17 Iyul 2021 23:27
1685
PARLAMENT
A- A+

Milli Məclisin sədri “Qarabağ Ampute Futbol Klubu”nun üzvləri ilə görüşüb

 

İyulun 17-də Milli Məclisin sədri Sahibə Qafarova Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri və Vətən müharibəsində sağlamlıqlarını itirmiş qazilərdən ibarət "Qarabağ Ampute Futbol Klubu"nun üzvləri ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Sahibə Qafarova qaziləri salamlayaraq torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlıqlarını itirmiş qəhrəman insanlarımızla görüşməyin qürurverici olduğunu deyib. “Siz döyüş meydanlarında göstərdiyiniz hünəri bu gün idman meydançalarında davam etdirərək doğma Qarabağımızın adını daşıyan futbol komandası kimi beynəlxalq yarışlarda uğurlar qazanırsınız. Bu, sizin hər birinizin böyük iradə sahibi olduğunuzun sübutu, xalqımızın mübariz ruhunun yenilməzliyinin təsdiqidir", - deyə Milli Məclisin sədri qeyd edib.

Sahibə Qafarova bildirib ki, 44 günlük Vətən müharibəsində xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək, 30 illik erməni işğalına son qoyub, ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Qalib Azərbaycan əsgərlərinin şücaəti sayəsində Dağlıq Qarabağ problemi artıq tarixə qovuşub. O qeyd edib: “Təəssüf ki, müharibə itkisiz olmur. Müharibədə igid övladlarımızı itirdik, hərbçilərimiz arasında xeyli yaralananlar var. Şəhidlərimizin xatirəsini ehtiramla anırıq. Yaralananlara Allahdan şəfa, qazilərimizə möhkəm cansağlığı diləyirik”.

Milli Məclisin sədri xüsusi vurğulayıb ki, heç bir xəsarət, ağrı-acı insanlarımızı ruhdan sala bilməyib. "Qarabağ Ampute Futbol Klubu" üzvlərinin göstərdiyi nümunə buna parlaq misaldır.

S.Qafarova bu dövrdə Azərbaycan parlamentinin bölgə həqiqətlərinin, erməni vəhşiliklərinin dünya ictimaiyyətinə, milli parlamentlərə, beynəlxalq təşkilatlara çatdırılması istiqamətində gördüyü işlərdən, müharibə ərəfəsində qəbul olunmuş qanun, qərar və digər hüquqi sənədlərdən danışıb.

Tədbirdə çıxış edən "Qarabağ Ampute Futbol Klubu"nun icraçı direktoru Abbas Yusifov, komandanın kapitanı Çingiz Məmmədov, baş məşqçi Ramil Həbibov, təsisçi Cəmilə Abdullayeva klubun fəaliyyəti, futbolçuların əldə etdiyi nailiyyətlər, gələcək planları barədə ətraflı məlumat veriblər.

Parlamentin sədri klub üzvlərini düşündürən məsələlərlə maraqlanıb, onlara uğurlar diləyib.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video