24 Oktyabr 2019 20:12
1605
Qəbullar
A- A+

Migel Diaz-Kanel: “Bizim xalqlarımız və ölkələrimiz arasında münasibətlər tarixi və ənənəvi münasibətlərdir”


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Kuba Respublikasının Prezidenti Migel Diaz-Kanel ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Prezident Migel Diaz-Kaneli qarşıladı.

Dövlət başçıları birgə foto çəkdirdilər.

Sonra Azərbaycan və Kuba prezidentlərinin görüşü oldu.

Prezident İlham ƏLİYEV dedi:

-Cənab Prezident.

Mən Sizi salamlayıram, Azərbaycan xoş gəlmisiniz. Sizin ölkənizin Qoşulmama Hərəkatının Zirvə Görüşündə ən yüksək səviyyədə təmsil olunmasına görə çox şadam. Bu, Qoşulmama Hərəkatında iştiraka Sizin verdiyiniz əhəmiyyətə dəlalət edir. Bildiyiniz kimi, sabahdan Azərbaycan bu çox mühüm beynəlxalq təsisatda sədrliyi öz zərinə götürəcək. Bizim namizədliyimizi yekdilliklə dəstəklədiklərinə görə Kubaya və digər üzv ölkələrə təşəkkürümü bildirmək istərdim. Qoşulmama Hərəkatında cəmi 8 ildən bəri üzv olan ölkə üçün bu, böyük nailiyyət, böyük şərəf və böyük məsuliyyətdir. Bu, həmçinin görüşüb ikitərəfli əməkdaşlıq məsələlərimizi müzakirə etmək üçün yaxşı imkandır.

İlk növbədə, Sizi Kuba Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə təbrik etmək və bu məsuliyyətli vəzifədə Sizə uğurlar diləmək istərdim. Əminəm ki, birgə səylərimizlə ikitərəfli münasibətlərimizi inkişaf etdirmək üçün əlimizdən gələni edəcəyik. Biz beynəlxalq məkanlarda, o cümlədən BMT-də, Qoşulmama Hərəkatında aktiv qarşılıqlı fəaliyyət göstəririk. Lakin bu gün bizim iqtisadi göstəricilərimizlə tanış oldum və əlbəttə, bu göstəricilər bizi qane edə bilməz. Fikrimcə, iki ölkə arasında əmtəə dövriyyəsini artırmaq üçün imkanlar çoxdur. Əlbəttə, humanitar sahədə, turizm, idman sahələrində əməkdaşlığı da inkişaf etdirməyi çox istəyirik. Buna görə düşünürəm ki, əlaqələrimizin gündəliyi genişlənməli, biz qarşılıqlı faydalı əməkdaşlıq formalarını axtarıb tapmağa çalışmalıyıq. Düşünürəm ki, Sizin Azərbaycana səfəriniz çərçivəsində biz qarşılıqlı fəaliyyət yollarını müəyyənləşdirəcək, əlaqələrimizin inkişafına yaxşı təkan verəcəyik. Bir daha Azərbaycana xoş gəlmisiniz.

Kuba Prezidenti Migel Diaz-KANEL dedi:

-Hörmətli Prezident Əliyev.

Sizin gözəl ölkənizdə olmaq bizim üçün çox xoşdur və bunu özümüzə böyük şərəf sayırıq. Bizə vaxt ayırdığınıza görə Sizə təşəkkürümüzü bildirmək istərdik, çünki bizi məhz buraya gəldiyimiz gün qarşılamısınız. Sizin işinizin gərgin, gündəliyinizin zəngin və geniş olduğunu bilirik. İlk növbədə, Sizi 2019-cu ildən 2022-ci ilə qədər Qoşulmama Hərəkatında sədrlik etməyiniz münasibətilə təbrik etmək istərdik.

Azərbaycan həm də dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirildiyi yerdir. Onu da qeyd etmək istərdim ki, Siz Hərəkatın sədri olduğunuz müddətdə Kubanın hərtərəfli dəstəyinə bel bağlaya bilərsiniz. Beynəlxalq gündəlik məsələsində Kuba ilə Azərbaycanın baxışları ümumidir, üst-üstə düşən məqamlar çoxdur. Bizim qarşımızda birlikdə Qoşulmama Hərəkatı çərçivəsində birliyi qoruyub saxlamaq məqsədi durur. Biz həm də bir fikri dəstəkləmək istəyirik ki, Qoşulmama Hərəkatı fikirlərin razılaşdırılması, dialoqun dəstəklənməsi üçün münasib məkan olmalıdır. Biz bilirik ki, Siz sədrliyi çox mürəkkəb siyasi şəraitdə həyata keçirəcəksiniz. Lakin biz Sizi hərtərəfli dəstəkləyəcəyik. Kuba bütün münaqişələrin sülh, dialoq və danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıdır.

Bizim xalqlarımız və ölkələrimiz arasında münasibətlər tarixi və ənənəvi münasibətlərdir. Siyasi dialoq müsbət və sabitdir. Bu münasibətlərin mənbəyi məhz Kubanın Ali Baş Komandanı Fidel Kastro Rus və Azərbaycanın ümummilli lideri Heydər Əliyev arasında yaranmış dostluqdur. Biz Bakıya gələn kimi Heydər Əliyevin xatirəsini ehtiramla yad etdik. Buna görə də Sizinlə razıyam ki, biz siyasi dialoqu dəstəkləmək və ticarət mübadiləsini yaxşılaşdırmaq üçün nə mümkündürsə edə bilərik. Siyasi dialoqla əlaqədar deyə bilərəm ki, son illərdə Xarici İşlər nazirləri arasında və başqa səviyyələrdə mübadilələr olub, digər nazirlər Azərbaycana və Sizin nazirlər Kubaya səfərlər ediblər. Mən Sizə ordu generalı Raul Kastro Rusdan salam gətirmişəm.

Kuba Prezidenti ticari-iqtisadi, səhiyyə, təhsil, elm, humanitar, mədəniyyət, biotexnologiyalar, idman sahələrində əməkdaşlıq məsələlərinə toxundu, ölkəsinin azərbaycanlı sahibkarların investisiyalarına açıq olduğunu vurğuladı. Azərbaycanda neft-qaz sahəsində əldə olunan uğurları yaxından izlədiklərini deyən Kuba dövlətinin başçısı sovet dövründə 240-dan çox kubalı mütəxəssisin məhz Bakıda təhsil aldıqlarını xatırlatdı.

Prezident İlham ƏLİYEV dedi:

-Çox sağ olun. İlk növbədə, Sizdən xahiş etmək istərdim ki, ən xoş arzularımı və səmimi salamlarımı general Raul Kastro Rusa çatdırasınız. Azərbaycan dövlətçiliyinin təməlini qoymuş Heydər Əliyevin xatirəsinə hörmətinizə görə də Sizə təşəkkür edirəm. Siz qeyd etdiyiniz kimi, sovet dövründə Heydər Əliyevlə böyük komandan Fidel Kastro Rus arasında çox səmimi, dərin hörmətə və etimada əsaslanan münasibətlər yaranmışdı. Biz də sizin ölkənizlə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqə saxlamaq əzmindəyik. Siz qeyd etdiyiniz kimi, Xarici İşlər nazirlərinin qarşılıqlı səfərləri baş tutub, bu isə siyasi əlaqələrin yüksək səviyyədə olduğunu təsdiqləyir.

Əminəm ki, Sizin səfərinizdən sonra həm bizim, həm də sizin tərəfdən ölkələrimiz arasında əmtəə dövriyyəsini artırmaq üçün qarşılıqlı iqtisadi əlaqələrin formalarını tapmaq barədə iqtisadi bloka müvafiq tapşırıqlar veriləcək. Fikrimcə, investisiya siyasəti əməkdaşlığımızın istiqamətlərindən biri ola bilər. Azərbaycan artıq bir sıra ölkələrdə iri investisiya layihələri reallaşdırıb. Bu istiqamətdə yaxşı təcrübəmiz var. İdman sahəsində əməkdaşlığı Siz də qeyd etdiniz və bizim kubalı dostlarımızın bəziləri Azərbaycan klublarının tərkibində idman yarışlarında iştirak edirlər. Səhiyyə sahəsində sizinlə əməkdaşlıq bizim üçün çox maraqlıdır. Siz bu sahədə ən yüksək dünya səviyyəli böyük nəticələr əldə etmisiniz. Bizim üçün bu sahə prioritetdir. Buna görə də düşünürəm ki, əməkdaşlıq çoxplanlı ola bilər və kadrların hazırlanmasının keyfiyyətini, müəyyən müştərək layihələrin həyata keçirilməsini də əhatə edə bilər.

Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi üzv ölkələr arasında həmrəyliyin möhkəmlənməsi üçün nə mümkündürsə edəcək. Biz Bandunq prinsiplərinə sadiqik, bu prinsiplər bizim xarici siyasətimizin əsas istiqamətləri ilə tam üst-üstə düşür. Ölkələrin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə hörmət həm Bandunq prinsiplərinin, həm də beynəlxalq hüququn əsasını təşkil edir. Əlbəttə, Azərbaycan beynəlxalq hüququn pozulmasından əziyyət çəkmiş ölkə kimi təbii ki, beynəlxalq arenada beynəlxalq hüququn aliliyinin, ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmətin tərəfdarıdır. Bizdə Qoşulmama Hərəkatının üzvü olan bütün ölkələrlə qarşılıqlı hörmətə əsaslanan çox səmərəli münasibətlər yaranıb. Bunun əyani sübutu bizim bütün 120 ölkə tərəfindən yekdilliklə Qoşulmama Hərəkatına sədr seçilməyimizdir. Həmçinin 155 ölkənin dəstəyi ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsində Qoşulmama Hərəkatının üzvləri böyük rol oynayıblar. Hərəkatda sədrlik böyük məsuliyyətdir. Mən əminəm ki, biz bu vəzifənin öhdəsindən gələcəyik və üzv ölkələrlə, o cümlədən Sizin ölkənizlə ikitərəfli əlaqələri fəal inkişaf etdirəcəyik.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video