21 Iyul 2019 01:04
1991
SİYASƏT
A- A+

Milli mətbuat dövlətin dəstəyi ilə demokratik dəyərlər əsasında inkişaf edir


Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür. Bütün ömrünü və fəaliyyətini xalqının maariflənməsinə həsr edən Həsən bəy Zərdabinin təsis etdiyi "Əkinçi” qəzetinin işıq üzü görməsi ilə əsası qoyulan milli mətbuatımız hələ XIX əsrin sonu və XX əsrin əvvəllərində böyük inkişaf yolu keçmiş, xalqımızın milli oyanışında mühüm rol oynamışdı. "Əkinçi”nin cəmi 56 nömrəsi işıq üzü görmüşdü. Lakin onun təməlini qoyduğu mətbuat ənənələri daim mütərəqqi ideyaların carçısı kimi çıxış etmiş, xalqımızın ən ülvi arzularının reallaşmasına, müstəqillik amalının güclənməsinə öz töhfəsini vermişdi.

1918-ci ildə Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra milli mətbuatımızın demokratik dəyərlər əsasında inkişafı təmin olundu. Bu dövrdə də mətbuat öz fəaliyyəti ilə dövlət müstəqilliyinə layiqli töhfələr vermiş, mədəni və mənəvi dəyərlərin inkişafına, milli şüurun formalaşmasına böyük xidmət göstərmişdi.

Sovet hakimiyyəti illərində Azərbaycan mətbuatı özünün bir çox dəyərlərindən, xüsusən söz azadlığından uzaq düşmüşdü. Lakin həmin dövrün ən böyük həqiqəti ondan ibarətdir ki, sovet hakimiyyəti illərində mətbuatımız peşəkarlıq nöqteyi-nəzərindən böyük inkişaf yolu keçməyə müvəffəq olmuşdu. Bu mərhələdə mətbuatımız öz fəaliyyətini əsasən ideoloji tələblər üzərində qursa da, qəzetlərin, jurnalların və digər çap məhsullarının sayı və tirajı çoxaldı, mətbu yolla uşaq və yeniyetmələrin, məktəblilərin maariflənməsinə diqqət artırıldı. Həmçinin ali məktəblərdə müsabiqə yolu ilə jurnalistika təhsilinin təməli qoyuldu. Beləliklə, bu dövrdə cəmiyyətin həyatında kütləvi-informasiya vasitələrinin rolu kifayət qədər genişlənmişdi.

SSRİ-nin dağılmasına doğru Azərbaycanda da mətbuat özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu dövrdə yeni yaranan mətbu orqanlarda söz azadlığı hiss olunmağa başladı. Lakin müstəqilliyin ilk illərində bütövlükdə ölkədə baş verən neqativ proseslər mətbuatdan da yan ötmədi. Bu mənada o illərdə Azərbaycanda azad mətbuatın formalaşma və inkişaf yolu heç də rəvan olmadı. Müstəqilliyin ilk illərində müəyyən obyektiv və subyektiv səbəblər üzündən KİV ciddi məhrumiyyətlərlə, çətinliklərlə üzləşdi. Məsələn, 1992-ci ilin aprelində hərbi senzura tətbiqi adı altında mətbuat üzərində nəzarət daha da gücləndirildi. Həmin ilin may ayında zor gücünə hakimiyyətə yiyələnmiş AXC-Müsavat cütlüyünün bir illik fəaliyyəti dövründə isə ölkədə söz və mətbuat azadlığı sahəsində vəziyyət daha da pisləşdi. Ozamankı ölkə rəhbərinin 15 aprel 1993-cü il tarixli sərəncamı ilə hərbi vəziyyətlə bağlı senzura təkcə hərbi sirlərə deyil, bütün məlumatlara aid edilərək jurnalistlərin sərbəst informasiya fəaliyyətini daha da sərtləşdirdi.

Həmin illərdə nəinki hansısa jurnalistin, hətta sıravi vətəndaşın təhlükəsizliyinə də təminat yox idi. Jurnalistlər hər addımda ağır senzura ilə üzləşir, öz fikirlərini sərbəst ifadə edə bilmirdilər.

Mətbuat nümayəndələrinin ayrı-ayrı məmurlar tərəfindən döyülməsi, hakimiyyətə qarşı tənqidi yazılar dərc edən nəşrlərin bağlanması isə adi hala çevrildi. Hakimiyyət orqanları, siyasi dairələr yeni ictimai formasiyanın tələblərindən irəli gələrək mətbuatın azadlığı naminə nəinki bir iş gördülər, əksinə, əvvəlki totalitar ənənələri daha da möhkəmləndirdilər. Jurnalistin nazir tərəfindən döyüldüyü, televiziyanın canlı efirinə müdaxilə edildiyi bir dövrdə hansı müstəqil və azad mətbuatdan söhbət gedə bilərdi?! Senzura səbəbindən yazıların qayçılandığı, qəzet səhifələrinin ağ dərc olunduğu cəmiyyətdə demokratik dəyərlərin bərqərar olması, inkişafı mümkün deyildi.

Mətbuat və söz azadlığının təmin edilməsi istiqamətində əməli işlər yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra həyata keçirildi. Məhz Ulu Öndərin sayəsində cəmiyyətin demokratik dəyərlər üzərində inkişafının nəticəsi kimi, mətbuat da siyasi həmlələrdən və təzyiqlərdən xilas oldu. Demokratik dövlət quruculuğunda azad sözün rolunu həmişə yüksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərmanı ilə ölkəmizdə senzuranın birdəfəlik ləğv edilməsi KİV-in sərbəst fəaliyyəti, inkişafı və azad sözün təmin edilməsi ilə bağlı milli mətbuatımızın tarixində ən mühüm hadisə oldu. Bu fərmanla hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam da qüvvədən düşdü.

Heydər Əliyevin mətbuatın inkişafına diqqətinin nəticəsi kimi KİV-in maddi-texniki və maliyyə bazasını möhkəmləndirmək üçün qərarlar qəbul edildi, güzəştlər tətbiq olundu. Qəzetlərin dövlət orqanlarına olan borcları donduruldu, məhkəmələr tərəfindən cərimələnmiş qəzetlər təzminat ödəməkdən azad edildilər.

Söz azadlığına və müstəqil mətbuatın inkişafına əvvəlki hakimiyyətin dövründən qalmış əngəllərin, maneələrin ləğv edilməsi, KİV qanunvericiliyinin təkmilləşdirilməsi, mətbu orqanların inkişafı üçün onlara edilən çoxsaylı güzəştlərlə yanaşı, Ulu Öndər Heydər Əliyev mətbuat işçiləri ilə görüşlərin ənənəsini yaratmış, mətbuatla bağlı ortaya çıxan problemlərə operativ münasibətini bildirmiş, problemlərin məhz mətbuatın xeyrinə həll edilməsinin tərəfdarı olmuşdur. Məhz buna görə də Heydər Əliyev 2001-ci ildə "Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdü.

2003-cü ildən sonra ölkəmizin dinamik inkişaf mərhələsinə qədəm qoymasına nail olan Prezident İlham Əliyev söz və mətbuat azadlığını daim diqqət mərkəzində saxlayır. Dövlət başçısı respublikada mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə bütün imkanların yaradılmasının tərəfdarıdır. Bu dövrdə milli mətbuatımızın yaranmasının yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, yubiley münasibətilə mətbuat işçilərinin təltif edilməsi, fəxri adlar alması, habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi jurnalistlərin əməyinə verilən yüksək qiymətin göstəricisidir.

O cümlədən mətbuat işçiləri üçün dövlət hesabına yaşayış binalarının tikilməsi də mətbuat təmsilçilərinə yüksək diqqət və qayğının bariz təcəssümüdür. Xüsusi vurğulamaq lazımdır ki, jurnalistlər üçün dövlət hesabına yeni mənzillərin inşası dünya miqyasında analoqu olmayan bir addımdır.

Bu gün dünyanın çox az ölkəsində mətbu orqanın təsis edilməsi ilə bağlı Azərbaycandakı kimi liberal qaydalara rast gəlmək olar. Bunun nəticəsidir ki, son illərdə ölkədə televiziyaların, radioların, o cümlədən internet televiziyalarının, informasiya agentliklərinin, xəbər saytlarının sayı artıb. Bütövlükdə ölkədə əhalinin internetə çıxışı ən yüksək səviyyədə təşkil olunub ki, bu da söz azadlığının təmin olunmasında əsas vasitələrdən biridir. Bütün bunlar göstərir ki, Azərbaycan dövləti mətbuatın inkişafında maraqlıdır və bunun üçün bütün zəruri tədbirləri həyata keçirir. Dövlət özünün Konstitusiya prinsiplərinə sadiq qalaraq söz və məlumat azadlığının təmin edilməsi sahəsində müəyyən etdiyi siyasi xətti ardıcıl şəkildə davam etdirir. Bunu yüksək qiymətləndirən mətbuat Prezident İlham Əliyevi iki dəfə "Jurnalistlərin dostu” elan edib.

Görülmüş işlərin nəticəsi olaraq Azərbaycan hazırda beynəlxalq informasiya məkanında özünün mətbuatı, elektron və internet media vasitələri ilə daha aktiv, fəal və geniş şəkildə təmsil olunur. Söz və mətbuat azadlığının bərqərar olması, internet azadlığı və s. bu kimi faktlar Azərbaycanın demokratiya yolunun açıq olduğunu göstərir. Beləliklə, 144 yaşına çatan mətbuatımız öz milli ənənələrini rəhbər tutaraq sağlam təməllər üzərində yüksəlir, dövlətimizə və xalqımıza layiqincə xidmət edir.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video