01 Oktyabr 2011 07:10
930
Milli Məclis
A- A+

Milli Məclisin payız sessiyası öz işinə başladı

 

Sentyabrın 30-da Milli Məclisin payız sessiyası Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə işinə başladı. Parlamentin Sədri Oqtay Əsədov bildirdi ki, ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadi, siyasi, mədəni və digər sahələrdə davamlı inkişaf etmiş və beynəlxalq aləmdə layiq olduğu yeri daha da möhkəmləndirmişdir.

Milli Məclis də öz növbəsində qanun yaradıcılığı sahəsində səmərəli fəaliyyət göstərmiş, ölkəmizin qanunvericilik bazasının daha da təkmilləşdirilməsi istiqamətində böyük uğurlar qazanmışdır.  Ötən sessiya müddəti ərzində qanunverici orqan tərəfindən  13 iclas keçirilmiş, 139 qanun və qərar layihəsi qəbul edilmişdir. Milli Məclisin beynəlxalq əlaqələri daha da genişlənmişdir. Parlament nümayəndə heyəti dünyanın bir çox  ölkəsinə  səfərlər etmişdir.

Yaz və növbədənkənar sessiya dövründə parlamentin fəaliyyətini yüksək qiymətləndirən spiker Oqtay Əsədov Milli Məclisin 2011-ci il payız sessiyasının qanunverici işləri planını da deputatlara təqdim etdi.

Milli Məclisin 2011-ci il payız sessiyasının qanunvericilik işləri planına 19 məsələ daxildir. Sessiyada "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında", "Bələdiyyələrin hesabatları haqqında", "Pasiyentin hüquqları haqqında", "Mədəniyyət haqqında" və "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" qanun layihələrinin, "Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsinin və Şəhərsalma və Tikinti Məcəlləsi layihəsinin birinci oxunuşda müzakirəsi nəzərdə tutulur. Elm və təhsil sahəsini əhatə edən "Təhsil krediti haqqında", "Ali təhsil haqqında" və "Elm siyasəti haqqında" qanun layihələri (birinci oxunuş), "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanun layihəsi üçüncü oxunuşda, "Kənd təsərrüfatı kooperasiyası haqqında" və "Sosial xidmət haqqında" qanun layihələri (ikinci oxunuş) və digər məsələlər müzakirə ediləcəkdir.

Müzakirələrdən əvvəl deputatlar cari məsələlər barədə fikirlərini bildirdilər.

Deputat Siyavuş Novruzov dedi ki, yaz və növbədənkənar sessiya dövründə Milli Məclis səmərəli fəaliyyət göstərmiş, çox mühüm qanunlar qəbul etmişdir. İqtisadiyyat, sosial, təhsil, beynəlxalq münasibətlər və digər sahələrlə bağlı qəbul olunan qanunların hər biri Azərbaycan cəmiyyətinin inkişafına öz təsirini göstərəcək. Siyavuş Novruzov payız sessiyası dövründə də parlamentdə mühüm qanunların qəbul ediləcəyinə inamını ifadə etdi.

Deputat Zahid Oruc isə payız sessiyasının qanunvericilik işləri planına dair təkliflərini verdi. Deputat "İnformasiya təhlükəsizliyi haqqında" yeni qanun layihəsinin hazırlanması və "Dövlət sirri haqqında" qanuna yenidən baxılması təkliflərini irəli sürdü. O, həmçinin "Ali tibb təhsili" haqqında qanun layihəsinin hazırlanmasının ölkəmizdə bu sahənin inkişafına müsbət təsir göstərəcəyini vurğuladı.

Deputat Fazil Mustafa "Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" və "Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" qanun layihələrinin qəbul edilməsini vacib saydı. 

Deputatlardan Fuad Muradov, Hikmət Atayev, Etibar Hüseynov, Elmira Axundova və Məlahət İbrahimqızı qeyd etdilər ki,  ölkəmiz inkişafının elə bir yüksək mərhələsinə çatıb ki, buna adekvat qanunların qəbul edilməsinə ehtiyac var.

