23 Yanvar 2021 00:58
976
Səhiyyə
A- A+

Laqeydlik və məsuliyyətsizlik yoluxmanı yenidən artıra bilər

 

Pandemiya bütün dünyanı təhdid etməkdədir. Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir ki, dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 610 mindən çox artıb və bununla da yoluxanların ümumi sayı 95 milyonu ötüb.

Hazırda dünyanın bir çox ölkəsində koronavirusdan qorunmağın ən effektiv yolu olan vaksinasiya işi aparılır. Peyvəndin ən çox tətbiq olunduğu ölkələr siyahısına Almaniya, İsrail, İtaliya, İspaniya, Böyük Britaniya, ABŞ, Çin və Rusiya başçılıq edir. Türkiyə də yeni növ koronavirusa qarşı mübarizə məqsədilə Çin istehsallı “Sinovac” vaksininin tətbiqinə start verib.

ÜST-ün Baş direktoru Tedros Gebreyesus dünyada aparılan peyvəndləmə prosesi ilə bağlı ötən çərşənbə axşamı etdiyi çıxışda bildirmişdi ki, koronavirusa qarşı vaksinlər qeyri-bərabər bölüşdürülür. Zəngin ölkələrin gənc və sağlam sakinləri yoxsul ölkələrdə tibb işçiləri və yaşlı insanlardan əvvəl vaksinasiya olunur. O qeyd edib ki, hazırda 39 milyondan çox peyvənd dozası 49 yüksək gəlirli ölkəyə çatdırılıb.

T.Gebreyesus bütün ölkələrə yalnız ciddi beynəlxalq təhlükəsizlik, səmərəlilik və keyfiyyət standartlarına cavab verən vaksinlərdən istifadə etməyi tövsiyə edib.

 

Əhali COVID-19-a qarşı peyvənd olunur

 

Azərbaycanda da yanvarın 18-dən COVID-19-a qarşı vaksinasiya prosesinə səhiyyə işçilərinin peyvəndlənməsi ilə start verilib. İlk vaksinasiya prosesi Bakı Sağlamlıq Mərkəzində həyata keçirilib. Hazırda paytaxtla yanaşı, ölkəmizin digər bölgələrində də əhalinin COVID-19-a qarşı peyvənd olunması həyata keçirilir.

Nazirlər Kabinetinin 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nda COVID-19 infeksiyası əleyhinə vaksinasiya ilə əhatə olunan əhali qrupları sosial və tibbi cəhətdən yüksək risk qrupu olaraq ayrılır. Sosial cəhətdən yüksək risk qrupuna səhiyyə işçiləri, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbi qulluqçular, təhsil sahəsində və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, “ASAN xidmət”, DOST mərkəzlərində, ictimai nəqliyyat sektorunda, telekommunikasiya operatorları və provayderləri, poçt sahəsində, bank sektorunda birbaşa əhali ilə təmasda olan işçilər aiddirlər.

Tibbi cəhətdən yüksək risk qrupuna yaşı 65-dən yuxarı olan, yəni yaşlı əhali, tənəffüs sisteminin xroniki xəstəlikləri, xroniki hemodializ xəstələri, II tip şəkərli diabetdən əziyyət çəkən 50 yaşdan yuxarı əhali, 18 yaşından yuxarı piylənmədən əziyyət çəkənlər aiddirlər.

Strategiyanın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.

Məlumat üçün qeyd edək ki, respublikamızda Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksini ilə peyvəndlənmə həyata keçirilir. Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev söyləyib ki, ÜST tərəfindən təsdiqlənmiş “Sinovac” vaksini ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanır. Yüksək qoruyuculuq və uğurlu sınaq nəticələri var. Saxlanma şəraiti, çatdırılma və tətbiq şərtləri, “soyuq zəncir” sistemi tələbi əlverişlidir.

 O, məlumat verib ki, “Sinovac” şirkətinin sifariş olunmuş dörd milyon doza vaksini öncə Türkiyəyə gətiriləcək. Orada laboratoriyalarda standartlara uyğunluğu yoxlanıldıqdan və qablaşdırıldıqdan sonra bir neçə partiya ilə Azərbaycana göndəriləcək. Vaksinin Türkiyədəki klinik sınaq nəticələrinə əsasən, onun virusla mübarizədə 91,25 faiz effektiv olduğu müəyyən edilib. Vaksin vurulan könüllülərin 2,5 faizində çox yüngül baş ağrısı, 2,5 faizində isə yorğunluq kimi yan təsirlər qeydə alınıb. Bu vaksin qoruyucu və təhlükəsizdir.

 

Karantin rejimi yumşaldılır

 

Onu da vurğulayaq ki, dövlətimiz tərəfindən görülən effektiv tədbirlərin nəticəsində hazırda ölkəmizdə COVID-19 infeksiyasına yoluxmada müsbət dinamika müşahidə olunur. Bu isə sərt karantin rejimində bir sıra yumşaldılmalara rəvac verir. Artıq yanvarın 18-dən sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qismi yumşaldılıb.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, sözügedən tarixdən 5 şəhər və 12 rayonda yaşayış yerini və olduğu yeri SMS icazə, icaze.e-gov.az portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunub.

Yanvarın 25-dən muzey və sərgi zallarının, ticarət obyektlərinin (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti istisna olmaqla), bərbərxanaların, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərə, şəhərlərarası və rayonlararası hərəkətə icazə verilir.

 

Fevralın 1-dən məktəblər açılır

 

Dünən Baş nazir Əli Əsədov “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərar imzalayıb. Qərara əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2021-ci il 1 fevral tarixindən tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili sanitar-epidemioloji vəziyyətlə bağlı Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyləri əsasında Təhsil Nazirliyinin qərarına əsasən, təhsil pillələri və səviyyələri üzrə mərhələli şəkildə təmin edilir.

Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinqdə isə təhsil naziri Emin Əmrullayev bildirib ki, fevralın 1-dən Bakı, Sumqayıt, Abşeronda ibtidai təhsil, məktəbəhazırlıq, icma əsaslı qrupların fəaliyyəti mərhələli şəkildə bərpa ediləcək.

İri şəhərlərdə tədris həftədə 3 dəfə olmaqla, digər rayonlarda isə həftədə 4 və 5 dəfə olmaqla bərpa olunacaq. Fevralın 1-dən sonrakı iki həftə ərzində isə 5-9-cu siniflərdə tədrisə başlanılması barədə qərar qəbul olunacaq.

E.Əmrullayev söyləyib ki, əyani tədrisin həftədə 3 dəfə olması zərurətdən irəli gəlir: “ÜST-ün tələbi sosial məsafənin 1,5 metr olmasıdır. Siniflərin, məktəblərin, müəllimlərin sayı baxımından siniflər bölünürsə, həftədə  5 dəfə mümkün olmur. Məktəblərin çoxu 2 növbəlidir. Əsas məsələ sıxlığı idarə etməkdir. Bütün məktəblərdə sıxlıq əmsalları eyni deyil. 85600 sinifdən 49 minində, yəni 57 faizində şagird sayı 20 nəfərə yaxın, 20 minində 20-25 nəfər arasındadır. Təxminən 80 faiz şagirdimiz 25 və daha az şagirdlə sinifdə oturur. 311 sinifdə, yəni siniflərin 0,9 faizində sinifdə 40-dan çox şagird olur”.

“Artıq vaksinasiya oluna biləcək müəllimlərin siyahısı hazırlanıb”, - deyə məlumat verən nazir bildirib ki, Bakı, Sumqayıt və Abşeronda 15698, bölgələrdə isə 32600 müəllimin yaşı 50-dən yuxarıdır.

Brifinqdə bildirilib ki, yoluxma ehtimalına görə fiziki tərbiyə dərslərinin əyani formada keçirilməsi müvəqqəti dayandırılır.

Həmçinin məlumat verilib ki, sentyabr ayından bu günə qədər 14758 şagird koronavirusa yoluxub, təhsil işçiləri arasında isə yoluxanların sayı 7090 nəfər olub.

İbtidai siniflər arasında yoluxan şagirdlərin sayı 2246 nəfər təşkil edib, 5-9-cu sinif şagirdləri arasında 4411 şagird, 10-11-ci sinif şagirlər arasında isə 7525 nəfər şagird koronavirusa yoluxub.

 

İctimai iaşə obyektlərində yerində xidmətlər bərpa olunacaq

 

Fevralın 1-dən həm ölkə ərazisində ictimai iaşə obyektlərində, həm də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur. Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.

Bakı Metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət qüvvədə qalır. Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaq. Virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 1 aprelədək uzadılıb. Xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburidir. Həmçinin sosial məsafə, tibbi maska və digər qoruyucu vasitələrdən istifadə etmək zəruridir.

Çünki, dünya təcrübəsindən də məlum olduğu kimi, yumşalmalar zamanı virus yenidən aktivləşir. Buna isə daha çox vətəndaşların arxayınlaşması və pandemiya şərtlərinə məsuliyyətlə əməl etməməsi səbəb olur. Elə buna görə də hazırda ən əsas şərt koronavirusa qarşı əldə olunan nailiyyətləri qoruyub saxlamaqdır. Bunun üçün əvvəldən bizə məlum olan pandemiya qaydalarına tam məsuliyyətlə əməl etməliyik: maska taxmalı, sosial məsafəni gözləməli, gigiyenaya, təmizlik işlərinə əməl etməliyik. Çünki azacıq laqeydlik və məsuliyyətsizlik təhlükəli virusu alovlandıra, yoluxmanı artıra və bizi yenidən məhdudiyyətlər çərçivəsində yaşamağa məhkum edə bilər.

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video