04 Aprel 2021 00:58
743
Mədəniyyət
A- A+

Kamillik, bütövlük və əsl şəxsiyyət nümunəsi

 

Bakı Dövlət Universitetinin ixtisaslı jurnalistlər hazırlayan fakültəsi tarixən ölkəmizin ali təhsil sistemində özəlliyi ilə seçilib. Bu, bir tərəfdən ixtisasın özünün cazibəsi, təhsilə fərqli yanaşma və burada hökm sürən sağlam mənəvi atmosferlə bağlı olubsa, digər tərəfdən həmin özəlliyi o fakültədə dərs deyən ixtisas müəllimlərinin şəxsiyyəti, onların milli düşüncəyə və ictimai dəyərlərə bağlı yaradıcı fəaliyyəti formalaşdırıb. Təsadüfi deyildir ki, vaxtilə bu ali məktəbin jurnalistika fakültəsində dərs demiş Həsən Şahgəldiyev, Nurəddin Babayev, Nəsir İmanquliyev, Qulu Xəlilov, Şirməmməd Hüseynov, Nəriman Zeynalov, Tofiq Rüstəmov, Famil Mehdi kimi şəxsiyyətlərin adları mətbuat tariximizə qızıl hərflərlə yazılıb. Bu simaların bəziləri sovet dönəmində fakültəyə rəhbərlik edərək həmin təhsil ocağının nüfuzunu yüksəltmiş, ciddi ənənələrin əsasını qoymuş, jurnalist təhsilinin inkişafına öz layiqli töhfələrini vermişlər.

Ölkəmiz müstəqillik qazandıqdan sonra təhsil sahəsində yeni texnologiyaların tətbiqi ilə yanaşı, əsas vəzifələrdən biri də ötən dövrlərdə qazanılmış dəyərlərin və müsbət təcrübənin qorunub saxlanması olmuşdur. Bu baxımdan bir çox təhsil ocaqları ilə müqayisədə jurnalistika fakültəsi mürəkkəb keçid dövründə öz mənəvi simasını, parlaq ənənələrini ciddi şəkildə qoruya bilmişdir. Zənnimcə, bu uğurun əsas səbəblərindən biri kollektivin iradəsi ilə həmahəng olaraq, eləcə də 1999-2012-ci illərdə fakültənin sükanı arxasında professor Yalçın Əlizadə kimi nüfuzlu və prinsipial şəxsiyyətin dayanması olmuşdur. Məhz onun işgüzarlığı, ali təhsil sisteminə dərindən bələdliyi, tələbkarlığı və yüksək idarəçilik bacarığı sayəsində jurnalistika fakültəsi yeni dövrə itkisiz qədəm qoya bilmişdir.

*  *  *

Yalçın Əlizadə jurnalistika fakültəsinə birbaşa istehsalatdan - Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsindən gəlib. 1962-ci ildə universiteti bitirdikdən sonra təxminən on il müddətində Azərbaycan radiosunda çalışmış, həmin qurumda sıravi reportyorluqdan “Xəbərlər”in baş redaktoru vəzifəsinə qədər yüksəlmişdi. Bu zaman onun

30 yaşı var idi və jurnalistikadakı parlaq uğurlarına baxmayaraq, 1971-ci ildə bu fakültədə elmi-pedaqoji fəaliyyətə başlamaq dəvətini məmnuniyyətlə qəbul etmişdi.

Üç il uğurla davam edən əyani aspirantura dövründə məşhur həmyerlimiz, SSRİ-də ən görkəmli televiziya nəzəriyyəçisi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin “Televiziya və radio jurnalistikası” kafedrasının müdiri, professor Ənvər Bağırovun rəhbərliyi ilə “Azərbaycanda radiojurnalistikanın təşəkkülü və inkişafı” mövzusunu araşdırmışdı. 1974-cü ildə həmin mövzuda uğurla namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdı. Yeri gəlmişkən deyək ki, Y.Əlizadənin namizədlik dissertasiyası Azərbaycan radiosunun tarixi və müasir yaradıcılıq təcrübəsi haqqında ilk sistemli elmi-tədqiqat işidir.

İstehsalatda zəngin yaradıcılıq təcrübəsi qazanmış Yalçın müəllimin timsalında hələ o dövrdə kifayət qədər məşhurları olan jurnalistika fakültəsi daha bir alim-şəxsiyyət qazanmış oldu. Çünki mahiyyət etibarilə yüksək peşəkarlıq və ziyalılıq mücəssəməsi olan Y.Əlizadə tezliklə fakültənin həyatına ciddi yeniliklər gətirdi, onun praktika ilə əlaqələrini gücləndirdi, televiziya və radio jurnalistikası tədrisinin tamamilə yeni səviyyəyə qaldırılması üçün öz sözünü dedi.

