17 Sentyabr 2020 11:51
1195
PARLAMENT
A- A+

Milli Məclisin İnsan hüquqları komitəsi payız sessiyası üçün iş planını təqdim edib


Sentyabrın 17-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Komitə sədri Zahid Oruc iclası açaraq yeni sessiya münasibətilə deputatları təbrik edib, onlara gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Bildirilib ki, gündəliyə komitənin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabat, 2020-ci ilin payız sessiyası üçün iş planının layihəsi, "Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş) daxil edilib.

Komitə sədri bildirib ki, cari ilin mart ayından dünyada pandemiya elan edilib. Bu səbəbdən Milli Məclis, o cümlədən komitələr öz fəaliyyətini qeyri-standart şəraitdə davam etdirib.

Z.Oruc qeyd edib ki, 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində İnsan hüquqları komitəsinin 7 iclası keçirilib, 14 məsələ müzakirə olunub. Komitə tərəfindən 7 qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə edilib və parlament tərəfindən qəbul olunub. Bu müddətdə müxtəlif mövzularda dinləmələr təşkil edilib, insan haqları üzrə QHT-lərlə görüşlər keçirilib, bir sıra vacib məsələlər müzakirə olunub. "Eyni zamanda, iyulun 12-də Ermənistanın Azərbaycanın Tovuz rayonu ərazisində ölkəmizə təcavüzü və bu aktın beynəlxalq məkanda qiymətləndirilməsi ilə bağlı komitə öz üzərinə düşən işləri yerinə yetirməyə çalışıb. Bununla əlaqədar 50-dən artıq ölkənin parlamentlərinə müraciətlər göndərdik. İnsan haqları ilə bağlı istər ABŞ Dövlət Departamenti, istərsə də digər qurumlar çərçivəsində müxtəlif subyektiv fikirlərə qarşılıq olaraq məsələnin obyektivliyini şərh edən sənədləri göndərməyə çalışdıq”, - deyə komitə sədri bildirib.

O diqqətə çatdırıb ki, sessiya dövründə komitəyə 204 sənəd daxil olub. Komitənin rəhbərliyi tərəfindən 117 vətəndaşın onlayn qaydada qəbulu keçirilib. Layihə və ərizələrin baxılması üçün komitə adından müxtəlif ünvanlara 105 məktub göndərilib.

Milli Məclisin fəaliyyəti ilə bağlı fikirlər səsləndirən Zahid Oruc bildirib ki, pandemiya dövründə parlamentdə iş zamanın çağırışlarına uyğun qurulub. Spiker Sahibə Qafarovanın rəhbərliyi ilə bu sahədə böyük dəyişikliklər baş verib. Onlayn platformalarda fəaliyyətin təşkili öz müsbət nəticələrini göstərib. Bütün sənədlərin elektron dövriyyəsi təşkil olunub. Bu, sənədlərlə operativ işləməyə imkanlar yaradıb. Milli Məclisin Aparatında, İşlər idarəsində sistemlilik, intizam, işə münasibətdə çeviklik və digər müsbət keyfiyyətlər müşahidə olunub.

Sonra Zahid Oruc komitənin 2020-ci ilin payız sessiyası üçün 20 bənddən ibarət iş planının layihəsini təqdim edib. Diqqətə çatdırıb ki, sessiya ərzində Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisin deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələrinə, Azərbaycan Respublikası qanunlarına dəyişikliklər və əlavələr edilməsi haqqında və digər sənədlərə baxılması nəzərdə tutulub.

Bildirilib ki, bu müddətdə insan hüquqlarına dair qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı müvafiq qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə fikir mübadiləsinin, Milli Məclis və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında Anlaşma Memorandumundan, habelə Milli Məclislə Mətbuat Şurası arasında əməkdaşlıq haqqında Memorandumdan irəli gələn məsələlərə həsr olunmuş tədbirlərin keçirilməsi, Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş soyqırımı, təcavüz, etnik təmizləmə və digər beynəlxalq cinayətlərin cəzalandırılmasına nail olunması istiqamətində fəaliyyətin həyata keçirilməsi planlaşdırılır.

Qeyd edilib ki, iş planına İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) ilə Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti, birgə fəaliyyət formaları və istiqamətləri haqqında vaxtaşırı müzakirələrin aparılması, insan hüquqları sahəsində maarifləndirmə tədbirlərinin keçirilməsində komitə üzvlərinin iştirakının təmin olunması kimi məsələlər daxil edilib.

Eyni zamanda, komitə tərəfindən müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş ictimai dinləmənin, Ali Məhkəmə, Ədliyyə Nazirliyi, Məhkəmə Hüquq Şurası, Konstitusiya Məhkəməsi, insan hüquqları profilli QHT-lərlə görüşlərin və digər tədbirlərin keçirilməsi də nəzərdə tutulub.

Müzakirələr zamanı deputatlar Hikmət Məmmədov, Razi Nurullayev, Tahir Kərimli, Bəhruz Məhərrəmov, Naqif Həmzəyev, Elman Nəsirov, Jalə Əhmədova, Tural Gəncəliyev, Elşad Mirbəşir oğlu hesabat və iş planı barədə fikirlərini səsləndirib, bəzi təkliflər veriblər.

Komitənin 2020-ci il yaz və növbədənkənar sessiyaları ərzində fəaliyyəti müsbət qiymətləndirilib, payız sessiyasının iş planı təsdiqlənib.

Sonra iclasda "Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş) Parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin əməkdaşları Sarvan Sadıqov və Seymur Əşrəfli tərəfindən təqdim edilib.

Bildirilib ki, qanun layihəsi "Gənclər siyasəti haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2019-cu il 5 mart tarixli və "Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Uşaq hüquqları haqqında”, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, "Gənclər siyasəti haqqında”, "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, "Könüllü fəaliyyət haqqında”, "Bədən tərbiyəsi və idman haqqında”, "Reklam haqqında” və "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” 2020-ci il 8 may tarixli qanunlara uyğun olaraq hazırlanıb.

"Uşaq hüquqları haqqında” Qanuna edilən düzəlişlə bağlı bildirilib ki, sənədin 9-cu maddəsinin üçüncü hissəsi yeni redaksiyada verilib. Həmin hissədə deyilir ki, alkoqollu və energetik içkilərin, tütün məmulatlarının uşaqlara satılması, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, uşaqların əxlaqi kamilliyinə mənfi təsir göstərən gecə klublarında, barlarda, alkoqollu və energetik içkilərin, tütün məmulatlarının, toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı olan, uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən digər işlərdə uşaq əməyinin tətbiq edilməsi qadağandır.

Qeyd olunub ki, Əmək Məcəlləsində, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində də oxşar məzmunlu və dəqiqləşdirmə xarakterli düzəlişlər nəzərdə tutulur.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video