05 May 2021 00:49
2024
SİYASƏT
A- A+

Milli Prioritetlər - yeni inkişafın yol xəritəsi

 

İlham Əliyevin müəyyənləşdirdiyi yüksəliş konsepsiyası sistemli islahatlar üçün böyük imkanlar yaradacaq

 

Son 17 ildə yaranan potensial Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir böyük layihələrin təşəbbüskarı olmaq imkanı verib. Ölkə regional iqtisadiyyatın lokomotivi olaraq dünyada enerji təhlükəsizliyi ilə bağlı etibarlı tərəfdaşlardan birinə çevrilib. Bütün bunlar, əlbəttə ki, Azərbaycanın regionda iqtisadi rolunu daha da yüksəldib.

 

3 dəfədən çox böyüyən iqtisadiyyat

 

Prezident İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında sərəncamında qeyd edildiyi kimi, həyata keçirilən yeni strategiya sayəsində ölkə iqtisadiyyatının həcmi 17 ildə 3 dəfədən çox böyüyüb, güclü sosial-iqtisadi infrastruktur yaradılıb. Mütərəqqi islahatlar hesabına ölkənin sosial-iqtisadi potensialı artıb, iqtisadiyyatın xarici təsirlərə dözümlülüyü yaxşılaşıb.

Məhz İlham Əliyevin yeni inkişaf strategiyası əsasında əldə edilən iqtisadi üstünlük, uzun illər formalaşdırılmış ictimai-siyasi və sosial-iqtisadi bünövrə ölkənin qüdrətinin hərtərəfli yüksəlişini şərtləndirib.

İkinci Qarabağ müharibəsində qazanılan qələbədən sonra Azərbaycanda mahiyyət etibarilə yeni dövr başlayıb. Dünya iqtisadiyyatına hələ də ciddi təsir etməkdə olan qlobal pandemiya ilə mübarizə tədbirləri ölkəmizə təsirsiz ötüşməsə də, dövlətin iqtisadi qüdrəti imkan verir ki, həm işğaldan azad edilmiş torpaqlarımızda abadlıq-quruculuq prosesləri, həm pandemiyaya qarşı mübarizə tədbirləri, həm də qarşıdakı dövr üçün yeni mütərəqqi islahatları reallığa çevirmək mümkün olsun.

Bütün dövrlərdə baş verə biləcək neqativlərə qarşı əvvəlcədən tədbirlər görən, mühüm qərarlar qəbul edən İlham Əliyev yeni dövrdə də Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi, növbəti onillikdə sosial-iqtisadi inkişafının yüksəlişinin təmini üçün Milli Prioritetlər müəyyənləşdirib. Sosial-iqtisadi inkişafa dair hazırlanan prioritetlər özündə beş istiqaməti cəmləşdirir - dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

Qarşıdakı 10 illik müddəti əhatə edən bu vacib iqtisadi sənəd eyni zamanda postmüharibə dövrünün reallıqlarını özündə əks etdirir. Həmçinin növbəti onillikdə iqtisadi artımın davamlı olmasını, milli iqtisadiyyatın daha da şaxələndirilməsini təmin etmək baxımından tamamilə yeni imkanlar açır. Yəni, Milli Prioritetlər ölkəmizin bütün sahələrdə sürətli inkişafına təkan verən vəzifələrin müəyyən olunması baxımından xüsusi əhəmiyyətə malikdir.

İqtisadçılar hesab edirlər ki, Milli Prioritetlər mühüm dövlət konsepsiyasıdır, burada nəzərdə tutulan tədbirlər həddindən artıq geniş və çoxşaxəlidir və bir çox dövlət orqanları qarşısında mühüm vəzifələr durur. Ona görə də Milli Prioritetlərə əsasən, müxtəlif proqram və layihələr hazırlanacaq.

 

Qarabağın iqtisadi potensialı dayanıqlı inkişafa böyük təkan olacaq

 

Vətən müharibəsində əldə olunmuş tarixi qələbə həm də ölkəmiz üçün yeni iqtisadi imkanlar açıb. Ona görə də bu mərhələdə Azərbaycanın yeni inkişaf yolunun xəritəsi də müəyyənləşməli idi.

İlham Əliyev beş prioritetin iki bəndini (işğaldan azad olunmuş ərazilərə böyük qayıdış və təmiz ətraf mühit, “yaşıl artım” ölkəsi) məhz bu istiqamətə uyğun müəyyənləşdirib. Çünki işğaldan azad olunmuş ərazilər böyük iqtisadi potensiala malikdir və təbii ki, Azərbaycan bu potensialdan maksimum yararlana bilər. Bu iki istiqamətin uğurlu icrası da onu deməyə əsas verir ki, tezliklə Qarabağın iqtisadi imkanlarından əldə ediləcək dividentlər ölkənin qüdrətinin daha da yüksəlişi üçün real zəmin yaradacaq. Çünki Qarabağda dağ-mədən sənayesi, metallurgiya, yeyinti sənayesi, trikotaj, turizm, aqrar və “yaşıl enerji” kimi sahələrin böyük inkişaf potensialı var. Yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması isə ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin inkişafına da əhəmiyyətli təkan verəcək.

Dövlət büdcəsi hesabına Qarabağda 2,2 milyard manatlıq sərmayə qoyuluşu da təsdiq edir ki, işğaldan azad edilmiş ərazilərdə yaradılacaq iqtisadi infrastrukturlar dayanıqlı inkişafa böyük imkan yaradacaq.

Eyni zamanda xarici dövlətlərin iri şirkətləri də bu gün işğaldan azad edilmiş torpaqlarda investisiya yatırımına böyük maraq göstərirlər. Artıq Türkiyə, İtaliya, Böyük Britaniya, Pakistan, İsrail kimi dövlətlərdən Qarabağın bərpasına sərmayə axını başlayıb.

Mayın 3-də İlham Əliyev bu istiqamətdə görüləcək işlərlə bağlı Prezidentin Ehtiyat Fondundan 1.391.040 ABŞ dollarının manat ekvivalenti məbləğində, yəni 2 milyon manatdan çox vəsait ayırdı. Dövlət başçısının imzaladığı sərəncama əsasən işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkət cəlb ediləcək.

Göründüyü kimi, İlham Əliyev Qarabağda tikinti-quruculuq proseslərinin sürətləndirilməsi üçün mühüm addımlar atır, vacib qərarlar qəbul edir. Ona görə də əminliklə deyə bilərik ki, İlham Əliyevin müəyyən etdiyi Milli Prioritetlər qarşıdakı 10 il ərzində ölkəmizdə müşahidə olunan sosial-iqtisadi inkişafı tamamilə və keyfiyyətcə yeni mərhələyə yüksəldəcək və Azərbaycan inkişaf etmiş ölkələr sırasında layiqli yerini möhkəmləndirəcək.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video