03 Iyun 2021 18:42
916
PARLAMENT
A- A+

Milli Məclisin Elm və təhsil komitəsinin onlayn formatda iclası keçirilib

 

İyunun 3-də Milli Məclisin Elm və təhsil komitəsinin onlayn formatda iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, komitə sədri Bəxtiyar Əliyev “Milli Məclisin 2021-ci ilin yaz sessiyası dövründə Elm və təhsil komitəsində görülən işlərin hesabatı”nı təqdim edib. Bildirib ki, yaz sessiyasında komitənin 8 iclası keçirilib, 15 məsələyə baxılıb, iş planında nəzərdə tutulan məsələlər həllini tapıb. Yalnız “Ali təhsil haqqında” qanun layihəsi üzərində iş davam edir və sənəd yaxın vaxtlarda yeni redaktədə komitənin müzakirəsinə çıxarılacaq.

Deputatlara məlumat verilib ki, hesabat dövründə keçirilən iclaslarda vətəndaşların konstitusion hüquqlarının qorunması, sosial vəziyyətinin yaxşılaşdırılması, təhsil imkanlarının genişləndirilməsi, həssas qruplara dövlət qayğısının gücləndirilməsi kimi məsələlər diqqət mərkəzində olub. Komitə üzvləri qanunvericilik fəaliyyəti ilə yanaşı, seçicilərlə görüşlərdə qaldırılan problemlərin həllinə də xüsusi önəm veriblər. Yaz sessiyası ərzində komitəyə daxil olan 93 müraciətə baxılıb və müvafiq tədbirlər görülüb. Pandemiya şəraitinə baxmayaraq, komitə üzvləri beynəlxalq parlament təşkilatları çərçivəsində, həmçinin parlamentlərarası əlaqələr üzrə işçi qrupları səviyyəsində keçirilən tədbirlərdə də fəal iştirak ediblər.

Onlayn iclasda aparılan fikir mübadiləsində Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı, deputatlar Anar İsgəndərov, Aqiyə Naxçıvanlı, Ceyhun Məmmədov, Etibar Əliyev, İsa Həbibbəyli hesabatı məqbul sayıblar.

Sonra iclasda “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Onkoloji yardım haqqında”, “Sosial xidmət haqqında”, “Mədəniyyət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Məşğulluq haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə olunub.

Komitə sədri bildirib ki, qanun layihəsi bütövlükdə vətəndaşların daha keyfiyyətli xidmətlərlə təmin olunmasına, dövlətin əlillərə qayğısının daha da gücləndirilməsinə yönəlib.

İclasda qanun layihəsini təqdim edən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, nəzərdə tutulan dəyişikliklər əsasən əlilliyin təyinində faiz indikatorunun tətbiqini, bu sahəyə dair qabaqcıl beynəlxalq təcrübənin və standartların milli qanunvericilikdə təsbit olunmasını ehtiva edir.

Müzakirə zamanı deputatlar Kamilə Əliyeva, Pərvin Kərimzadə, Etibar Əliyev, Ceyhun Məmmədov, Müşfiq Məmmədli, Şahin Seyidzadə rəy və təkliflərini bildiriblər. Yekunda sözügedən qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Onlayn iclasda, həmçinin Elm və təhsil komitəsinin üzvləri Ülviyyə Ağayeva, Tamam Cəfərova, Eldar Quliyev, Fatma Yıldırım və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video