09 Aprel 2021 00:30
837
CƏMİYYƏT
A- A+

Kütləvi informasiya vasitələrinin nümayəndələri Zəngilan rayonuna səfər ediblər

 

Aprelin 7-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri Zəngilan rayonuna səfər ediblər.

AZƏRTAC xəbər verir ki, səfərin məqsədi işğal dövründə Zəngilan rayonu ərazisində məhv edilmiş meşə sahələrinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə, istismar edilmiş mineral xammal yatağına, rayonun hidroqrafiyasına və digər təbii sərvətlərə baxış keçirilmək olub.

Kütləvi informasiya vasitələrinin nümayəndələri əvvəlcə Zəngilan şəhərinin girişində, meşə fondunda terras üsulu ilə salınmış meşə sahəsinə baxış keçirib və ərazidə ağaclar əkiblər.

Sonra Zəngilan rayonunun Vənədli kəndi yaxınlığında qiymətli Araz palıdı meşə sahəsinə, Sarıqışlaq kəndi yaxınlığında yerləşən “Oxçuçay mərmərləşmiş üzlük daşı yatağı”na, Ördəkli kəndində yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisinə baxış keçirilib.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib: “Əvvəlcə otuz ilə yaxın müddətdə həsrətində qaldığımız bu torpaqlara gəlməyimizə səbəbkar olan Ali Baş Komandan, Prezident İlham Əliyev başda olmaqla rəşadətli ordumuza hörmət və ehtiramımızı, sonsuz minnətdarlığımızı bildiririk. Bu torpaqlara gəlişimizin məqsədi erməni vandallarının təbiətimizə qarşı etdikləri vəhşilikləri əyani şəkildə görməkdir. Vaxtilə burada sıx meşəliklər olub. Erməni terrorçuları buranı bütövlükdə məhv ediblər. Ümumiyyətlə, işğala qədər Qarabağ ərazisində 228 min hektara qədər ərazi meşə ilə örtülü olub. Onun 54 min hektarı məhv edilib. Bu, ilkin araşdırmaların, peyk görüntülərinin nəticəsidir. Lakin monitorinqlər davam etdikcə vurulan zərərin ölçüsü daha böyük olacaq. Bunlar hələ meşə fonduna daxil olan ərazilərin nəticələridir. Həmin ərazilərdə qeyri-meşə fonduna daxil olan yaşıllıqlar da mövcud olub”.

Nazir müavini bildirib ki, hazırda ölkəmizdə “Yaşıl Marafon” devizi altında böyük tədbir keçirilir. IDEA İctimai Birliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir respublikanın bütün bölgələrini əhatə edir: “Bu gün də “Yaşıl Marafon” layihəsi çərçivəsində Zəngilan şəhərinin girişində tut, Şərq çinarı toxumu, şabalıdyarpaq palıd qozası səpildi, eyni zamanda, akasiya, meliya ağacları əkildi. Bu gün ümumilikdə bir hektar ərazidə 500 ağac əkildi. Bizim imkanlarımız kifayət qədərdir və bu əraziləri tez bir zamanda yaşıllaşdırmaq istəyirik. Əfsuslar olsun ki, hər şey bizim iradəmizdən asılı deyil. Bu ərazilər erməni terrorçuları tərəfindən minalanıb. ANAMA-nın əməkdaşları öz həyatlarını təhlükəyə ataraq əraziləri minalardan təmizləyirlər. İşğaldan azad edilən ərazilər minalardan təmizləndikcə belə tədbirlər davam etdiriləcək. Onların təbiətimizə vurduğu yaraları qısa müddət ərzində sağaltmaq üçün hamımız səfərbər olmalıyıq.

İşğaldan azad edilmiş ərazilərə dəymiş ziyanın hesablanması ilə əlaqədar müvafiq işlər gedir”.

