24 Oktyabr 2012 12:10
281
PARLAMENT
A- A+

Milli Məclis «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edəcək

 

Dünən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi. İclasın gündəliyinə "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunda, "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" və "Azərbaycan  Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihələri daxil edilmişdi.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, adları çəkilən qanunlara dəyişikliklər komitənin üzvü Rafael Cəbrayılov tərəfindən hazırlanıb. Onun sözlərinə görə, yeni dəyişiklikləri dəqiqləşdirmələr də adlandırmaq olar.

Sonra layihələrdə nəzərdə tutulan dəyişikliklərlə bağlı R.Cəbrayılov geniş məlumat verdi. Deputat bildirdi ki, qanuna əlavə və dəyişikliklərin olması normal olaraq təbii prosesdir. "Sərbəst toplaşmaq azadlığı haqqında" qanun 1998-ci ildə qəbul olunub və bu gün inkişaf etmiş Azərbaycan dövlətində həmin sənədə dəyişiklik edilməsinin vaxtı çatıb. Onun sözlərinə görə, həmin qanundakı bəzi müddəalar köhnəlib. Deputat öncə "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna dəyişikliklər edilməsi barədə layihəni təqdim etdi. R.Cəbrayılov qeyd etdi ki, adıçəkilən sənədə edilən ilk dəyişiklik qanunun 5-ci və 6-cı maddələri ilə bağlıdır. Qanunun 5-ci maddəsi "Toplantının keçirilməsi barədə xəbərdarlıq" adlanır. Xəbərdarlığa əsasən, toplantıların hər hansı birini təşkil edən hər hansı şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanlarını əvvəlcədən yazılı surətdə xəbərdar etməlidirlər. Nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi və onun yeri, vaxtının, küçə yürüşünün və şəhər marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 gün əvvəl xəbərdarlıq edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi 5 gündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır. Yazılı xəbərdarlıqda keçirilməsi nəzərdə tutulmuş toplantının forması, ümumi məqsədi, toplantının keçirilmə yeri və vaxtı, iştirakçıların təxmini sayı, toplantı iştirakçılarının adı, soyadı, atasının adı və ünvanı, yazılı xəbərdarlığın edildiyi tarix göstərilməlidir. Təklif olunan yeni varianta isə toplantı təşkilatçıları barədə məlumat (fiziki şəxsin adı, soyadı, atasının adı və ünvan) daxil edilib. Layihənin 6-cı maddəsinə təklif olunan dəyişiklik isə ondan ibarətdir ki, yığıncağın, mitinqin, küçə yürüşünün və piketin təşkilatçısı, dinc toplantını təşkil edən, adı müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş yazılı xəbərdarlıqda göstərilən bir və ya bir neçə hüquqi və fiziki şəxsdir. 18 yaşına çatmamış şəxslər valideynlərinin və ya digər qanuni nümayəndələrinin yazılı razılığı olmadan dinc toplantının iştirakçısı ola bilməzlər. Deputat düşünür ki, bunlar anlaşılan dəyişikliklərdir və bu, mübahisə doğurmayan məsələdir.

Cənayət Məcəlləsinə edilən dəyişikliklərə gəlincə, deputat diqqətə çatdırdı ki, təklif edilən dəyişikliklərdə məhkumların ictimai işlərə cəlb edilməsi ilə bağlı əlavələr öz əksini tapıb. Həmin dəyişikliklərə əsasən, ictimai işlər 80 saatdan 320 saatadək müddətdə müəyyən edilir və gün ərzində 4 saatdan çox ola bilməz.

Bu cəzaya məhkum olunmuş şəxs həmin işləri yerinə yertirməkdən qərəzli boyun qaçırsa, məhkəmə ictimai işlərin çəkilməmiş hissəsini müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edə bilər. Bu zaman müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının müddəti müəyyən edilərkən məhkumun ictimai işləri yerinə yetirdiyi müddət nəzərə alınır və 12 saat ictimai işə 1 gün azadlıqdan məhrumetmə hesabı ilə hesablanır.

