26 Sentyabr 2019 01:06
2123
SİYASƏT
A- A+

İslahatlar ümumi daxili məhsulun artımında da özünü göstərir


Son 8 ayda keçən ilin eyni dövrünə nisbətən 2,4 faiz çox ÜDM istehsal olunub


Məlum olduğu kimi, dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanda iqtisadiyyatı dirçəltməkdə neft amili mühüm rol oynadı. "Əsrin müqaviləsi” imzalandıqdan üç il sonra - 1997-ci ilin noyabrında ilk neft hasil olundu və əldə edilən vəsaitdən müxtəlif sahələrin inkişafına sərf edildi.

Son 16 ildə ölkənin ümumi inkişafının təmin edilməsi üçün iki sahəyə xüsusi diqqət yetirildi. Birincisi, neftdən əldə edilən gəlirdən digər sahələrin inkişafı üçün istifadə edilməsi, ikincisi, bu məqsədə çatmaq üçün dərin islahatların aparılmasıdır. Paralel həyata keçirilən bu iqtisadi siyasət qısa müddətdə öz nəticəsini verdi.

Ötən il ümumi daxili məhsul 1,4 faiz artıb. Dünyada baş verən mürəkkəb geosiyasi proseslərə nəzər yetirdikdə görürük ki, bu, yaxşı nəticədir. Həmin dövrdə qeyri-neft sektorunda inkişaf 1,8 faizdir. Qeyri-neft sektorunda sənaye istehsalı 9,1 faiz artıb. İnflyasiyanın səviyyəsi 2,3 faizdir, əhalinin gəlirləri 9,2 faiz çoxalıb. Kənd təsərrüfatında artım 4,6 faiz olub.

Cari ilin 6 ayında da qeyri-neft sektorunda daha yüksək artım qeydə alınıb. Sözsüz ki, bu da aparılan uğurlu sosial-iqtisadi siyasətin nəticəsidir. Prezident İlham Əliyev sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə cari ilin birinci yarısında ölkədə qazanılan uğurların yüksək olduğunu vurğulayaraq demişdir: "İqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artmışdır. Ən sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizdir. Bu, onu göstərir ki, son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr verir. Sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir... Kənd təsərrüfatında da rekord göstəricilər əldə edilib. Kənd təsərrüfatı bu ilin altı ayında 13 faiz artmışdır, xüsusilə bitkiçilik hesabına. Bitkiçilik 25 faiz artmışdır”.

İqtisadi sahədə əldə edilən uğurlar ticarət dövriyyəsinin də artmasına imkan yaradıb. Hesabat dövründə ticarət dövriyyəsi 20 faizdən çox artıb. Bununla yanaşı, qeyri-neft sektorunun inkişafı xarici ticarətdə qeyri-neft məhsullarının ixracının 15 faiz artmasına imkan yaradıb.

Aparılan iqtisadi islahatların əsas məqsədi ölkənin ümumi inkişafına nail olmaqla qeyri-neft ixracını artırmaqdır. Odur ki, qeyri-neft sənayesinin inkişafına xüsusi önəm verilir. Bu məqsədlə 9 sənaye park və məhəllələrinin fəaliyyətə başlaması planlaşdırılıb. İndi onların bir çoxunda yüksək keyfiyyətli məhsul istehsal olunur, daxili bazarın tələbatı ödənilməklə bərabər, xarici bazara da ixrac edilir.

Həmin sənaye parkları və məhəllələrində 78 rezident qeydiyyatdan keçib, 45 rezident fəaliyyətə başlayıb. Nəzərdə tutulan 6,4 milyard manat sərmayədən 5,7 milyard manatı faktiki olaraq qoyulub. Həmin layihələrin yerinə yetirilməsi nəticəsində 11 mindən çox yeni iş yeri açılıb. Həmin layihələrin icrası sayəsində 1,5 milyard manatlıq məhsul istehsal olunaraq 300 milyon manatlığı ixrac edilib.

Qeyri-neft sektorunda xüsusi çəkisi olan kənd təsərrüfatında da iri layihələr icra olunur. Bu məqsədlə ölkə üzrə 23 iri kənd təsərrüfatı müəssisəsi və 51 aqroparkın yaradılması nəzərdə tutulub. Hazırda 22 aqropark fəaliyyət göstərir, ilin sonunadək daha 11 aqroparkın fəaliyyətə başlaması nəzərdə tutulub.

İslahatların əsas hədəflərindən biri də ölkədə yeni istehsal sahələrinin yaradılmasıdır. Bu məqsədlə xarici və yerli sahibkarlar üçün münbit və əlverişli investisiya mühiti yaradılıb. İnvestisiya təşviqi siyasəti uğurlu nəticələrini verib. Belə ki, bugünədək 400-ə yaxın layihə təşviq olunub və onların nəticəsində ölkə iqtisadiyyatına 3,4 milyard manat sərmayə qoyulub.

Qeyri-neft sektorunda sahibkarlar üstünlük təşkil edir və istehsal olunan məhsulun 80 faizdən çoxu onlara məxsusdur. Həyata keçirilən islahatların bir məqsədi də ölkədə sahibkarlığın inkişafı ilə daha çox məhsul istehsalına nail olmaqdır. Bu sahədə görülən işlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir.

Belə ki, Dünya Bankının "Doing Business” proqramı çərçivəsində Azərbaycan 10 ən islahatçı ölkə kimi tanınır və ölkəmiz 32 pillə irəliləyərək hazırda 25-ci yerdə qərarlaşıb.

Cari ilin yanvar-avqust aylarında ölkə üzrə ümumi daxili məhsul istehsalında da nəzərəçarpan irəliləyiş var. Belə ki, həmin dövrdə ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 50,9 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz çox ümumi daxili məhsul istehsal edilib. Bu dövrdə iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunan əlavə dəyər 3 faiz, neft-qaz sektorunda isə 1,6 faiz artıb. Ümumi daxili məhsulun 43,6 faizi sənaye sahəsində formalaşıb. Əhalinin hər nəfərinə düşən ÜDM 5145,1 manata bərabər olub.

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 8 ay ərzində 30,9 milyard manatlıq və ya keçən ilin eyni dövrü ilə müqayisədə 2 faiz çox sənaye məhsulu istehsal edilib. Nəticədə sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,2 faiz çoxalıb.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video