29 Sentyabr 2021 01:12
990
SİYASƏT
A- A+

Komandan qətiyyətinin ifadəsi

 

“Hazırda Azərbaycan Ordusu düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb.

Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Bir il öncə sentyabrın 27-də Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti ilə sonu şanlı Zəfərlə bitəcək haqq savaşına başladıq. 30 illik həsrətə son qoyaraq Qarabağı düşmən tapdağından təmizlədik. 

Tam bir il sonra sentyabrın 27-də İlham Əliyev yenə xalqa müraciət etdi. Bu dəfə isə Müzəffər Komandan, Qalib Sərkərdə kimi daha qürurlu idi. Qətiyyətli, vüqarlı çıxışı ilə şanlı Zəfər yolumuzdan danışdı və sülh müqaviləsi imzalamaqdan yayınan məğlub Ermənistana, onun havadarlarına sərt xəbərdarlıq etdi.

 

Ermənistan İlham Əliyevin şərtlərini qəbul etsəydi...

 

İki müraciətə nəzər yetirdikdə aydın şəkildə görərik ki, İlham Əliyev Vətən müharibəsi başlayan gündən bugünədək əsl sərkərdə qətiyyəti ilə bütün fikirlərinin üstündə durub və qarşıya qoyulan məqsədlərə nail olub.

Savaş başlayan gündən Prezident İlham Əliyev bəyan etdi ki, erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpaqlarından rədd olub getsin. Sonra da beynəlxalq KİV-ə verdiyi müsahibədə şərtlərini açıqladı. Bəyan etdi ki, Ermənistan tərəfi işğal olunmuş ərazilərin boşaldılmasına dair üzərinə öhdəlik götürəcəyi təqdirdə Azərbaycan istənilən vaxt dayanmağa hazırdı: “Əgər Ermənistanın baş naziri işğal olunmuş əraziləri boşaldacağına dair ictimaiyyət qarşısında üzərinə öhdəlik götürərsə, biz dayanarıq”.

Əgər bu ölkənin rəhbərliyi vaxtında torpaqlarımızın boşaldılması ilə bağlı təqvimi hazırlayıb təqdim etsəydi, bu gün tarixinin ən acınacaqlı gününə düşməzdi. Həm də hər iki tərəfdən itkilər çox az olardı. Amma işğalçı ölkə “məğlubedilməz” mifinə güvənib Azərbaycanla savaşa davam etdi. Nəticəsi isə işğalçı üçün ağır oldu. 

Müharibə dövründə Ermənistanın rəzil günə düşdüyünü görən havadarları bəzi beynəlxalq təşkilatlar, dövlətlər vasitəsilə Azərbaycana təzyiqlər göstərilməsinə cəhd etdilər. Amma Ali Baş Komandanın qətiyyəti zərrə qədər sarsılmadı. Əksinə, İlham Əliyev həmin qüvvələrə mesaj ünvanladı. Bəyan etdi ki, biz ədalət, milli qürur savaşına başlamışıq və buna görə də heç kim Azərbaycanı dayandıra bilməz. Bu fikirlər hər bir azərbaycanlını daha da qürurlandırdı və xalq əzm, iradə, cəsarət göstərərək bütün bu təxribatlara sinə gərdi.

44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə getdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Kəlbəcər, Ağdam və Laçın rayonları şəhid vermədən, qan tökülmədən geri qaytarıldı.

Prezident İlham Əliyev bir daha sübut etdi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz. İlham Əliyev status-kvonu dəyişdi və bu gün münaqişənin həlli şərtlərini Azərbaycan diktə edir.

 

Şərəfli missiya, şanlı tarix

 

Sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciət edən Prezident bir daha həqiqətləri səsləndirdi. Bəyan etdi ki, İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa edib. Bu gün Azərbaycan xalqı müzəffər xalq, ölkə isə qalib dövlət kimi yaşayır.

2003-cü ildə Prezident seçilərkən ümummilli məsələmizin həll olunması istiqamətində var gücü ilə çalışacağını söyləyən Prezident İlham Əliyev tarixi missiyasını şərəflə yerinə yetirdi. Düşməni torpaqlarımızdan qovdu, ədaləti, beynəlxalq hüququ bərpa etdi.

Anım günü ilə bağlı müraciətində də dövlət başçısı bir daha müharibə dövründə xalqa etdiyi müraciətlərini xatırladı: “Dəfələrlə Azərbaycan xalqına müraciət edərək deyirdim ki, heç kim və heç nə bizi dayandırmayacaq. Biz ədalət savaşına çıxmışıq. Biz ləyaqət savaşına çıxmışıq. Biz milli qürur savaşına çıxmışıq. Biz müqəddəs savaşa çıxmışıq. Müharibə dövründə hamımız bir şüarla yaşayırdıq - öldü var, döndü yoxdur. Azərbaycan xalqı Azərbaycan Ordusunun arxasında möhkəm dayanaraq ordumuza əlavə güc verirdi. Günahsız insanların həlak olması, şəhər və kəndlərimizin dağıdılması Azərbaycan xalqının iradəsini qıra bilmədi”.

Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsini milli iradənin, milli ruhun, milli ləyaqətin təntənəsi adlandıraraq vurğuladı ki, Azərbaycan Ordusu bu zəfəri döyüş meydanında qan tökərək, şəhid verərək qazanıb və düşməni diz çöküb kapitulyasiya aktına imza atmasına məcbur edib. O düşməni ki, 30 il ərzində bizə meydan oxuyurdu, Azərbaycan xalqının şərəf və ləyaqətini tapdalamağa çalışırdı. Sonunda isə ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində işğal altında olan bəzi şəhər və kəndlərimiz bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı.

Dövlət başçısı növbəti dəfə Ermənistana və onun havadarlarına mesaj da ünvanlayaraq dedi ki, artıq Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb. Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, ancaq Azərbaycanda yox! Hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaq.

Əslində Prezident deyir ki, Azərbaycanın Qarabağla bağlı mövqeyi dəyişmir, lakin bu dəfə bir qədər də sərtləşdirilir. Bakının hərbi güc addımı təkcə Ermənistana yox, “Dağlıq Qarabağı” diriltmək istəyən bütün tərəflərə şamil edilə bilər.

Dövlət başçısı daha bir reallığı açıqlayaraq dedi ki, Azərbaycan 44 gün ərzində təkcə  ərazi bütövlüyünü bərpa etmədi, təkcə düşməni torpağımızdan qovmadı, milli ləyaqətimizi bərpa etmədi, həm də erməni faşizminin başını əzdi. Bu dərs əbədi dərsdir, bunu heç kim yaddan çıxarmasın.

Müharibə bitsə də, Ermənistan hələ də sülh danışıqlarını imzalamağa hazır görünmür. Yenə də erməni məkiri özünü göstərməkdədir. Yəni erməni faşizminin təzahürləri görünməkdədir. İlham Əliyev isə həmin qüvvələrə sərt xəbərdarlığını edərək Anım günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha səsləndi: “Əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan “dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!”

 

Şəhidlərimizə ehtiramın əbədiliyinin növbəti təzahürü

 

Sentyabrın 27-də - Anım Günündə Bakıda daha bir tarixi hadisə yaşandı. Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq yürüş təşkil edildi.

Öndə yenə Ali Baş Komandan gedirdi. Yanında isə ən yaxın silahdaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və qüdrətli Azərbaycan Ordusunun 3 mindən çox hərbçisi addımlayırdı. Yürüş iştirakçıları əllərində Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan igidlərimiz, itkin düşən hərbçilərimiz və Ermənistan dövləti tərəfindən törədilən insanlıq əleyhinə və müharibə cinayətləri nəticəsində qətlə yetirilən mülki şəxslərin fotolarından ibarət plakatlar var idi.

Bu yürüş xalqın birliyinin daimi və sarsılmaz olduğunun, Vətənə sevginin, şəhidlərimizə ehtiramın əbədiliyinin növbəti təzahürü idi.

Neftçilər prospektindən başlayan yürüş Prezident İlham Əliyev tərəfindən həmin gün təməli qoyulan Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər muzeyinədək davam etdi.

Bu yürüşün rəmzi mənası var idi. Bu, Vətən uğrunda canından keçən şəhidlərimizin təntənəli keçidi idi. Bütün Azərbaycan bu yürüşü ayaqda izlədi. Çünki onlar Vətən üçün canlarından keçib hərəsi bir qəhrəman olan igidlərdir. Bu qəhrəmanlar hər zaman başımızın tacı kimi qəlbimizdə yaşayacaqlar.

 

Prezident-xalq-ordu birliyinin təntənəsi

 

Şanlı Zəfərimizlə bitən Vətən müharibəsindən bir il ötür.  Çox qürurluyuq və bu gün də fəxarətlə Müzəffər Azərbaycan Ordusunun böyük qələbəsindən ürəkdolusu danışırıq. Lakin bu, bir həqiqətdir ki, qələbə heç də asan qazanılmadı. Müharibəyə qədər çox böyük hazırlıqlar görüldü.

Prezident İlham Əliyevin 17 il ərzində həyata keçirdiyi uğurlu xarici siyasət, hücum diplomatiyası, Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması istiqamətində gördüyü böyük işlərin hamısı Vətən müharibəsindəki qələbinin birinci fazası idi.

Prosesin ikinci fazası isə savaşa hazırlıq və “Dəmir yumruq” əməliyyatı oldu. Ali Baş Komandan 17 ildə çox qüdrətli və istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir olan Silahlı Qüvvələr yaratdı. Onun arsenalını dünyanın müasir hərbi texnika və silah-sursatı ilə zənginləşdirdi.

2020-ci ilin iyul ayında Tovuzda baş verən düşmən təxribatı Vətən müharibəsinin başlanmasına rəvac verən qığılcım oldu. Məhz Prezident İlham Əliyevin sərkərdəliyi ilə çoxlarının qeyri-mümkün hesab etdiyi Qarabağ münaqişəsi cəmi 44 günə həll olundu. Uzun illər dünya dövlətlərinin əksəriyyətinin himayə etdiyi işğalçı Ermənistan İlham Əliyevin hərbi-siyasi diplomatiyası qarşısında diz çökdü. 

Ali Baş Komandan bu savaşda təkcə sərkərdə məharətini deyil, diplomatik bacarığını da dünyaya nümayiş etdirdi. Suqovuşanı, Cəbrayılı, Zəngilanı, Füzulini, Qubadlını, Hadrutu, Şuşanı savaşaraq, Ağdamı, Kəlbəcəri, Laçını bir güllə atmadan belə düşməndən geri aldıq. Bu, bəlkə də çoxlarına adi məsələ kimi gələ bilər. Amma İlham Əliyev mümkün olmayanı reallaşdırdı.

Bu savaşda xalq öz liderinin ətrafında sıx birləşməklə dünyaya sübut etdi ki, Qarabağ millətimizin milli ləyaqət rəmzidi və Azərbaycan xalqı Qarabağ arzusundan bir addım da geri çəkilməyib.

Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi siyasət ona gətirib çıxardı ki, Prezident-xalq-ordu birliyi qalib gəldi, düşmən 30 il işğal altında saxladığı torpaqlarımızdan qovuldu.

Azərbaycan ancaq torpaqlarını azad etmədi, həm də dövlət sərhədlərini bərpa etdi. Hələ sovet illərindən öz təsərrüfat sistemini Azərbaycan sərhədlərini pozaraq formalaşdıran Ermənistan sərhədlərin o biri tayına çəkilməyə məcbur olundu.

Vətən müharibəsində Azərbaycan xalqı da, dövləti də Qarabağın işğaldan azad olunması ilə bağlı var-qüvvəsini ortaya qoydu. İllərdi qurulan güclü ordu, yetişən vətənpərvər nəsil düşmən çəpərinə çevrildi. Əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirdi.

İkinci Qarabağ müharibəsi regionda vəziyyəti kökündən dəyişərək tamamilə yeni reallıqlar yaratdı.  Regionda yeni iqtisadi əməkdaşlıq imkanlarının yaranması, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinin başlanılması da bu reallığın əsas göstəriciləridir.

Bu gün regionda yeni reallıqlar yaranıb. Hər zaman qlobal miqyaslı təşəbbüslərlə çıxış edən Prezident İlham Əliyev yenə də dost və qonşu dövlətlərin iqtisadiyyatının inkişafını şərtləndirən təklif irəli sürür. Dövlət başçımızın təklif etdiyi “3+3” birgə əməkdaşlıq platformasının yaradılması istiqamətində danışıqlar davam edir. Bütün bunlar göstərir ki, Qarabağın iqtisadi potensialı Azərbaycana böyük dividendlər qazandıracaq.

Əminliklə söyləmək olar ki, Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, uzaqgörən, prinsipial siyasəti nəticəsində Azərbaycan daxili və xarici siyasətdə böyük uğurlar əldə edəcək.

 

Zahid CƏFƏROV,

Bakı Dövlət Universitetinin Əmək və ekologiya hüququ kafedrasının professoru, hüquq üzrə elmlər doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video