Dəyişikliklərə görə, eyni zamanda yetkinlik yaşına çatmayanlara aşağıdakı cəza növləri təyin edilir: cərimə, ictimai işlər, islah işləri və müəyyən müddətə azadlıqdan məhrum etmək.

Dəyişikliklərdə göstərilir ki, yetkinlik yaşına çatmayan məhkumlara islah işləri 2 aydan 1 ilədək müddətə təyin edilir.

R.Cəbrayılov onu da bildirdi ki, bu gün mövcud olan qanunvericilikdə təyin olunan cərimələrin aşağı səviyyədə olması onları ödəyənlərin maddi durumuna təsir etmir və cüzi bir cəriməni illərlə qanunsuz toplantı keçirib ödəmək olar. Ona görə də Cinayət Məcəlləsinə ediləcək dəyişiklikdə qanunvericiliklə qadağan olunmuş hallarda toplantılar təşkil etmə, keçirmə və ya belə toplantılarda iştirak etmə vətəndaşların hüquq və qanuni mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda 5000 manatdan 8000 manatadək cərimə nəzərdə tutulur (indiyədək cərimənin məbləği 300 manatadək olub). Toplantıların keçirilməsi zamanı toplantıda iştirak edənlər tərəfindən odlu və ya soyuq silah, yaxud partlayıcı maddə və qurğular, eləcə də ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə törədən sair maddə və əşyaları gəzdirənlər üçün də 5000-8000 manat cərimə nəzərdə tutulur (indiyədək bu məbləğ 100-500 manat olub). Bu cərimələrin nəzərdə tutulduğu maddənin hər iki bölümündə (169.1 və 169.2) azadlıqdan məhrumetmə ilə bağlı hissə əvvəlki kimi saxlanılır.

Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə ictimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etməyə və ya bu cür hərəkətlərdə fəal iştiraka görə 5000 manatdan 8000 manatadək cərimə nəzərdə tutulur (bu məbləğ indiyədək 500 manat olub).

"Azərbaycan  Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinə nəzərdə tutulan dəyişikliyə gəlincə isə, komitə üzvü qeyd etdi ki, sənəd üzərində iş aparılarkən dünyanın 30-a qədər ölkəsinin, bütün MDB respublikalarının analoji qanunları və təcrübəsi öyrənilib. Bu dəyişikliklər edilərkən hüquq elminin bugünkü inkişafı, onun tənzimlənmə mexanizminin müasirliyi, dəqiqliyi əsas götürülüb. Dəyişiklik isə əsasən 298-ci maddə ilə bağlıdır. Qanun layihəsinin 298-ci maddəsi "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun tələblərinin pozulmasına görə inzibati məsuliyyəti müəyyən edir. Ancaq deputat hesab edir ki, bu maddə qüsurludur. Onun sözlərinə görə, bu maddə qanunun tələblərinin pozulması ilə bağlı olan məsələləri dəqiq tənzimləmir: "Sənədi zamanın tələblərinə uyğunlaşdırmaq baxımından qanuni normanın dispozisiya hissəsiylə sanksiya hissəsi arasında disbalansın aradan qaldırılması üçün maddəni yenidən işləmək lazımdır. Artıq bu gün dünyanın hüquq elmi o səviyyəyə çatıb ki, təşkilatçı ilə iştirakçı arasında fərq qoyur. İnzibati Xətalar Məcəlləsinin 298-ci maddəsi isə təşkilatçı ilə iştirakçı arasında heç bir fərq qoymur. İştirakçının inzibati hüquqi məsuliyyətini istisna edir. Ancaq mən düşünürəm ki, bu, düzgün deyil. Avropa ölkələrinin əksəriyyətinin qanunlarında təşkilatçı ilə iştirakçı arasında məsuliyyət müəyyən olunur. Bizdə isə yalnız təşkilatçının məsuliyyəti nəzərdə tutulur. Maddənin dispozisiya hissəsi ilə sanksiya hissəsi arasında bir hüquqi disbalans var. Bu hüquqi balansın qorunmasını yalnız ictimai təhlükəlilik dərəcəsi meyarı müəyyən edir. Maddənin sanksiyası əməlin təsvir olunduğu dispozisiyadakı ictimai təhlükəlilik dərəcəsinə uyğun deyil. Sanksiya hissəsində qanunsuz toplantıların keçirilməsi ilə bağlı inzibati tənbeh tədbirləri olaraq xəbərdarlıq və 7 manatdan 13 manatadək cərimə nəzərdə tutulur. Bu, həddindən artıq cüzi məbləğdir. 7 manatla qanunu pozan şəxsin maliyyə durumuna təsir etmək olmaz. Buna görə də bu maddəni iki hissəyə böldük. İlk hissəsi qanunsuz mitinqləri keçirən təşkilatçılara, ikinci hissəsi isə iştirakçılara aiddir". Yeni dəyişikliyə görə, qanunsuz aksiya, mitinq təşkilatçısı olan fiziki şəxslər 1500 manatdan 3000 manatadək, hüquqi şəxslər isə 15 000 manatdan 30 000 manatadək miqdarda cərimə edilir. Qanunsuz mitinqdə, küçə yürüşündə iştirak edənlərə isə 500 manatdan 1000 manatadək miqdarda cərimə tətbiqi nəzərdə tutulur.

Müzakirələrdə çıxış edən deputatlar Fəzail Ağamalı, Çingiz Qənizadə, Qüdrət Həsənquliyev, Sabir Hacıyev, Rövşən Rzayev dəyişikliklərlə bağlı bir sıra təkliflər irəli sürdülər. Bildirildi ki, qanuna ediləcək dəyişikliklər vətəndaşların öz əməllərinə qarşı daha məsuliyyətli olmasına gətirib çıxaracaq.

İclasda iştirak edən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova isə bildirdi ki, 1998-ci ildə qəbul edilən "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna ötən 14 il ərzində xeyli dəyişiklik edilib. Sonuncu dəfə 2008-ci ildə bu qanuna 15-dən artıq dəyişiklik olunub. Komitə sədrinin qeyd etdiyinə görə, həmin qanuna edilən dəyişikliklərin əsas məqsədi Azərbaycan vətəndaşının sərbəst toplaşmaq azadlığını reallaşdırmaqla bağlı imkanlarını genişləndirməkdir. Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif olunan dəyişikliklər heç də hansısa qanunsuz, razılaşdırılmamış aksiyalarla bağlı deyil: "Heç də düşünməsinlər ki, hansısa piketlə əlaqədar Milli Məclis deputatları bir yerə yığışıb müvafiq qanunvericiliyə dəyişiklikləri müzakirə və qəbul edirlər. Bu, sadəcə, vətəndaşların məsuliyyətinin artırılması ilə bağlı qanunvericiliyə təklif olunan dəyişikliklərdir. Bu gün bir məsələni dərk etmək lazımdır ki, biz qanunun, hüququn aliliyi mühitində yaşamaq istəyirik. Əgər hər bir Azərbaycan vətəndaşı bunu dərk etsə, başqa məsələlərə ehtiyac qalmayacaq. Ümumiyyətlə, bu gün vətəndaşlar arasında bu məsələ ilə əlaqədar hüquqi maarifləndirməyə ehtiyac var.

Vətəndaş bilməlidir ki, qanunsuz aksiyaya çıxarsa, yaxud cəhd edərsə, onu nələr gözləyir. Odur ki, bu məsələyə diqqəti artırmaq lazımdır".

Komitə sədri Əli Hüseynli isə bildirdi ki, qanun layihələrinə edilən dəyişikliklər işçi qrupu tərkibində bir daha müzakirə olunacaq, deputatların bəzi təklifləri nəzərə alınacaq.

Sonda isə komitə üzvləri qanun layihələrinə edilən dəyişikliklərin Milli Məclisin plenar iclasına tövsiyə olunmasına müsbət münasibət bildirdilər.

 

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video