F.Əliyevin sözlərinə görə, Azərbaycan ekologiya ilə bağlı 20-yə yaxın beynəlxalq konvensiyanın tamhüquqlu üzvüdür: “Həmin konvensiyanın mütəxəssisləri də bizimlə birgə monitorinqlərdə iştirak edəcək və vandalların törətdiyi ekoloji terrorun nəticəsini görəcəklər. Təbiətimizə dəyən ziyan təkcə meşələrlə bitmir. Burada qiymətli yeraltı və yerüstü yataqlar, termal-mineral su mənbələri var. Azərbaycanın faydalı filiz yataqları, mineral-termal su mənbələri, hər hansı bir təbii sərvətlə bağlı olan xəritələrinə baxdıqda ən zəngin bölgənin işğaldan azad edilmiş ərazilər olduğunu görərik. Termal-mineral su mənbələrinin 40 faizi burada formalaşıb. Onlar bizim faydalı filiz yataqlarını da istismar edib, bütövlükdə ekoloji terror törədiblər. Otuz il müddətinə 100 min hektardan çox ərazidə yanğınlar törədilib. Yanğın nəticəsində fauna, flora və biomüxtəlifliyə çox böyük ziyan vurulub. Təbii ki, müvafiq araşdırma, monitorinq işləri aparılır və beynəlxalq qurumlar qarşısında məsələ qaldırılacaq, onlar törətdikləri ekoloji terrora görə cavab verməli olacaqlar. Bu bölgənin meşələri bonitet nöqteyi-nəzərdən çox qiymətlidir. Növ zənginliyinə, qiymətinə görə də yüksəkbonitetlidir. Bir santimetr humus qatının formalaşması üçün ən azı 300 il vaxt lazımdır. Erməni terrorçuları torpağın üst münbit qatını daşıyıb aparıblar.

Bildiyimiz kimi, transsərhəd çaylar və beynəlxalq göllərin mühafizəsinə dair konvensiya var. Erməni vəhşiləri o konvensiyanın üzvü deyillər. Ona görə də çaylarımıza istənilən tullantı sularını axıdır, onları çirkləndirirlər. Ermənistan mis molibden müəssisələrinin bütün tullantılarını Oxçuçaya axıdır. Ona görə də  haqq səslərini ucaltmalıdırlar. Azərbaycan da dünyanın bir parçası olduğundan bu məsələdə bütün dünya ekoloqları, qurumlar haqq səslərini qaldırmalıdırlar”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geologiya şöbəsinin rəisi Şahin Ataşovun sözlərinə görə, işğaldan azad olunmuş Qarabağ bölgəsi və ətraf rayonlarda 167 faydalı qazıntı yatağı qeydiyyata alınıb. Bunlardan 11-i Zəngilan rayonu ərazisindədir: “Bura Oxçuçay mərmərləşmiş üzlük daş yatağının Alabaşlı sahəsidir. Oxçuçay mərmərləşmiş üzlük daşının ümumi ehtiyatı 6 milyon 618 min kubmetr təşkil edir. Buradakı ehtiyat ümumi ehtiyatın bir hissəsini təşkil edir və hesablanaraq sahə balansına qeydiyyata alınıb. Lakin yataqda nə qədər istismar işlərinin aparıldığı hələ ki müəyyənləşdirilməyib. İşğala qədərki dövrdə həmin ərazilərdə istismar işləri aparılmayıb. İşğal dövründə aparılan istismar miqdarının müəyyənləşdirilməsi üçün isə ərazinin minalardan təmizlənməsi və yenidən geoloji təftiş işlərinin aparılmasına ehtiyac var. Ondan sonra üzlük daşı xammalının istismar miqdarı və dəyən ziyan müəyyənləşdiriləcək. Ümumilikdə isə yatağın ehtiyatı üzlük daşı və çınqıl xammalı kimi öyrənilib”.

