02 Noyabr 2013 02:11
400
PARLAMENT
A- A+

Milli Məclisdə Azərbaycan - Uruqvay əlaqələri müzakirə olunub

 

Dünən Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana səfərə gəlmiş Uruqvay parlamentinin nümayəndə heyəti ilə görüşüb.

Z.Əsgərov forum haqqında qonaqlara məlumat verərək bildirib ki, bu beynəlxalq tədbirin məhz  Azərbaycanda keçirilməsi təsadüfi xarakter daşımır. Azərbaycan öz tolerantlığı ilə bir çox dünya ölkələrinə nümunədir: "Ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar  mehribanlıq şəraitində, sərbəst şəkildə yaşayırlar. Onların dini inanclarına dövlət tərəfindən böyük hörmətlə yanaşılır. Azərbaycanda yaşayan etnik azlıqların hüquqları dövlət səviyyəsində qorunur, onların milli adət-ənənələrinin və dillərinin qorunub saxlanılması üçün tədbirlər həyata keçirilir. Bu gün Azərbaycan multikulturalizmin bərqərar olunduğu azsaylı dövlətlərdən biridir".

Görüşdə o da qeyd edilib ki, müasir Azərbaycan iqtisadi cəhətdən inkişaf edərək dünyada böyük nüfuz qazanmışdır. Lakin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğal edilməsi ölkənin ümumi inkişaf tempinə maneə törədir. BMT-nin, Avropa Şurasının, Avropa Parlamentinin Azərbaycanın zəbt olunmuş ərazilərinin azad edilməsi haqqında qətnamələrinə baxmayaraq, Ermənistan işğalçılıq siyasətindən əl çəkmək istəmir.

Z.Əsgərov Uruqvay ilə Azərbaycan arasındakı iqtisadi-siyasi əlaqələrin daha yüksək səviyyəyə çatdırılmasınının zəruriliyini vurğulayıb. Bunun hər iki dövlət üçün faydalı olacağını deyib: "Azərbaycan Uruqvay ilə enerji sahəsində də əməkdaşlıq əlaqələrini qurmaqda maraqlıdır. Azərbaycan investisiya yatırtmaq üçün çox əlverişli bir ölkədir. Hazırda Azərbaycanda  Amerika, Avropa və Asiya qitəsindəki ölkələrə məxsus böyük şirkətlər fəaliyyət göstərirlər. Uruqvay şirkətlərinin də bu sırada yer almasını arzu edirik".

Z.Əsgərov yaxın gələcəkdə hökumətlərarası komissiyanın yaradılması və Bakıda Uruqvayın səfirliyinin açılması təklifini irəli sürüb.

Uruqvay parlamentinin nümayəndə heyətinin rəhbəri Doren Xavyer İbara səmimi görüşə görə təşəkkürünü bildirib. Qeyd edib ki, səfər müddətində Azərbaycanın həqiqətən də tolerant ölkə olduğunu müşahidə etmişdir. İnsanların qonaqpərvərliyi onda olduqca xoş təəssüratlar yaratmışdır: "Uruqvay  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını istəyir. Buna görə də Uruqvay beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın təmsilçiləri ilə yaxından əməkdaşlıq edərək ədalətli mövqeni müdafiə edəcəkdir".

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

E.MƏNSİMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video