Milli Məclisin 2011-ci il payız sessiyasının qanunvericilik işlər planını təqdir edən deputat Ceyhun Osmanlı təhsil turizminin inkişafı üçün yeni qanun layihəsinin hazırlanmasının vacibliyini bildirdi. O, ölkəmizdəki  dövlət və özəl ali məktəblərin əlavə gəlir vergisindən azad olunması təklifini irəli sürdü. Deputat bildirdi ki, bu, universitetlərimizdə mövcud olan bir sıra çatışmazlıqların aradan qaldırılmasına xidmət edəcək.

Müzakirələrin sonunda deputatlar Milli Məclisin 2011-ci il payız sessiyasının qanunvericilik işləri planını təsdiq etdilər.

Daha sonra deputatlar Azərbaycanla bir sıra ölkələr arasında imzalanan sənədlərin müzakirəsinə başladılar. 

Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun məlumatından sonra Azərbaycan Respublikası və Ukrayna prezidentlərinin "Srateji tərəfdaşlıq münasibətlərinin gələcək inkişafı haqqında"  və "Azərbaycan Respublikası və Ukrayna arasında hərtərəfli əməkdaşlığa dair 2011-2015-ci illər üçün Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihələri qəbul olundu.

"Azərbaycan Respublikası və Rumıniya arasında Strateji Tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi də təsdiqləndi.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyevin təqdimatından sonra  "Azərbaycan Respublikası hökuməti və Belarus Respublikası hökuməti arasında təhsil sənədlərinin qarşılıqlı tanınması haqqında" saziş təsdiq olundu.

İclasda "Azərbaycan Respublikası hökuməti və Belarus Respublikası hökuməti arasında diplomatik nümayəndəliklərin yerləşdirilməsi üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqında" sazişin, "Azərbaycan Respublikası və İspaniya Krallığı arasında diplomatik pasportlara malik vətəndaşlar üçün qısamüddətli viza rejiminin ləğv edilməsi haqqında" sazişin, "Azərbaycan Respublikası hökuməti və Yunanıstan Respublikası hökuməti arasında dəniz nəqliyyatına dair" sazişin və "Azərbaycan Respublikası hökuməti və Birləşmiş Ərəb Əmirlikləri hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihələri təsdiq olundu.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Azərbaycan Respublikası və Çexiya Respublikası arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında" və "Azərbaycan Respublikası hökuməti və Çexiya Respublikası hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında" sazişlərin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihələrini  müzakirəyə təqdim etdi. Deputatlar məsələnin lehinə səs verdilər.

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov "Azərbaycan Respublikası hökuməti və Serbiya Respublikası hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında", "Azərbaycan Respublikası hökuməti və Serbiya Respublikası hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında", "Azərbaycan Respublikası hökuməti və Serbiya Respublikası hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında" sazişlərin və "Azərbaycan Respublikası hökuməti və Sloveniya Respublikası hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" konvensiyanın və onun protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihələri barədə məlumat verdi. Deputatlar bu qanun layihələrini də qəbul etdilər.

Milli Məclisin qısa fasilədən sonra keçirilən iclası "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" və "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihələrinin müzakirəsi ilə başladı. Layihələr barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Bildirdi ki, dəyişikliklərə əsasən lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) buna hüququ olmayan şəxslər tərəfindən təşkili və ya keçirilməsinə, bunun nəticəsində vətəndaşlara, təşkilatlara və dövlətə xeyli miqdarda ziyan vurulmasına görə qanunvericiliyə inzibati və cinayət məsuliyyətini nəzərdə tutan yeni maddələrin əlavə edilməsi təklif olunur. Eyni zamanda hər iki məcəlləyə qumar oyunlarının keçirilməsi üçün yer təşkil etməyə və ya saxlamağa, eləcə də qumar oyununda iştirak etməyə görə də cinayət və inzibati məsuliyyəti nəzərdə tutan yeni maddələrin salınması nəzərdə tutulur.

Müzakirələr zamanı Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov qanunvericiliyə bu maddələrin əlavə edilməsinin cəmiyyətdə mənəvi-əxlaqi dəyərlərin qorunması baxımından mühüm əhəmiyyət daşıdığını bildirdi. Deputatlardan  Fazil Mustafa, Çingiz Qənizadə, Leyla Abdullayeva və Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov da layihələrlə bağlı fikirlərini bölüşdülər. Yekunda hər iki qanun layihəsi təsdiq olundu.

Əli Hüseynli "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsini də müzakirəyə təqdim etdi. Qısa müzakirədən sonra daşınmaz əmlak üzərində hüquqi tənzimlənmə məsələləri ilə bağlı dəyişiklikləri nəzərdə tutan qanun layihəsi təsdiq olundu.

İclasda "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası qanununun layihəsi  də təsdiq olundu.  Dəyişikliyə əsasən "Konstitusiya Məhkəməsi haqqında"  qanunun 73.8-ci  maddəsi bu redaksiyada veriləcək: "İstefada olan Konstitusiya Məhkəməsinin hakimi fəaliyyətdə olan Konstitusiya Məhkəməsi hakiminin aylıq vəzifə maaşı məbləğində dövlət büdcəsinin vəsaiti hesabına aylıq pul təminatı alır".

İclasda İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan növbəti qanun layihəsi də müzakirə edildi. Dəyişikliklərə əsasən, Məcəlləyə 348-6-cı maddənin əlavə edilməsi təklif olundu. Bu maddəyə əsasən inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı çərçivəsində məhkəmənin tələb etdiyi sənədlərin və aktların, habelə zəruri məlumatların inzibati orqanlar tərəfindən təqdim edilməməsinə görə vəzifəli şəxslərin 800 manat miqdarında cərimə edilməsi nəzərdə tutulur. Maddənin digər bəndi inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında məhkəmə iclasının qapalı keçirildiyi hallar istisna olmaqla, hər hansı şəxsin məhkəmə zalına buraxılmamasına görə vəzifəli şəxslərin 500 manat miqdarında cəriməsini nəzərdə tutur. Qanun layihəsi təsdiq olundu.

Daha sonra Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsi barədə məlumat verdi. Layihəyə əsasən qanuna aşağıdakı məzmunda 6.3-cü maddənin əlavə edilməsi təklif olunurdu: "Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumunun 30 faizi qeydiyyat orqanı işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatı yaxşılaşdırmaq məqsədi ilə qeydiyyat orqanının xüsusi hesabına köçürülür. Qeydiyyat orqanı işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatı yaxşılaşdırmaq məqsədilə qeydiyyat orqanının xüsusi hesabına köçürülən vəsaitdən istifadə haqqında hesabatın dərc edilməsi barədə müvafiq forma, habelə həmin hesabatın dərc olunması qaydası və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir". Qısa müzakirədən sonra qanun layihəsi təsdiq edildi.

Ziyad Səmədzadə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında"  Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsini də müzakirəyə təqdim etdi. Layihə əsasən qanunun 17-ci maddəsinə edilən dəyişikliyə görə ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması, habelə vergilərin və  dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə)  görə dövlət rüsumlarının və haqqlarının ödənilməsi üçün müvafiq Post-terminallar quraşdırılmalıdır. Deputatlar layihəyə müsbət münasibət bildirdilər.

Daha sonra "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanunun layihəsi müzakirə olundu. İqtsadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, qanuna dəyişikliklər Azərbaycan Respublikasının vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı məsələləri əhatə edir. Belə ki, dəyişikliyə görə şəxsiyyət vəsiqəsi 3 iş günü müddətində verildikdə 10 manat, 3 iş günündən sonrakı müddətdə verildikdə isə 1 manat rüsumun ödənməsi nəzərdə tutulur. Digər dəyişikliyə əsasən 16 yaşına çatmamış Azərbaycan vətəndaşları bu rüsumu ödəməkdən azad olunurlar. Qanun layihəsi qəbul olundu.

Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə", "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" və "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanun layihələrini diqqətə çatdırdı. Bildirdi ki, hər bir dəyişiklik vətəndaşların sosial müdafiəsinə xidmət edir. Qısa müzakirənin yekununda hər üç qanun layihəsi təsdiq olundu.

Milli Məclisin dünənki iclasının sonunda "Goranboy rayonunun Cinli Boluslu kəndinin Boluslu kəndi adlandırılması haqqında" qanun layihəsi  müzakirəyə çıxarıldı. Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin təqdimatından sonra qanun layihəsi təsdiq olundu.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video