17 Yanvar 2012 02:01
412
İQTİSADİYYAT
A- A+

Kürdəmir hərtərəfli inkişaf mərhələsinə qədəm qoyur

 

Avtomobil magistralından ayrılıb yanacaqdoldurma məntəqəsinin yanından Kürdəmirin mərkəzinə tərəf dönürük. İlk baxışdan adi rayon həyatıdır. Qayğılı-qayğısız adamlar...

Ancaq bütün bu adi görünən mənzərələrin fonunda yeniliklər, görülən işlər də gözdən qaçmır. Rayonun mərkəzi hiss olunacaq dərəcədə dəyişib, yenilənib. Altından dəmir yolu keçən körpü ilə üzüyuxarı qalxırıq. Körpüdə aparılan yenidənqurma işləri tamamlanmaq üzrədir. Yolun kənarında asfalt səki salınıb, məhəccərlər rənglənib. Əvvəllər bu körpü qurtaran kimi bazar ərazisinə düşdüyündən həm nəqliyyatın, həm də insanların hərəkətində bir nizamsızlıq mövcud idi. Xeyli vaxtdır ki, bu məsələ də həllini tapıb - bazar başqa əraziyə köçürülüb və burada müəyyən səliqə-sahman yaradılıb, gediş-gəliş asanlaşıb. Ətrafa çəkilən daş hasarlar "bazar yeri"nin görkəmini tamamilə dəyişib. Ümumilikdə isə Kürdəmirdə yenidənqurma, tikinti və abadlıq işlərinin həcmi genişlənməkdədir. Bir zamanlar harada gəldi tikilən yöndəmsiz ticarət köşklərinə artıq rast gəlmək mümkün deyil. Əvəzində müasir və yaraşıqlı, ümumi mənzərənin baxımlılığına xələl gətirməyən yeni obyektlər tikilib istifadəyə verilməkdədir. İşgüzarlıq artdıqca, yenidənqurma tədbirlərinin miqyası genişləndikcə insanların ovqatı da dəyişir, hiss edirlər ki, onlar da nəyəsə dəstək olmalı, hansısa işin qulpundan yapışmalıdırlar. Niyə də olmasın! Dövlət insanlardan heç bir qayğısını əsirgəmir, çalışmaq, dolanmaq, normal yaşamaq üçün lazımi şəraiti yaradır.

Kürdəmirdə olarkən rayonun bəzi göstəriciləri ilə maraqlandıq. Son səkkiz ildə rayonda mövcud müəssisələrin fəaliyyəti genişləndirilib, yeni emal, istehsal müəssisələri açılıb və nəticədə iş yerlərinin sayı xeyli artıb. Son səkkiz ildə açılan 10302 yeni iş yerinin 6501-i daimidir. 2011-ci ilin əvvəlindən isə 400-ə yaxını daimi olmaqla, 500-ə qədər yeni iş yeri açılıb. Orta aylıq əməkhaqqı əvvəlki illə müqayisədə 15 faiz artaraq 176.8 manat olub.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq aqrar sektorda bitkiçilik və heyvandarlığın inkişafına, həmçinin taxıl istehsalının artırılmasına ciddi fikir verilir. 2011-ci il Kürdəmirdə pambıq əkininə marağın artması ilə də xarakterizə olunur. 2010-cu ildə pambıq əkini 19 hektar olduğu halda ötən il bu göstərici 16.1 dəfə və ya 286 hektar artırılaraq 305 hektara çatdırılıb. Digər sahələrdə də göstəricilər uğurludur. Söhbət əsnasında RİH başçısı Fəxrəddin Məlikov bildirdi ki, rayonda kənd təsərrüfatı işlərinin vaxtında və daha keyfiyyətlə görülməsi, əkinçilərin texnika sarıdan əziyyət çəkməmələri üçün "Aqrotexservis" ASC-nin Kürdəmir filialının bazasının tikilməsinə razılıq alınmış və hazırda tikintidə son tamamlama işləri görülür.

Dövlət proqramına uyğun olaraq cari ildə rayon əhalisinin qazla təchizatının yaxşılaşdırılması məqsədilə Ağsu-Kürdəmir orta təzyiqli qaz kəməri 31 kilometr məsafədə diametri 315 mm olan polietilen boru ilə yenidən çəkilib istifadəyə verilib.

Kürdəmir kimi aran rayonunda su amilinin nə qədər vacib olduğunu xatırlatmağa ehtiyac yoxdur. Rayonun 10 kəndində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə modul tipli 137 bulaq inşa edilib. 5 kənddə isə sutəmizləyici qurğuların tikilməsinə bp şirkəti maliyyə dəstəyi göstərib. Bu qurğular vasitəsilə ümumilikdə 16 min nəfərdən çox əhali içməli saf su ilə təmin edilib. Daha 14 kəndin sakinləri də bu sevinci yaşamalıdırlar.

Kürdəmir şəhərinin küçələrində, o cümlədən şəhərin Heydər Əliyev prospektində əsaslı yenidənqurma və abadlıq işləri görülüb. Prospekt boyunca 30-a yaxın sosial obyekt müasir inşaat materialları ilə yenidən tikilib və ya qurulub. Beş metr hündürlükdə aqlay materialı ilə üzlənmiş prospektə giriş monumenti bu yerə xüsusi yaraşıq verir. Monument müasir işıqlandırma sistemi ilə təchiz edilib.

Sutkada 30 ton süd məhsulu emal edəcək zavodun tikintisi başa çatmaq üzrədir. Bu müəssisədə tezliklə 150-dən artıq rayon sakini işlə təmin olunacaq. FHN Kürdəmir Yanğın Təhlükəsizliyi İdarəsinin yeni depo binasının tikintisi də başa çatmaq ərəfəsindədir. Vergilər Nazirliyinin Kürdəmir Kompyuter Terminalı, Regional Enerji Nəzarət İdarəsinin binası artıq istifadəyə verilib. Rayon icra hakimiyyətinin yeni inzibati binasının inşası isə sürətlə davam etdirilir.

2010-cu ilin aprel-may aylarında Kür çayında suyun səviyyəsinin həddindən artıq qalxması və həmçinin güclü leysan yağışları nəticəsində rayonun fərdi yaşayış evlərinə dəymiş ziyan aradan qaldırılmaq üzrədir. FHN-in əməkdaşları tərəfindən qəzalı olduğu müəyyən edilmiş evlərin əvəzində 317 yeni fərdi evin tikintisi başa çatdırılaraq istifadəyə verilib. Daha 30 evin tikintisində isə son tamamlama işləri görülür.

Son 7 ildə Kürdəmirdə 24 yeni məktəb və ya 6640 şagird yerlik 332 sinif otağı tikilib istifadəyə verilib. Bu isə əvvəlki 20-25 ildə tikilən məktəb və sinif otaqlarının sayından 6 dəfə çoxdur.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq Kürdəmir şəhər 3 nömrəli orta məktəb üçün 640 şagird yerlik yeni üçmərtəbəli bina tikilib və dərs ilinin başlanğıcında istifadəyə verilib. Bala Kəngərli kənd ümumi orta məktəbi yanında 200 şagird yerlik yeni məktəb binası Yaponiyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə inşa olunub. Bu işdə "Sülh" qeyri-dövlət humanitar təşkilatının təşəbbüsü də qeyd edilməlidir. 220 şagird yerlik Xırdapay və Sor-sor, 180 şagird yerlik Qarasaqqal kənd tam əsas məktəblərinin tikintisi davam edir, şəhər 1 nömrəli uşaq bağçası-körpələr evi isə əsaslı təmir edilməklə yenidən qurulur.

Kür çayında daşqınlar zamanı ziyan çəkmiş Xəlsə kənd həkim məntəqəsi üçün dördotaqlı yeni binanın tikintisi, Köhünlü kənd həkim məntəqəsinin əsaslı təmiri başa çatdırılıb.

Rayon yeri üçün işığın, qazın, suyun və yolun nə qədər vacib olduğunu bu sahələrlə bağlı məsələlər həll olunduqca sakinlər daha yaxşı fərq edirlər. Çünki yaradılan şərait, müvafiq infrastrukturun formalaşdırılması əhalinin həyat səviyyəsini xeyli yaxşılaşdırır.

Əminliklə demək olar ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında Kürdəmirlə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli icrası rayonun hərtərəfli inkişafını daha da sürətləndirəcəkdir.

 

Telman NƏZƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video