21:10 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın rolu

ANA SƏHİFƏ / CƏMİYYƏT
01:26 24.09.2021

 

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda sözdə yox, əməldə aparılır. Bu mübarizə xalq tərəfindən yüksək qiymətləndirilir. Mən vətəndaşlardan minlərlə məktub alıram. Onlar mənim bu addımlarımı alqışlayır və eyni zamanda bəzi məsələlərə diqqətimi çəkir. Şadam ki, son vaxtlar ictimai nəzarət mexanizmi daha da mütəşəkkil forma alır. Mən bunu alqışlayıram.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Hər bir dövlətin suverenliyi onun müəyyən edilmiş ərazisi, daimi əhalisi, idarəçiliyi və digər dövlətlərlə münasibət qurmaq bacarığı əsasında qiymətləndirilir. İstiqlalını elan etdiyi qısa zaman ərzində əsrə bərabər inkişaf yolu keçən Azərbaycan Respublikası da beynəlxalq birliyin tamhüquqlu subyekti kimi daim səylərini müstəqilliyini şərtləndirən amillərin möhkəmləndirilməsinə yönəltmiş, suverenliyinə xələl gətirə biləcək hər hansı təhdidə qarşı sistemli mübarizə sərgiləmişdir.

Belə ki, dünya birliyinin pandemiyaya qarşı mübarizəyə səfərbər olunduğu həssas dövrdə torpaqlarımızın işğalını davam etdirmək niyyətində olan Ermənistanın cəbhə xəttində törətdiyi ardıcıl təxribatlara cavab olaraq öz xalqının iradəsinə arxalanan dövlətimizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusu düşmən tapdağı altında olan tarixi torpaqlarımızın azadlığı uğrunda ötən il sentyabr ayının 27-dən etibarən zəfər yürüşünə başladı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşdu. Bununla da xalqımızın parlaq dühası Heydər Əliyevin xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü ilə bağlı müqəddəs vəsiyyəti gerçəkləşdirildi.

Haqq işimizin məntiqi nəticəsi olaraq, xalqımızın Vətən müharibəsi dövlət başçısının yenilməz iradəsi, əsgərlərimizin və ölməz şəhidlərimizin qəhrəmanlığı sayəsində 2020-ci ilin 10 noyabr tarixində zəfərlə başa çataraq, işğalçı Ermənistan təslim olmağa məcbur edildi və ölkəmizin ərazi bütövlüyü təmin olundu.

Müharibə günlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mütəmadi olaraq xarici media nümayəndələri vasitəsilə haqq səsimizi dünyaya çatdırması və cari vəziyyətlə əlaqədar vaxtaşırı xalqı məlumatlandırması, habelə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əsgər və şəhid analarına diqqət və qayğısı hər bir azərbaycanlıda qətiyyətli vətəndaş mövqeyi və qələbəyə sonsuz inam formalaşdırdı.

Başqa sözlə desək, 44 gün ərzində Azərbaycanın hərbi üstünlüyü dövlətimizin diplomatik sahədə və informasiya savaşındakı uğurları ilə müşayiət olundu. Yenilməz ordumuz qarşısında aciz qalan mənfur düşmənin beynəlxalq humanitar hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini kobud şəkildə pozmaqla Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələrimizə qəsdən hava zərbələri yetirməsi kimi təhrikedici cinayətləri belə ölkəmizi humanist mövqeyindən daşındıra bilməmiş, əksinə, Azərbaycan məlum dövr ərzində beynəlxalq ictimaiyyətin sülhə çağırışlarına daim sadiqlik nümayiş etdirmişdir.

Xüsusi vurğulanmalıdır ki, müharibə dövründə Azərbaycan Respublikasının Prokurorluğu tərəfindən zəruri tədbirlər həyata keçirilmiş, baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən düşmən hücumuna məruz qalmış bölgələrə mütəmadi olaraq səfərlər təşkil edilmiş, erməni təcavüzü ilə əlaqədar istintaq olunan cinayət işləri və digər əhəmiyyətli məlumatların ictimaiyyətə açıqlanması məqsədilə ölkəmizdə fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndələrinin, eləcə də yerli və beynəlxalq kütləvi informasiya vasitələrinin əməkdaşlarının iştirakı ilə brifinqlər keçirilmiş, düşmən hücumu nəticəsində ziyan görmüş vətəndaşların qanunla qorunan hüquq və mənafelərinin bərpası istiqamətində bir sıra işlər görülmüşdür.

Hazırda vətənimizin düşmən tapdağı altında olan ərazilərinin işğaldan azad olunması ilə ölkəmizin qarşısında yeni inkişaf mərhələsi açılmışdır. Xarici və yerli investorların həmin ərazilərdə infrastruktur layihələrinin icrasına cəlb edilməsi, bu torpaqlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi kimi dövlətin yeni strateji prioritetləri bölgənin gələcək inkişafının carçısıdır. Şəffaflıq və korrupsiyadan azad mühit kimi komponentlər isə məhz sözügedən inkişaf amilinin başlıca şərtlərindən olmaqla, bu şərəfli missiya korrupsiyaya qarşı mübarizədə iştirak edən hər bir qurum kimi prokurorluq orqanlarının daha da səmərəli və intensiv fəaliyyətini zəruri edir.

Dövlət başçısının uzaqgörən siyasətinin məntiqi nəticəsi kimi Azərbaycan Prokurorluğu sahib olduğu peşəkar kadr potensialı, əlverişli struktur tərkibi və müasir maddi-texniki bazası ilə hər sahədə olduğu kimi, transmilli cinayətkarlığın ən təhlükəli təzahürlərindən olan korrupsiya hallarına qarşı da daha çevik və səmərəli reaksiya verən bir dövlət təsisatı kimi tam formalaşmışdır. 

Ötən dövr ərzində korrupsiya müxtəlif cəmiyyətlərin inkişaf dinamikası ilə paralel şəkildə mürəkkəbləşməklə, hazırda daha təhlükəli və transmilli xarakter almış, nəticədə isə inkişafın qarşısında duran gözəgörünməz və məkrli düşmənə çevrilmişdir. Müasir dövrdə korrupsiya mütəşəkkil cinayətkarlığın ən təhlükəli formalarından biri olmaqla, ona qarşı mübarizənin yalnız milli səviyyədə deyil, beynəlxalq səviyyədə də aparılmasını tələb edir.

Məhz bu nöqteyi-nəzərdən ölkəmiz öz müstəqilliyinə qovuşduqdan sonra hüquqi dövlət quruculuğu yolunda qüvvədə olan qanunvericiliyi beynəlxalq norma və standartlara uyğunlaşdırmaq, daxili qanunvericiliyi təkmilləşdirmək məqsədilə korrupsiyaya qarşı mübarizə ilə bağlı bir sıra beynəlxalq və regional sənədlərə, o cümlədən Avropa Şurasının “Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında” və “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında”, Birləşmiş Millətlər Təşkilatının “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” konvensiyalarına və sair mühüm əhəmiyyət daşıyan təşəbbüslərə qoşulmuşdur. Korrupsiyaya qarşı mübarizə sahəsində qəbul edilmiş beynəlxalq konvensiyaların mühüm əhəmiyyət daşımasının səbəbi bu sahədə beynəlxalq əməkdaşlığın sıx və səmərəli şəkildə qurulması, korrupsiyaya qarşı mübarizədə daha effektiv nəzəri və praktiki məlumatların, həmçinin təcrübənin mübadiləsi, bunun nəticəsində dövlətlərdə qanunvericilik və institusional bazaların daha da təkmilləşdirilməsi, hüquqi islahatların həyata keçirilməsi, o cümlədən korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üçün dövlətlərin üzərinə müvafiq öhdəliklərin qoyulmasıdır.

Dövlət idarəetməsində şəffaflığın təmin edilməsi və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması istiqamətində həyata keçirilmiş ən mühüm tədbirlərdən biri kimi 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun nəzdində “ASAN xidmət” mərkəzlərinin yaradılması xüsusi qeyd edilməlidir. Bu sistem vətəndaşlara bürokratik əngəllərdən azad, tam şəffaf və mədəni xidmətin təmin olunması istiqamətində atılmış ən uğurlu model olmaqla beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, “ASAN xidmət” 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının dövlət xidmətlərinin göstərilməsi sahəsində “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında ən yüksək - birinci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunmuşdur.

Korrupsiyaya qarşı mübarizənin dövlətlərin qarşılıqlı əməkdaşlığı kontekstində aparılması məqsədilə qəbul edilmiş ən mühüm beynəlxalq hüquqi qüvvəyə malik hüquqi aktlardan biri Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyasıdır. Bu universal akt 31 oktyabr 2003-cü il tarixdə qəbul olunmaqla, 14 dekabr 2005-ci il tarixdə qüvvəyə minmişdir. Konvensiyanın müddəalarının icrasına nəzarət edilməsi üçün xüsusi mexanizm təsis edilmiş və bu nəzarəti BMT-nin “Narkotik və Cinayətkarlıq İdarəsi” (“United Nations Office on Drugs and Crime” - UNODC) həyata keçirir. Qeyd etmək lazımdır ki, korrupsiyaya qarşı mübarizəyə göstərilən əhəmiyyətin təzahürü kimi, ölkəmiz də həmin konvensiyaya qoşulmaqla, korrupsiyaya qarşı mübarizə sahəsində qətiyyətini bir daha nümayiş etdirmişdir.

BMT-nin Korrupsiya əleyhinə Konvensiyasını ratifikasiya etmiş dövlətlər kimi, ölkəmizdə də beynəlxalq standartlara cavab verən qanunvericilik və institusional baza formalaşdırılmış, korrupsiyaya qarşı mübarizə sahəsində genişmiqyaslı islahatlar həyata keçirilmişdir. Bunlara misal olaraq, 13 yanvar 2004-cü il tarixdə Azərbaycan Respublikasının “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunu qəbul edilmiş, həmin qanunun 4.2-ci maddəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqan olan Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası yaradılmışdır. Bununla yanaşı, həmin konvensiyanın 36-cı maddəsinin, yəni iştirakçı dövlətin öz hüquq sisteminin əsas prinsiplərinə uyğun olaraq, korrupsiya ilə mübarizə aparmaq üçün ixtisaslaşmış orqanların mövcudluğunun təmin edilməsi barədə öhdəliyinin icrasını təmin etmək məqsədilə ölkə Prezidentinin 3 mart 2004-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi (2014-cü ildən etibarən baş idarə) təsis edilmişdir.

Xüsusi qeyd edilməlidir ki, 2011-ci ildə baş idarəyə korrupsiyaya qarşı mübarizə sahəsində istintaq və təhqiqat funksiyası ilə yanaşı, Müstəqil Dövlətlər Birliyi məkanında, habelə Azərbaycan Prokurorluğunun tarixində ilk dəfə olaraq əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyəti də verilmiş, bu təcrübə Baş İdarənin fəaliyyətində səmərəliliyi əhəmiyyətli dərəcədə artırmışdır. Təsadüfi deyildir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Antikorrupsiya şəbəkəsi tərəfindən bu qurum beynəlxalq aləmdə səmərəli antikorrupsiya fəaliyyətinin nümunəvi modeli kimi tövsiyə edilmişdir.

2014-cü ildə baş idarə prokurorluğun sisteminə daxil edilərək statusu artırılmaqla səlahiyyətləri daha da genişləndirilmiş, baş idarənin əsasnaməsində yeni dəyişikliklər edilərək strukturu daha da təkmilləşdirilmiş, əməkdaşların ştat vahidi əhəmiyyətli dərəcədə artırılmışdır.

Dövlət başçısının fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın önəmini və qarşılıqlı təcrübənin paylaşılmasının əhəmiyyətini nəzərə almaqla, fəaliyyətə başladığı ilk dövrlərdən baş idarə bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla və xarici tərəfdaşlarla qarşılıqlı əlaqələrin qurulmasına və daha da inkişaf etdirilməsinə daim xüsusi əhəmiyyət vermişdir.

Korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin nəticəsi kimi, Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya şəbəkəsi də daxil olmaqla, əksər beynəlxalq qurumların hesabatlarında ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlər yüksək dəyərləndirilmişdir. Bu müsbət tendensiya hər il yenilənən beynəlxalq reytinqlərdə də öz əksini tapır. Belə ki, Azərbaycan Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” və “Korrupsiya ilə əlaqədar mülki məsuliyyəti haqqında” konvensiyalarını 11 fevral 2004-cü il tarixdə ratifikasiya etmiş və onlar qüvvəyə mindiyi 1 iyun 2004-cü il tarixdən GRECO-ya üzv olmuşdur. Qeyd olunmalıdır ki, ölkəmiz müxtəlif dövr ərzində GRECO tərəfindən həyata keçirilən korrupsiyaya qarşı beynəlxalq konvensiyaların hüquq sisteminə implementasiyasının dörd dəyərləndirmə mərhələsini uğurla tamamlamışdır.

Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq ölkəmizin prokurorluq orqanları OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya şəbəkəsi ilə səmərəli əməkdaşlığını davam etdirir. Bu əməkdaşlıq ölkəmizin 2003-cü ildə İstanbul Fəaliyyət Planını qəbul edərək təşkilat çərçivəsində iqtisadiyyatları keçid mərhələsində olan ölkələrin antikorrupsiya şəbəkəsinə bölgənin digər ölkələri ilə birgə qoşulması ilə başlamışdır. İstanbul Fəaliyyət Planı şəbəkəyə üzv ölkələrdə mərhələli şəkildə antikorrupsiya islahatlarının həyata keçirilməsini və nəticələrinin qiymətləndirilməsini nəzərdə tutur.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları bu illər ərzində BMT, OECD və GRECO tərəfindən təşkil olunan qiymətləndirmə missiyalarına cəlb olunaraq müxtəlif ölkələrin anti-korrupsiya siyasəti üzrə monitorinqində ekspert qismində iştirak etmişlər.

Bununla yanaşı, Avropa Şurasının Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL), Beynəlxalq Antikorrupsiya Qurumları Assosiasiyasının (IAACA), Avropa İttifaqının Avropa Qonşuluq Siyasətinin “Şərq Tərəfdaşlığı” və TAİEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) proqramı çərçivəsində, Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatı (GUAM) və digər təşkilatlarla qurulmuş səmərəli əməkdaşlıq münasibətləri daha da inkişaf etdirilmişdir.

Bundan başqa, Azərbaycan Respublikasının prokurorluq orqanları dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan və 170-dən artıq dövlətin üzvü olduğu Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) ilə səmərəli qarşılıqlı əməkdaşlığını davam etdirir. BPA-nın formalaşmasına əsaslı təkan verən amillər sırasında transmilli cinayətkarlığın ciddi şəkildə güclənməsi, xüsusən də narkotiklərin qanunsuz dövriyyəsinin intensivləşməsi, çirkli pulların yuyulması və saxtakarlıq kimi cinayət növlərinin ildən-ilə artması olmuşdur. Assosiasiyanın meydana gəlməsi həmçinin prokurorlar arasında daha sürətli və səmərəli əlaqələrin qurulması tələbi, o cümlədən qarşılıqlı hüquqi yardım, aktivlərin izlənməsi və digər sahələrdə işgüzar əlaqələrin qurulmasında vasitəçilik edəcək bir quruma olan böyük ehtiyacla səciyyələnmişdir.

Azərbaycan Respublikası BPA ilə onun fəaliyyətə başladığı gündən sıx işgüzar münasibətlər yaratmış, assosiasiyanın korrupsiyaya qarşı mübarizə problemləri üzrə fikir və təcrübənin mübadiləsi üçün təşkil etdiyi konfrans və forumlarda Azərbaycandan olan üzvləri mütəmadi iştirak etməklə, onun işinə töhfə vermişlər. Hazırda prokurorluq orqanlarının, o cümlədən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının müəyyən qismi bu təşkilatın üzvüdür.

Bundan başqa, həmin təşkilatla əməkdaşlığın təzahürü kimi BPA-nın Korrupsiyaya qarşı Mübarizə aparan Prokurorların Şəbəkəsinin (NACP) alt domeninin fəaliyyətinin təmin edilməsinin Azərbaycan Prokurorluğuna həvalə olunmasını da misal kimi göstərmək olar. 

Qeyd edilməlidir ki, antikorrupsiya tədbirlərinin beynəlxalq standartlar çərçivəsində həyata keçirilməsi məqsədilə prokurorluq əməkdaşlarının bu sahədə bilik səviyyəsinin yüksəldilməsi də daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə prokurorluq əməkdaşları beynəlxalq təlim və treninqlərə cəlb olunur, eyni zamanda magistr proqramları vasitəsilə öz təhsillərini davam etdirirlər. Bu sahədə xüsusilə Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA) ilə əməkdaşlığa önəm verilir. Belə ki, prokurorluq işçiləri IACA tərəfindən təşkil olunan görüş və tədbirlərdə, o cümlədən yay məktəblərində iştirak etmiş, həmin akademiyanın magistr proqramı üzrə təhsil almışlar. Hazırda da IACA-nın magistratura proqramında baş idarənin bir neçə əməkdaşı təhsillərini davam etdirirlər.

Baş idarə tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla yanaşı, bu sahədə qabaqcıl və müsbət təcrübəyə malik olan ölkələrin ixtisaslaşmış antikorrupsiya qurumları ilə də ikitərəfli səmərəli əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində zəruri tədbirlər görülmüşdür. Baş idarə İran İslam Respublikasının Baş Təftiş Təşkilatı, Malayziya, Monqolustan və Litvanın antikorrupsiya qurumları, Argentina Respublikasının Buenos-Ayres Muxtar Vilayətinin prokurorluğu və Tunis Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Xidməti ilə korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığa dair anlaşma memorandumları imzalamışdır. Hazırda digər ölkələrin müvafiq sahədə ixtisaslaşmış qurumları ilə əməkdaşlıq sazişlərinin bağlanması istiqamətində müzakirələr aparılır.

Bundan əlavə, ötən illər ərzində Türkiyə, Rusiya, Özbəkistan, Qırğızıstan, Səudiyyə Ərəbistanı, Bolqarıstan, Belarus, Türkiyə, Çin, Litva, Qırğızıstan və digər ölkələrin antikorrupsiya və əlaqədar hüquq mühafizə orqanlarının nümayəndə heyətləri təcrübə mübadiləsi məqsədilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olmuş, habelə qurum bir çox beynəlxalq və regional tədbirlərə evsahibliyi etmişdir.

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bundan sonra da mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiyaya qarşı mübarizənin həm milli, həm də beynəlxalq səviyyədə gücləndirilməsi istiqamətində səylərini ən yüksək səviyyədə davam etdirəcəkdir.

           

Nazim RƏCƏBOV,

Azərbaycan Respublikası baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM