23 Aprel 2014 01:04
513
PARLAMENT
A- A+

Milli Məclisdə üç ölkənin parlamentləri arasında əməkdaşlığa dair yeni protokol imzalandı

 

Aprelin 22-də Milli Məclisdə Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli görüşü keçirilmişdir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bu görüşün xüsusi əhəmiyyət daşıdığını bildirmişdir. Qeyd etmişdir ki, üç dost və qardaş ölkənin parlamentlərinin komitə sədrlərinin bu görüşündə regionda baş verən proseslər və qarşılıqlı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılacaqdır. S.Seyidov bu görüşün hər üç ölkə üçün tarixi toplantı olduğunu vurğulamışdı. Bir müddət əvvəl üç ölkənin xarici işlər nazirlərinin görüşdüyünü xatırladan komitə sədri bildirmişdir ki, bu toplantılar ölkələrimiz arasında sıx əməkdaşlığın  mövcudluğunun göstəricisidir.

Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin sədri Tedo Caparidze isə demişdir ki, bu toplantı dost, qardaş və mehriban qonşu olan üç ölkənin parlament nümayəndələrinin görüşüdür. T.Caparidze belə görüşlərin davamlı olaraq keçirilməsinin önəmini vurğulamışdır. O, demişdir ki, qarşıya çıxan problemlər ayrı-ayrılıqda deyil, birgə əməkdaşlıq şəraitində daha tez və səmərəli  həll olunar. Buna görə də belə görüşlər bu istiqamətdə müzakirələrin aparılması baxımından əhəmiyyətlidir. Diqqətə çatdırılmışdır ki, üç ölkənin birgə strateji əməkdaşlığı regionun inkişafı üçün çox önəmlidir. Azərbaycan bu gün regionda təhlükəsizliyin və sabitliyin, iqtisadi inkişafın əsas təminatçısıdır.

Türkiyə  Böyük  Millət  Məclisinin xarici əlaqələr komitəsinin sədri Volkan Bozkır qeyd etmişdir ki, bu gün Azərbaycan, Türkiyə və Gürcüstan arasında münasibətlər strateji xarakter daşıyır. Üç ölkənin parlament nümayəndələri arasında belə bir görüşün keçirilməsi çox faydalıdır. V.Bozkır bildirmişdir ki, Azərbaycan artıq beynəlxalq birliyin önəmli ölkələrindəndir, dünyanın əksər inkişaf etmiş ölkələrinin maraq dairəsindədir: "BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olduğu müddətdə Azərbaycan çox böyük uğurlara imza atmışdır. Həmin müddətdə bir çox önəmli məsələlərin uğurlu həllində Azərbaycan önəmli rol oynamışdır".

V.Bozkır vurğulamışdır ki, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun əsas göstəricilərindən biri də Birinci Avropa Oyunlarının məhz qardaş ölkədə keçirilməsidir. Görüşdə Milli Məclisin deputatları Azərbaycan, Türkiyə və Gürcüstan arasında geniş spektrdə əməkdaşlığın mövcud olduğunu qeyd etmiş, bu tərəfdaşlığın təməlində möhkəm dostluq və qardaşlıq əlaqələrinin durduğunu bildirmişlər.  Deputatlar bu cür önəmli görüşün keçirilməsinin davamlı xarakter alacağına əminliklərini ifadə etmişlər. Sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Görüşdə ildə iki dəfə belə toplantıların keçirilməsi barədə razılıq əldə olunmuşdur. Növbəti görüşün Gürcüstanda keçirilməsi qərara alınmışdır. Sonda hər üç ölkənin parlamentləri arasında əməkdaşlığa dair protokol imzalanmışdır.

 

R.BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video