06 May 2021 00:49
1259
İQTİSADİYYAT
A- A+

Kim inanardı ki, vaxt gələcək Hacıqabulda yük avtomobilləri istehsal olunacaq

 

İlham Əliyevin regional inkişaf proqramları bunu da reallaşdırdı

 

Prezident Hacıqabul rayonuna növbəti 7-ci səfərini etdi. Məlumdur ki, dövlət başçısının rayonlara hər bir səfəri həmişə əlamətdar hadisələrlə yadda qalır. İlham Əliyev müxtəliftəyinatlı yeni obyektlərin açılışını edir, yenilərinin təməlini qoyur. Həyata keçirilən hər bir layihə isə bu və ya digər rayonun, bölgənin, bütövlükdə ölkənin iqtisadi inkişafına, insanların rifahının yaxşılaşmasına təkan verir.

Hacıqabula səfəri çərçivəsində dövlət başçısı ilk olaraq rayonda istifadəyə verilən Sənaye Məhəlləsinin açılışını etdi. Sənaye Məhəlləsində yerləşən “Azərmaş” zavodunda hər il 1500 yük və müxtəlif təyinatlı avtomobil istehsal olunacaq. Ölkəmizdə fəaliyyət göstərən fermerlər, iş adamları bu zavodun təməli qoyulanda hədsiz sevindilər, əmin oldular ki, nəqliyyat sarıdan yaranan müəyyən çətinliklər tezliklə aradan götürüləcək, hər kəs Hacıqabulda yığılacaq “QAZ” markalı yük maşını almaq imkanı əldə edəcək. Məhz buna görə hamı zavodun işə düşəcəyi günü səbirsizliklə gözləyirdi. Nəhayət, həmin gün gəlib çatdı. Prezident zavodun açılışını etdi. Bu isə o deməkdir ki, kənd təsərrüfatı ilə məşğul olan hər kəs yaxın zamanda yeni avtomobillə məhsulunu istədiyi ünvana rahat çatdıra biləcək.

Azərbaycan sürətlə inkişaf etməkdədir. Bu inkişaf bütün sahələri əhatə edir. Ona görə də yerli və xarici investorlar sənayedə, kənd təsərrüfatında, tikinti-quruculuqda, sosial sahələrdə yeni, müasir texnika və texnologiyaların respublikamızda tətbiqi sahəsində fəallıqlarını artırırlar. Hacıqabul Sənaye Məhəlləsindəki “Uyusal Ambalaj” plastik su qabları istehsalı müəssisəsini də bu sıraya aid etmək olar. Burada ildə müxtəlif ölçülü 350 min su qabı istehsal ediləcək. Sahibkar Cengiz Aygör dövlət başçısına məlumat vermişdir ki, bundan sonra Azərbaycanda su istehsalı ilə məşğul olan müəssisələrin xarici bazarlardan belə qabları almasına ehtiyac olmayacaq.

Ancaq ölkəmizdə istehsal olunan təkcə bunlar da deyil. Artıq bir çox kənd təsərrüfatı maşınları, habelə mineral gübrələr də Azərbaycanda istehsal olunur. Gəncədə yığılan “MTZ-80” markalı traktorlar əkinçilərin qayğılarını xeyli dərəcədə azaltmışdır. Sumqayıt şəhərində bir neçə il bundan öncə İtaliyadan gətirilən avadanlıqlarla qurulmuş mineral gübrələr zavodunun məhsulları isə xarici ölkələrə də ixrac olunur.

Prezident Hacıqabula səfəri zamanı Sənaye Məhəlləsində daha bir istehsal obyektinin - “AzAgromila” müəssisəsinin işə düşməsinə start verdi. Burada il ərzində 600 min ton gübrə istehsal ediləcək. Ümumiyyətlə, Hacıqabul Sənaye Məhəlləsində 10 müəssisə qurulub və sahibkarlar tərəfindən bu layihələrin icrasına 45,44 milyon manat investisiya cəlb olunub. Sənaye Məhəlləsindəki mövcud layihələr üzrə 364 iş yeri yaradılacaq.

Sözügedən sənaye kompleksi tikilərkən sahibkarların ən çox diqqət yetirdiyi məsələ - onun yerləşdiyi coğrafi ərazi başlıca şərt kimi götürülmüşdür. Belə ki, Sənaye Məhəlləsi Ələt Ticarət Limanına yaxın məsafədə yerləşir. Bu da öz növbəsində istehsal olunan məhsulların dünyanın müxtəlif ölkələrinə yola salınmasına əlverişli  imkan yaradır.

Yoldan söz düşmüşkən. Son 17 ildə ölkəmizdə 16 min kilometrdən çox avtomobil yolu çəkilmiş və yenidən qurulmuşdur. Bu yollarla daşınan yüklərlə şəhərlərimiz, qəsəbə və kəndlərimiz abadlaşaraq simalarını dəyişmişdir. Yol infrastrukturunun yenilənməsi Hacıqabulda da özünü aydın göstərir. Yolların qovşağında yerləşdiyi üçün istər avtomobil, istərsə də dəmir yolu xətləri rayonun ərazisindən keçib gedir.

Dövlət başçısı Hacıqabulda daha bir yolun - uzunluğu 11,5 kilometr olan Hacıqabul-Muğan avtomobil yolunun açılışını etdi. Bu yol 32 min nəfərin yaşadığı 2 yaşayış məntəqəsi arasında əlaqəni yaxşılaşdırır. Eyni zamanda əhalinin həm Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi yoluna, həm də Bakı-Şirvan yolu vasitəsilə digər şəhər və rayonlara rahat gediş-gəlişini təmin edir.

Bu gün pambıqçılıq prioritet sahə kimi Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Xam pambığın satınalma qiymətinin artırılması, pambıqçılara əlavə subsidiyaların verilməsi sahəyə marağı artırmışdır. Ötən il ölkə üzrə hər hektardan orta hesabla 33,6 sentner məhsul əldə edilmişdir. Hacıqabulda isə 2020-ci ilədək pambıqçılıqdakı göstəricilər ürəkaçan deyildi. Rayona yeni rəhbər təyin olunmuş Rüstəm Xəlilov yaranmış geriliyin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər gördü. Onu da qeyd edək ki, pambıqçılıq R.Xəlilov üçün yad sahə deyil. O, Sabirabad rayonunda Azərbaycanda adlı-sanlı təsərrüfat rəhbəri kimi tanınan Sosialist Əməyi Qəhrəmanı Gülabba Xəlilovun ocağında dünyaya göz açıb, onun məktəbini keçib, müxtəlif vəzifələrdə çalışıb, Milli Məclisə deputat seçilib. Rayonda işlərin vəziyyəti ilə tanış olan R.Xəlilov öncə fermerlərin müşavirəsini keçirdi, kadrların məsuliyyət hissinin artırılmasını önə çəkdi. Eyni zamanda mövcud çətinlik və çatışmazlıqları aradan qaldırmaq üçün əlaqədar nazirliklər və qurumlar qarşısında məsələlər qaldırdı. Nəticə özünü çox gözlətmədi. Keçən il rayon üzrə pambıq əkilən 260 hektardan 791 ton məhsul yığıldı. Məhsuldarlıq isə əvvəlki illərlə müqayisədə xeyli çox - hər hektardan 30,04 sentner oldu. Rayon pambıqçıları cari ildə daha yüksək göstəricilərə nail olmaq niyyətindədirlər. Artıq çiyid səpini başa çatıb.

Aqroparkların yaradılması kənd təsərrüfatının ixtisaslaşmasına, yeni texnika və texnologiyaların tətbiqinə geniş imkanlar açmışdır. Son illər ayrı-ayrı rayonlarda onlarca belə təsərrüfatlar yaradılmışdır. Onlardan biri də “Agro Dairy” MMC-dir. Aqroparkda növbəli əkin sistemi, intensiv aqrotexnologiyalar tətbiq edilir, təkrar əkin həyata keçirilir. Nəticədə eyni sahədən bir ildə iki dəfə məhsul alınır. Burada yeni toxum sortları da yaradılır.

Məlumdur ki, elektrik enerjisi sənaye ilə yanaşı, kənd təsərrüfatı üçün də vacib sahədir. Əkinçilikdə, heyvandarlıqda müasir texnika və innovasiyaların tətbiqini elektrik enerjisiz təsəvvür etmək çətindir. Son illər bölgələrimizdə müxtəlif gücdə elektrik stansiyalarının, yarımstansiyaların tikilməsi, yenidən qurulması gözlərimiz qarşısında baş vermişdir. Bu yaxınlarda onların sırasına biri də əlavə edilmişdir. Bu, Hacıqabul rayonu ərazisində inşa edilmiş və dövlət başçısının açılışını etdiyi 110/35/10 kilovoltluq Qarasu yarımstansiyasıdır. Yarımstansiya 10 mindən çox əhalinin elektrik enerjisinə olan tələbatının daha keyfiyyətli və dayanıqlı ödənilməsinə imkan verir. Onun sayəsində eyni zamanda Hacıqabul rayonu ərazisində yerləşən sənaye obyektlərinin, ən əsası, 250 min hektar əkin sahəsinin suvarma sistemlərinin enerji təchizatı günün tələblərinə cavab verir.

Hacıqabulda yeni istifadəyə verilən istehsal sahələrindən biri də “Azərsun Şamaxı Aqroparkı”dır. Müəssisə 2 hissədən - əkin sahələri və heyvandarlıq komplekslərindən ibarətdir. Heyvandarlıq kompleksində 2 mini südçülük istiqamətində olmaqla 5 min baş qaramal saxlanılır. Gündəlik süd istehsalı 50 tondur. Müəssisə gələn ildən etibarən 1000 baş damazlıq düyə yetişdirməyi hədəfləyir.

Aqroparkın istifadə etdiyi 4 min 200 hektar əkin sahəsində isə buğda, arpa, şəkər çuğunduru, qarğıdalı, yonca və müxtəlif növ tərəvəz bitkiləri əkilir. 77 milyon manat sərmayənin yaratdığı aqroparkda 200 nəfər daimi işlə təmin olunmuşdur.

Sahib Aslanov, Hacıqabul Rayon Ağsaqqallar Şurasının sədri:

- Həmişə olduğu kimi, Prezidentin rayona budəfəki səfəri də əhali tərəfindən böyük sevinc və fərəh hissi ilə qarşılandı. Hər kəs qalib ölkənin qalib Prezidentini görmək, 30 ilə yaxın mənfur erməni vandallarının tapdağı altında qalan Qarabağ torpaqlarımızı 44 gün ərzində işğaldan azad etdiyi üçün ona “Çox sağ olun, mənim Prezidentim, Siz yaşı qədimdən də qədim olan Azərbaycan tarixinin ən şanlı, şərəfli səhifəsini yazdınız, bizim və dövlətimizin başını uca etdiniz!” - demək istəyirdi. Bəli, dəmir yumruq düşmənin başını əzdi. İndi torpaqlarımız azaddır. Qarabağda görüləsi işlər çoxdur. Bununla əlaqədar dövlət başçısı ardıcıl olaraq Şuşaya, Ağdama, Füzuliyə, Cəbrayıla - bir sözlə, işğaldan azad edilmiş rayonlarımıza səfər edir, orada aparılan quruculuq işlərinin gedişini istiqamətləndirir, tapşırıq və tövsiyələrini, göstərişlərini verir. İşinin belə gərgin vaxtında cənab Prezident digər rayonlarımızın inkişafını da yaddan çıxarmır. Rayonumuza səfəri bu baxımdan böyük əhəmiyyət kəsb edir. O, bir sıra sənaye və kənd təsərrüfatı obyektlərinin lentini kəsdi. Bu gün  həmin müəssisələr rayonumuzun iqtisadiyyatını daha da gücləndirir, yeni iş yerlərinin açılmasına şərait yaradır. Bütün bunlar isə rayon əhalisinin həyat səviyyəsinin yaxşılaşması deməkdir.

 

Seyran CAVADOV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video