12 May 2020 08:09
1137
Elm və texnika
A- A+

Klaus Şvabın “Dördüncü Sənaye İnqilabı” - Azərbaycan dilində

Məlum olduğu kimi, Dünya İqtisadi Forumunun Davosda keçirilən sonuncu zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Forumun Prezidenti Borge Brende arasında Dördüncü Sənaye İnqilabı üzrə Bakıda regional mərkəzin yaradılması haqqında Niyyət Protokolu imzalanmışdır.

Bu baxımdan xüsusi əhəmiyyətini nəzərə alaraq, Dünya İqtisadi Forumunun Qurucusu və İcraçı Sədri professor Klaus Şvabın "Dördüncü Sənaye İnqilabı” adlı məşhur əsəri UNEC (Azərbaycan Dövlət İqtisad Universiteti) alimləri tərəfindən Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilib.

Klaus Şvabın bu əsəri süni intellekt, robotlar, əşyaların interneti, avtonom maşınlar, üçölçülü printerlər, nanotexnologiya, biotexnologiya, kvant hesablamaları kimi yeni texnoloji sıçrayışlara əsaslanan dördüncü sənaye inqilabının nə olduğu, hansı yenilikləri gətirəcəyi, necə təsir göstərəcəyi və onu ümumi faydalara çevirmək üçün nələr edilə biləcəyi haqqındadır. Müəllif, əsərini gələcəyə maraq göstərənlər, dünyanı daha yaxşı bir vəziyyətə gətirmək naminə özlərini bu inqilabi dəyişikliyin yaratdığı fürsətlərdən istifadəyə həsr etmiş insanlar üçün yazdığını qeyd edir. Bu baxımdan, əsərdə yeni texnoloji inqilabın əsas xüsusiyyətləri təsvir edilir, yaratdığı imkanlar və dilemmalar vurğulanır və ən əhəmiyyətlisi, dördüncü sənaye inqilabının insanlığın nəzarətində baş verməsinin yolları araşdırılır.

Müvafiq sahə üzrə ilk fundamental əsər hesab edilən "Dördüncü Sənaye İnqilabı” kitabının Azərbaycan dilində nəşrinin ön sözü Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov tərəfindən yazılıb. Ön sözündə M.Cabbarov dördüncü sənaye inqilabını təcəssüm etdirən əsas innovasiyalar haqqında geniş məlumat verdiyini vurğulamaqla, bu əsərin Azərbaycan dilində oxuculara təqdim edilməsini ölkədə müasir iqtisadi təfəkkürün formalaşması prosesinə verilən mühüm töhfə kimi qiymətləndirib.

İngilis dilində yazılmış əsər, indiyə qədər 15-dən çox dildə, o cümlədən də çin, alman, fransız, ispan, portuqal, italyan, rus, türk və ərəb dillərində nəşr edilib. Kitabın Azərbaycan dilində nəşri Dünya İqtisadi Forumu ilə UNEC arasında imzalanmış müvafiq müqavilə əsasında həyata keçirilib. Müqaviləyə əsasən, əsərin Azərbaycan dilinə tərcüməsi və nəşri üzrə müstəsna hüquqlar Dünya İqtisadi Forumu tərəfindən UNEC-ə verilib. Kitab UNEC tərəfindən sosial məsuliyyətlilik prinsipi əsasında 1000 ədəd tirajla nəşr edilib və onun müvafiq qurumlara, o cümlədən universitetlərə, kitabxanalara və tədqiqat mərkəzlərinə paylanılması nəzərdə tutulub.

"Dördüncü Sənaye İnqilabı” kitabının Azərbaycan dilində nəşrinin elmi redaktoru UNEC rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradovdur. Əsərin Azərbaycan dilinə tərcüməsi iqtisad üzrə fəlsəfə doktoru, dosent Elşən Bağırzadə (UNEC) və tədqiqatçı Təhmasib Əlizadə (UNEC) tərəfindən həyata keçirilib.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video