25 May 2021 21:13
1009
PARLAMENT
A- A+

Milli Məclisin növbəti plenar iclası keçirilib

 

Mayın 25-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə 18 məsələdən ibarət gündəlik təsdiqlənib.

Cari məsələlərin müzakirəsində deputatlar Anar İsgəndərov, Elman Nəsirov, Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Razi Nurullayev, İqbal Məmmədov, Əli Məsimli, Rauf Əliyev, Ceyhun Məmmədov, Sahib Alıyev, Zahid Oruc, Səttar Möhbalıyev seçicilərinin və seçildikləri rayonun problemləri ilə bağlı bir sıra məsələləri gündəmə gətiriblər, təkliflərini bildiriblər. Antiazərbaycan mövqeyində dayanan bəzi dairələrin xarici ölkələrdə apardıqları əks-təbliğata diqqət yönəldərək bu kimi hallara qarşı mübarizənin gücləndirilməsi vacibliyindən danışıblar.

Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıb. Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, gündəliyin birinci məsələsi Azərbaycan xalqının milli-mədəni və mənəvi varlığının rəmzlərindən biri olan Şuşa şəhəri haqqındadır. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev may ayının 7-də Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Sərəncam imzalayıb. Bu sənəd Şuşa şəhərinin nəinki ölkəmizin və regionun, həm də dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi ilə bağlı dövlət başçısının qarşıya qoyduğu hədəfin əldə edilməsi yolunda ilk addım olub. Bu istiqamətdə həyata keçirilən fəaliyyətin institusional əsaslarını möhkəmləndirmək məqsədi ilə Azərbaycan Prezidenti “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsini Milli Məclisə təqdim edib. Bu gün biz həmin qanun layihəsini birinci oxunuşda müzakirə edəcəyik”.

Plenar iclasda “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanun layihəsini (birinci oxunuş) təqdim edən Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva vurğulayıb ki, 2020-ci il Azərbaycan xalqı üçün tarixi ədalətin bərpa olunduğu Zəfər, Qələbə və qürur ili kimi tarixin qızıl səhifəsinə yazıldı. Bu Qələbədə Ulu Öndərin vəsiyyətini sədaqətlə yerinə yetirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Ordumuzun müstəsna xidmətləri Azərbaycan xalqının 30 illik həsrətinə son qoydu.

Təqdimatında tarixi məqamlara da toxunan komitə sədri 1977-ci ildə ümummilli liderin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edildiyini xatırladıb. Ermənistanın təcavüzkarlığı nəticəsində işğal dövründə xalqımızın Şuşadakı tarixi-mədəni irsinin sıradan çıxarıldığını bildirib. Qeyd edib ki, Şuşa işğaldan azad olunduqdan sonra ən qısa müddətdə şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin inventarizasiyası aparılıb, bərpa işlərinə başlanılıb.

Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında parlamentə ünvanladığı qanun layihəsini dövlət-xalq birliyinin təntənəsindən qaynaqlanan fundamental hüquqi sənəd kimi dəyərləndirən Qənirə Paşayeva bildirib ki, bu qanun Şuşa şəhərində tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun davamlı inkişafına da münbit şərait yaradacaq.

Deputatların nəzərinə çatdırılıb ki, bu sənəd 4 komitənin birgə iclasında əlaqədar dövlət orqanları rəhbərlərinin və publik hüquqi şəxslərin iştirakı ilə geniş müzakirə olunub və yüksək qiymətləndirilib. Layihəyə əsasən, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılır. Qanun layihəsi Şuşa şəhərində dövlət siyasətinin əsas istiqamətlərini; Şuşa ərazisində və onun mühafizə zonasında hüquqi tənzimləməni; abidələrin bərpası, qorunması, öyrənilməsi, istifadəsi və təbliğini; ətraf mühitin mühafizəsini; Şuşa ərazisində tikinti, memarlıq və şəhərsalma fəaliyyətini; nəqliyyatın təşkilini; sahibkarlıq, reklam, turizm kimi fəaliyyətləri; həmçinin Şuşada beynəlxalq səviyyəli tədbirlərin keçirilməsini və digər bir sıra mühüm məsələləri tənzimləyəcək.

Məlumat dinlənildikdən sonra Milli Məclisdə müzakirələr başlanıb. Deputatlar Mahir Abbaszadə, Azay Quliyev, Tural Gəncəliyev, Azər Badamov, Fazil Mustafa, Erkin Qədirli, Nigar Arpadarai, Musa Quliyev, Siyavuş Novruzov rəy və təkliflərini bildiriblər. Çıxışlarda Şuşanın işğaldan azad edilməsinin Azərbaycan xalqı üçün tarixi, siyasi, mənəvi əhəmiyyəti xüsusi vurğulanıb. Mədəni irs baxımından bu qədim şəhərin inkişaf tarixinə, Azərbaycanın siyasi və mədəni həyatında oynadığı rola nəzər salınıb. Deputatlar qanun layihəsini Azərbaycan parlamentarizmi tarixində çox mühüm sənəd yüksək dəyərləndiriblər. Layihənin konseptual baxımdan mükəmməl hazırlandığı bildirilib. Bir sıra təkliflər irəli sürülüb.

İclasda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deputatların çıxışlarında səslənən bəzi məsələlərə aydınlıq gətirib.

Fikir mübadiləsinin yekununda sənəd səsə qoyulub və “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.

İclasda “Azərbaycan Respublikasının Bosniya və Herseqovinada (Sarayevo şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi barədə məlumat verən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, səfirliyin açılması ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrini yeni müstəviyə yüksəldəcək.

Qanun layihəsi səsə qoyulub və qəbul edilib.

Sonra Milli Məclisdə üçüncü oxunuşda müzakirəyə çıxarılmış 5 qanun layihəsinə baxılıb. Məsələlər barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimlinin, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayevin məlumatları dinlənilib.

Səsvermə zamanı deputatlar “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” 2008-ci il 1 fevral tarixli Qanunda dəyişiklik edilməsi haqqında; “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə; Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında; Mülki Məcəllədə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “İpoteka haqqında” qanunlarda dəyişiklik edilməsi barədə və “Baytarlıq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrini üçüncü oxunuşda qəbul ediblər.

Plenar iclasa ikinci oxunuşda təqdim olunmuş növbəti 9 qanun layihəsi bu oxunuşun prosedur qaydalarına müvafiq qaydada müzakirə edilərək səsə qoyulub.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Mülki Məcəllədə və “Sığorta fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) sığorta agentlərinin statusunu müəyyən edir.

Deputatlar qanun layihəsinə ikinci oxunuşda müsbət münasibət bildiriblər.

“Dövlət satınalmaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qeyd edib ki, bu qanun satınalma prosedurlarında vaxt müddətlərinin dəqiqləşdirilməsini, icra proseslərinin daha şəffaf olmasını, eyni zamanda, kodirovka sorğusunun tamamilə elektronlaşdırılmasını özündə ehtiva edir.

İclasda deputat Bəxtiyar Sadıqovun fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyulub və ikinci oxunuşda qəbul edilib.

Gündəlikdəki növbəti məsələni şərh edən Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi “Dövlət satınalmaları haqqında” Qanuna uyğunlaşdırma xarakteri daşıyır və bu sahədə qanunvericiliyin pozulması halları ilə əlaqədar olaraq layihədə sanksiyalar iki dəfə artırılır.

Səsvermə zamanı deputatlar qanun layihəsinin ikinci oxunuşda qəbul edilməsini məqsədəuyğun sayıblar.

“Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov təqdim edib. Layihə səsə qoyulub və ikinci oxunuşda qəbul edilib.

Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Parlament bu qanunu da ikinci oxunuşda dəstəkləyib.

