25 Avqust 2021 00:24
1947
Mədəniyyət
A- A+

Minilliklərin daşlaşmış yadigarları

 

Ermənilər abidələri özününküləşdirə bilmədiklərinə görə məhv etdilər

 

Minilliklərin yadigarı olan tarixi, dini və mədəni abidələri, milli-memarlıq nümunələri Cəbrayıl rayonunun da ərazisində az olmayıb. Təcavüzkar, vandalizm siyasəti yeridən ermənilərin məqsədi qonşu torpaqlarını yalnız zəbt etmək deyil, işğala məruz qoyduqları ərazilərdəki abidələri - tarixin yadigarlarını yer üzündən silmək idi. Cəbrayıl rayonu ərazisində də belə sərvətlər - maddi-mədəniyyət abidələri kifayət qədər idi. Təəssüf ki, bu gün onların əlimizdə olanı yalnız şəkilləridir. Erməni təcavüzkarları Azərbaycanın mədəni irsi sayılan mədəniyyət obyektlərini xüsusi qəddarlıqla məhv etmişlər.

Milli-mənəvi dəyərlərimizin, tarixi və mədəni abidələrimizin zəngin, həm də qədim nümunələrini qoynunda minilliklər boyu saxlayan, 82 kəndi, 74 məktəbi, 12 mədəniyyət evi, 32 klubu olan Cəbrayıl rayonu 23 avqust 1993-cü il tarixində erməni vandalizminin qurbanına çevrilmişdi. Rayonun münbit və məhsuldar torpaqları kəhrizlərdən başqa Həkəri və Araz çaylarından qidalanırdı.

Xatırladaq ki, Ermənistanın təcavüzkarlığı daha da genişlənərək intensiv xarakter alanda rayonun müdafiəsinə qalxanlar az olmamışdı. Təkcə Cəbrayıl şəhərinin işğalı günü 50 nəfər canını torpağa qurban vermişdi. Birinci Qarabağ savaşında torpaq uğrunda şəhid olan cəbrayıllıların sayı 350 nəfər idi. 650-yə yaxın itkin və yaralısı olan cəbrayıllıların 6-sı Azərbaycanın Milli Qəhrəmanıdır. Bu fəxri ada rayonun Süleymanlı kəndinin iki yetirməsi - Şikar Aslanovla Mətləb Məmmədov da layiq görülmüşlər.

Tarixin qanlı-qadalı səhifələrini vərəqlədikcə düşmənin məkrli siyasəti ilə yanaşı, xalqımızın torpağa, Vətənə məhəbbətini, igid övladlarının bu yolda ölümün gözünə dik baxdıqlarını, qorxmazlıqlarını və cəsarətini də görürdük. Belə olan təqdirdə Ali Baş Komandan İlham Əliyevin söylədiyi kimi, bir qarış torpağımızın da düşmən əsarətində qalmasına imkan verməyəcəydik. Qarabağın qara günlərinə səbəb olan düşmənin bugünkü vəziyyəti də təsdiqləyir ki, özgə torpağında açılan göz çaş, imək tutan diz taqətsiz və şikəst olur.

Tarixi-memarlıq abidələrinə Cəbrayıl şəhərindəki Sultan Məcid hamamını, Xudayarlı kəndindəki Dairəvi və səkkizguşəli türbələri (XIX əsr), Şıxlardakı Dairəvi türbəni (XIV əsr), Xudafərin körpülərini (erkən orta əsrlər), Diri Dağındakı Qız qalasını, Dağtumasdakı Başıkəsik günbəzi, Gordubaba dağındakı məzarı misal göstərmək olar. Dini abidələr də burada az olmayıb: “Hacı Qaraman”, “Cəbrayıl ata”, “Dül-dül”, “Mazannənə” ziyarətgahları və s.

Dağtumasdakı “Tumas ata”, “Divlər sarayı”, Mahmudludakı “Canqulu” və “Qumtəpə” kurqanları, Tatardakı Siklop tikililər, Cəbrayıl şəhəri yaxınlığındakı “Ağoğlan” qədim arxeoloji abidələr siyahısına daxildir.

Çələbilərin (“Çələbi” sözü dini və dünyəvi termin olub, hakimiyyətlərin, şahzadələrin ləqəbi kimi işlənib, Allahı sevən, yazıçı, şair, bilici mənalarını verir) XIII əsrin birinci yarısında, yəni monqol yürüşləri dövründə Kiçik Asiyadan məşhur Qaraman tayfasının (Qaraqoyunlu hökmdarı Qara Yusifin sərkərdəsi Qaraman, Qarabağ hakimi Əmir Yarəhməd, I Şah Abbasın Şamaxıya hakim təyin etdiyi Zülfüqar Xanın da Qaraman tayfasından olduqları göstərilir) tərkibində Azərbaycana gəlmələri əsaslı mənbələrdən, tarixi qaynaqlardan məlumdur.

