07 May 2021 00:56
1403
CƏMİYYƏT
A- A+

Mənəviyyata qarşı teleterror

 

“Biz nə istəyiriksə, nə hazırlayırıqsa, tamaşaçı da ona baxmalıdır” iddiası ilə fəaliyyət göstərən telekanallara “Dayan!” deyən yoxdur!

 

Bütün dünyada milyardlarla insanı böyük maraq və həvəslə öz başına yığa bilən televiziyaların əsas məramı cəmiyyətin təmiz, ləkəsiz aynasına çevrilmə olmalıdır. Elə ayna ki, oraya baxan hər bir xalq, zümrə mənsub olduğu tarixini, unudulmamış mədəniyyətini, itirilməmiş mənəviyyatını, ümid verən gələcəyini görsün.

Televiziya ekranları xalqımızın ən yaxşı xüsusiyyətlərini, örnəklərini nümayiş etdirməlidir, burada dəyərlər reytinq xatirinə dəyərsizləşdirilməməlidir.

İnsanlar televiziya qarşısında düşüncələrini kütləşdirmək, biganələşmək, özgələşmək üçün deyil, daha da yetkinləşmək, doğmalaşmaq, eyni zamanda, milliləşmək üçün əyləşməlidirlər.

 

Millilikdən uzaq telekanallar

 

Sayı getdikcə artsa da, keyfiyyət göstəricisi, demək olar ki, yüksəlməyən telekanallar öz tamaşaçılarına nələri aşılaya bilirlər? Ailə dəyərlərinin deqradasiyasına yol açan verilişlərlə, insanların sosial qayğılarından təşəkkül tapan problemlərini primitiv şou formatda ortaya çıxarmaqla dəyərlərimizi heçə çevirməyimi, ucuz şou proqramlarla insanları səviyyəsizləşdirməyimi?

Hansısa həkimi və klinikanı reklam edən verilişlərlə, bəsit, bayağı əyləncə şouları ilə fəaliyyətlərini “quran” kanalların gizli və ya açıq formada verdiyi reklamlardan nə qazandığı aydındır. Bəs, tamaşaçı bundan nə qazanır?

Axı milyonlarla manat aşkar, ondan daha çox isə gizli (yəni rəsmiləşməyən) reklam gəlirləri əldə edən TV-lər özlərinin inkişafı üçün tədbirlər görmürlər. Əlbəttə, vəziyyətdən çıxış yolu olaraq xarici kanallara baxa bilərik. Amma bu halda, övladlarımızın milli ruhda yetişməsində telekanallar normal rol oynaya bilirlərmi? Onlar Azərbaycan xalqına, xüsusilə gənclərə yaxşı nə aşılaya bilərlər?

Yaxşı nələrinsə öyrədilməsi üçün telekanalların insanların şəxsi həyatından əyləncə düzəldərək onları ictimailəşdirmək əvəzinə bu tip ailə problemlərinin qarşısının alınması üçün daha məntiqli proqramlar hazırlaması, ucuz şou verilişləri daha səviyyəli proqramlarla əvəz etməsi, ciddi mövzuya həsr olunmuş diskussiyalar aparması doğru olmazmı?

 

Televiziyaların intellektual səviyyəsi də aşağıdır

 

Teletənqidçi, filologiya elmləri doktoru, Əməkdar jurnalist Qulu Məhərrəmli deyir ki, bəzi kanallarda keyfiyyətcə aşağı olan müəyyən proqramlar bağlanılıb. Amma təəssüf ki, hələ də Azərbaycan televiziyasında şou proqramlar lazımi səviyyədə hazırlanmır: “Xüsusən insan talelərinin şouya çevrilməsi, ailə-məişət məsələlərinin qabardılması, insanların neqativ əməllərinin sanki nümunəvi əməl kimi təqdim edilməsi meyilləri var. Televiziyalar pul qazanmaqla yanaşı, ictimai əxlaqı da yaddan çıxarmalı deyillər. Çünki Azərbaycan telekanallarının ən ciddi yaralarından biri şou proqramların aşağı səviyyəli, bəsit olmasıdır ki, onlar da cəmiyyətə çox mənfi mesajlar verir. Məsələn, intihar hallarının, azyaşlılarla bağlı cinayətlərin, ailədaxili problemlərin az qala bir dəyər kimi təqdim olunması biabırçılıqdır. Televiziyalar bundan çəkinməlidir”.

Teletənqidçi hesab edir ki, hazırda televiziyanın qarşısında duran ən əsas məsələ intellektual səviyyənin qaldırılmasıdır. Televiziyalar bunun üçün bəzi Avropa layihələrini çəkinmədən tətbiq etməli, maraqlı sorğu proqramları hazırlamalı, xüsusilə dövlət büdcəsindən maliyyələşən televiziyalar auditoriyanı öz ardınca aparmalıdırlar.

Qulu Məhərrəmli cox ciddi məsələlərdən biri kimi gənc aparıcıların peşəkarlıq səviyyəsinin aşağı olduğunu söyləyir: “Bəzən görürsən ki, aparıcı gözəl görünüşlüdür, yaxşı kostyum geyinib. Amma sual verəndə məlum olur ki, bu adam lazım olan hazırlıq səviyyəsi keçmədən efirə çıxıb, o, verilişin öhdəsindən gələ, sualları qoya bilmir. Mən bunu xəbər proqramlarında gedən reportyor işinə də aid edirəm”.

Müsahibimiz fikirləşir ki, Azərbaycan televiziyasının digər ən ciddi problemlərindən biri cəmiyyətdəki intellektual ziyalı təbəqəsinin görünməməsidir: “Televiziyalar müəyyən mənada vitrindir. O vitrinə ən yaxşı məhsullar qoyulmalıdır. Amma bu, bizim televiziyalarda görünmür”.

 

Jurnalist, yoxsa aktyor verilişi?

 

Media eksperti Zeynal Məmmədli hesab edir ki, Azərbaycanda əyləncə verilişləri ilə yanaşı, xəbər proqramlarının, jurnalist verilişlərinin də səviyyəsi çox aşağıdır.

Onun sözlərinə görə, Azərbaycan televiziyalarında qəribə bir tendensiya müşahidə edilir, hibrid, yəni qarışıq verilişlər hazırlanır: “Bilmirsən ki, bu, jurnalist, yoxsa aktyor verilişidir. Xəbərdən əyləncə şousunadək olan bütün elementlər bir-birinə qatılır və bəsit bir veriliş yaranır. Televiziyada aydınlatma, xəbər, maarifçi jurnalistikasına verilən tələblər başqa, əyləncə verilişlərinə qoyulan tələblər fərqlidir. Reportyorun hadisə barədə xəbər verməsi başqa məsələ, onun mahiyyətini açıqlaması bir başqa, bununla bağlı əyləncəli nəsə vermək isə tamam başqa məsələdir. Amma bizdə bunların hamısı bir-birinə qatılır. Hələ səhər proqramlarına, xəbərlərə baxın... Burada naşılıq qaynaşır”.

Mütəxəssisin qənaətincə, ciddi mövzular elə biçimdə təqdim edilə bilər ki, o, bayağı proqramlardan qat-qat üstün və baxımlı olar: “Doğru zaman, doğru mövzu, doğru adam, doğru sual tapılarsa və bunların hamısı üst-üstə düşərsə, jurnalist üzərinə düşən missiyanın öhdəsindən gələ bilər. Amma jurnalistin özü də peşəkar olmalıdır. O, məsələnin aydınlaşdırılması üçün doğru adamı tapa bilirmi?”

 

Diskussiyalarda aparıcılar qonaqlar üçün mühazirə oxuyur

 

Elə Qulu Məhərrəmli də telekanalların ən böyük problemlərindən birinin xəbər proqramlarının keyfiyyətcə çox aşağı olmasını sayır. O, xəbər proqramlarında şou elementlərinin verilməsini çox yanlış hesab edir: “Biz xəbər proqramına baxanda ölkədə nələrin baş verdiyini görürükmü? Xəbər bizdə bununla bağlı təsəvvür yaradır, ya yox? Təəssüf ki, buna həmişə müsbət cavab vermək olmur. Halbuki “Teleradio yayımı haqqında” qanunda bununla bağlı tələblər var, amma təəssüf ki, bu, televiziyalarda gözlənilmir. Televiziyalar bir çox hallarda internet kanallarına uduzurlar”.

Qulu Məhərrəmli deyir ki, Azərbaycan televiziyasında ciddi problemlərin qaldırıldığı səviyyəli tok-şouların azlığı bugünün əsas problemlərindəndir: “Bizdə millətin problemləri ilə bağlı səmimi dialoqlar aparılmır. Diskussiyalarda iştirak edən adamların hamısı elə bil ki, müəyyən qəlibə salınıb. Onların baxışı da, intonasiyası da eyni olur. Əlbəttə, bu, belə olmalı deyil. Ən ciddi problemləri xüsusi təbliğat çaları vermədən, danışanları yönəltmədən həll etmək olar. Bəzən diskussiyalarda aparıcılar dəvət olunan qonaqlar üçün mühazirə oxuyurlar ki, bu, belədir, o, belədir. Məlum olan şeyləri də elə pafosla deyirlər ki, adam buna heyrət edir - doğrudanmı diskussiyaya gələnlər belə bəsit şeyləri bilmirlər?!”

Qulu Məhərrəmli hesab edir ki, televiziyalarda diskussiya proqramlarının sayı artırılmalıdır. Lakin özəl televiziyalar diskussiya proqramlarından qaçırlar.

 

Dövlət siyasətinin xalqa çatdırılması üsulu dəyişdirilməlidir

 

Milli Məclisin deputatı Fazil Mustafanın fikrincə, televiziyalar təsadüfi adamların ekrandan cəmiyyətə siyasi, iqtisadi, məişət və mədəni sahə üzrə hansısa mesajlar verməsi meylindən uzaqlaşmalıdır. Çünki televiziya efirindən səslənən fikirlər çox vaxt dövlətin fikri kimi anlaşılmağa başlanılır.

Bu da dövlətə münasibətdə mənfi baxışların formalaşdırılmasına rəvac verə bilər: “Televiziyalarda tanınmış düşüncə adamlarının proqram aparması debatların keyfiyyətinin yüksəlməsinə imkan verə bilər. Bir çox hallarda aparıcı özü müstəqil sual verə bilmir, sualları yalnız əlinə verilmiş vərəqdən oxuyur. Bununla jurnalistika inkişaf edə bilməz. Peşəkar isə mövzuya fərqli formada yanaşa bilir və problemin üzə çıxarılması üçün danışıqlardan yeni sual çıxara, ortaya yeni yanaşma qoya bilir”.

Tamaşaçılar üçün televiziyalarda ən darıxdırıcı proqramların siyasi verilişlər olması da sirr deyil. Kanalda siyasi verilişlərin yayımlandığını görən tamaşaçıların bir çoxu avtomatik olaraq onu dəyişirlər. Niyə? Bu, özü elə sual doğurmurmu?

 

Siyasi verilişlərdən tamaşaçı niyə qaçır?

 

Fazil Mustafa bu fikirdədir ki, televiziyaların baxımlılığının artırılması üçün əsasən siyasi verilişlərin, dövlət siyasətinin xalqa çatdırılması üsulu, formatı dəyişdirilməlidir. Ənənəvi üsulla dövlət siyasətinin xalqa çatdırılması artıq keçərli deyil: “Tamaşaçı bu cür danışığı monoton üslub kimi qəbul edir. Bu üslub təsiredici gücə də sahib olmur. Kanalların siyasi verilişlərdə rəsmi üsluba üstünlük verməsi ona baxımlılığı xeyli azaldır. Belə üslubda çatdırılan məsələ effekt vermir. Bizim televiziyalarda daha çox hər şeyin doğru-düzgün olmasının təsdiqlənməsindən söhbət gedir. Bu yanaşmanı dəyişmək lazımdır”.

Deputatın qənaətincə, televiziyalarda dövlət siyasətinin təsdiqindən daha çox onun müzakirə mühitində izah edilməsinə ehtiyac var. Çünki izah nəticəsində insanlar dövlət siyasətinin düzgünlüyünə daha çox inanırlar.

Fazil Mustafa düşünür ki, siyasi verilişlərin baxımlılığını artırmaq üçün onlara hansısa səviyyəli şou elementlərinin əlavə edilməsi də mümkün ola bilər.

Deputat siyasi debatlarda fərqli mövqelərin müzakirəsinin genişləndirilməsinə də ehtiyac duyur: “İnsanların cəmiyyətin problemlərinin televiziya vasitəsilə dilə gətirildiyini görməsi onların televiziyaya marağını artıracaq. Bununla yanaşı, canlı yayım formatını genişləndirmək lazımdır. Canlı yayımın inandırıcılığı daha çox olur. Bu, daha çox siyasi ideoloji xarakterli verilişlərdə önəm daşıyır”.

Televiziya sahəsi üzrə çox geniş islahatların aparılmasını zəruri sayan Fazil Mustafa bildirir ki, televiziyaların maddi-texniki baza standartları müəyyən olunmalıdır. Bu baxımdan müəyyən standartlara cavab verməyən televiziyalarla bağlı müəyyən addımların atılması vacibdir. Televiziyaların gəlirlərinin artırılması üçün reklam bazarını genişləndirməyə imkan yaratmaq lazımdır.

Fazil Mustafa hesab edir ki, televiziyalarda hazırda sayı olduqca az olan elmi, sənədli verilişlərin sayı artırılmalıdır: “Hamı asan varianta qaçır. Müğənni dedi-qodusu, yaxud komediyalara oxşar layihələrin cəmiyyətə sırınması baş verir. Bu da izləyici auditoriyasını bayağılaşmağa məhkum edir”.

 

Xarici telebazara çıxarılası bir teleməhsul yoxdur

 

Bəzən hansısa kanalda reytinq toplaya bilməyən veriliş tam heyəti, eyni məzmunu, hətta eyni ekspertləri ilə başqa bir kanalda yayımlanmağa başlayır. Əgər bir veriliş tamaşaçı rəğbəti qazana və cəmiyyətə düzgün fikirlər ötürə bilmirsə, niyə onun digər kanalda da yayımlanmasına imkan verilir?

Bu fikirlə tam razı olan Qulu Məhərrəmli bildirir ki, belə məsələlərə görə tamaçıların arasında hətta televiziyaların hamısını bir adamın idarə etdiyini düşünənlər də var: “Çünki mövzu, ona yanaşma tərzi, verilişin iştirakçıları belə eyni olur. Bəzən bir televiziyada bağlanan veriliş başqa birində açılır. Yaxud vaxtilə qapanmış bir televiziyada olan layihə arxivdən çıxarılıb hansısa televiziyada tətbiq edilir.

Belə hesab edilir ki, şou proqramını ancaq bu adam aparmalıdır. Başqa aparıcı yetişdirmək olmazmı?! Əlbəttə ki, bu məsələlərin hamısı xeyli sual doğurur. Bu tendensiyaya yol vermək olmaz. Məsələlərin həlli ilə ciddi, peşəkar səviyyədə məşğul olmaq lazımdır ki, həm televiziyalarımızın baxımlığını artıraq, həm də insanlara estetik zövq verə bilək. Amma təəssüf ki, hələ bəlli standartlar əsasında hazırlanan, xarici telebazara çıxara biləcəyimiz bir teleməhsul görmürəm”.

 

Hədəfdə gənclərdir

 

Qulu Məhərrəmli isə digər mühüm problem kimi telekanalların gənclərə aşıladığı mənfi tendensiyaları göstərir. O, qeyd edir ki, Azərbaycan düşüncəsi üçün xarakterik olmayan mövzuların idbar şəkildə seriallarda təqdim olunması gənclərimizin mənəviyyatına çox ciddi zərbə vurur və gənclərin düşüncəsini zədələyir: “Belə seriallara adətən internetə çıxış imkanı olmayan şəxslər baxaraq oradakı aktyorları yamsılamağa çalışırlar. Bu cür seriallar təkcə gənclərin dilinə deyil, onların düşüncəsinə də təsir edir. Ona görə televiziyalarımızda gənclər üçün canlı, dinamik, diskussiya xarakterli problemlər qoyulmalı və ona uyğun müzakirələr aparılmalıdır”.

Teletənqidçi hesab edir ki, bu hallara qarşı çox barışmaz olmaq lazımdır. Onların aradan qaldırılması isə çox ciddi islahat tələb edir.

 

Tamaşaçı həqiqətənmi səviyyəsiz veriliş istəyir?

 

Bu gün efir vaxtlarını şit zarafatları, eybəcərləşdirilmiş ləhcələri ilə bəzəyən teleseriallarla, verilişlərlə dolduran kanallar onlara tutulan iradlara “Tamaşaçılar məhz bunu tələb edirlər” deyərək cavab verirlər. Tamaşaçı həqiqətənmi bunu istəyir? Bəlkə bayağı verilişləri tamaşaçı tələbi formalaşdırmır, əksinə, kanallar bayağı verilişlər təklif etməklə ümumi tamaşaçı auditoriyasının zövqünü korlamaqda israr edirlər?

Zeynal Məmmədli televiziya auditoriyasının bayağı verilişlər tələb etməsi fikrinin bu işin peşəkarı olmayanlar tərəfindən bəhanə kimi söylənildiyi qənaətindədir: “Televiziyalarda ciddi mövzuların verilməsi problemini yumşaltmaq üçün deyirlər ki, bu mövzulara baxılmır. Bəhanə edilir ki, auditoriya bunu istəyir, ona görə də əyləncəli verilişləri çox verməyə məcburuq. Televiziyalara sual verilməlidir: Sənin missiyan nədir, kütləni daha da kütləşdirməkdirmi? Televiziya menecerlərinin çoxu deyir ki, yaxşı verilişlərin, serialların olması üçün yaxşı maliyyəmiz olmalıdır. Amma bunların hamısı əsl mənada bəhanədir. Əgər problem maliyyədirsə, onda menecerlər məsələ qaldırsınlar ki, reklamdan gələn gəlirlər aşağı olduğu üçün o vəsaitlə keyfiyyətli məhsul hazırlaya bilmirik. Kiçik Estoniyada 200 milyon avroluq media-reklam bazarı var. Bəs Azərbaycanda media-reklam bazarı nə qədərdir? Bunu heç büdcədən maliyyələşən televiziyalar da deməyəcək, gizlədəcək. Halbuki bu rəqəmləri açıqlamaq onların borcudur. Reklam bazarı açıqlanarsa, biz pulla keyfiyyəti müqayisə edə bilərik”.

 

Tamaşaçı tələbatı araşdırılmır

 

Mütəxəssislərin rəylərindən məlum olur ki, səviyyəsiz verilişlərin hazırlanma zərurətini tamaşacı tələbatının olması ilə əsaslandıranlar əslində auditoriyanın onlardan nə istədiklərini belə bilmirlər.

Bu gün televiziyanın ən əsas problemlərindən biri proqramların auditoriya marağının müəyyənləşdirilmədən hazırlanmasıdir. Belə demək olar ki, televiziyalarda proqramlar “tamaşaçı nə istəyir, onu hazırlayaq” prinsipi ilə deyil, “biz nə istəyiriksə, tamaşaçı da ona baxsın” prinsipi ilə hazırlanır.

Zeynal Məmmədli də təsdiqləyir ki, Azərbaycanda tamaşaçıların daha çox hansı proqramlara ehtiyacının olduğu araşdırılmır. Amma dövlət büdcəsindən maliyyələşən televiziyalar belə araşdırmaların aparılmasını sifariş verməlidirlər: “Biz bunu görmürük. Auditoriyanın öyrənilməməsi ən əsas problemlərdəndir. Sosioloji sorğular insanlara öz fikrini bildirmək mədəniyyəti verir. Bizim də ciddi sosioloji sorğulara, mütəxəssis baxışına böyük ehtiyacımız var. Televiziyalar peşəkarcasına iş qurmaq istəyirsə, nəticələri nəzərə alaraq bunu etməlidirlər”.

 

Azərbaycan telekanalları nəyi də bilməsə, “vaxt öldürmə”ni ustalıqla bacarır

 

Zeynal Məmmədli qeyd edir ki, televiziyalar maraqlı, faydalı bir proqram verərsə, o, bəlli bir zamanda mütləq öz ünvanını tapacaq. Ekspert bu fikirdədir ki, televiziyada yeni konsepsiyanın uğur gətirib-gətirməyəcəyini 6 ay ərzində müəyyən etmək olur: “Amma mən bu konsepsiyanın qurulması üçün auditoriyanın öyrənilməsi cəhdlərini görmürəm. Əksinə, bütün televiziyalar başdan-başa hibrid proqramlara keçir, əyləndirmə onlar üçün birinci yerdə olur. Buna da əyləndirmə deyil, “vaxt öldürmə” deyərdim. Azərbaycan telekanalları ovundurma, əyləndirmə missiyasını “vaxt öldürmə” ilə əvəz edir və nəyi də bacarmasa, bunu çox ustalıqla bacarır. Amma kimin vaxtını öldürür?! Vaxt öldürəndə də auditoriyanın tərkibi dəyişir və auditoriya itirilir”.

Zeynal Məmmədli hesab edir ki, pandemiya dövrü televiziyaya baxanların sayını kəskin artırmalı idi. Pandemiya televiziyaların auditoriyasının öyrənilməsi üçün əla fürsət yaratsa da, bu fürsət havaya uçuruldu, heç nə öyrənilmədi.

 

Dövlətin maliyyələşdirdiyi telekanallar dövlətin vəsaitini havaya sovurmalı deyillər

 

Qulu Məhərrəmli də həmkarı ilə eyni mövqedədir. O da deyir ki, televiziyalarda əvvəllər ictimai rəyin öyrənilməsi ilə məşğul olan sosial araşdırma və sorğu qruplarının fəaliyyəti bərpa olunmalıdır: “Televiziya ictimai rəyi öyrənməlidir, xüsusilə dövlətin maliyyələşdirdiyi televiziyalar dövlətin vəsaitini havaya sovurmalı deyillər. Qəzetlər də televiziyalardan çox az yazırlar. Bu da ictimai nəzarətin olmamasının nəticəsidir. Qəzetlərin televiziyaların fəaliyyətinə təsir göstərə bilməsi üçün ayrıca icmal səhifələri, yaxud rubrikaları olmalıdır. Onlar ictimai rəyi əsas götürən qərəzsiz təhlillər yazmalıdırlar. Bizdə televiziya tənqidi də axsayır. Çünki indi heç kim tənqid yazmaq istəmir. Buna baxmayaraq, ölkədə televiziya tənqidini inkişaf etdirməliyik ki, bunun bir effektini görək”.

 

Vətənpərvərlik, Qarabağ mövzusu telekanallardan uzaq düşüb

 

“Sizin kanalları haçan açırıqsa, orada həmişə müğənniləri, aktyorları görürük, deyib, gülüb, oynayırlar, Qarabağla bağlı verilişlər demək olar ki, verilmir”.

Bir necə il əvvəl İranda olarkən orada yaşayan, Azərbaycan kanallarının izləyicisi olan bir azərbaycanlının təəssüflə dediyi bu fikri xarici auditoriyanın ümumi rəyi kimi təqdim etmək nə qədər düzgündür, bilmirik. Amma bu fikrə televiziyalarımıza kənardan baxan həmin auditoriyanın fərqli rəyi olacağına da inanmırıq.

Əyləncə proqramlarının, bayağı serialların önə çəkildiyi, milli-mənəvi dəyərlərin dəyərsizləşdirilməsi hesabına ətrafına tamaşaçı toplamağa, bununla da özünü reytinq birincisi etməyə çalışan televiziya kanalı üçün vətənpərvərlik necə öndə ola bilər ki!

30 ilə yaxın torpaqları işğal altında olan Azərbaycanın televiziya kanallarında bir tamaşaçı kimi gördüyümüz həqiqətlərdən biri vətənpərvərliyin tamamilə arxa plana keçirilməsi, efirlərin hər gün reklama ehtiyacı olan “sənətçi”lərlə, mətbəx verilişləri ilə, tamaşaçısını yalnız bayağı ifadələri ilə güldürməyə çalışan seriallarla bəzədilməsi oldu.

Torpaqlarımızın işğalı demək olar ki, yalnız onların işğalı günlərində yada düşdü, Qarabağ həqiqətləri televizya ekranlarından nəinki dünyaya, heç özümüzün gənc nəslinə belə yetəri qədər, səviyyəli şəkildə təqdim edilmədi. Kanalın yalnız öz vəsaiti hesabına deyil, hətta dövlətin ayırdığı vəsait hesabına çəkilən teleseriallarda da məişət məsələlərinə yer verildi, Qarabağ mövzusu, onun ağrılarının qoyduğu izlər isə yada düşmədi.

Televiziya öz tamaşaçısını müəyyən qədər Vətən müharibəsi zamanında tapdı. Cəbhədən xoş xəbərlər gözləyən tamaşaçı televiziyaya olan inamını hələ də itirmədiyi üçün onun qarşısında əyləşərək düzgün xəbəri yalnız ondan almaq istədi. Lakin bu vəziyyət müharibədən sonra da davam etdimi?

Qulu Məhərrəmli deyir ki, müharibə vaxtında saytlara çox inam olmadığı üçün insanlar rəsmi xəbərlərə televiziyadan qulaq asırdı: “Lakin artıq müharibə bitib, televiziyalar müharibədən sonra tamaşaçılarını itirməmək üçün çox maraqlı formalar tapmalı idilər. Bu forma nədən ibarət ola bilərdi? Pafosdan uzaq, plakat tipli verilişləri kənara qoyub müharibə ilə bağlı mövzular seçmək və onları çox peşəkar, maraqlı şəkildə təqdim etmək olardı. Bunun üçün də televiziyalarda tendensiyaları duya bilən peşəkarlar, ssenaristlər olmalıdır, rejissorluq işləri gücləndirilməlidir”.

Qulu Məhərrəmli hesab edir ki, Qarabağla bağlı mövzuların tamaşaçılara cazibədar formada təqdim edilməsi, vətənpərvərliyin gücləndirilməsi üçün işlərin aparılması vacibdir.

 

“MTRŞ-nin araşdırmaları keyfiyyətsizdir, naşıdır və mənasız nəticələri olan monitorinqlərə xərclənən pullar heyifdir”

 

Milli Televiziya və Radio Şurasının vaxtaşırı açıqladığı hesabatlarda televiziyalarda ədəbi dilin işlənməsi vəziyyəti üzrə nöqsanlar açıqlanır. Əlbəttə, belə nöqsanların üzə çıxarılması təqdirəlayiqdir. Lakin bu gün televiziya sahəsindəki əsas problemlər yalnız dil nöqsanları ilə məhdudlaşırmıı? Problemlərin sıralanmasında bu mövzu bəlkə də ən sonuncu yerlərdə qərarlaşa bilər.

Məsələ ondadır ki, dil nöqsanlarını aşkarlayan MTRŞ-nin ədəbi dilin işlənməsi ilə bağlı dəfələrlə etdiyi xəbərdarlıqlardan da heç nəticə çıxarılmır, televiziya rəhbərləri tərəfindən nöqsanların aradan qaldırılması üçün ciddi iş görülmür. Sanki telekanallar və radiolar MTRŞ-nin nəzarət tədbirlərindən çəkinmirlər.

Məsələyə peşəkarcasına yanaşan Zeynal Məmmədli isə MTRŞ-nin araşdırmalarını keyfiyyətsiz sayır:

- MTRŞ-nin araşdırmaları naşıdır. Çünki onlar televiziya dilinin hibridliyini anlamırlar. Televiziya dilində bədən, geyim, intonasiya, görüntü var. Elmi araşdırmalar göstərir ki, televiziyalarda informasiyanın cəmi 8 faizi sözlə alınır, yəni informasiyanın sözlə ifadə olunması çox xırda elementdir. İnformasiyanın 37 faizini intonasiya, 55 faizini görüntü ilə alırıq. Amma 8 faizin içinə yazılı sözlər, titrlər, subtitrlər də daxildir. MTRŞ bunu da çeşidləmir. Digər tərəfdən, MTRŞ monitorinqi çox subyektiv edir. “Bu söz belə yazılmalıdır, belə deyilməlidir” deyərək aparıcılardan dəqiqləşməmiş orfoepiyanı tələb edir. Ədəbi dil ifadəsi də sovet dövründən qalmadır. Onun adı bütün dünyada ortaq dil kimi təqdim edilir. Ədəbi dil canlı danışıq dilindən uzaqdır. Televiziyanın dili isə canlıdır, toplum dilidir. Televiziyalardakı monitorinqləri Dilçilik İnstitutunun mütəxəssisləri aparır. Amma Dilçilik İnstitutunun mütəxəssisləri kütləvi kommunikasiya mütəxəssisidirmi? Kütləvi kommunikasiya jurnalistika, sosiologiya predmetidir. Canlı danışıq dilində xırda yayınmalar həmişə olacaq. Amma fikir necə ifadə edilir, dəyərli fikirdirmi, bu fikir ictimai rəyi fəallaşdırmağa qadirdimi? Bu məsələləri qoyub cılız xırdalıqlara baxırlar. Mənim mənasız nəticələri olan bu monitorinqlərə xərclənən pullara heyifim gəlir. Bu məsələlərə peşəkar baxımdan yanaşılmanın tərəfdarıyam.

 

Keyfiyyətli yayımçılıq tələb etmək senzuradırmı?

 

Yuxarıda sadalanan bir çox məsələlərə münasibət bildirmək üçün Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarova müraciət etdik.

İsmət Səttarov suallarımızı yazılı cavablandırmağa üstünlük verdi. Onun qənaətincə, şuranın əsas vəzifəsi televiziya və radio yayımı haqqında qanunvericiliyə əməl edilməsi üzərində nəzarəti həyata keçirməkdir. “Televiziya və radio yayımı haqqında” qanunun 2-ci maddəsinə əsasən Azərbaycanda teleradio yayımında yayımçıların yaradıcılıq və redaksiya fəaliyyəti peşə müstəqilliyi əsasında həyata keçirilir və teleradio yayımçıları qanunvericiliyin tələblərini pozmamaq şərti ilə proqram hazırlamaqda və yayımlamaqda sərbəstdirlər.

Bu səbəbdən teleradio yayımçılarının proqramlarında hər hansı qanun pozuntusu olmadığı halda yayımçıların yaradıcılıq və redaksiya fəaliyyətinə müdaxilə edilməsini səlahiyyətləri xaricində sayan MTRŞ-nin sədri onları tənqid edənləri də qınayır: “Bəzi media vasitələri və ya müstəqil jurnalistlər şuranı əsassız olaraq teleradio kanallarında yayımlanan bu və ya digər proqramın mövzusu ilə bağlı sərt tədbirlər həyata keçirməməkdə, hər hansı bir aparıcının, qonağın və ya ümumən proqramın efirə çıxmaması istiqamətində fəaliyyətsizlikdə günahlandırırlar. Belə fikirlərə cavab olaraq bildirmək istəyirik ki, bu cür tədbirlərin həyata keçirilməsi bütün dünyada media azadlığına məhdudiyyət və senzura kimi qəbul olunur. Azərbaycanda senzura 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə ləğv olunub. Sonrakı illərdə media sahəsi ilə bağlı qəbul edilmiş qanunvericilik aktları ilə ölkədə media azadlığı təmin olunub. Həmin fikri səsləndirən jurnalistlər anlamalıdırlar ki, belə çağırışlarla onlar senzuranıın bərpasına və media azadlığının məhdudlaşdırılmasına səs vermiş olurlar. Bu isə Azərbaycanın hazırda irəlilədiyi demokratik inkişaf yolu ilə ziddiyyət təşkil edir”.

Əlbəttə ki, müsahibə canlı olsaydı, biz “İsmət müəllim, problem keyfiyyətli yayımçılıqdan, televiziyanın təməl prinsiplərinin, məramlarının pozulmasından gedir. Bu mövzunu senzura ilə əlaqələndirmənizi əslində MTRŞ-nin öz səlahiyyətlərindən qaçma bəhanəsi saymaq olarmı?” sualını verərdik...

 

MTRŞ telekanalların məqsədinin gəlir əldə etmək olduğunu nəzərə alır

 

İsmət Səttarov yazılı cavabında vurğulayır ki, həm televiziya, həm də radio yayımı zamanı aparıcıların ədəbil dil normalarına riayət etməsi şuranın daim diqqət mərkəzində olan məsələlərdəndir. Belə ki, 2011-2019-cu illərdə MTRŞ “Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” layihəsi əsasında ədəbi dil normalarına əməl edilməsi ilə bağlı mütəmadi monitorinqlər təşkil edib. Bu monitorinqlər AMEA-nın Dilçilik İnstitutunun və Bakı Dövlət Universitetinin dilçi mütəxəssisləri tərəfindən aparılıb və nəticələrlə bağlı hesabatlar dərc edilib. Son illərdə bununla bağlı, xüsusən də aparıcıların nitqində olan qüsurlu hallarla bağlı yayımçılara tövsiyə məktubları, xəbərdarlıqlar ünvanlanıb, onların iştirakı ilə bəzi hesabat xarakterli görüşlər və “dəyirmi masa”lar təşkil olunub.

İsmət Səttarov bu fikirdədir ki, məhz şuranın fəaliyyətinin nəticəsi olaraq teleradio efirimizdə bu sahədə əvvəllər mövcud olan qüsur və nöqsanların sayı azalıb.

Şura sədri pozuntuların aradan qaldırılması üçün davamlı işlərin görüldüyünü də söyləyir: “MTRŞ tərəfindən teleradio yayımçılarının davamlı monitorinqi aparılır, yayım zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanır və şuranın mövcud səlahiyyətləri çərçivəsində bu hallara zəruri hüquqi qiymət verilir, yayımçılar tərəfindən gələcəkdə belə pozuntuların aradan qaldırılması üçün məqsədyönlü işlər aparılır”.

İsmət Səttarov əlavə edir ki, televiziya və radio bütün dünyada olduğu kimi, məlumatlanma, maariflənmə və əyləncə vasitəsi olmaqla yanaşı, həm də biznes qurumlarıdırlar. Buna görə də onların fəaliyyət məqsədinin gəlir əldə etmək olduğu da nəzərə alınmalıdır.

Reytinq, yəni tamaşaçı auditoriyasının rəğbətini qazanmaq və son nəticədə gəlir əldə etmək məqsədi ilə özəl yayımçılar daha çox əyləncə və şou proqramlarına üstünlük verirlər: “Dövlət ictimaiyyətin məlumatlanma və maariflənmə sahəsində olan tələblərinə cavab vermək üçün müvafiq tədbirlər həyata keçirib və keçirməkdədir. Dövlət büdcəsindən maliyyələşən və ictimai yayımçı funksiyaları daşıyan kanalların fəaliyyətini buna misal göstərmək olar. Lakin özəl televiziya və xüsusən radio kanallarının maddi durumu heç də ürəkaçan vəziyyətdə deyil. Keçən ildən isə bu ağır vəziyyətə pandemiyanın əlavə olunması durumu daha da acınacaqlı hala salıb. Misal üçün, 2019-cu ildə teleradio yayımı sahəsində ümumi reklam bazarı 31 milyon manat olub, 2020-ci ildə isə bu rəqəm bir qədər də azalıb. Bu göstərici analoji əhali sayı olan digər ölkələrlə müqayisədə ən aşağı göstəricilərdən sayılır. Təbii ki, bu tənəzzülün bir sıra səbəbləri var ki, onların aradan qaldırılması üçün şura tərəfindən bir sıra təkliflər irəli sürülüb”.

 

MTRŞ sədrinin ümidi yalnız yeni qanunadır

 

MTRŞ sədri teleradio yayımı sahəsində problemlərin yaranmasının ən mühüm səbəblərindən birinin qanunvericiliyin zamanın tələblərinə cavab vermədiyini göstərib:

“Təbii ki, teleradio yayımı sahəsində problemlər mövcuddur, cəmiyyətin bütün sahələrində olduğu kimi, bu sfera da yerində dayanmır və inkişaf edir. Tənzimləmə metodlarının da bu yöndə inkişafla ayaqlaşması zəruridir və bu sahədə şura öz səlahiyyətləri və maliyyə imkanları çərçivəsində mümkün olan addımları atır. Teleradio yayımı sahəsində mövcud problemlərin yaranmasının bir sıra səbəbləri var ki, onlardan da ən mühümü bu sahə üzrə qanunvericiliyin zamanın tələblərinə cavab verməməsidir. Bildiyiniz kimi, Azərbaycan Prezidentinin media sahəsində islahatların dərinləşdirilməsi ilə bağlı 12 yanvar 2021-ci il tarixli fərmanında yeni “Media haqqında” qanunun hazırlanması tapşırılıb. MTRŞ bu işdə fəal iştirak edir. Düşünürük ki, zamanın və ölkənin iqtisadi-siyasi, mədəni-ictimai inkişafının tələblərinə cavab verməyən “Kütləvi informasiya vasitələri haqqında” və “Televiziya və radio yayımı haqqında” qanunların əvəzinə həmin sahələrin hüquqi-iqtisadi tənzimlənməsinıi həyata keçirən və informasiya-kommunikasiya texnologiyalarının son inkişaf yeniliklərini nəzərə alan ümumi “Media haqqında” qanunun qəbul olunması Azərbaycanda media sahəsinin, o cümlədən onun tərkib hissəsi olan teleradio yayımı sahəsinin gələcək inkişafına səbəb olacaq”.

Televiziya milli düşüncəni inkişaf da etdirə, onu sıradan çıxarıb tamamilə yox edə də bilər.  Müstəqillik dövründə telekanalların bunlardan hansının etdiyini tamaşaçı deyə bilir. Bu tamaşaçılar arasında uşaq da, gənc də, yaşlı da, fəhlə də, akademik də, müəllim də, evdar qadın da.... var.

Telekanllar bütün bu insanların televiziyasına çevrilməlidir. Ona baxan akademik orada elmi, müzakirə tələb edən verilişlər, gənclər və uşaqlar yaş dövrlərinə uyğun milli ruhlu inkişaf proqramları görməli, fəhlə dövlətin siyasətinin nə olduğunu, hansı qərarların düzgün, hansının yanlış olduğunu öz dilində başa düşməlidir.

Onun hər bir verilişi özündə məlumatlandırma, maarifləndirmə yükünü daşımalıdır. Tamaşaçı telekanallardan artıq yeni fəaliyyət üslubu, yeni yanaşma istəyir.

Televiziya bunları nəzərə almayaraq auditoriyasını kütləşdirirsə, tamaşaçı qarşısında milli düşüncə, təfəkkür geriliyi baxımından mənəvi cinayət törədir. Bu cinayətin qoyduğu izləri isə yenə də televiziya özü təmizləyə bilər. Sadəcə bunun üçün səhvlərinə nəzər salmalı və özünü inkişaf üçün düzgün prioritetlər müəyyən etməlidır.

 

İlhamə İSABALAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video