14:24 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Mingəçevir Dövlət Universiteti sürətlə modernləşir

ANA SƏHİFƏ / TƏHSIL
00:48 29.01.2021

 

Dünyanı bürümüş COVID-19 infeksiyasına qarşı mübarizə tədbirlərinin davam etdirilməsi ali təhsil müəssisələri qarşısında yeni çağırışlar yaratmış, əvvəlki dövrlərdə rast gəlinməmiş vəzifələrin icrasını qaçılmaz etmişdir. Başqa sözlə, universitetlər qısa müddətdə mövcud reallıqlara uyğunlaşmağa, tədris prosesinin davamlılığının təmin edilməsi üçün bütün mümkün resursları səfərbər etməyə, rəqəmsallaşmanı sürətləndirməyə, məsafədən təhsilin təşkili üçün çevik və qeyri-ənənəvi qərarlar qəbul etməyə çalışır.

Ölkəmizdə 2020/2021-ci tədris ilinin başa çatan payız semestri pandemiya dövrünün mövcud çətinlikləri ilə yanaşı, müzəffər Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan Ordusunun sayəsində möhtəşəm tarixi Zəfərin əldə edilməsilə nəticələnmiş 44 günlük Vətən müharibəsi ilə yadda qalmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə 15 sentyabr 2020-ci il tarixli müraciətində qarşıya qoyduğu vəzifələrdən irəli gələrək, cari tədris ilinin payız semestri ərzində ali təhsil prosesinin təşkili zamanı tələbələrin müasir bilik və bacarıqlar əldə etməsi, gənclərin sağlamlığı və inkişafı ilə yanaşı, onların milli-mənəvi dəyərlərimiz əsasında və vətənpərvərlik ruhunda tərbiyə olunmasının prioritetliyi təmin edilmişdir.

Yeni dövrün ali təhsil müəssisəsinə çevrilməyi, qabaqcıl paytaxt universitetləri səviyyəsində ali təhsil xidmətləri göstərməyi, şəhər və ətraf rayonların hərtərəfli inkişafına töhfənin artırılmasını strateji vəzifələr olaraq müəyyənləşdirən Mingəçevir Dövlət Universiteti (MDU) fəaliyyətini milli ali təhsilimizdə müşahidə olunan inkişaf trendlərini, beynəlxalq ali təhsil məkanında baş verən dəyişikliklərə əsaslanan yeni çağırışları, eləcə də universitetin mövcud və potensial imkanlarını əhəmiyyətli dərəcədə nəzərə almaqla həyata keçirir.

Cari tədris ilinin payız semestri ərzində mövcud şərtlər daxilində tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi fəaliyyətin səmərəliliyinin artırılması, maddi-texniki bazanın gücləndirilməsi, professor-müəllim və inzibati-texniki heyət üzvlərinin həvəsləndirilməsi və sosial rifahının yaxşılaşdırılması, yerli və xarici universitetlərlə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, özəl və dövlət qurumları ilə səmərəli işbirliyinin yaradılması modernləşməkdə olan MDU-nun prioritet fəaliyyət istiqamətləri kimi müəyyən edilmişdir.

Əmək bazarının tələblərinə uyğun yüksəkixtisaslı və rəqabətqabiliyyətli kadrların hazırlanması, təhsilalanlara müasir bilik və bacarıqların ötürülməsi, onların karyera inkişafına və məşğulluq problemlərinin həllinə dəstək göstərilməsi, universitetin innovasiya potensialının genişləndirilməsi istiqamətində birgə layihələrin reallaşdırılmasına böyük üstünlüyün verilməsi, bütövlükdə MDU-nun cəlbediciliyinin artmasına, cəmiyyət həyatında faydalı rolunun güclənməsinə və regional eko-sistemin mühüm aktorlarından birinə çevrilməsinə hədəflənmişdir.

Hazırda universitetdə iqtisadiyyat, mühəndislik və pedaqoji profilləri əhatə edən 23 ixtisas (bakalavriat) və 12 ixtisaslaşma (magistratura) üzrə kadr hazırlığı həyata keçirilir. Üç fakültənin, on kafedranın mövcud olduğu universitetdə ümumilikdə 2600-dən artıq tələbə və magistrant təhsil alır. Cari tədris ilində universitetə yüksək balla qəbul olan və “Gələcəyin müəllimi” təqaüdünə layiq görülən tələbələrin sayında artımın müşahidə edilməsi son dövrdə MDU-nun imicinin yüksəldilməsi istiqamətində görülən işlərin müsbət nəticəsi kimi qiymətləndirilir.

Pandemiya şəraitində universitetin əsas vəzifəsi tədrisin keyfiyyətli şəkildə davamlılığının təmin edilməsi, məsafədən təhsil prosesində tələbələrin yüksək fəallığına və mənimsəmə səviyyəsinə, biliyin qiymətləndirilməsi prosesinin optimal həllinə nail olunmasından ibarət olmuşdur. Hesab etmək olar ki, bütün mümkün online kommunikasiya alətlərindən istifadə, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, infrastruktur imkanlarının və kadr potensialının səfərbər olunması sayəsində MDU bu vəzifələrin öhdəsindən uğurla gələ bilmişdir.

“Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin 29 oktyabr 2020-ci il tarixli Qərarına əsasən payız semestrində MDU-da tədris prosesi məsafədən təşkil olunmuşdur. Təhsil Nazirliyinin müvafiq dəstəyi ilə universitetdə bakalavriat və magistratura səviyyələri üzrə tədris davamlı surətdə “Microsoft Teams” platforması üzərindən həyata keçirilmişdir.

Mövcud qanunvericiliyin tələbləri və aparıcı ali təhsil müəssisələrinin müsbət təcrübəsi əsasında universitetdə yeni tədris ilinə hazırlıqla bağlı müvafiq əmrin verilməsi və buna əsasən tədris prosesinin təşkilinə dair qarşıya konkret vəzifələrin qoyulması, struktur bölmələr arasında funksional iş bölgüsünün dəqiq aparılması tədrisin təşkilində səmərəliliyin artırılmasına səbəb olmuşdur. Universitetdə tədrisin məsafədən təşkili ilə bağlı atılan məqsədyönlü, ardıcıl və çevik addımların sayəsində təhsilverənlərin və təhsilalanların onlayn dərslərdə yüksək iştirakçılıq səviyyəsi müşahidə edilmiş, müəllimlərin 95-100 faizi, tələbələrin isə 85-90 faizi məsafədən təhsilə cəlb olunmuşdur. Semestr ərzində müvafiq fənlər üzrə mühazirə mətnləri, təqdimatlar, eləcə də dərslik və dərs vəsaitlərinin elektron formatda bütün tələbələrə çatdırılması təmin edilmiş, MDU-nun professor-müəllim heyəti tərəfindən hazırlanan videodərslərin bazası genişləndirilmiş və ümumilkdə 1500-dən artıq videodərs çəkilərək tələbələrin istifadəsinə verilmişdir.

MDU-da 2020/-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası mövcud qaydalara uyğun təşkil edilmiş, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları operativ surətdə aradan qaldırmaq məqsədilə zəruri tədbirlər görülmüşdür. Universitetdə İmtahan Qərargahı, “Qaynar xətt” və Appelyasiya Komissiyasının çevik və operativ fəaliyyəti təmin edilmiş, müəllimlərdən ibarət “İmtahanlara dəstək qrupu”, gənc əməkdaşlardan ibarət “Texniki dəstək qrupu” və tələbələrdən ibarət “İmtahan könüllüləri” imtahan prosesinin səmərəli təşkilində mühüm rol oynayırlar.

Pandemiya şəraitində elmi istiqamət üzrə universitet fəaliyyətinin davamlılığı və səmərəliliyi diqqət mərkəzində saxlanılmışdır. Bu dövrdə MDU-da 10 kafedra tərəfindən ənənəvi formada reallaşdırılan elmi fəaliyyət çərçivəsində 2021-2025-ci illər üçün dörd elm sahəsi üzrə (təbiət elmləri, texniki elmlər, ictimai elmlər, humanitar elmlər) ümumilikdə 16 problemə dair 43 mövzunu əhatə edən perspektiv beşillik elmi-tədqiqat işlərinin planları hazırlanmış və təsdiq edilmişdir.

Müasirləşməkdə olan MDU-nun kadr potensialının gücləndirilməsi məqsədilə gənc əməkdaşların qabaqcıl universitetlərin doktoranturalarında təhsil almasına xüsusi diqqət yetirilmiş, universitet tarixində ilk dəfə olaraq bir əməkdaşımız Türkiyənin Qazi Universitetinin Təhsil Elmləri İnstitutunda “Təhsilin idarə edilməsi” ixtisası üzrə doktorantura ali təhsil səviyyəsinə qəbul olmuşdur.

Ötən ilin dekabr ayında MDU-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisi, müstəqilliyimizin rəmzidir” mövzusunda onlayn formatda keçirilmiş elmi konfrans mühüm əhəmiyyət kəsb etmişdir. “Regional inkişafın təmin olunmasında innovativ tendensiyalar: reallıqlar və müasir çağırışlar” mövzusunda respublika elmi konfransı, “Tarixi qələbənin davamlı iqtisadi inkişafa potensial təsirləri” mövzusunda nəzəri-praktiki seminar, eləcə də qabaqcıl yerli universitetlər və sənaye qurumları ilə birgə ölkə və region iqtisadiyyatının aktual problemlərinə həsr olunan çoxsaylı elmi tədbirlər universitet kolektivi, ali təhsil və elmi ictimaiyyətin böyük marağına səbəb olmuşdur.

Semestr ərzində ölkəmizin qabaqcıl ali təhsil müəssisələrindən olan Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universiteti ilə sıx qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsi MDU-nun potensialının gücləndirilməsi və kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi işinə əhəmiyyətli töhfə vermişdir.

Payız semestri ərəfəsində Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində reallaşdırılan “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kurslar” layihəsinə MDU-nun tərəfdaş qismində daxil edilməsi 2021-2023-cü illərdə Almaniya, Niderland, Litva və Rumıniya universitetlərinin müsbət təcrübələrinin öyrənilməsi, müvafiq ixtisaslar üzrə kurikulumların təkmilləşdirilməsi, laboratoriyaların və virtual otaqların yaradılması imkanlarını qazandıracaqdır.

Almaniyanın Siegen Universiteti və Prime Akademiyası ilə tərəfdaşlıq çərçivəsində reallaşdırılmış “Sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi”, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dəstəyi ilə həyata keçirilən “Karyera Mərkəzinin yaradılması və inkişafı” layihələri MDU-nun beynəlxalq əməkdaşlığının inkişafında yeni ənənələrin əsasını qoymuş və universitetin modernləşməsi prosesinə ciddi təkan vermişdir. MDU Avropa Ali Təhsil Məkanı (EHEA) ölkələrinin Nazirlər Konfransında (Roma, İtaliya), Kəmər və Yol Universitetləri Alyansının (UAB&R) “Post-pandemiya dövründə beynəlxalq əməkdaşlıq və mübadiləyə yeni yanaşma” mövzusunda keçirdiyi beynəlxalq konfransda (Lanzhou, Çin) fəal təmsil olunmuşdur. Tədrisin məzmununun təkmilləşdirilməsi, eləcə də professor-müəllim və tələbə heyətinin praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə MDU-da “Turizm sahəsi üzrə kadr hazırlığında yeni çağırışlar: təcrübə və karyera imkanları”, “Microsoft Teams Proqramı və onun imkanları” və digər mövzular üzrə mütəmadi təlimlər həyata keçirilmiş, ingilis dili mütəxəssisi olan amerikalı professor tədris prosesinə cəlb edilmişdir.

Xüsusi qeyd etmək lazımdır ki, 30 illik Qarabağ həsrətinə son qoyulması və ərazi bütövlüyümüzün təmin edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi dövründə MDU-nun tələbə, məzun və əməkdaşları həm ön cəbhədə, həm də arxa cəbhədə fəal iştirak etmiş, yüksək həmrəylik nümayiş etdirmişlər. Eyni zamanda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində MDU-da kollektiv və tələbə heyəti arasında mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilmiş, bütün tədris binalarında dəfələrlə tibbi-profilaktik və dezinfeksiya işləri aparılmışdır.

Fikrimizcə, mövcud reallıqların doğurduğu yeni çağırışlara və məhdudiyyətlərə baxmayaraq, cari tədris ilinin payız semestrində universitetdə bütün istiqamətlər üzrə fəaliyyətin davamlılığının təmin edilməsində Təhsil Nazirliyi, Mingəçevir Şəhər İcra Hakimiyyəti və digər qurumlarla tərəfdaşlıq mühüm rol oynamışdır. Dövlət və özəl qurumlar, qeyri-hökumət və gənclər təşkilatları, o cümlədən media ilə qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsi sürətlə modernləşən MDU-nun milli ali təhsilin ümumi mənzərəsində mövqeyinin güclənməsi üçün ciddi əsaslar yaradır.

 

Şahin BAYRAMOV,

Mingəçevir Dövlət Universitetinin rektoru



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM