin sənətdir. Ancaq unutmaq lazım deyil, bir sənət ki, Azərbaycan xalqının maddi mədəniyyət nümunəsini gələcəyə aparır, onu yaşatmaq lazımdır”.

Ustalar deyirlər ki, misgərlər səbirli, incə, zərif zövqə malik olmalıdırlar. Alın təri tökmək hər sənətdə olduğu kimi, burada da vacib hesab edilir. Savad da misgərlikdə zəryridir. Xüsusən riyaziyyat, kimya, fizika, bir sözlə, bütün texniki fənləri bilmək tələb olunur. Çünki istifadə olunan material kimyəvi maddələrdən hazırlanır. Hətta vurulan naxışlar belə, müxtəlif həndəsi fiqurlar üzərində başa gəlir.

Misgərlik də digər qədim sənət növləri kimi problemlərlə üzləşməli olub. Mis qab-qacaqların sayının və çeşidinin azalması təkcə peşəkar misgərlərin barmaqla sayılmasından irəli gəlmir. Şüşə və digər keramika məmulatlarından hazırlanan məhsullara maraq artdıqca mis qablar kolleksiyaçılar tərəfindən toplanır və nəticədə onlar muzey eksponatına çevrilirlər.

Onu da deyək ki, metal işləmə sənəti digərlərindən fərqli olaraq, azərbaycanlı ustaların öz istedadlarını bütün dolğunluğu ilə ifadə edə bildiyi sahələrdən sayılır. Azərbaycanda elə yaşayış məntəqələri olub ki, orada nəinki bir-iki küçədə, hətta misgərliklə məşğul olma kütləvi hal alıb. Belə mərkəzlərdən biri o vaxtlar Şamaxı xanlığına daxil olan Lahıc (hazırda İsmayıllı rayonunun ən qədim sənətkarlıq və yaşayış məntəqəsidir) idi. Lahıcda külli miqdarda məişət əşyası və ev avadanlığı hazırlanıb. Buradakı məhsullar həm keyfiyyət, həm də kəmiyyət baxımından o dövrün mərkəzi şəhərlərində hazırlanan məişət əşyalarından heç də geri qalmayıb.

Yeri gəlmişkən, İsmayıllı rayonunun Lahıc kəndinə məxsus olan “Lahıc misgərlik sənəti” UNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bununla bağlı qərar  2015-ci il dekabrın 1-də UNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitənin Namibiyada keçirilən sessiyasında qəbul edilib. “Lahıc misgərlik sənəti” faylının hazırlanması  Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti, UNESKO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikasının UNESKO yanında Daimi Nümayəndəliyinin və bu sahədə ekspertlərin birgə əməkdaşlığı ilə  təqdim edilib.

     Hələ XIX əsrin ortalarında Lahıcda 180-190-a yaxın mis karxanası olub. XIX-XX əsrlərdə Rusiyadan ucuz qiymətə gətirilən qab-qacaq bu sənətə təsir etsə də, böyük tarixə malik olan misgərlik metal işləmədə əsas yerlərdən birini tutub. Həmin dövrlərdə mis qablara, hətta qonşu ölkələrdə də böyük ehtiyac duyulurdu. Təəssüf ki, əvvəlki dövrlərə nisbətən son illər mis məmulatlarının həm forması, həm də bəzək motivləri xeyli sadələşib. Asan və ucuz başa gələn şüşə, saxsı, çuqun, dəmir qablar getdikcə mis məmulatlarını aradan çıxarmağa çalışır. Lakin bütün bunlara baxmayaraq, misgərlik əvvəlki gücünü saxlamasa da, bu qədim el sənətinin daşıyıcıları tərəfindən yaşadılır.

 

M.NƏRİMANOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video