“Cəbrayıl Ata” ziyarətgahı kəndin şimalındakı ümumi qəbiristanlıqda deyil, o dövrün adətinə uyğun olaraq, ona məxsus torpaqların yuxarı başında, Alpaşa dağının hündür və tamaşalı yerində, ayrıca dəfn edilmişdir.

Cəbrayıl şəhərinin mərkəzindəki “Qara daş” səmadan gələn hesab olunduğu üçün əhali tərəfindən müqəddəs ziyarətgah sayılırdı.

Rayonun ərazisindəki tarixin yadigarları təkcə adlarını yuxarıda çəkdiklərimiz və hər biri barədə qısaca məlumat verdiyimiz deyil. Burada qədim dövrdən qalma “Ağoğlan” abidəsi də vardı. Tarixi mənbələrdən alınan məlumatlarda göstərilir ki, qeyri-bərabər döyüşdə öldürülən gözəl bir oğlan burada dəfn edilmişdir. İslam dini meydana gəldikdən sonra “Ağoğlan” abidəsi müsəlmanların ziyarətgahına çevrilmişdir. “Ağoğlan” kimi, pir tək qəbul edilən yerlərə Cəbrayıl rayonu ərazisində çox rast gəlinir. Məsələn, “Qurbantəpə” adlanan pir Qafqaz Albaniyası dövründə əhalinin hələ Günəşə, Aya sitayiş etdikləri ilk tunc dövrünün son nişanələrindəndir. Əhali hər yeni il gəlsin, məhsul bol olsun deyə, bu təpədə qurbanlar kəsər, bişirdiyi xörəyin suyundan gündoğan tərəfə səpər, sonra yeyər və Günəşə sitayişi kütləvi halda şadlıq edərdilər. Sonralar bu inam saxlanıldı. Hətta XIX əsrin ortalarından başlayaraq Cəbrayıl qəzasının başqa yerlərindən köcüb gedən Hacılı tayfasının bir hissəsi bu pirin yaxınlığında məskunlaşmış, onların saldıqları kənd isə Qurbantəpə adlandırılmışdı.

Mazannənə, Mərmərnənə ziyarətgahları da Cəbrayıl rayonundadır. Professor Mirəli Seyidovun tarixi mənbələrə istinadən verdiyi məlumata görə, Nənə qədim türkdilli tayfalarda Allahın anasının adı olmuşdur. Professor Z.İ.Yampolskinin Mazannənə abidəsi barədə yazdıqlarında isə deyilir ki, o, Madərşahlıq zamanının yadigarıdır və sonralar islam dininə uyğunlaşdırılaraq “ocaq” hesab edilmişdir. Həmin abidənin yaxınlığında nişanələri qalan köhnə yaşayış məskəni də məhz buna görə Mazannənə kəndi adlanmışdır. Hasanlı kəndi yaxınlığındakı Mərmərnənə abidəsində dəfn olunan qadının yerli əhali tərəfindən Mazannənə hesab edilməsi də maraqlıdır.

Cəbrayıl rayonunun Dağtumas kəndi yaxınlığındakı dağda olan Tumasata abidəsi bütpərəstlik dövrünün yadigarıdır. Kəndin sakinləri Tumasatanı öz əcdadları sayır və müqəddəs ocaq kimi sitayiş edirdilər.

Cəbrayıl rayonunda erməni vandalları tərəfindən məhv edilmiş tarixi, maddi-mədəniyyət abidələri çoxdur. Onlar düşmənlər tərəfindən darmadağın olunsalar da, gələcək nəsillər bilməlidir ki, adlarını çəkdiyimiz bu tarixi yadigarlar xalqımızın mənəvi sərvətləri sırasındadır: 11 tağlı Xudafərin körpüsü (XI-XII əsrlər), 15 tağlı Xudafərin körpüsü (XIII əsr), Niftalı kurqanları (Tunc dövrü, Xudayarlı kəndi), Ağoğlan nekropolu (ilk orta əsrlər), Karxulu kurqanları və yaşayış yeri (Tunc dövrü), Canqulu kurqanı (Tunc dövrü), Qustəpə kurqanı (Tunc dövrü), İmanqazan təpələri (Tunc dövrü, Şıxlar kəndi), Şıxlar mağarası (Daş dövrü), Şıxlı kurqanları (Son tunc dövrü), İmanqazantəpə kurqanları (Son tunc dövrü), Qaladağ qalaçası və yaşayış yeri (ilk orta əsrlər), Məscidtəpə kurqanı (Tunc dövrü), Naftalı kurqanları (Son tunc və ilk Dəmir dövrü) və s.

Belə tarixi yadigarları məhv edən düşmən bu gün artıq özünün varlığını qoruyub saxlaya bilmir. Çünki bu yerlərin onlara aidiyyəti yoxdur.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video