28 Dekabr 2013 02:12
408
PARLAMENT
A- A+

Milli Məclisin payız sessiyası başa çatdı

 

Dünən Milli Məclisin payız sessiyasının son plenar iclası keçirildi. İclasın gündəliyinə 32 məsələ daxil edilmişdi. Öncə Milli Məclisin Sədri Oqtay Əsədov deputatları 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik etdi. Sonra cari məsələlərin müzakirəsi üçün vaxt ayrıldı.

Deputat Zahid Oruc Binə ticarət mərkəzində baş verən yanğına toxunaraq İqtisadi İnkişaf Nazirliyinə müraciət etdi. Onun fikrincə, nazirlik  mövcud məsələ ilə bağlı monitorinqlər təşkil edərək əsl həqiqəti açıqlamalıdır. Zahid Oruc həmçinin ATƏT-in DTİHB-nin dəfələrlə seçkilərlə bağlı hazırladığı hesabatlara da toxundu: "Onlar hesabat hazırlayarkən ölkə daxilindəki casuslarına istinad edirlər. Tam məsuliyyətlə deyirəm ki, onlar casus şəbəkəsidir və atdıqları addım ölkəmizə təzyiq vasitəsidir. Azərbaycan dövlətini ATƏT-in Varşava bürosu ilə əməkdaşlığa son qoymağı təklif edirəm". Deputat Çingiz Qənizadə isə şəhərdəki tıxac problemindən danışdı. O, tıxac probleminin həlli üçün Bakıda yeraltı dayanacaqların tikildiyini xatırladaraq bildirdi ki, dayanacaqlarda qiymətlər çox bahadır. Buna münasibət bildirən spiker Oqtay Əsədov isə dayanacaqların idarə olunması səlahiyyətinin özəl qurumlarda olduğunu dedi.

Milli Məclisin deputatı Fəttah Heydərov, Musa Qasımlı və İlham Məmmədov 2013-cü ildə Azərbaycanın qazandığı uğurlara toxunaraq Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində ölkəmizin hərtərəfli inkişaf etdiyindən söz açdılar. Bildirildi ki, 2013-cü ildə gedən proseslər nəticəsində Azərbaycan həm siyasi, həm iqtisadi, həm də beynəlxalq arenada uğurlar qazanıb.

 

Ombudsmanın və hakimlərin maaşları qaldırıldı

 

Sonra gündəlikdə duran məsələlərin müzakirəsi başlandı. Öncə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəlikdəki 3 məsələ - "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında"  Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya Qanununun layihəsi haqqında, "Konstitusiya Məhkəməsi haqqında" qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi haqqında və "Məhkəmələr və hakimlər haqqında" qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi haqqında məlumat verdi. Dəyişikliyə əsasən, Ombudsmanın maaşı 1800 manatdan 2025 manata, Konstitusiya Məhkəməsinin sədrinin maaşı 1785 manatdan 2120 manata və Ali Məhkəmənin sədrinin maaşı 1785 manatdan 2070 manata qaldırılır.

 

Yeni şəxsiyyət vəsiqələrinin verilməsinə başlanması müddəti uzadıldı

 

İclasda "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında" Sazişin (USA-AZE-02) təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi müzakirə edildi. Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov bildirdi ki, bu saziş 10 il müddətinə imzalanıb və bu il sənədin müddəti bitdiyi üçün yenidən 5 il müddətinə artırılması təklif olunur. Deputatlar sənədə müsbət münasibət bildirdilər.

İclasda yeni şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılması müddətinin uzadılması müzakirə olundu. Layihə barədə məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, bu barədə "Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanuna dəyişiklik 2011-ci il dekabrın 30-da qəbul edilib, bu səbəbdən müddətin indi uzadılması təklif olunur. Komitə sədri dedi ki, dəyişikliyə əsasən, 2014-cü il yanvarın 1-dən etibarən Azərbaycanda Avropa standartlarına uyğun yeni şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılmalı idi: "Hazırda Daxili İşlər Nazirliyi bu məsələ üzərində işləyir. Amma bir sıra maddi və texniki problemlər olduğundan DİN qanunun 2014-cü il yanvarın 1-dən deyil, 2015-ci il dekabrın 1-də qüvvəyə minməsini təklif edib. Bəzi məsələlərin həlli üçün bu vaxtın uzadılmasına ehtiyac var". Bu məsələ ilə bağlı bir neçə qanuna dəyişiklik səsə qoyularaq qəbul edildi.

İclasda həmçinin Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli  886 nömrəli qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında qanun layihəsi də təsdiqləndi.

Sonra "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunlarda və "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirə edildi. Bildirildi ki, dəyişikliklərə görə, həbs edilən şəxs həbs yerinə gətirildikdən dərhal sonra ona tutulduğu və ya həbsə alındığı və harada saxlanıldığı barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla və ya digər vasitələrlə məlumat vermək imkanı yaradılmalıdır. Cinayət Məcəlləsinə edilən dəyişikliklərə əsasən, bilə-bilə qanunsuz həbs yerində saxlama dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu qanunlara edilən dəyişikliklərdən irəli gələrək Cinayət-Prosessual Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi.

 

Uşaq bağçaları 10 il mənfəət vergisi və sadələşdirilmiş vergi ödəməyəcəklər

 

İclasda "Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi də qəbul edilib. Qanunla körpələr evləri, körpələr evi-uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri 2014-cü il yanvarın 1-dən başlayaraq 10 il müddətinə mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azaddırlar. Milli Məclisdə həmçinin "Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında" və "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanun layihələri də qəbul edildi.

Gündəlikdəki məsələlərin müzakirəsindən sonra Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, parlamentin deputatları adından Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlanacaq.

Sonda isə Dünya Azərbaycanlılarının  Həmrəyliyi Günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti (Müraciət qəzetimizin bugünkü sayında dərc olunub) təsdiq edildi. Sonda Azərbaycan Dövlət Himni səsləndirildi və bununla da Milli Məclisin payız sessiyası başa çatdı.

 

Rəşad BAXŞƏLİYEV,

Fərman BAĞIROV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video