Oxçuçayın erməni vandalları tərəfindən çirkləndirilməsindən danışan  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev bildirib ki, mənbəyini Zəngəzur dağ silsiləsindən götürən Oxçuçay Zəngilan rayonu ərazisindən keçərək Araz çayına tökülür. Bu çayın mənbəyində yerləşən Qacaran mis molibden, Qafan mis saflaşdırma kombinatının toksiki tullantıları, eyni zamanda, həmin şəhərlərin məişət-çirkab tullantıları təmizlənmədən birbaşa Oxçuçaya axıdılır. Bu da həmin çayda ağır metalların normadan dəfələrlə çox qeydə alınmasına gətirib çıxarır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən transsərhəd çaylarda aparılan mütəmadi monitorinqlər göstərir ki, Oxçuçayın çirklənməsi digər transsərhəd çaylardan daha çoxdur. Həmin çaylarda ilin ilk üç ayı ərzində aparılan monitorinqin nəticələrinə görə nikelin miqdarı 7, kadmiumun 5, dəmirin 4, mis-molibdenin isə 2 dəfə normadan artıq olub. Eyni zamanda, martın əvvəllərində çayın çox ciddi çirklənməsi qeydə alınıb. Həmin günlərdə aparılan monitorinqlər zamanı çay hövzəsində bioresursların, xüsusilə qiymətli növ olan farel balıqlarının kütləvi surətdə məhv olması müşahidə olunub. Hazırda bu çayın çirklənməsi davam edir. Qacaran mis molibden, Qafan filiz saflaşdırma və emal müəssisələrinin istehsal gücünün artırılması, yeni yataqların istifadəyə verilməsi nəticəsində çayın çirklənməsi daha da çoxalıb. Belə transsərhəd çirklənmə hövzənin çirklənməsinə gətirib çıxarır ki, bu da çayın bioresurslarına, o cümlədən ekosisteminə ciddi təsir edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib ki, Zəngilan rayonu ərazisində iki xüsusi mühafizə olunan təbiət ərazisi yerləşir. Onlardan biri Bəsitçay Dövlət Təbiət Qoruğu, digər isə Arazboyu Dövlət Təbiət Yasaqlığıdır. Bəsitçay Dövlət Təbiət Qoruğu unikal landşaftı, ekosisteminə görə fərqlənir. Bura Azərbaycan Respublikasının “Qırmızı kitabı”na düşən nadir Şərq çinarlarının yayıldığı ən böyük arealdır. Təbii ki, bu, işğaldan öncə belə idi: “Qoruq 1974-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Qoruğun yaradılmasında əsas məqsəd də məhz “Xan çinar”larının, yəni Şərq çinarlarının qorunmasından ibarət idi. Qoruq işğaldan öncə 107 hektar ərazini əhatə edirdi. Bu ərazinin 100 hektara qədəri Şərq çinarları, qalan ərazi qarışıq meşəlik idi. İlkin monitorinqlərə əsasən, qoruğun əksər hissəsi məhv edilib. Buradakı ağacların orta yaşı 150-dən 200-ə qədər idi. Hətta burada yaşı 1200-1500 ilə qədər olan Şərq çinarı da mövcud idi. Otuz il müddətində erməni vandallığı nəticəsində buradakı qədim Şərq çinarları kəsilib, yandırılıb, məhv edilib.

Arazboyu Dövlət Təbiət Yasaqlığı isə unikal Tuqay meşələrinin qorunması məqsədilə yaradılıb. Onun yaradılması Zəngilanın işğalından bir neçə ay əvvələ təsadüf edib. Demək olar ki, hazırda unikal Tuqay meşələrindən əsər-əlamət yoxdur. 2200 hektar ərazini əhatə etməsinə baxmayaraq, hazırda 1500 hektaradək meşəlik sahə, demək olar ki, məhv edilib. Çünki işğal müddətində Araz çayının məcrası dəyişdirilib və Tuqay meşələri suyun altında qalaraq məhv olub”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video