Amma yaradıcılıqdan da qalmadı. Qəzet və jurnallarla, xüsusən Azərbaycan radiosu ilə ənənəvi əməkdaşlığını davam etdirdi, analitik yazılarla, bir-birindən maraqlı radioçerklərlə çıxış etdi. O, yaxşı bilirdi ki, jurnalistika nəzəriyyə ilə təcrübənin vəhdətindən ibarət olan ixtisaslardandır və bu səbəbdən də auditoriyalarda oxunan mühazirələr, söylənən tezislər yalnız təcrübə gücü qazandıqda həqiqi biliyə çevrilir. Ona görə də Yalçın müəllim tələbələrinin televiziya və radio redaksiyalarında istehsalat təcrübəsi keçməsinə, bu qurumlarla əməkdaşlığının gücləndirilməsinə dəstək olurdu. Təbii ki, bu addımlar tələbələrə təkcə bilik və gələcək iş yeri vermirdi, həm də jurnalistika təhsilinin səmərəsini artırırdı. Buna görə də 1982-ci ildə fakültədə yeni yaradılmış və ilk addımlarını atan Teleradio jurnalistikası kafedrasına dosent Y.Əlizadənin müdir seçilməsini hamı qanunauyğun addım kimi qiymətləndirdi.

Bu vəzifə Yalçın müəllimə imkan verdi ki, teleradio sahəsində üzdə olan peşəkar jurnalistləri tədris işinə cəlb edə bilsin. Təbii ki, Y.Əlizadənin peşə bacarıqları, ustad jurnalistliyi, pedaqoji məharəti ilə yanaşı, onun yüksək təşkilatçılıq bacarığı universitet rəhbərliyinin də diqqətini cəlb etmişdi. Ona görə də 1979-1989-cu illərdə universitetin Müəllim Həmkarlar İttifaqı Komitəsinə sədrlik məhz Yalçın müəllimə həvalə olunmuşdu. Onun bu yüksək vəzifədə necə ləyaqətlə çalışdığını universitetdə hələ indi də xatırlayırlar.

Əlbəttə, Yalçın müəllim, ilk növbədə, jurnalistika təhsilinin mahir təşkilatçısıdır və bunu dekan olduğu 13 il ərzində bir daha sübut etdi. Əslində istənilən adamı vəzifədə daha yaxşı tanımaq olur, çünki kreslo rentgen şüası kimi insanın bütün keyfiyyətlərini üzə çıxarır. Bu mənada professor Yalçın Əlizadə dekan vəzifəsində çalışarkən necə yüksək əxlaq sahibi olduğunu, hansı ictimai ideallara xidmət etdiyini, mənəvi təmizliyini, dürüstlüyünü bir daha nümayiş etdirə bilib. Yəni jurnalistika fakültəsində başqa cür olmaq da mümkün deyil, çünki bu tədris ocağı yaranandan burada Həsən Şahgəldiyev, Nurəddin Babayev, Şirməmməd Hüseynov, Seyfulla Əliyev, Nəriman Zeynalov, Tofiq Rüstəmov, Akif Rüstəmov kimi mənəviyyat adamları fakültənin dekanları olublar. Ona görə də burada dekan vəzifəsini tutmaq daim projektor şüaları altında olmaq deməkdir: sənin hər addımın görünür, izlənir və qiymətləndirilir.

Nəcabətli bir ailədən çıxmış Yalçın müəllim də öz sələflərinin yolu ilə gedərək jurnalistika fakültəsində əxlaqi varisliyi məharətlə təmin edə bildi. Nəzərə alsaq ki, onun dekanlığı mürəkkəb keçid dövrünə, insanların əxlaq və psixologiyasında ciddi boşluqların artdığı bir dövrə düşmüşdü, onda bu böyük şəxsiyyətin fakültədə dəyərləri hansı mənəvi gücün hesabına saxladığını anlamaq olar. Təbii ki, xarakter nümayişi, tələbkarlıq və sərtlik asan başa gəlmir, bəzən sənin prinsipiallığından küsür, tələbkarlığından inciyirlər. Adamlar çox vaxt rəhbərdən mərhəmət, nöqsanlara göz yummaq, yumşaqlıq və güzəşt umurlar. Əlbəttə, Yalçın müəllim mərhəmətli və humanist adamdır, amma keyfiyyətli tədris və intizam məsələsində ondan güzəşt gözləmək mümkünsüzdür.

Bu yaxınlarda yaşı 80-ni haqlamış, adı jurnalistika və təhsil tariximizə yazılmış, Əməkdar jurnalist, professor Yalçın Əlizadəni, bəlkə də geniş auditoriya çox yaxşı tanımır. Çünki hədsiz dərəcədə təvazökardır, həmişə reklamdan, yersiz təbliğatdan uzaq olub. O, bütün şəxsiyyətlər kimi həmişə öz prinsipləri ilə yaşayıb və davranışlarına da çərçivələr qoymağı bacarıb. Yalçın müəllim tutduğu vəzifələrə heç vaxt “bəhrələnmək fürsəti” kimi baxmayıb, harada olubsa, vicdan və ləyaqətlə çalışıb, kimlərinsə xoşuna gəlmək üçün özünü oda-közə vurmayıb, nahaq söz danışmayıb, yaltaqlara meydan verməyib. Həyatının bütün mərhələlərində yeniliklə nəfəs alıb, jurnalist sözünü həmişə məqamında deyib, qələmini məddahlıq alətinə çevirməyib, yaradıcılıqda diletantlığı qəbul etməyib. O, istedadlı adamlara dəyər verər, gənclikdən bu yana dostluq etdiyi insanları həmişə yüksək qiymətləndirər, ehtiyacları varsa, onlara əl uzadar. Yəni Yalçın müəllim elmi, biliyi, şəxsiyyəti, mənliyi ilə çoxlarına nümunə olub. Buna görə də jurnalistika aləmində, ali təhsil sistemində onu nüfuzlu şəxsiyyət və mənəviyyat adamı kimi tanıyır, ehtiram göstərirlər. 

Zahirən quru, ünsiyyətə meyilli olmayan, bir az sərt və hövsələsiz adam təsiri bağışlayır, amma yaxınlaşdıqca, mahiyyətə vardıqca, xüsusən böhranlı vəziyyətlərdə onun mərdanə davranışlarını gördükcə bu adamın hansı böyük mənəvi ölçülərlə yaşadığının şahidi olursan. Tanıdıqca da onun dürüstlüyünə heyran olmaya bilmirsən.

*  *  *

Yaradıcı insan üçün yaş məfhumu məhdudiyyət yaratmır. Bu mənada Yalçın Əlizadə yaradıcılıq ruhunu, yazıb-yaratmaq eşqini həmişə diri saxlayan qələm adamlarındandır. Az-az yazıb, amma maraqlı mövzularda yazıb və qələm də həmişə əlində olub. İlk publisistik əsərləri olan “Muğanın mayakı” (1964) və “Yer altında işıqlar” (1972) kitablarının çapından uzun müddət keçsə də, radiodakı intensiv yaradıcılığının üstündən illər ötsə də, onun jurnalist damarında qan dövranı yenə də əvvəlki ritmindədir. Bu günün özündə də ona maraqlı olan mövzuları qələmə alır, jurnalistikanın aktual problemləri barədə elmi məqalələr yazır, elmi axtarışlarından  qalmır. İlk dəfə “Radiojurnalistikanın əsasları” (1991) dərsliyini Yalçın müəllim yazıb, bu kursun xüsusi proqramını da o hazırlayıb. Daha sonralar “Azərbaycan efiri: tarix və müasirlik” (2006) kimi sanballı monoqrafiyanı, “Ədəbi redaktə” fənninin proqramını (Bakı, 2012) ortaya qoyub, neçə-neçə dissertantın və aspirantın elmi rəhbəri olub. Sanballı elmi jurnal və məcmuələrdə onlarca elmi məqaləsi çap olunub.

Yalçın müəllimdə mənim müşahidə etdiyim çox parlaq keyfiyyətlər var: şəxsi ləyaqət hissini daim yüksək tutar, çox qürurludur, gözütoxdur və həmişə nəfsinə hakimdir, layiq olmayan adamı tərifləməz, zərrə qədər də kiçilməyi özünə rəva görməz. Yaltaq adamları heç sevməz, həmin adamlar danışanda mən Yalçın müəllimin üzündə həmişə qəribə istehza görürəm. Əslində insanın neqativ davranışlara reaksiyası onun mənəviyyat sahibi olmasından xəbər verir. Bu mənada professor Yalçın Əlizadə mənəviyyat adamıdır, sözün bütün mənalarında, kamil insandır. O, özünün bu kamilliyi, bütövlüyü, eləcə də mənalı həyatı və işıqlı əməlləri ilə çoxlarımız üçün həqiqi müəllim, vicdanlı alim və əsl şəxsiyyət nümunəsidir.

 

Qulu MƏHƏRRƏMLİ,

BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının professoru, Əməkdar jurnalist

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video