22 Sentyabr 2012 02:09
495
PARLAMENT
A- A+

Milli Məclisin nümayəndə heyəti Strasburqda Avropa Şurasına üzv ölkələrin parlament rəhbərlərinin konfransında iştirak edir

 

Sentyabrın 21-də Strasburqda Avropa Şurasının üzvü olan ölkələrin parlament rəhbərlərinin konfransı öz işini davam etdirmişdir. Konfransda Azərbaycanı Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərlik etdiyi parlament nümayəndə heyəti təmsil edir.

Avropa Şurası Parlament Assambleyasının sədri Jan Klod Minyon konfransda çıxış edərək hazırda dünyada gedən iqtisadi-siyasi proseslər, etnik və milli zəmində baş verən münaqişələr, həmçinin terrorçuluq və digər böhran halları ilə mübarizə yolları barədə fikirlərini bölüşmüşdür.

Konfransda təşkilatın baş katibi Yan Qladın, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Albaniya parlamentinin sədri Josefine Topallinin çıxışları olmuşdur.

Avropa İnsan Haqları Məhkəməsinin sədri Nikolas Bratse isə bu məhkəmənin gələcəyi, milli parlamentlərin rolu mövzusunda məruzə etmişdir.

Demokratiya mövzusunda aparılan müzakirələrdə Ermənistan tərəfi həmişə olduğu kimi yenə də öz təcavüzkar hərəkətləri ilə beynəlxalq ictimaiyyəti çaşdırmağa hədəflənmiş mövqe nümayiş etdirmişdir. Avropa Şurası Parlament Assambleyasının sədri Jan Klod Minyonun konfransdan əvvəl tərəflərə müraciət edərək bu beynəlxalq tədbirdə qarşılıqlı ittihamların səsləndirilməməsi xahişinə əvvəlcə "hə" deyən, sonra isə onu pozan Ermənistan parlamentinin spikeri Hovik Abrahamyan Azərbaycan ordusunun zabiti Ramil Səfərovun əfvi məsələsini gündəmə gətirmişdir. H.Abrahamyan Azərbaycan Prezidenti İlham Əliyevin saytında Ramil Səfərovun əfvi ilə bağlı məlumat yerləşdirildiyini və saytda xalqımızın bunu təqdir etdiyini  bildirən məktubların əks olunduğunu demişdir.

Erməni spiker cavabsız qalmamışdır. Azərbaycan parlamentinin Sədri Oqtay Əsədov gündəlikdəki mövzu barədə fikirlərini bildirdikdən sonra erməni parlamentinin rəhbərinin qaldırdığı Ramil Səfərovun əfvi məsələsinə də toxunmuşdur. Sədr bildirmişdir ki, o əslində bu məsələyə toxunmaq istəmirdi. Lakin Ermənistan parlamentinin sədrinin uydurma ittihamları onu bu məsələ üzərində dayanmağa məcbur etdi. 

 O.Əsədov Hovik Abrahamyanın ittihamlarının bütövlükdə yalan olduğunu avropalı həmkarlarının diqqətinə çatdırmış və xüsusi  vurğulamışdır ki, bu əfv Avropa Konvensiyasına, beynəlxalq və milli hüququn bütün norma və prinsiplərinə əsasən tətbiq olunmuşdur. O.Əsədov demişdir: "Təəssüflər olsun ki, bu məsələni şişirtməklə həm Ermənistan, həm onun lobbisi, həm də onun havadarları status-kvonu saxlamaq niyyətindədirlər. Ancaq mən bildirmək istəyirəm ki, status-kvo qəbuledilməzdir. Ramil Səfərov məsələsinin şişirdilməsi münaqişənin həllini daha da müşkül vəziyyətə sala bilər. Mən çox şadam ki, Azərbaycan Prezidentinin saytını bunlar çox diqqətlə izləyirlər. Ancaq yaxşı olardı ki, onlar öz prezidentlərinin saytına baxsınlar. Öz prezidentlərinin verdiyi müsahibələrə baxsınlar ki, Ermənistan prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Xocalı soyqırımında iştirakı ilə fəxr edir və bu insanlar indi bizə demokratiya dərsi vermək istəyirlər. Mən çox təəssüf edirəm".

Milli Məclisin Sədri Oqtay Əsədov, həmçinin Avropa Şurası Parlament Assambleyasının sədri Jan Klod Minyonla görüşmüşdür. Görüşdə ölkəmizlə bu qurumun münasibətləri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyəti və əməkdaşlığın  perspektivləri müzakirə edilmişdir.

Azərbaycan parlamentinin Sədri Oqtay Əsədovun ATƏT Parlament Assambleyasının rəhbəri Rikardo Miqlioru ilə də görüşü olmuşdur. Görüşdə Assambleya rəhbəri təşkilatla Azərbaycanın əlaqələrini yüksək qiymətləndirdiyini bildirmişdir. Assambleyada ölkəmizin nümayəndə heyətinin daim yüksək səviyyədə iştirak etdiyi vurğulanmışdır. R.Miqlioru ATƏT-in Minsk qrupunun fəaliyyətinin qənaətbəxş olmadığını demişdir. O, ölkəsində Azərbaycana, Prezident İlham Əliyevin siyasi kursuna böyük rəğbət bəslənildiyini bildirmişdir. Oqtay Əsədov ATƏT Parlament Assambleyasının rəhbərinə səmərəli fəaliyyətinə, bir çox məsələlərdə tutduğu prinsipial mövqeyə və ölkəmizə qarşı xoş münasibətinə görə minnətdarlığını bildirmişdir.

Strasburqa səfəri çərçivəsində Azərbaycan parlament nümayəndə heyətinin Moldova parlament nümayəndə heyəti ilə də görüşü keçirilmişdir. O.Əsədov və moldovalı həmkarı Marian Lupu istər ikitərəfli, istər beynəlxalq təşkilatlar, istərsə də GUAM çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etmişlər.

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

 

Strasburq

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video