Gündəliyin 13-cü və 14-cü məsələləri mahiyyətcə bir-birinə yaxın olduğundan hər iki məsələ barədə Əmək və sosial siyasət komitəsinin üzvü Arzu Nağıyevin məlumatı dinlənilib. Deputatların nəzərinə çatdırılıb ki, dəyişikliklər Vətən Müharibəsi Qəhrəmanı adı verilmiş şəxslər üçün nəzərdə tutulmuş imtiyazlarla bağlıdır.

Milli Məclis Əmək Məcəlləsində və Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini ikinci oxunuşda dəstəkləyib.

Daha sonra “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə, 1994-cü il 23 sentyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə, 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də, “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Gənclər siyasəti haqqında” və “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) səsə qoyulub və ikinci oxunuşda qəbul edilib.

“Məşğulluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə məsələni (ikinci oxunuş) təqdim edən Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib ki, dəyişikliyin mahiyyəti özünüməşğulluğun təşkil olunmasında nəzarətin və şəffaflığın artırılması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsindən ibarətdir. Səsvermədə deputatlar bu sənədi də ikinci oxunuşda dəstəkləyiblər.

“Torpaq Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Antiinhisar fəaliyyəti haqqında”, “Enerji resurslarından istifadə haqqında”, “Yerin təki haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edən (ikinci oxunuş) Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib ki, deputatlar bu qanunlara edilən dəyişikliyə birinci oxunuşda müsbət münasibət bildiriblər, heç bir irad olmayıb. Qanun layihəsi iclasda ikinci oxunuşda da razılıqla qarşılanıb.

Milli Məclisin plenar iclasında birinci oxunuşda təqdim olunmuş 2 qanun layihəsi də ətraflı müzakirə olunub.

Əvvəlcə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanun layihəsi (birinci oxunuş) barədə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun şərhi dinlənilib. Müasir dünyada bərpa olunan enerji mənbələrinin böyük rolundan söz açan komitə sədri bildirib ki, Energetika Nazirliyinin təqdim etdiyi bu qanun layihəsi beynəlxalq təcrübəyə istinadən, beynəlxalq maliyyə qurumlarının, Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadəyə investisiya qoymağa maraqlı olan beynəlxalq şirkətlərin və qeyri-hökumət təşkilatlarının rəy və təklifləri öyrənilməklə hazırlanıb.

Deputatların nəzərinə çatdırılıb ki, 5 fəsil 20 maddədən ibarət olan bu qanunun qəbulu ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində mühüm nəticələrin əldə edilməsinə, investisiyaların cəlbinə, ənənəvi enerji resurslarına qənaət olunmasına, nəticədə ixrac potensialımızın artırılmasına, ətraf mühitə atılan tullantıların azaldılmasına, dövlət vəsaitlərinə qənaət edilməsinə, yeni iş yerlərinin açılmasına imkan yaradacaq.

Müzakirələrdə deputatlar Musa Quliyev, Eldar Quliyev, Asim Mollazadə, İltizam Yusifov, Razi Nurullayev, Fazil Mustafa, Məşhur Məmmədov rəy və təkliflərini bildiriblər. Sadiq Qurbanov deputatları maraqlandıran sualları cavablandırandan sonra layihə səsə qoyulub və birinci oxunuşda qəbul edilib.

İclasın yekununda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) məlumat verib. Bildirib ki, bu qanunun məqsədi dövlət qulluğu sistemində idarəetmənin təkmilləşdirilməsi və dövlət qulluğuna qəbulun optimallaşdırılmasıdır.

Layihə barədə ətraflı şərh dinlənildikdən sonra müzakirələr aparılıb. Deputatlar Etibar Əliyev, Fatma Yıldırım, Ceyhun Məmmədov, Əziz Ələkbərov, Sahib Alıyev, Tural Gəncəliyev irad və təkliflərini bildiriblər. Kamal Cəfərov deputat həmkarlarını maraqlandıran məsələlərə aydınlıq gətirdikdən sonra layihə səsə qoyulub və birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin iclası başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video