03 Fevral 2021 19:44
1355
PARLAMENT
A- A+

Milli Məclisdə gənc ailələrlə bağlı dinləmə keçirilib

 

Fevralın 3-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə videokonfrans formatında “Gənc ailələrlə bağlı mövcud vəziyyət: imkan və çətinliklər” mövzusunda dinləmə keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Milli Məclis sədrinin müavini, gənclər və idman komitəsinin sədri Adil Əliyev, deputatlar, əlaqədar dövlət qurumlarının və gənclər təşkilatlarının təmsilçiləri, vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bu il Gənclər Gününü qalib xalq olaraq qeyd etdiyimizi vurğulayaraq deyib ki, Vətən müharibəsi günlərində Azərbaycan gəncləri səngərdə, diplomatiya müstəvisində və informasiya məkanında bütün qüvvələrini səfərbər edərək Ali Baş Komandanın rəhbərliyi altında tarixi Qələbə qazandılar, igid oğullarımız öz canları, qanları bahasına 30 illik Vətən həsrətimizə son qoydular.

Komitə sədri bildirib ki, Azərbaycan əhalisinin 23,6 faizini təşkil edən gənclərə qayğı dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasətin həyata keçirilməsi üçün müvafiq qanunvericilik bazası yaradılıb. Hazırda Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni strateji mərhələyə daxil olur. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilib. Növbəti 10 ildə ölkənin sosial-iqtisadi inkişafına dair 5 Milli Prioritet həyata keçiriləcək ki, bu da hər bir vətəndaşı əhatə edəcək. Həmin prioritetlər, xüsusilə, gənclərin inkişafına, gənc ailələrin sosial vəziyyətinin yaxşılaşmasına kömək olacaq.

Son 56 ildə qlobal miqyasda nikahların sayının 3 dəfədən çox azaldığını, boşanmaların sayının isə 3 dəfəyədək artdığını qeyd edən Hicran Hüseynova hazırda qərbdə ailə dəyərlərinin mənəvi deqradasiyaya uğradığını, övladsız ailə və birgə yaşayışa əsaslanan vətəndaş nikahlarının artdığını təhlükəli hal kimi dəyərləndirib. O, bu tendensiyanın ölkəmizə sirayət etməməsi üçün adekvat addımların atılmasının vacibliyini qeyd edib.

Komitə sədri son dövrlərdə “ailə psixoloqu” məsələsinin gündəmə gəldiyini, narkotik və psixotrop maddə istifadəçilərinin sayının gəncləşdiyini, reproduktiv sağlamlıq məsələlərinin aktuallaşdığını, erkən nikahların qarşısının alınmasının vacibliyini, məşğulluğun təmin olunması zərurətini və digər aktual məsələləri diqqətə çatdırıb. Bildirib ki, ailələrimizi qorumaq məqsədilə Milli Məclisin müvafiq komitələrində bir sıra təkliflər hazırlanır, həmçinin Ailə Məcəlləsinin və bir sıra qanunların yenidən ekspertizadan keçməsi istiqamətində iş aparılır.

Tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini, gənclər və idman komitəsinin sədri Adil Əliyev gənc ailələrlə bağlı konkret problemlərə toxunub. Sədr müavini COVID-19 pandemiyası səbəbindən ötən il dünyada boşanmaların sayının artdığını və bu halın daha çox gənc ailələrdə baş verdiyini təəssüflə qeyd edib. Bildirib ki, 2020-ci ilin may ayında ölkəmizdə 1501 boşanma halı rəsmiləşib.

O deyib ki, ailə cəmiyyətin özəyidir və dövlətin götürdüyü öhdəliklərdən biri də ailə problemlərinin həlli, sağlam ailə mühitinin yaradılmasıdır. Boşanmaların artmasına təsir edən amillər sırasında bəzi gənclərin narkotikə, alkoqol və digər zərərli vərdişlərə qurşanma məsələsinə diqqəti çəkən Adil Əliyev qeyd edib ki, bizdə “Mediasiya haqqında” Qanun qəbul olunduğuna görə, boşanmalarla əlaqədar bir sıra mübahisələrin məhkəməyə qədər həlli mümkündür. Mediasiya çərçivəsində psixoloqların və digər sosial işçilərin xidmətindən yararlanmaqla əsassız boşanmaların qarşısını almaq olar.

Gənclər və idman komitəsində həyata keçirilən və nəzərdə tutulan işlər barədə məlumat verən sədr müavini vurğulayıb ki, Vətən müharibəsində gənclərimiz döyüş meydanında böyük şücaət göstərdilər, arxa cəbhədə informasiya müharibəsində əzmkarlıq nümayiş etdirdilər. Gənc ailələrin çətinliklərinin həlli istiqamətində həyata keçirilən bütün tədbirlərlə yanaşı, gənclərimizin milli-mənəvi dəyərlərimizə uyğun tərbiyəsinə xüsusi diqqət yetirilməlidir.

Sonra dinləmədə Gənclər və idman nazirinin müavini İntiqam Babayev “Gənclər siyasətinin həyata keçirilməsində dövlətin üzərinə düşən vəzifə və öhdəliklər” mövzusunda məruzə edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva “Müasir Azərbaycan cəmiyyətində gənc ailənin statusu”ndan söhbət açıb. Gənclər Fondunun sədri Fərid Cəfərov “Azərbaycan gəncliyinin inkişafında Gənclər Fondunun rolu” barədə danışıb.

Məruzələr dinlənildikdən sonra müzakirələr aparılıb.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, “Azəri Gənclər Alyansı” İctimai Birliyinin sədri Leyla Məmmədli-Sadıqova, “Gender Hub Azerbaijan” təşkilatının sədri Məryəm Məcidova bir sıra aktual məsələlərə toxunublar, təkliflər irəli sürüblər.

Dinləmədə Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, deputatlar Tamam Cəfərova, Nigar Arpadarai və Rauf Əliyev gənc ailələrin mövcud vəziyyəti, maddi təminat məsələsi, boşanmaları doğuran səbəblər, narkomaniyaya qurşanma meyilləri, sosial şəbəkələrin zərərli tərəfləri, qərbdən ixrac olunan yad psixologiya və yad adətlərin, yad vərdişlərin Azərbaycan gənclərinə təsiri və digər vacib məqamlardan bəhs ediblər, təkliflərini diqqətə çatdırıblar.

Videokonfrans formatında keçirilən dinləmədə deputatlar Ramin Məmmədov, Sevil Mikayılova, Pərvin Kərimzadə, Sədaqət Vəliyeva, Rəşad Mahmudov və Könül Nurullayeva, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli, İnsan Alverinə qarşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyev, Maarifpərvərlik Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyasının sədri Afiq Məlikov, “Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyinin sədri Tünzalə Cavadova, “Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Fəqan Hüseynov iştirak ediblər.

Müzakirələrə yekun vuran komitə sədri Hicran Hüseynova çıxışlarda səslənmiş fikirlərə münasibət bildirib, qanunvericiliyə dair təkliflərin nəzərə alınacağını qeyd edib. Tədbir iştirakçılarına öz təkliflərini yazılı şəkildə komitəyə təqdim etmələri tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video