10 Dekabr 2011 02:12
425
Mədəniyyət
A- A+

Milli mətbuatımızın korifeyi Nəsir İmanquliyevin 100 illik yubileyi ilə bağlı konfrans keçirilmişdir

 

Dekabrın 9-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurası milli mətbuatımızın görkəmli nümayəndəsi, alim və ictimai xadim, professor Nəsir İmanquliyevin 100 illik yubileyi ilə bağlı "Nəsir İmanquliyev irsi və müasir jurnalistikamız" mövzusunda konfrans keçirmişdir.

AzərTAc xəbər verir ki, konfransda Nəsir İmanquliyevin mənalı ömür yolundan, səmərəli elmi-pedaqoji fəaliyyətindən, mətbuatımızın inkişafındakı xidmətlərindən söhbət açılmış, əməkdar jurnalistin irsinin müasir jurnalistikamız üçün örnək olan məqamları ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirmişdir ki, Nəsir İmanquliyev Azərbaycan jurnalistika tarixində mövqeyi və rolu olan şəxsiyyət idi. Onun sərasər 30 il rəhbərlik etdiyi "Bakı" və "Baku" qəzetləri o dövrün digər mətbu nəşrləri üçün örnək olmuşdur.

Konfransın əhəmiyyətini qeyd edən Əflatun Amaşov demişdir ki, professor Nəsir İmanquliyev bütün mənalı ömrünü Azərbaycan mətbuatının, mədəniyyətinin inkişafına, cəmiyyətin obyektiv informasiya tələbatının ödənilməsinə, peşəkar jurnalist kadrların hazırlanmasına həsr etmişdir. O vurğulamışdır ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Nəsir İmanquliyevin 100 illik yubileyinə həsr edilmiş silsilə tədbirlər keçiriləcəkdir. Bugünkü tədbir də onlardan biridir.

Azərbaycan Prezidenti Administrasiyasının ictimai siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev konfransda çıxış edərək tədbirin professor Nəsir İmanquliyevin qəzetçilik təcrübəsinin və yaradıcılığının öyrənilməsi ilə yanaşı, həm də milli jurnalistikamızın tarixinə nəzər salmaq baxımından böyük əhəmiyyət daşıdığını vurğulamışdır.

V.Əliyev demişdir ki, tarixi nəzərdən keçirsək, Azərbaycanın ilk maarifçilərinin, mütəfəkkirlərinin təkcə pedaqoji, bədii əsərləri ilə deyil, həm də publisistik yaradıcılıqları ilə də tanındığının və cəmiyyətin inkişafına dəyərli töhfələr verdiyinin şahidi olarıq. Keçmiş sovet dövründə də ziyalılarımız yeni nəslin formalaşmasında mühüm rol oynamışlar. Belə şəxslərdən biri də ömrünü milli mətbuatımızın inkişafına həsr edən Nəsir İmanquliyev olmuşdur.

Prezident Administrasiyasının rəsmisi demişdir ki, Nəsir İmanquliyevin həyat və yaradıcılığı müasir jurnalistikamız üçün böyük örnəkdir. Nəsir müəllim yüzlərlə gənc jurnalistə bu peşənin sirlərini öyrətmişdir. Müasir Azərbaycan jurnalistikasının təşəkkülündə xüsusi yeri olan professor Nəsir İmanquliyev ömrünün sonunadək Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsində dərs demiş, milli kadrların formalaşmasında mühüm rol oynamışdır.

BDU-nun jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli tədbirdə geniş məruzə ilə çıxış etmiş, bildirmişdir ki, Nəsir İmanquliyevin uzun müddət rəhbərlik etdiyi "Bakı" və "Baku" qəzetləri nəinki Azərbaycanda, eləcə də keçmiş sovetlər birliyində daim diqqət mərkəzində olmuşdur.

C.Məmmədli vurğulamışdır ki, Nəsir İmanquliyev uzun müddət BDU-nun jurnalistika fakültəsində Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında müəllim, dosent, professor olmuş və yaradıcılığının fəal dövrü bu kafedra ilə bağlıdır. Jurnalistikada hamımıza örnək olan yaradıcılıq yolu keçmiş Nəsir İmanquliyev təşkilatçılığı, qayğıkeşliyi, gözəl şəxsi keyfiyyətləri, alicənablığı ilə hamıdan seçilirdi. Onun danılmaz xidmətlərindən biri də qəzetdə informasiyaya üstünlük vermək əzmkarlığı ilə bağlıdır.

Məruzəçi diqqətə çatdırmışdır ki, Nəsrulla İmanquliyev 1911-ci il  dekabrın 22-də Bakıda anadan olmuşdur. Onun mətbuatdakı ilk çıxışları tələbəlik illərinə təsadüf edir. Neft Texnikumunda oxuduğu vaxtlarda "Kommunist", "Yeni yol", "Gənc işçi" qəzetlərində müxtəlif vəzifələrdə çalışmışdır. 1942-ci ildə siyasi işçi kimi Böyük Vətən müharibəsinin Krım cəbhəsinə göndərilmişdir. Burada o, "Döyüşən Krım" qəzetində məsul katib və hərbi hissədə tərcüməçi kimi fəaliyyət göstərmişdir. Bir il sonra arxa cəbhəyə göndərilərək "Kommunist" qəzetində məsul katib işləmiş və vətənpərvər ruhlu çoxsaylı yazılarla çıxış etmişdir. 1947-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlamış, eyni zamanda, filologiya fakültəsində təhsilini davam etdirmişdir.

Nəsir İmanquliyev ötən əsrin 60-90-cı illərinin mətbuat tarixində böyük rol oynamış "Bakı" və "Baku" qəzetlərinin yaradıcısı və baş redaktoru olmuşdur. Ustad jurnalistin bu nəşrə gətirdiyi yeniliklərlə Azərbaycanda azad sözə, fikrə daha çox yer ayrılmış və oxucular daim yeni informasiyalarla təmin edilmişdir. Qəzetin səhifələrində paytaxtın gözəlliyi, yenilikləri ilə yanaşı, şəhərdə həlli vacib məsələlər də geniş şəkildə işıqlandırılmışdır. O dövrdə "Bakı" və "Baku" qəzetlərinə işə qəbul olunmuş gənclər bu gün jurnalistika sahəsində tanınmış simalardır. Nəsir İmanquliyev həm peşəkar redaktor, həm də təcrübəli müəllim kimi tələbə jurnalistlərin yaradıcılığına geniş imkan yaradırdı. Nəsir müəllimin məktəbi bu gün də davam edir.

Cahangir Məmmədli demişdir: "Nəsir müəllim Azərbaycan xalqına gərək olan intellektual bir ailə sahibi idi. Azərbaycan və dünya şərqşünaslıq elminə Aida İmanquliyeva kimi ünlü bir alim bəxş etmişdi. Onun əsərləri dünya şərqşünaslıq elminin nadir tədqiqatları sırasındadır. Qoşa nəvələrinin əlindən tutub universitetə gəlirdi. İndi o qoşa nəvələrdən biri beynəlxalq forumlarda, dünya arenasında Azərbaycanı ləyaqətlə təmsil edən, milli mədəniyyətimizin və təhsilimizin himayədarı, birinci xanım Mehriban Əliyevadır. Digəri isə Azərbaycan filoloji elminin nüfuzlu alimlərindən biri, Azərbaycan-Rusiya əlaqələrinin inkişafına təkan verən, M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevadır".  

Konfransda çıxış edən professor Şirməmməd Hüseynov, əməkdar jurnalist Şamil Şahməmmədov, tanınmış yazıçı-publisist Yusif Kərimov, "Bakı" və "Baku" qəzetinin redaktoru Ağa Hüseynov və başqaları böyük alim və jurnalistin zəngin yaradıcılığından söz açmış, onunla bağlı xatirələrini bölüşmüşlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video