03:09 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:47 28.10.2021

Zəngəzur dəhlizi


02:41 28.10.2021

28 oktyabr


02:35 28.10.2021

Şuşanın incisi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Koronavirusdan qorunmağın sadə yolu: özündən başla!
ANA SƏHİFƏ / SƏHIYYƏ
01:46 16.04.2020


Dünyanı öz əsirinə çevirən koronavirus canlar almaqda davam edir. Artıq COVID-19-a yoluxanların sayı 2 milyonu ötüb. 130 minə yaxın insan həyatını itirib.

Dövlətlər koronavirusla mübarizə üçün hər cür üsullara əl atırlar. Əksər ölkələr sərhədlərini bağlayıb, fövqəladə vəziyyət elan edib, insanların evdən çölə çıxması qadağan olunub. Azərbaycan dövləti də öz vətəndaşını qorumaq üçün bütün lazımi tədbirləri həyata keçirir. Ölkəmizdə vaxtında sosial izolyasiya və karantin rejimi tətbiq olunub. Qalır bircə vətəndaşın məsuliyyət hissi keçirərək qəbul olunmuş qərarlara qeyd-şərtsiz əməl etməsi, özünü bu bəladan qoruması...


Əlamət olmasa da, zədə var


Son elmi araşdırmalar göstərir ki, 5 xəstədən 4-də virusun simptomları gizli və ya çox yüngül formada keçir ki, bunu da onlar özləri hiss etmirlər. Virusu təhlükəli edən də elə budur - xəstələr daşıyıcı olduqlarını bilmirlər və insanları virusa yoluxdururlar. Ancaq bu, daşıyıcının təhlükədən sovuşduğu demək deyil. Çünki elm adamları bu günlərdə belə bir nəticəyə gəliblər ki, koronavirus xəstəliyini simptomsuz keçirən insanların ağciyərləri yenə də zədələnir.

Belə ki, yaponiyalı alimlər "Diamond Princess” kruiz gəmisindəki koronavirus daşıyıcılarının kompüter tomoqrafiyasının nəticələrini araşdırıblar. Araşdırmanın nəticəsində məlum olub ki, gəmidə koronavirusa yoluxmuş 104 nəfərdən 76-da xəstəlik simptomsuz keçib. Bununla belə xəstəliyi yüngül keçirənlərin əksəriyyətinin ağciyərlərində dəyişiklik hiss edilib. Onların tənəffüs orqanlarında "tutqun şüşə effekti”nə rast gəlinib.


Eynək taxın


Təəssüf ki, bəzi insanlar hələ də koronavirusun nə dərəcədə təhlükəli olduğunu ciddiyə almır, zərurət olmadığı təqdirdə evdən çölə çıxırlar. Maska və əlcək taxmaqla, əllərini spirtləməklə dəhşətli virusa yoluxmayacaqlarını zənn edirlər. Halbuki tibb mütəxəssisləri koronavirusun gözdən də keçə bilməsi barədə xəbərdarlıq edirlər. Deməli, maska və əlcək koronavirusdan qorunmağa kifayət etmir.

Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-oftalmoloqu Gültəkin Məmmədovanın sözlərinə görə, yüksək hərarət, öskürək, halsızlıq kimi əlamətlərlə xarakterizə olunan koronavirus infeksiyası digər hallarla da özünü büruzə verir: "Gözə infeksiyanın düşməsi əsasən əllərlə təmas zamanı yaranır. Ona görə də əllərin təmizliyi xüsusi olaraq qeyd edilir. Lakin təkcə təmas zamanı deyil, hava-damcı yolu ilə də konyunktivitə yoluxmaq mümkündür. Yuxarı tənəffüs yollarına keçən COVID-19 infeksiyası da əvvəlcə konyunktivitlə başlaya bilər. Yəni hərarət, halsızlıq olmadan və heç bir şikayətsiz konyunktivit infeksion xəstəliyin ilk əlaməti kimi meydana çıxa bilər”.

Virusdan qorunmağa çalışsaq da, yoluxma ehtimalı qaçılmazdır. Vacib məqamlardan biri də əlamətlərin gözlərdə necə hiss olunması ilə əlaqədardır. Həkim-oftalmoloq bildirir ki, gözlərdə yad cisim hissiyyatı, yüngül qızartı, az da olsa selik şəklində ifrazat, yaxud qapaqlarda şişkinlik olması konyunktivitin başlandığının göstəricisidir.

G.Məmmədova deyir ki, gözləri qorumaq üçün eynəkdən istifadə hava-damcı yolu ilə yoluxma zamanı baryer rolunu oynaya bilər. Lakin yuxarı tənəffüs yollarından yoluxan COVID-19 infeksiyası da konyunktivit şəklində özünü göstərə bilər. Ona görə də maskadan istifadə edilməli, gigiyenik qaydalara ciddi riayət olunmalıdır.

Oftalmoloqlar hazırkı vəziyyətdə insanları linza taxmaqdan da uzaq durmağa çağırırlar. Çünki linzalar daha çox mikrob daşıyan məhsuldur. Mütəxəssislərin sözlərinə görə, əvvəla evdə oturmaq daha məqsədəuyğundur. Yox, əgər çölə çıxmaq məcburiyyəti varsa, o zaman gözləri eynəklə qorumaq gərəkdir. Belə ki, eynək yaxınlıqdakı xəstənin asqırma və ya öskürək damcılarının onun gözünə düşməsinin qarşısını alır. Lakin eynəkləri də tez-tez spirtlə təmizləmək, hara gəldi qoymamaq lazımdır.


Birbaşa ürəyə təsir edir


Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev COVID-19-un ağciyərə təsir etmədən birbaşa ürəyə təsir etməsi ehtimalını vurğulayıb. Buna səbəb Uhanda olan xəstələrin 20 faizinin birbaşa ürək şikayətləri ilə həkimə müraciət etmələri və onların ürək miokardında (ürək əzələsində) müvafiq dəyişikliklərin olduğunun sübuta yetirilməsidir. Özü də heç bir ağciyər xəstəliyinin simptomatikası olmadan! Həkimin sözlərinə görə, eyni xəstəlik gedişatı İtaliyada da müşahidə edildiyinə görə indi virusun birbaşa ürəyə də təsir etməsi ilə bağlı sual ortaya çıxıb. Bu da onu deməyə əsas verir ki, gizli ürək infarktı simptomları ilə gələn xəstəyə COVID-19 testi olunmalı və həkimlər artıq bunu mütləq nəzərə almalıdırlar.


İybilmə və dadbilmə hissiyyatı itir


London Kral Kollecinin alimləri isə iybilmə və dadbilmə hissiyyatının itirilməsinin koronavirusun başlıca əlamətləri olmasına dair nəticəyə gəliblər. Mütəxəssislərin fikrincə, bu simptomlar müşahidə olunan şəxslərin 59 faizində koronavirus testi pozitiv çıxıb. Üstəlik, koronavirusun təyin edilməsi üçün bunlar qızdırmadan daha dəqiq göstərici olub.

Alimlər iybilmə və dadbilmə hissiyyatının itirilməsinin koronavirusa yoluxma ehtimalını 3 dəfə artırdığını bildiriblər və belə əlamətlər müşahidə olunarsa, insanların özlərini 7 gün təcrid etmələrini məsləhət görüblər.


Əl əli yuyar…


Göründüyü kimi, koronavirus tibb aləminə hər gün yeni "sürprizlər” təqdim etməkdə davam edir. Elm hələ də bu "taclı bəla” qarşısında acizdir. Virusun dərmanı tapılmayıb. Dünya əhalisi təşviş, qorxu içindədir. Hər kəs bu mərəzə yoluxmamaq üçün müxtəlif üsullara əl atır. Halbuki koronavirusdan qorunmaq, əslində, o qədər də çətin, mürəkkəb deyil. İlk növbədə fərdi, profilaktik tədbirləri vaxtında və düzgün həyata keçirmək, gigiyenik qaydalara əməl etmək lazımdır.

Təmizlik imandan olduğu qədər, indi həm də sağ qalmaq üsuluna çevrilib. Dünyamızın əsir düşdüyü koronavirusdan xilas da ilk növbədə təmizlikdən keçir. Əlləri tez-tez və 20 saniyədən az olmamaq şərtilə sabunla, spirt tərkibli antiseptik vasitələrlə yumaq lazımdır. Əllərin tez-tez yuyulması ona görə vacibdir ki, bu viruslar ölçüsünə görə digərlərindən iridir. Axar suyun altında yuyulduqda asanlıqla xaric olur. Əllərin təmasdan sonra gündə bir neçə dəfə dezinfeksiya olunması vacibdir.

Koronavirusun əsas yoluxma mexanizmi hava-damcı yolu və ünsiyyətdir. Yəni bu, danışmaqla, görüşməklə keçən infeksiyadır. Bir insan xəstədirsə, danışdıqda, asqırıb öskürdükdə 2-3 metr məsafəni viruslarla çirkləndirə bilir. Həmin sahəyə daxil olan hər bir adam nəfəs aldıqda onun yoluxma ehtimalı var. Ona görə də birinci növbədə özündə xəstəlik əlamətləri hiss edən şəxslər maska taxmalıdırlar ki, xəstəliyi ətrafa yaymasınlar. Xəstə asqırdıqda, öskürdükdə ətrafa milyonlarla virus xaric edir. Yaxud asqıranda əlini ağzına tutur, sonra sağlam adamla həmin əllə salamlaşır və o biri adam da əlini üzünə-gözünə çəkir, beləliklə, virus asanlıqla ona da yoluxur. Odur ki, öskürərkən və ya asqırarkən ağzınızı bükülmüş dirsək və ya salfet parçası ilə örtün, daha sonra isə həmin salfet parçasını bağlı zibil qutusuna atın.


Çoxlu maye için


Koronavirus yuxarı tənəffüs yollarına düşür, selikli qişaya yapışaraq çoxalır və iki sutkaya qədər orda qalaraq artır. Sonra yavaş-yavaş aşağı tənəffüs yollarına düşür. Ölüm halları da əsasən ağır sətəlcəmdə baş verir. Bu səbəbdən həkimlər çoxlu maye qəbul etməyi məsləhət görürlər. Çünki çoxlu maye içdikdə su yuxarı tənəffüs yollarına yığılan həmin virusları mədəyə tökəcək. Mədənin xlorid turşusu isə onları məhv edəcək, bununla da xəstələnmə ehtimalı azalacaq. Eyni zamanda boğazı qar-qara etmək də faydalıdır. Su içmədikdə, qar-qara etmədikdə insan nəfəs aldıqca virus artıb-çoxalaraq aşağı tənəffüs orqanlarına düşəcək.


Evdə qalın - sağlam qalın!


Koronavirusla mübarizə, əslində, insanın özünə başlamalıdır başlamalıdır. Heç kim fikirləşməsin ki, onun immuniteti güclüdür deyə xəstələnməz. Bu cür düşünən adamlar xəstələnməsələr belə daşıyıcı olub ailə üzvlərini, yaxınlarını yoluxdura bilərlər. Bu baxımdan koronavirusla mübarizənin əsas üsulu, xəstəlikdən ən yaxşı qorunma yolu karantin və izolyasiyadır. Hər kəs bu məsələyə vicdanla, məsuliyyətlə yanaşmalı, zərurət olmadığı təqdirdə evdən çölə çıxmamalıdır. Evdə nə qədər çox otursaq, başqa insanlarla ünsiyyətimiz də bir o qədər az olacaq, nəticədə özümüzü, ailəmizi, ətrafımızı bu bəladan qoruyacağıq. Özümüzü, ailəmizi qorusaq, elə xalqı da qorumuş olarıq. Karantin rejiminə əməl edin, evdə qalın - sağlam qalın!

Xəyalə MURADLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM