19 Yanvar 2021 20:06
843
PARLAMENT
A- A+

Milli Məclisin regional məsələlər komitəsinin yaz sessiyasında ilk iclası keçirilib

 

Yanvarın 19-da Milli Məclisin regional məsələlər komitəsi yaz sessiyasında videoformatda ilk iclasını keçirib.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclasdakı bütün çıxışlarda 2020-ci ilin payız sessiyasının tariximizə qızıl hərflərlə yazılan dövrə təsadüf etdiyi vurğulanıb. Qeyd edilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər nəticəsində torpaqlarımız işğaldan azad olunub. Həmin dövrdə Milli Məclisin rəhbərliyi və deputatlar beynəlxalq ictimaiyyəti məlumatlandırmaq, Ermənistanın dinc azərbaycanlı əhaliyə qarşı hərbi təxribatları ilə bağlı həqiqətləri çatdırmaq istiqamətində fəallıq nümayiş etdiriblər. Sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində fəal çıxışlar edilib, müxtəlif ölkələrin parlamentlərinə müraciətlər ünvanlanıb.

Onlayn iclasda 2020-ci ilin payız sessiyası dövründə komitədə görülən işlərin hesabatı təqdim edilərkən bildirilib ki, ötən il dünyanı cənginə alan COVID-19 pandemiyası ilə əlaqədar olaraq komitə payız sessiyası dövründə də koronavirusa qarşı mübarizə tədbirlərini dəstəkləyib və iclasların onlayn formatda keçirilməsinə üstünlük verib. Beləliklə, hesabat dövründə regional məsələlər komitəsi 9-u onlayn olmaqla, ümumilikdə 13 iclas keçirib. İclaslarda 27 məsələ müzakirəyə çıxarılıb, 25 qanun layihəsi plenar iclaslara tövsiyə edilib və hamısı Milli Məclisdə qəbul olunub.

Hesabatda vurğulanıb ki, ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə vətəndaşların qəbulu məsələsində də onlayn və elektron müraciətlərə üstünlük verilib, ərizə və şikayətlərin araşdırılmasına, müvafiq tədbirlər görülməsinə həssaslıqla yanaşılıb.

İclasda regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov diqqətə çatdırıb ki, hesabat dövründə komitəyə 600-ə yaxın müraciət daxil olub və həll edilib. Sorğular və məktublar vaxtında cavablandırılıb. Deputatlar vətəndaşlarla, seçicilərlə iş istiqamətində fəaliyyətləri barədə komitə iclaslarında müntəzəm olaraq hesabat xarakterli məlumatlar veriblər.

2021-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planı haqqında danışan komitə sədri bildirib ki, bu sənəd həm qanun yaradıcılığını, həm də müxtəlif səpkili tədbirləri əhatə edir. Siyavuş Novruzov qeyd edib ki, yaz sessiyası dövründə şəhər, kənd və qəsəbələr üzrə Milli Bələdiyyə assosiasiyalarının rəhbərləri ilə, gənc bələdiyyə sədrləri və qadın bələdiyyə sədrləri ilə parlament dinləmələrinin keçirilməsi də məqsədəuyğundur.

İclasda çıxış edən komitə sədrinin müavini Elşən Musayev, deputatlar Tahir Rzayev, Kamran Bayramov, Aqil Məmmədov, Səttar Möhbalıyev, Cavid Osmanov payız sessiyası dövründə komitədə böyük işlərin görüldüyünü vurğulayıb, hesabat dövrünün çox məhsuldar olduğunu qeyd ediblər. Daha sonra yaz sessiyasının iş planına dair bir sıra təkliflər irəli sürülüb.

Müzakirələrin yekununda hesabat məqbul sayılıb. İş planı təkliflər nəzərə alınmaqla qəbul olunub. Komitədə baxılan məsələlər parlamentin plenar iclasına tövsiyə edilib.

İclasda komitənin üzvləri Malik Həsənov, Nizami Cəfərov, Emin Hacıyev, Məzahir Əfəndiyev, Əliabbas Salahzadə, Səbinə Xasayeva da iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video