19:35 17 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Milli məfkurənin keşiyində

ANA SƏHİFƏ / SİYASƏT
02:09 18.07.2021

 

İyul ayının 22-də Azərbaycan milli mətbuatının yaranmasının 146-cı ili tamam olur. Bütün ömrünü və fəaliyyətini xalqının maariflənməsinə həsr edən Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzetinin 1875-ci ilin 22 iyul tarixdə ilk sayının işıq üzü görməsi ilə əsası qoyulan milli mətbuatımız hələ XIX əsrin sonu və XX əsrin əvvəllərində böyük inkişaf yolu keçmiş, xalqımızın milli oyanışında mühüm rol oynamışdı.

 “Əkinçi”nin cəmi 56 nömrəsi işıq üzü görmüşdü. Lakin onun təməlini qoyduğu mətbuat ənənələri daim mütərəqqi ideyaların carçısı kimi çıxış etmiş, xalqımızın ən ülvi arzularının reallaşmasına, onun müstəqillik amalının güclənməsinə öz töhfəsini vermişdi. Bütövlükdə Azərbaycan mətbuatı yarandığı dövrlərdən başlayaraq maarifpərvər ziyalılarımızın mütərəqqi ideyalarının cəmiyyətdə nüfuz qazanmasına, xalqımızın mənəvi dəyərlərinin tərəqqisinə, milli şüurunun və mədəniyyətinin formalaşmasına, sonrakı mərhələlərdə isə müstəqillik hisslərinin güclənməsinə xidmət etmişdi.

Azərbaycan xalqının 1918-ci ildə dövlət müstəqilliyinə nail olması ilə milli mətbuatımızın da inkişafında yeni mərhələ başlandı. Azərbaycan Xalq Cümhuriyyəti demokratik dəyərlər üzərində bərqərar olduğu üçün mətbuat da azad idi. Cümhuriyyətin ömrünün qısa olmasına baxmayaraq, həmin dövrdə milli mətbuatımız öz fəaliyyəti ilə müstəqilliyə layiqli töhfələr verdi, mədəni və mənəvi dəyərlərin inkişafına, milli şüurun formalaşmasına böyük xidmət göstərdi.

Sovet hakimiyyəti totalitar quruluş idi, ona görə mətbuatın müstəqilliyindən, söz azadlığından söhbət gedə bilməzdi. Sovet hakimiyyətinin ilk günündən Azərbaycanın milli mətbuatı da repressiyalara məruz qaldı. Bir çox nüfuzlu mətbu orqanın fəaliyyəti dayandırıldı, onların adlarını belə çəkmək qadağan idi. Dəyərli qələm sahibləri, jurnalistlər, ziyalılar sovet hakimiyyətinin təqiblərinə məruz qaldılar, bəziləri güllələndi, bəziləri isə sürgünə göndərildi. Milli mətbuatımız  özünün bir çox dəyərlərindən, xüsusən söz azadlığından uzaq salındı.

Bununla belə sovet dövründə mətbuat sahəsində nailiyyətlər də əldə olunmuşdu ki, onları da heç vaxt inkar etmək olmaz. Həmin dövrün ən böyük həqiqəti ondan ibarətdir ki, mətbuatımız peşəkarlıq nöqteyi-nəzərindən böyük inkişaf yolu keçməyə müvəffəq olmuşdu. Bu mərhələdə mətbuat fəaliyyətini əsasən ideoloji tələblər üzərində qursa da, qəzetlərin, jurnalların və digər çap məhsullarının sayı və tirajı çoxalmış, mətbu yolla uşaq və yeniyetmələrin, məktəblilərin maariflənməsinə diqqət artırılmışdı. Həmçinin ali məktəblərdə müsabiqə yolu ilə jurnalistika təhsilinin təməli qoyulmuşdu.  Beləliklə, sovet dövründə cəmiyyət həyatında mətbuatın və bütövlükdə kütləvi-informasiya vasitələrinin rolu kifayət qədər artmışdı.

Dövlət müstəqilliyinin 30-cu ilini yaşayan Azərbaycanda bu dövrdə bərqərar olan demokratik meyarlardan biri də söz və mətbuat azadlığıdır. Lakin müstəqilliyimizin bərpa edilməsindən sonra Azərbaycanda söz və mətbuat azadlığının formalaşma prosesi heç də rəvan olmamışdı. Yeni formalaşan mətbuat orqanları ciddi məhrumiyyətlərlə, çətinliklərlə üzləşmişdilər. Hətta  1992-ci ildə hərbi senzura adı altında mətbuat üzərində nəzarət gücləndirilmiş və AXC-Müsavat cütlüyünün birillik fəaliyyəti dövründə söz azadlığı və mətbuat sahəsində vəziyyət daha da pisləşmişdi. Həmin dövrdə nəinki hansısa jurnalistin, hətta sıravi vətəndaşın təhlükəsizliyinə də təminat yox idi. Jurnalistlər daha ağır senzura ilə üzləşir, öz fikirlərini sərbəst ifadə edə bilmirdilər. Mətbuat nümayəndələrinin ayrı-ayrı məmurlar tərəfindən döyülməsi, hakimiyyətə qarşı tənqidi yazılar dərc edən nəşrlərin bağlanması müstəqilliyimizin ilk vaxtlarının acı həqiqətləridir.

Mətbuat və söz azadlığının təmin edilməsi istiqamətində əməli işlər yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra həyata keçirildi. Məhz Ulu Öndərin sayəsində cəmiyyətin demokratik dəyərlər üzərində inkişafının nəticəsi kimi mətbuat da siyasi həmlələrdən və təzyiqlərdən xilas oldu. Demokratik dövlət quruculuğunda azad sözün rolunu həmişə yüksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərmanı ilə ölkəmizdə senzuranın birdəfəlik ləğv edilməsi KİV-in sərbəst fəaliyyəti, inkişafı və azad sözün təmin edilməsi üçün milli mətbuatımızın tarixində ən mühüm hadisə oldu.  Bu fərmanla hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün  informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam da qüvvədən düşdü.

Heydər Əliyevin mətbuatın inkişafına qayğısının nəticəsi kimi KİV-in maddi-texniki və  maliyyə bazasını möhkəmləndirmək üçün qərarlar qəbul edildi, güzəştlər tətbiq olundu. Qəzetlərin dövlət orqanlarına olan borcları donduruldu, məhkəmələr tərəfindən cərimələnmiş qəzetlər təzminat ödəməkdən azad edildilər. Söz azadlığına və müstəqil mətbuatın inkişafına əvvəlki hakimiyyətin dövründən qalmış əngəllərin, maneələrin ləğv edilməsi, KİV qanunvericiliyinin təkmilləşdirilməsi, mətbu orqanların inkişafı üçün onlara edilən çoxsaylı güzəştlərlə yanaşı, Ulu Öndər Heydər Əliyev mətbuat işçiləri ilə görüşlərin ənənəsini yaratmış, mətbuatla bağlı ortaya çıxan problemlərə operativ münasibətini bildirmiş və onların mətbuatın xeyrinə həll edilməsinin tərəfdarı olmuşdur. Məhz buna görə də Heydər Əliyev 2001-ci ildə “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdü.

2003-cü ildən sonra ölkəmizin dinamik inkişaf mərhələsinə qədəm qoymasına nail olan Prezident İlham Əliyev də söz və mətbuat azadlığını daim diqqət mərkəzində saxlayır. Azərbaycan milli mətbuatının yaranma tarixlərinin dövlət səviyyəsində qeyd edilməsi, bu münasibətlə mətbuat işçilərinin təltif edilməsi, onlara fəxri adların verilməsi, habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi jurnalistlərin əməyinə verilən yüksək qiymətin göstəricisidir. O cümlədən mətbuat işçiləri üçün dövlət hesabına yaşayış binalarının tikilməsi də mətbuata, onun təmsilçilərinə olan yüksək diqqət və qayğının bariz təcəssümüdür. Xüsusi vurğulamaq lazımdır ki, jurnalistlər üçün dövlət hesabına yeni mənzillərin inşası dünya miqyasında analoqu olmayan bir addımdır.

Nəticə etibarilə Azərbaycan mətbuatında ciddi irəliləyişlər baş verib. Dünyanın çox az sayda ölkəsində mətbu orqanın təsis edilməsi ilə bağlı Azərbaycandakı kimi liberal qaydalara rast gəlmək olar. Televiziyaların, radioların, o cümlədən internet televiziyalarının, informasiya agentliklərinin, xəbər saytlarının sayı artıb. Bu gün Azərbaycan müasir dünyanın informasiya məkanında öz mətbuatı, informasiya vasitələri ilə getdikcə daha aktiv, fəal və geniş şəkildə təmsil olunur.

Azərbaycan dövləti mətbuatımızın mütərəqqi milli və bəşəri dəyərlər əsasında inkişafında maraqlıdır və bunun üçün üzərinə düşən bütün vəzifələri yerinə yetirir, söz azadlığının möhkəmləndirilməsi, medianın inkişafı istiqamətində zəruri tədbirləri həyata keçirir.  Yaranmasının 146-cı ili tamam olan milli mətbuatımız da keyfiyyətcə yeni mərhələdə sağlam jurnalistika dəyərləri əsasında fəaliyyət göstərəcək, cəmiyyət qarşısındakı sosial məsuliyyətini unutmayacaq, daim milli məfkurəmizin keşiyində dayanacaq.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM