06 Oktyabr 2011 07:10
467
Mədəniyyət
A- A+

Londonda «Baku» jurnalının ingilisdilli versiyasının təqdimatı keçirilmişdir

 

Rusiyada çıxan populyar "Baku" jurnalı yayım coğrafiyasını genişləndirir.  Oktyabrın 4-də Londonda "Baku" jurnalının ingilisdilli versiyasının ilk nömrəsinin təqdimatının keçirilməsi bunun əyani təsdiqidir.

Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyeva iştirak etmişdir.

Londonun mərkəzində, tarixi Pikadilli meydanı yaxınlığında yerləşən möhtəşəm zalda keçirilmiş təqdimat mərasimində şəhərin tanınmış ictimai-siyasi xadimləri iştirak etmişlər.

Monitorlar vasitəsilə Azərbaycan haqqında nümayiş olunan videoçarxlar, həmçinin məşhur fotoqraflar Tom Kreyq və Gaylz Praysın çəkdikləri fotolar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.

"Baku" jurnalının ingilisdilli versiyası Azərbaycanı Avropada daha yaxından tanıtmaq baxımından mühüm əhəmiyyətə malikdir. Jurnal bu dəfə avropalı oxucuları qədim Odlar Yurdunun zəngin tarixi, mədəniyyəti, incəsənəti, gözəl ənənələr və mətbəxi ilə məhz ingilis dilində tanış edəcəkdir. Bundan başqa, jurnalda Azərbaycanın müasir inkişafı və beynəlxalq aləmdə tutduğu nüfuzlu yeri, ölkəmizdə həyata keçirilən mühüm layihələr, geniş turizm potensialı və azərbaycanlıların müasir həyat tərzi, xalqımızın gözəl xüsusiyyətləri də ingilisdilli oxuculara çatdırılacaqdır.

"Baku" jurnalının ingilisdilli versiyası dünyada məşhur "Konde Nast" nəşriyyat evində çap olunur. Jurnal təkcə Böyük Britaniyada deyil, eyni zamanda, ABŞ,  Fransa, İtaliya və digər ölkələrdə də yayılacaqdır. Bu isə Azərbaycanın planetimizin istənilən guşəsindəki oxucuya daha yaxın, daha doğma olmasına kömək etmək baxımından əhəmiyyətli  rol oynayır. 

Rus dilində nəşr edilən jurnalın uğurları ümid etməyə əsas verir ki, ingilisdilli versiya da oxucuların böyük marağına səbəb olacaqdır.

Təqdimat mərasimində çıxış edən "Konde Nast" nəşriyyat evinin direktoru Nikolas Koleric "Baku" jurnalının ingilisdilli versiyasının çox uğurlu layihə olduğunu vurğulamışdır. N.Korelic bu dərginin Azərbaycanı Avropada daha da geniş təbliğ etmək baxımından mühüm əhəmiyyətindən danışmışdır.

"Konde Nast" nəşriyyat evində bu layihənin uğurlu olacağına artıq indidən əmindirlər. Çünki dünya şöhrətli şirkətin təcrübəsi ilə yanaşı, Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyevanın işə yaradıcı yanaşması sayəsində dünya bazarına tamamilə fərqli bir nəşr çıxır. "Konde Nast" nəşriyyat evi yalnız uğurlu brendlərlə işləyir. Nəşriyyatın "Baku" jurnalı ilə yaradılan işbirliyi isə bu dərginin böyük nüfuza və perspektivə malik olmasını nümayiş etdirir. 

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyeva çıxış etdi.

Mərasimə toplaşan qonaqları salamlayan Leyla Əliyeva bildirdi  ki, dörd il əvvəl Moskvada rus dilində işıq üzü görən jurnalın beynəlxalq versiyasının yaradılması arzusu artıq reallıqdır.

Jurnalın baş redaktoru bu gündən nəşrin London, Paris, Nyu-York, Berlin, Roma və dünyanın daha bir neçə böyük şəhərlərində satışa çıxarılacağını dedi.

Xəzərin sahilində yerləşən qədim tarixi olan Bakının dünyanın sürətlə inkişaf edən şəhərlərindən biri olduğunu qeyd edən Heydər Əliyev Fondunun vitse-prezidenti paytaxtımızın görməli və sevilən guşələrdən, onun daha da gözəlləşməsi istiqamətində aparılan işlərdən danışdı.

Bu gün Bakının yeni inkişaf dövrünü yaşadığını vurğulayan Leyla Əliyeva bildirdi ki, bütün bu müsbət dəyişikliklər "Baku" jurnalında da öz əksini tapır. 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dedi: "Düşünürəm ki, bu jurnal bizə köhnə ilə yeninin, Qərb ilə  Şərqin görüşdüyü məkan olan şəhərimizin gözəlliyini, zəngin mədəni ənənələrini göstərməyə yaxşı imkan yaradır. Jurnalın səhifələrində siz incəsənət, tarix, musiqi, dəb, memarlığa aid məqalələr və ən əsası, heyranedici xalq haqqında hekayələr oxuya bilərsiniz. Burada, həmçinin məşhur fotoqrafların çəkdikləri şəkillər də yer alır və bu axşam mən onların bəzilərini burada görməyimə çox şadam. İnanıram ki, "Baku" jurnalı dünyanın hər bir yerində oxucular arasında öz yerini tapacaqdır. Xüsusən də burada - dünyanın ən heyranedici şəhərlərindən biri olan Londonda". 

 "Eurovision" mahnı müsabiqəsinin gələn il Bakıda keçiriləcəyini xatırladan "Baku" jurnalının baş redaktoru bunun paytaxtımız ilə daha yaxından tanış olmaq və Bakının sehrini kəşf etmək üçün gözəl fürsət olduğunu vurğuladı.

Leyla Əliyeva jurnal üzərində işləyən hər kəsə minnətdarlığını bildirdi.

Mərasimdə iştirak edən qonaqlar "Baku" jurnalının ingilisdilli versiyasının çox böyük maraqla qarşılanacağını vurğulayaraq nəşrə olan tələbat və marağın günbəgün artacağına ümidvar olduqlarını  demişlər. 

"Bugünkü tədbir heyranedicidir. Əminəm ki, bu jurnalın ingilisdilli versiyasının oxucularını Azərbaycan ilə daha yaxşı tanış etmək üçün çox böyük rolu olacaqdır. Jurnal Azərbaycanın özünəməxsus gözəlliyə malik olduğunu hər kəsə sübut edəcəkdir. Onu da bilirəm ki, Azərbaycan çox zəngin mədəniyyətə, təbii sərvətlərə və böyük  nüfuza malik olan bir ölkədir. Bu jurnal sayəsində Birləşmiş Krallıq ilə Azərbaycan arasında əlaqələr daha da möhkəmlənəcəkdir", - deyə Böyük Britaniyanın ticarət əlaqələri üzrə səfiri Leydi Barbara vurğulamışdır. 

"GQ" jurnalının redaktor müavini Bill Prins isə demişdir: "Baku" jurnalı möhtəşəmdir. Jurnal Azərbaycan haqqında daha da çox məlumat əldə etmək imkanı yaradır. Nəşr üzərində işləyən tanınmış şəxslər isə onun əhəmiyyətini qat-qat artırır. Düşünürəm ki, Londonda bu jurnala maraq çox böyük olacaqdır. Belə ki, o, Bakını, Azərbaycanı Londonun oxucularına daha da geniş təqdim edəcəkdir".

"Mən fikirləşirəm ki, bu, çox cəsarətli və müsbət bir addımdır. Çünki, jurnal məzmununa, toplanan materiallara görə oxunur. Təqdimat mərasimində də jurnalın böyük maraq doğurduğunun şahidi oldum. Bilirəm ki, növbəti il Bakıda "Eurovision" mahnı müsabiqəsi keçiriləcək və hər kəsə maraqlıdır ki, görəsən müsabiqənin keçiriləcəyi yer hansı sirli məkandır. Düşünürəm, jurnal qısa bir müddətdə seviləcək və tanınacaqdır. Mən bunu ürəkdən arzu edirəm və buna inanıram, çünkü nəşr ölkənin mədəniyyətini təbliğ edir, Azərbaycan və paytaxtınız haqqında məlumat verir. Bu isə həddindən artıq vacibdir. "Baku" jurnalına uğurlar arzu edirəm", - deyə məşhur futbolçu Andrey Arşavinin həyat yoldaşi Yuliya Arşavina  qeyd etmişdir.

"Baku" jurnalının ingilisdilli versiyası Azərbaycanın və Bakının bütün dünyada keyfiyyətcə yeni səviyyədə tanınmasına kömək edəcəkdir. Jurnalın rübdə bir dəfə nəşr edilməsi nəzərdə tutulmuşdur.

Bu dərgi  həm də dünyada trendlər aləmində bələdçi olacaqdır. Burada incəsənət haqqında maraqlı materiallar toplanacaq, "Baku"nın səhifələrini bədii foto sahəsində tanınmış ustaların işləri bəzəyəcəkdir. Bu isə heş şübhəsiz ki, jurnala olan marağı daha da artıracaqdır.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video