09:23 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:59 21.10.2021

21 oktyabr


01:54 21.10.2021

BİLDİRİŞ


01:53 21.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Milli mənəviyyat etalonu - Üzeyir bəy Hacıbəyli

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
00:18 09.09.2021

 

Professor Fərəh Əliyevanın “Üzeyir Hacıbəyli Cümhuriyyət dönəmində” kitabı haqqında düşüncələr

 

Hər bir millətin milli-mənəvi dəyərlərinin miqyası, tutumu, əsasları onun mütəfəkkirlərinin, dühalarının cəmiyyətin tərəqqisinə təkan verən, təsir göstərən elmi, ədəbi, bədii irsi ilə şərtlənir. Böyük düşüncə adamlarımızın timsalında mənəviyyatımızın təməl prinsipləri eyni məcrada, aparıcı axınların suqovuşanında - Üzeyir bəy Hacıbəyli monumentallığında, sənətin ecazkar qüdrətində vəhdətini, təcəssümünü tapır. Üzeyir bəy Hacıbəylinin şəxsiyyəti və küll halında ədəbi-bədii irsi millətimizin milli mənəviyyat etalonudur.

Milli mənəviyyat mövcud siyasi sərhədlərə sığışmır, coğrafi hüdudlarla məhdudlaşmır... Milli birliyin möhkəmlənməsində, əhatə dairəsinin etibarlı zəmin müstəvisində genişlənməsində mühüm və müstəsna əhəmiyyət kəsb edir. Bu mənada Üzeyir Hacıbəylinin şəxsiyyəti, ictimai-siyasi fəaliyyəti, elmi və bədii yaradıcılığı bütöv halda parçalanmış Azərbaycan xalqının mənəviyyat pasportu, iç dünyasının hissiyyat, düşüncə və vicdan qallaktikasıdır - desək yəqin ki, yanılmarıq.

Akademik Üzeyir Hacıbəyli üç ictimai-siyasi formasiyada - Rusiya imperiyası, Azərbaycan Cümhuriyyəti və sovet rejimi mühitində yaşamış və fəaliyyət göstərmişdir. Onlardan ən qısa ömürlüsü və eyni zamanda qürur, fərəh içərisində yaşadığı, milli səadətə qovuşduğu ən unudulmaz epoxa - Azərbaycan Xalq Cümhuriyyəti dövrüdür.

Üzeyir bəy Hacıbəylinin həyat və yaradıcılığı uzun onilliklərdən bəri ədəbi tənqidin gündöyənində olsa da, onun haqqında çoxsaylı elmi-tədqiqat işləri, monoqrafiyalar yazılsa da, təəssüf ki, böyük ədibin Cümhuriyyət dövründəki fəaliyyəti yetərincə, hərtərəfli, sistemli araşdırılmamış, milli sənətkar kimi yaradıcılığı layiqincə dəyərləndirilməmişdir.

Bu baxımdan “Şöhrət” ordenli, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Fərəh xanım Əliyevanın “Üzeyir Hacıbəyli cümhuriyyət dönəmində” adlı arxiv materialları, nadir məxəzləri, naməlum faktlar əsasında araya-ərsəyə gətirdiyi tədqiqat əsərini üzeyirşünaslıq elmini zənginləşdirən sanballı monoqrafiya, dəyərli töhfə hesab etmək olar.

Əsər “1918-ci ilin acıları” adlı bölmə ilə başlayır və burada Azərbaycan ərazilərində etnik erməni-daşnak barbarlarının, bandalarının silahsız, dinc əhaliyə qarşı törətdikləri soyqırımı hadisələri, qanlı faciələr fonunda Hacıbəylilər ailəsinin və eyniadlı teatr truppasının Cənubi Azərbaycana məcburi səfəri haqqında müfəssəl araşdırma aparılmış, sənədlər, memuarlar əsasında dövrün ziddiyyətləri, ictimai-siyasi hadisələrin istiqaməti, mahiyyəti barədə mühitin mürəkkəb mənzərəsinə aydınlıq gətirilmişdir. Üzeyir bəyin “Arşın mal alan”, “Məşədi İbad”, “Əsli və Kərəm” operettalarının qüdrətli səhnə ustalarından Mirzəağa Əliyev, Hüseynqulu Sarabski, Rza Darablı, Əhməd Anatollu, Əli Anaplı, Xəlil Hüseynov, Panfiliya Tanailidi, Qurban Pirimov və başqalarının iştirakı ilə Cənubi Azərbaycanın şəhərlərində nümayiş etdirilməsi diqqətçəkən, qürurverici mədəniyyət hadisələrindəndir.

“1918-ci ilin acıları” Üzeyir bəyin ailəsi və “Hacıbəyli qardaşlarının opera və operetta truppası”nın səfərləri mart qətliamından oktyabr ayınadək davam etmiş və sonra onlar Bakıya qayıtmışlar. Müəllif Ü.Hacıbəylinin Cənubi Azərbaycanda olduğu dövrdə Bakıda “əsərlərinin icazəsiz tamaşaya qoyulduğunu, “Arşın mal alan” filminin özbaşına nümayiş etdirildiyini və “O olmasın, bu olsun” musiqili komediyasının razılıq olmadan ekranlaşdırılması cəhdlərini araşdıraraq erməni işbazlarının “xüsusi canfəşanlığı”nı dəlillərin dili ilə vurğulamışdır.

Üzeyir bəy və “Hacıbəyli qardaşlarının opera və operetta truppası” 1918-ci ilin mart soyqırımı zamanı Cənuba üz tutanda Bakı şəhəri yadellilərin işğalı altında inləyirdi, oradan vətənə qayıdanda isə müstəqil Azərbaycan Cümhuriyyətinin paytaxtına çevrilmişdi.

Üzeyir bəy Hacıbəylinin Xalq Cümhuriyyəti dövründəki fəaliyyəti monoqrafiyada ciddi və hərtərəfli tədqiq edilmiş, istiqlal epoxası haqlı olaraq böyük ədibin “həyatının daha bir unudulmaz və qaynar mərhələsi” (F.Əliyeva) adlandırılmışdır.

Hacıbəyli qardaşlarının teatr truppası 1918-ci ilin payızında teatr mövsümünə “Arşın mal alan” operettası və “O olmasın, bu olsun” musiqili komediyası ilə başladı. Professor Fərəh xanım Əliyeva qeyd edir ki, “Hacıbəyli qardaşlarının müdriyyəti” dövlət teatrında həftədə üç dəfə növbə ilə dram əsərləri, opera və operettaların nümayişini təmin edirdi.”

Yeni qurulmuş Cümhuriyyətin mədəniyyət, eyni zamanda teatr, musiqi siyasətinin müəyyənləşdirilməsində Üzeyir bəy Hacıbəylinin misilsiz xidmətləri danılmazdır. Lakin, 1919-cu ilin yanvar ayında kiçik qardaşı Ceyhun bəy Hacıbəylinin nümayəndə heyətinin tərkibində Paris Sülh Konfransına yola düşməsi ilə əlaqədar olaraq “Azərbaycan” qəzetində redaktorluq fəaliyyətinə başlaması Üzeyir bəyin yaradıcılıq istiqamətini qismən ictimai-siyasi yönə, publisistik sahəyə meyilləndirmişdir. Bu da təsadüfi deyildir. Cümhuriyyət qurucularını milli dölətçiliyin baş magistral xəttindən yayındırmağa çalışanlar, onların fəaliyyəti üzərinə kölgə salanlar, xarici siyasi qüvvələrə arxalanaraq cəmiyyəti itaətsizliyə səsləyənlər, ilk növbədə, mətbuat vasitəsilə sərt, kəskin çıxışlarla mütəşəkkil halda hücuma keçirdilər. Xalqın əsrlərdən bəri üst-üstə yığılıb qalmış problemlərindən sui-istifadə edən qaragüruha qarşı mübarizə aparan, parlaq və məntiqli çıxışları ilə müstəqilliyi, cümhuriyyəti dəstəkləyən milli qüvvələrin, dövlətçiliyə sadiq aydınların ön cərgəsində addımlayan böyük nüfuz və istedad sahiblərindən biri də Üzeyir bəy Hacıbəyli idi.

Professor F.Əliyeva doğru olaraq bu dövrdə Ü.Hacıbəylinin publisistikasına toxunaraq yazır: “Üzeyir bəy Hacıbəylinin publisistikasının əsas amalı - milli istiqlala sədaqət, mübarizlik, cəsarət və tərəqqi inancları üzərində köklənirdi. “Mühüm məsələlər”, “Partiyalarımıza”, “Təəssürat”, “İstiqlal və istiqbal ümidi”, “Tarixi günümüz”, “Vəzifəmiz nədir”, “Lənkəran faciəsi”, “Fitnələr qarşısında”, “Naxçıvan və Qarabağ”, “Qarabağ haqqında”, “İçimizdəki Denikinlər”, “Ermənistan və Azərbaycan münasibəti” və s. yazılar Üzeyir bəy Hacıbəylinin uzaqgörən siyasətçi, əqidəli publisist olduğunu bariz şəkildə göstərir”.

Monoqrafiyada cümhuriyyət dövrünün teatr və musiqi mənzərəsi yeni və zəngin faktlarla verilmiş, təhlilə cəlb edilən materiallar layiqincə dəyərləndirilmişdir. Hökumət teatrında Ü.Hacıbəylinin komediya, opera və operettaları ilə yanaşı, Qərbi Avropa və rus musiqili səhnə əsərlərinin nümayişi dövrün ziyalılarının estetik zövqü ilə yanaşı, mütəxəssis hazırlığının inkişafından da xəbər verir.

Cümhuriyyət dövrünün ən böyük musiqi hadisəsi Üzeyir bəy Hacıbəylinin bəstələdiyi və sonralar dövlət himni kimi qəbul edilən “Azərbaycan” marşıdır. Tədqiqat işində dövlət atributları sırasından milli himn müsabiqəsi üçün yazılan bu marşın yaranma tarixi araşdırılmış, qeyd edilmişdir ki, “Azərbaycan” marşı 1919-cu ilin aprel ayında hazır idi.

Üzeyir bəyin cümhuriyyət dövründə yaratdığı “Milli marş”, “Çırpınırdın Qara dəniz” mahnı-marşları, “Azərbaycan”, “Dağıstan” balet rəqsləri müasir çağımızadək müasirliyini, populyarlığını qoruyub saxlayır. Monoqrafiya müəllifinin “Azərbaycan” qəzetinə istinadən yazdığına görə “Azərbaycan” balet rəqsi “Tərəkəmə” səpkisində işlənmişdir.

Tədqiqatda cümhuriyyətin bir illiyi münasibətilə təşkil edilən bayramda Üzeyir bəyin “ümumtürk birliyinin möhtəşəm səhnəsi” kimi tərtiblədiyi kütləvi tamaşa və musiqi proqramları mətbuat materiallarında əsasən geniş yer almışdır. Monoqrafiyada xüsusi vurğulanan və milli ruhlu hər kəs üçün qürur hissi yaşadan məqamlardan biri də Paris Sülh Konfransında fəaliyyət göstərən nümayəndə heyətimiz tərəfindən Azərbaycan hökumətinə müraciət olunaraq “Qərbi Avropa xalqlarını mənəvi mədəniyyətimizin uğurları ilə tanış etmək məqsədilə” yüksəksəviyyəli repertuara malik teatr truppası göndərmək xahiş edilmişdir. Hökumət tərəfindən isə bu ideyanın gerçəkləşdirilməsi məşhur opera və operettalar müəllifi, görkəmli bəstəkar Üzeyir bəy Hacıbəyliyə həvalə olunmuşdur.

Cümhuriyyət qurucularının Azərbaycan xalqını Qərbi Avropada, eləcə də dünyada mənəvi mədəniyyət örnəkləri ilə tanıtmaq konsepsiyaları, təbliğ etmək təşəbbüsləri təqdirəlayiqdir və bu istiqamətdə Üzeyir bəy Hacıbəylinin nüfuzundan, istedadından və səriştəsindən yetərincə yararlanmaq, faydalanmaq niyyətləri həm də belə bir qənaətə gəlməyə əsas verir ki, quruculuq prosesində uğur qazanmaq üçün onlar işi əsasən işbilənə, mütəxəssisə həvalə edirmişlər. Dövlətin kadr siyasətində professionallığa, təcrübəyə, qabiliyyətə, işə yaradıcı və vicdanlı münasibətə prioritet yanaşma tərzi cəmiyyətdə sosial ədalətin təminatına güclü inam yaradan başlıca amil, danılmaz həqiqətdir.

Monoqrafiyada yer alan, diqqətçəkən faktlardan biri də Üzeyir bəy  Hacıbəylinin “Arşın mal alan” əsərinin 1919-cu ilin may ayında Hindistanın Bellari şəhərində ingilis əsirliyində olan 19 yaşlı azərbaycanlı Əliabbas Ələsgərovun təşkilatçılığı və türk əsgərlərinin iştirakı ilə tamaşaya qoyulması xəbəridir. Fərəh Əliyeva tamaşa haqqında yazır: “Musiqini hind musiqi alətlərində çalırdılar, dekorasiyalar və kostyumları da Əliabbas hindlilərin köməyi ilə hazırlamışdı. Tamaşada qadın rollarını kişilər ifa edirdilər. Nəhayət, əlamətdar gün gəlib çatdı. Tamaşadan əvvəl Əliabbas Üzeyir bəy  Hacıbəyli və əsər haqqında qısaca bir çıxış edir”. Teatrı, musiqini dərindən sevən, ərəb, fars, türk dillərində məlahətli səslə mahnılar ifa edən Əliabbas Ələsgərov bir il sonra əsirlikdən xilas olub vətənə qayıdır, ömrünün sonuna qədər Bakıda pedaqoji fəaliyyətlə məşğul olur.

Tədqiqat işinin önəmli cəhətlərindən biri də Üzeyir bəy  Hacıbəylinin musiqişünaslıq fəaliyyətinin tarixinə dəqiqlik, aydınlıq gətirilməsi məsələsidir. Xüsusilə sovet dövründə üzeyirşünaslıqla məşğul olan musiqi tədqiqatçılarının fikrincə, Ü.Hacıbəyli musiqişünaslıq elmi ilə 1920-ci ildən sonra məşğul olmağa başlamışdır. Professor F.Əliyeva isə monoqrafiyada bu problemin araşdırılmasına ciddi yanaşaraq Üzeyir bəyin 1919-cu il 28 may tarixdə Xalq Cümhuriyyətinin bir illiyinə həsr olunmuş “İstiqlal” məcmuəsində nəşr edilən “Azərbaycan türklərinin musiqisi haqqında” adlı tədqiqatını onun musiqişünaslıq sahəsində fəaliyyətinin ilk nümunələrindən hesab edir. Məqaləni geniş təhlil edən müəllif “onun (Ü.Hacıbəylinin - A.R.) elmi-nəzəri baxışlarının əsas prinsiplərinin formalaşması və inkişafına yeni tarixi məqamdan baxmağa imkan verdiyi qənaətinə gəlmişdir.

Professor F.Əliyevanın fikrincə “Hacıbəyli tərəfindən milli lad nəzəriyyəsinin işlənməsi tarixini qəbul olunmuş 1925-ci ildən deyil, xeyli əvvələ - 1910-cu illərə aid etməyə imkan və əsas verir”. Alimin elmi qənaətlərinə görə Ü.Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” əsərində təqdim olunan milli lad-məqam nəzəriyyəsi təkmilləşmə prosesinin ilki, başlanğıcı “Azərbaycan türklərinin musiqisi haqqında” adlı tədqiqatdan qaynaqlanır.

Professor Fərəh Əliyevanın “Üzeyir bəy Hacıbəyli cümhuriyyət dönəmində” adlı tədqiqat işinin yeni arxiv materialları, nadir məxəzlər və ilk qaynaqlar əsasında yazılması fikri, ənənəvi şablon düşüncələrdən çox uzaq və reallığa söykənən birmənalı həqiqətdir. Tədqiqatçının ərəb əlifbalı ilk mənbələr əsasında işlədiyini isbatlamaq üçün bir məqama diqqət yetirək. Ü.Hacıbəylinin “İstiqlal” məcmuəsində “Azərbaycan türklərinin musiqisi haqqında” adı ilə çap olunan məqalədən söz açan müəllif tədqiqat işində yazır: “Məqalənin yeddinci bölməsi işarə edilməmiş, birbaşa səkkizinci bölmə verilmişdir”. Məlumdur ki, 2014-cü ildə “İstiqlal” məcmuəsi latın və ərəb qrafikası ilə professor Ş.Hüseynovun transfoneliterasiyasında “Qanun” nəşriyyatında çap olunmuşdur. Nəşrin ərəbqrafikalı hissəsində həqiqətən yeddinci paraqraf işarələnməmiş səkkizinci paraqraf göstərilmişdir. Lakin latın qarfikası ilə yazılan hissədə isə “Xanəndəni şövqə gətirməkdə birinci vəzifə çalanındır” cümləsindən əvvəl 7 rəqəmi qoyulmuşdur. Bu xatırlatma deməyə əsas verir ki, müəllif latın qrafikalı mətn üzərində işləsəydi, ilk mənbədə mexaniki olaraq unudulan 7 rəqəminin yoxluğu diqqətini cəlb etməyəcəkdi.

Professor Fərəh xanım Əliyevanın “Üzeyir Hacıbəyli Cümhuriyyət dönəmində” adlı əsəri həcmcə yığcam olsa da, mahiyyət, məzmun etibarilə müəllifin “Üzeyir Hacıbəyli - şəxsiyyət və cəmiyyət” monoqrafiyasının davamı, elmi yeniliklərin, naməlum faktların nisbəti, yeni sənədlərin elmi dövriyyəyə buraxılması baxımından sanballı tədqiqat işi, polifonik, çoxqatlı yaradıcılıq sferasına malik, milli mənəviyyat etalonumuz Üzeyir bəy Hacıbəyli sənəti və şəxsiyyəti haqqında layiqli araşdırmadır.

 

Asif RÜSTƏMLİ,

filologiya elmləri doktoru, professor



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM